Heydər Əliyevin iqtisadi
siyasəti Azərbaycanı qüdrətli dövlətə çevirdi
İkinci müstəqilliyimizin ilk illərində ölkəmiz böyük sosial-iqtisadi çətinliklərlə üz-üzə idi. Düşmən dövlətlərin hərbi təcavüzünə, siyasi təzyiqinə məruz qalan Azərbaycan, eyni zamanda dərin iqtisadi sarsıntılar burulğanında idi. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlara atılır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara çıxa bilmirdi. Valyuta çatışmazlığı, yolların təhlükəliliyi ilə bağlı mal idxalı da xeyli çətinləşmişdi. Əhali aclıq və qıtlığa məruz qalmışdı. Üstəgəl AXC hakimiyyətinin intriqant, yarıtmaz xarakteri ölkədə həm siyasi, həm də sosial-iqtisadi xaosa səbəb olmuşdu...
Bəlli olduğu kimi, ölkəni bu ağır durumdan 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Ümummilli liderin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhrandan xilas etdi. Ölkədə daxili çəkişmələrə son qoyuldu, siyasi sabitlik təmin olundu. Cəbhədə atəşkəsə nail olundu. Bundan sonra isə ölkədə ciddi tərəqqi və quruculuq prosesi başlandı.
Beləliklə, müstəqil ölkənin öz iqtisadi sisteminin qurulması, "Əsrin müqaviləsi"nin bağlanması, suveren xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.
Azərbaycanın öz iqtisadi modelini qurması üçün Heydər Əliyev tərəfindən ortaya qoyulan siyasi iradə və əzmkarlıq öz bəhrəsini verdi. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyevin bu uğura nail olması həm də onun sovet hakimiyyəti illərindəki dövlət və iqtisadiyyat yaratma təcrübəsindən, səriştə və bacarıqlarından irəli gəlirdi. Bu barədə bizə fikirlərini bildirən politoloq, millət vəkili Aydın Mirzəzadə belə qeyd edir: “Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatı ayrı-ayrı sahələrlə bağlı inkişaf və formalaşma xətti götürdü. Hələ sovetlər dönəmindən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi nəticəsində Azərbaycan aqrar-sənaye ölkəsindən, sənaye aqrar ölkəsinə çevrildi və Azərbaycan sənayesi iqtisadi sahədə aparıcı rol oynamağa başladı”.
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə müstəqil iqtisadi siyasətin Azərbaycan modeli ortaya çıxdı və ən uğurlu iqtisadi model kimi inkişaf etməyə başladı. Millət vəkili bildirir: “Azərbaycan iqtisadiyyatı müstəqil dövlətin uğurlu iqtisadiyyatı kimi dünya iqtisadiyyatına inteqrasiya olunmağa başladı. Müstəqillik dönəminin neft strategiyasının qurulması və BTC layihəsinin reallaşdırılması bu baxımdan xüsusilə böyük önəm kəsb edirdi. Xüsusilə qeyd etmək lazımdır ki, BTC həmin dövrdə iqtisadi məsələdən daha çox, siyasi məsələ idi ki, Heydər Əliyev bu layihəni Azərbaycanın milli və dövləti maraqları baxımından çox uğurla reallaşdırdı. Azərbaycan iqtisadiyyatı üçün o vaxt qeyri-ənənəvi və innovativ sahələrin tətbiqinə imkan yarandı. 1995-ci ildən ölkədə çox sürətlə iqtisadi islahatlar həyata keçirilməyə başladı. Maliyyə-bank sektoru formalaşdı, sahibkarlıq sürətlə inkişaf etməyə başladı”.
Heydər Əliyevin həyata keçirdiyi yeni dövrün tələblərinə uyğun iqtisadi siyasət nəticəsində sovet dönəmindən qalma qapalı sosial-iqtisadi sistemin xaricə açılması və “açıq qapı” siyasətinin tətbiq edilməsi ilə Azərbaycan bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya etdi. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasını təmin etmək üçün liberallaşdırılma istiqamətində qəti addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatları liberallaşdırılmağa başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da qəti şəkildə davamını tələb edirdi. Bununla bağlı olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev tərəfindən həyata keçirilən çevik iqtisadi islahatlar beynəlxalq təşkilatlarda da inam yaratdı. Ona görə də müvafiq beynəlxalq iqtisadi-maliyyə qurumları Azərbaycana ürəklə dəstək verdilər. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ölkəmizdəki iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına hesablanmış çevik və qəti reformlar reallaşdırıldı. Mobil pul-kredit, büdcə, vergi, gömrük siyasəti yürüdüldü, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinə nail olundu.
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycandakı iqtisadi quruculuğu xarakterizə edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bizə fikirlərini belə ifadə edir: “1993-cü ilin iyununa qədərki dövr ağır siyasi və iqtisadi vəziyyətə təsadüf edir. Həm işğal olunmuş ərazilərdə iqtisadiyyatımız dağılırdı, həm də belə bir vəziyyətdə ölkə iqtisadiyyatı müharibənin ağır şərtlərinə məruz qalmaqla, istehsal sahələrinin dayanması şəraitində tənəzzülə uğramışdı. 1991-1994-cü illərdə inflyasiya artıq dördrəqəmli həddə çatmışdı. Əsas iqtisadi siyasətin əsas nəticələrindən biri isə “Əsrin müqaviləsi”nin imzalanması idi. Bu müqavilənin bağlanması ilə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunması mümkün oldu və bu da neft sənayesinin yeni dövrdə inkişafını təmin etdi. Bu da növbəti dövrlər üçün iqtisadi inkişafın potensialı rolunu oynadı. Bu baxımdan müstəqil Azərbaycanda siyasi-iqtisadi stabillik daha da gücləndi. 1999-cu ildə BTC-nin inşa edilməsi ilə bağlı danışıqların başlanması növbəti dövr üçün də Azərbaycan iqtisadiyyatının inkişafı baxımından çox böyük əhəmiyyət daşıdı”. Qeyd edilir ki, bu cür layihələr artıq Azərbaycanın qlobal və regional müstəvidə iqtisadi və siyasi baxımdan təşəbbüskar dövlətə, mühüm aktora çevrilməsinə şərait yaratdı.
