Sarı simin sehrində 

 

Azərbaycan söz yaradıcılığı əsrlər boyu zəngin xəzinəsilə bütün Şərq ölkələrindən fərqlənib. Bunu XII əsr ədəbiyyat nümayəndələrindən orta əsr ədəbiyyat nümayəndələrinə kimi qeyd etmək olar. Azərbaycan ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi dünyası da yüksək zənginliklərilə bütün dünyada böyük iz qoyub. Muğam, xalq mahnıları, folklor musiqilərimiz, ələxsus da aşıq sənətimiz xüsusi rəğbət qazanmış bir sənətdir. Əsrlərdən bəri, babalarımızdan bizlərə bu adət-ənənə şərəf və ləyaqət simvolu kimi qorunub saxlanılır.

Mən musiqi dünyamıza böyük sevgi bəsləyirəm. Xüsusilə də aşıq sənətinin üstünlüklərinin Azərbaycan incəsənətində yüksək qiymətə sahib olduğunu düşünürəm. Çünki Aşıq Ələsgərdən Aşıq Əhlimana kimi söz ozanlarımız bizim söz yaradıcılığımızda yüksək yer sahibi olanlardandır. Bu gün isə Azərbaycan Aşıqlar Birliyi sayəsində Azərbaycan aşıq sənəti daha da yüksəklərə qalxıb. Xalq şairi Zəlimxan Yaqubun sədrlik etdiyi bu qurumun Azərbaycan incəsənətində böyük rolu və töhfələri xüsusilə seçilir.

Bu gün Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti və aşıq sənətinin xüsusi sirlərini öyrənmək, əlbəttə ki, bir incəsənət vurğunu olaraq mənim üçün maraqlıdır. Həmsöhbətim Azərbaycan Aşıqlar Birliyi sədrinin I katibi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı oldu. Məhərrəm müəllim söhbət əsnasında aşıq musiqi sənətimizin böyük incəliklərindən məni agah etdi. Zəngin bilik və məlumatlarını mənimlə paylaşan Məhərrəm müəllimin fikirlərini qəzetimizin hörmətli oxucuları ilə bölüşürəm:

-Məhərrəm müəllim, Azərbaycan Aşıqlar Birliyinin yaradılmasında əsas məqsəd nə idibu işin təşəbbüskarları kimdir?

- Azərbaycan Aşıqlar Birliyi yaranan gündən, əsas qarşıya qoyduğu məqsəd Azərbaycan aşıq sənətinin inkişafına, yaradıcı sənətkarlara qayğı göstərmək, onların sənətdə və həyatda düzgün istiqamətlənməsinə yardım göstərmək olub. 1980-ci illərdə Hüseyn Arif bu işdə ilk təşkilatçılıq etdiyi zaman istiqaməti çox düzgün götürmüş və qısa bir zaman içərisində həm aşıqlar arasında, həm də cəmiyyətdə Aşıqlar Birliyinin, həqiqətən də, Hüseyn Arifin simasında çox böyük hörməti olub. Amma Hüseyn Arifin 90-cı illərdə rəhmətə getməsilə əlaqədar böyük bir pərakəndəlik yarandı və Aşıqlar Birliyi uzun bir müddət başsız qaldı. Aşıqların bir araya gəlməsi, müxtəlif tədbirlərə cəlb olunmaması mənfi nəticələrə səbəb oldu.

2008-ci ildə Azərbaycan aşıqlarının növbəti, 5-ci qurultayı keçirildi. Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri, mən isə sədr müavini seçildim. Bundan sonra çoxsistemli işlər başladı. Deyərdim ki, Aşıqlar Birliyinin həyatında kəskin dönüş meydana gəldi.

-Aşıq sənətilə əlaqədar tədbirlər keçirilirmi? Yubiley mərasimləri qeyd olunurmu?

-Əlbəttə ki, bizim klassik ustad aşıqlarımızın yubileyləri və anım günləri Aşıqlar Birliyi tərəfindən qeyd edilir. Bu da xalq arasında böyük rəğbət doğurur. Demək olar ki, beş il ərzində aşıqlarımız beynəlxalq, o cümlədən respublika səviyyəli tədbirlərdə, aşıq festivallarında, konsertlərdə, aşıqların yubileylərində iştirak edirlər. Bütün bu tədbirlərin keçirilməsinə yaradılan şərait dövlətimizin aşıq sənətinə olan bağlılığı, diqqət və qayğısı ilə əlaqədardır. Aşıq sənətinə olan bu qayğının birinci təzahürü 2009-cu ildə aşıq sənətinin Azərbaycan xalqına məxsus bir sənət incisi kimi YUNESKO tərəfindən dünya irsi siyahısına salınmasıdır. Bundan bir il sonra Bakıda beynəlxalq aşıq festivalı keçirildi. Burada Orta Asiyadan, İrandan, Türkiyədən, dünyanın müxtəlif ölkələrindən gəlmiş onlarla sazsöz ifaçıları iştirak edirdilər.