Həmin dövrdə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq bir sıra işlər görülmüşdü: “40-dan çox hüquqi-normativ sənəd qəbul edilmişdi. Torpaqların özəlləşdirilməsi, onların kəndliyə qaytarılması, özəl fermer təsərrüfatlarının yaradılması istiqamətində uğurlu islahatlar həyata keçirildi. 1993-cü ildə 63-ə yaxın ölkə ilə xarici ticari-iqtisadi əlaqələrimiz olduğu halda, artıq 2002-ci ildə 128 dövlətlə bu əlaqələr qurulmuşdu.
Aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri də milli valyutanın məzənnəsinin möhkəmləndirilməsi idi. Bu da 1994-1995-ci illərdə və sonrakı dövrlərdə Azərbaycan milli valyutasının möhkəmlənməsi ilə bağlı yeni manat nümunələrinin dövriyyəyə buraxılması ilə nəticələndi. Ümumiyyətlə, əsas işlərdən biri də sahibkarlığın formalaşdırılması və onun rəqabətliliyinin gücləndirilməsi idi. 1993-cü ildə antiinhisar fəaliyyəti haqqında qanun qəbul edilmişdi. Sonra haqsız rəqabət haqqında, istehlakçıların hüquqlarının müdafiəsi haqqında, maliyyə-sənaye qrupları haqqında qanunlar qəbul edilmişdi. Bütün bu qanunların qəbul olunması nəticəsində ölkədə azad iqtisadi rəqabətin inkişaf etdirilməsi, azad bazar ticarəti, kiçik və orta sahibkarlığın inkişafı qarşıya məqsəd qoyulmuşdu. 2002-ci ilin aprel ayının 25-də yerli sahibkarları təmsil edən 450-yə yaxın iş adamı ilə görüş keçirilmişdi. Bunun nəticəsində özəl sektorun inkişafına daha böyük təsir edən tədbirlər reallaşdırılmışdı. 1996-2001-ci illərdə ümumi əhalinin özəl sektorda payı 49 faizdən 69 faizə, ÜDM istehsalı 38 faizdən 71 faizə yüksəlmişdi. Bu vaxt vergi ödəyicilərinin sayı da dəfələrlə artmışdı. Qeyd etmək istərdik ki, Prezident Heydər Əliyev tərəfindən 2002-ci ilin sentyabrında Azərbaycanda sahibkarlığın inkişafına mane olan müdaxilələrin aradan qaldırılması ilə bağlı fərman imzalanmışdı. ÜDM-də vergi daxilolmalarının xüsusi çəkisinin artması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bununla bağlı dövlət proqramlarının qəbul edilməsi, inflyasiyanın dördrəqəmli inflyasiyadan birrəqəmli inflyasiyaya kimi azaldılması mümkün oldu”.
Qeyd edildiyi kimi, ölkədə özəlləşdirmə proqramı nəticəsində 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi. Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin getdikcə gücləndiyini göstərirdi. Az vaxtda ölkəmiz iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub. Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarıb. Heydər Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində iqtisadi inkişafın orijinal və uğurlu variantı olan Azərbaycan modeli konkret indikatorlarla xarakterizə edilir: inzibati-amirlik sisteminin ləğv edilməsi ilə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, müstəqil, demokratik, hüquqi dövlətin əsaslarının qoyulması və ölkənin yüksək inkişaf mərhələsinə daxil olması, transformasiya prosesinin uğurla aparılması, qapalı sosial-iqtisadi sistemin yerinə xaricə açılan sistemin "açıq qapı" siyasətinin tətbiqi və qlobal iqtisadi sistemə inteqrasiya, Azərbaycanın qlobal layihələrin təşəbbüskarı olması, xarici kapitalın geniş miqyasda cəlb edilməsi, resurslardan intensiv istifadə edilməsinə başlanması, ölkədaxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, İKT-nin sürətli inkişafı kimi tədbirlər.
Ümummilli liderin
iqtisadi siyasi kursu bu gün
Prezident İlham
Əliyev tərəfindən uğurla və
yeni müstəvidə davam
etdirilir. Bu gün iqtisadiyyatın da bütün sahələrində modernləşdirmə
xətti həyata keçirilir. Bu gün Azərbaycan milli maraqlara əsaslanan
müstəqil siyasət yürüdür
və yürüdülən siyasət Azərbaycanın iqtisadi qüdrətinin daha
da artmasına səbəb olub.
Azərbaycanın artan
ÜDM, büdcə göstəriciləri, valyuta
ehtiyatlarının 50 milyarda
yaxınlaşmağa başlaması, ölkənin borc alan ölkədən dünya dövlətlərinə borc verən dövlətə çevrilməsi,
Cənubi Qafqaz iqtisadiyyatının 80
faizindən çoxuna nəzarət etməsi
də bunu sübut
edir. Azərbaycanda iqtisadi
modernləşmə özünü kosmik sənayenin inkişafında, ölkənin
kosmos dövlətinə çevrilməsində
də bariz göstərir. Bütün
bunlara Heydər Əliyev siyasi
kursuna sadiqlik və kursu yeni dövrdə daha da inkişaf
etdirmək nəticəsində nail olunub.
İlkin AĞAYEV
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən KİV
nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə
təqdim edilir
Palitra.-2013.-10 aprel.-S.11.