- Sizcə, televiziyalarda və digər KİV-lərdə aşıq sənətinin təbliği lazımi səviyyədədirmi?

- Qeyd etmək istəyirəm ki, Aşıqlar Birliyinin təşəbbüsü nəticəsində kütləvi informasiya vasitələrində, radioteleviziyalarda aşıq sənətinin təbliği ilə bağlı çox geniş aparılır. Artıq üç ildir aparıcılıq etdiyimMusiqi xəzinəsi” proqramı hər həftə saat yarım efirdədir. Eyni diqqət bütün televiziyaradiolarda da var.

Yeri gəlmişkən, mən Xalq şairimiz Zəlimxan Yaquba Allahdan şəfa diləyirəm, onun Aşıqlar Birliyinin fəaliyyətində böyük əməyi var. İndi səhhəti ilə əlaqədar əvvəlki kimi çalışa bilməsə də, bununla belə, o, səhhətinin verdiyi bütün imkan daxilində, hazırlanan tədbirlərə gəlib xeyir-duasını, məsləhətini verir. Yəni bir sözlə, sazla sözlə yaşamaqda davam edir. Mən düşünürəm ki, Zəlimxan müəllimin səhhəti qaydasına düşəcək və əvvəlki kimi coşqun fəaliyyətinə davam edəcək. Bizonunla birgə bir meydanda əl-ələ, çiyin-çiyinə, könül-könülə bu işi yüksək səviyyədə davam etdirməyə çalışacağıq.

-Bu gün aşıq sənəti ilə bağlı hansı problemlər mövcuddur və onların həlli yollarını nədə görürsünüz?

-İndiki halda aşıqlarımızın müəyyən problemləri var. Bunun birinci səbəbi odur ki, klassik ustad aşıqların xeyli hissəsi dünyalarını dəyişiblər və onların yerinə onları əvəz edə biləcək səviyyədə aşıqlar yoxdur. Bir qisim aşıqlar var ki, onlar da ustaddır, lakin onlar artıq yaşa dolublar. Məsələn, Aşıq İsfəndiyar, Aşıq Ədalət Nəsibov, Aşıq Xan Musa, Aşıq Şərbət, Aşıq Mahmud, Aşıq Ələsgər Tağıyev kimi bir çoxunun adını çəkə bilərəm ki, onlar artıq yaşa dolublar əvvəlki səviyyədə yaşları imkan vermir ki, sənət meydanında çıxış etsinlər.

-Müasir dövrdəki aşıqlarımız kifayət qədər bu sənətin incəliklərinə yiyələniblərmi?

- Keçmişdə belə idi ki, aşıqlar ustad-şagird ənənəsi yolu ilə sənətlərini davam etdirirdilər. Bir ustadın yanına gedib illərlə sənətin incəliklərini öyrənməyə çalışırdılar. Doğrusu, indi o ənənə qırılıb. Varsa da, çox zəif şəkildə ola bilər. Çünki bugünkü gündə aşıq sənətinin öyrənilməsinin bir çox yolları var. Müxtəlif üsullarla video, audio, hətta internet vasitəsilə gənclər aşıq sənətini öyrənməyə çalışırlar. Mənim qənaətimə görə, ustad ənənəsi mütləq qorunmalıdır. Amma bununla bərabər, təhsil şərti var artıq. Aşıqlığa gələn gənclər bu sənətlə bağlı mütləq təhsil almalıdırlar. Hal-hazırda İncəsənət Universitetində saz sinfi var, gələcəkdə Milli Konservatoriyada da açılması nəzərdə tutulur. Bunlar sazın müasir musiqi nəzəriyyələri səviyyəsində öyrədilməsinə imkan yaradacaq. Misal üçün deyə bilərəm ki, “MisriButasazçı qrupları var. Bu qruplar İncəsənət Universitetində təhsil almış uşaqlardır. Onların ifaları ilə aşıq təhsili almayan gənclərin arasında böyük fərq var. Səbəb odur ki, təhsilli aşıqlar intonasiya, harmoniya, musiqi nəzəriyyələrini bilirlər. Amma həvəskar aşıq sənətini öyrənənlər isə ifa etdikləri zaman xariclər, ritmsizliklər özünü göstərir. Buna görə mən aşıqlığa gələnlərin mütləq təhsilə cəlb olunmasını son dərəcə vacib hesab edirəm. Təhsili bəzi problemlərin çıxış yollarından biri kimi görürəm.

-Ümumiyyətlə, aşıq sənətini digər incəsənət sahələrindən fərqləndirən xüsusiyyətlər hansılardır?

- Aşıq sənəti ilə digər musiqi sahələrinin bir fərqi var ki, aşıq təkcə musiqiçi, musiqinin əyləncə vəzifəsini yerinə yetirən bir şəxs olmayıb. Aşıq tarixən el müdriki olub. Xalqa yol göstərən, hörmətli şəxs kimi tanınıb. Bu mənada onun yüngül hərəkət etməsi, bayağı sözlər danışması, şou hərəkətlər etməsi qəbuledilməzdir. Məsələn, efirə çıxıb sazla akrobatik hərəkətlər göstərmək son dərəcə mənfi bir şeydir. Bunu qətiyyən təqdir etmək olmaz. Hansısa televiziya kanalı bundan istifadə edərək özü üçün şou yaratmaq istəyirsə, bu, əlbəttə ki, bizim zəngin aşıq sənətimizə bir xələl gətirir. Bu yolu gedən şəxsin, şübhəsiz, səviyyəsi aşağıdır ki, bu cür yolu seçib.

Mən uşaqlığımdan bəri aşıqları dinləmişəm. Böyük aşıqlar görmüşəm. Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar Əfəndiyev, Aşıq Şakir Hacıyev, Aşıq Pənah Pənahov kimi ustad aşıqlarımız heç bir zaman loru danışmayıblar. Hər sözlərində kəramət var idi. Bu cür insanlar məktəbdir. Bunlardan öyrənmək lazımdır. Bu mənada indiki bəzi aşıqlarda çatışmayan xüsusiyyətlərin olduğunu görürəm.

Heç bir zaman ustad aşıqlar camaat ilə birgə süfrə arxasında oturmazdılar. Kənarda qapalı şəraitdə ayrıca onlara süfrə açılar, yedikdən sonra cəmiyyət arasına yenidən qayıdardılar. Bu, onlara və onların hörmətinin əlaməti idi. Lakin bu gün belə deyil. Aşıq sənətini və aşıq şəxsiyyətinə xələl gətirənləri görürəm və çox məyuslanıram.

Amma vəziyyət ümidsizdeyil. Mən sizə misal çəkəcəm. Əgər o zamanlar aşıq sənətinə gələn gənclərin sayı beş nəfər olurdusa, bu gün həmin say əlli nəfərə çatıb. Görün bu say arasında nə qədər böyük fərq olubbu gənclər arasında ləyaqətli, özünü ölçülü-biçili şəkildə aparan, sənətə çox böyük hörmətlə yanaşan gənclər görürəm. Mən onlardan olduqca razıyam.

Bu gün orta nəsil aşıqlarımız da var ki, onlar artıq pedaqoji fəaliyyətlə məşğuldurlar. Məsələn, Aşıq Fəzail Miskinli, Aşıq Əhliman, Aşıq Altay Məmmədli, Aşıq Nemət Qasımlı, Aşıq Samirə Əliyeva və s. özlərini müəllim kimi gözəl aparırlar, həm aşıq kimi, həm də gənclərə yaxşı nümunədirlər. Bu şərtdir. Hal-hazırda Xatirə Gülməmmədli, Ağstafadan Əfsanə Kərimli orta məktəb şagirdləridir. Onlar özlərini necə yaxşı təmsil edə bilirlər ki, mən Azərbaycan Televiziyası kimi mötəbər bir kanalda onları efirə buraxıram və tez-tez dəvət edirəm. Çünki ifaları da son dərəcə gözəldir. Bu mənada gəncliyin ümid verən tərəfləri də çox olduğundan aşıqlığa diqqət və qayğı davam etsə, bu istiqamətdə daha yaxşı nəticələr olar.

Aşıq sənətindən və aşıq yaradıcılığından söz açan Məhərrəm müəllim bugünkü cəmiyyətimizdə aşıq sənətinə olan bəzi nüanslardan məni agah etdi. Mən də öz növbəmdə Məhərrəm müəllimin xoş və səmimi söhbətini siz hörmətli oxucularımızla bölüşdüm. Ümid edirəm ki, bizim köklü incəsənətimiz gələcək nəsillərə yüksək səviyyədə və qüsursuz şəkildə ötürüləcək.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-11 aprel.-S.13.