“Bu gün ədəbiyyatımızda uşaq mövzusu bir növ arxa plana keçib” 

 

Yavər Cəbrayılov: “Kadr qıtlığı ilə üzləşməmək üçün həvəskarlar studiyası

yaratmışıq, məktəblilərin, gənclərin iştirak etdiyi müsabiqələr təşkil edirik”

 

Layihə çərçivəsində müsahibimiz Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılovdur:

-Salyanda teatr ənənələrinin yaranması daha qədim zamanlara təsadüf edir. 1944-1949-cu illərdə Salyanda ilk dəfə olaraq Dram teatrı fəaliyyətə başlayıb. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram teatrı olmasına baxmayaraq, yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi məhz bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarının adlarını qeyd edə bilərik. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı, Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub. Ondan sonra hamı bu rayonun mədəni dünyasını Salyan Dövlət Kukla Teatrı ilə ölçməyə başladı. Sözügedən teatr 1973-cü ildə yaradılıb. Teatr ilk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlayıb. Bu dərnək də əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975-ci ildə “Xalq teatrı” adına layiq görülüb. 1994-cü ilin iyulun 4-də isə ərazidə yeganə teatr olmasını nəzərə alaraq teatra Dövlət Teatrı statusu verilir. Bizim teatrın dövlət statuslu olmasında yazıçı Elçin Əfəndiyevin böyük xidmətləri olub. O, tamaşalarımızdan birinə baxıb, heyrətlənmişdi və ondan sonra bizə Dövlət Teatrı statusu verdilər. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edib. Müxtəlif illərdə əldə olunan mükafatlarla yanaşı, geniş tamaşaçı auditoriyasının sevgisini, rəğbətini qazanıb. İndi də teatr kollektivi rayonda keçirilən mədəni- kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir.

-Teatrda hazırlanan tamaşalar kiçik tamaşaçıların zövqünü oxşaya bilirmi?

- Teatrda təqdim olunan tamaşalar uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır. Bu günə qədər teatrın repertuarında 60-a qədər tamaşa oynanılıb. Səhnəmizdə bu illər ərzində Mirmehdi Seyidzadənin “Ata məhəbbəti”, Rəhman Əlizadənin “Keçəlin toyu“, Rafiq Savalanın “Qayğıkeş Nigar”, “Tələ quran özü düşər ”, Abdulla Şaiqin “Danışan kukla”, İsgəndər Coşqunun “Tülkü həccə gedir”, Tofiq Kərimin “Quyruqlu ulağın sərgüzəştləri”, Əli Əlizadənin “Keçəl Həmzənin hiyləsi”, Həsənağa Hüseynovun “Ulamaqdan mələməyə”, Firudin Ağayevin “Cırtdan və Sehrbaz”, Rafiq Mirzənin “Yetim Fatma”, R. Kipinqin “Başlı başına gəzən pişik” tamaşaları təqdim olunub. Tamaşaçılar göstərilən tamaşalardakı kuklaların istər uşaqlar, istərsə də böyüklər üçün necə böyük mənəvi əxlaqi dəyərlər təlqin etdiyini görürlər. Biz mədəni hadisələrdən geri qalmırıq. Belə ki, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə “Xırs quldurbasan” tamaşasını hazırlamışıq. O tamaşa ilə Axundzadənin yubiley tədbirlərində iştirak etmişik. Səhnə əsərinə Bakıdan dəvət etdiyimiz, Kukla Teatrının baş rejissoru olmuş, bu yaxınlarda dünyasını dəyişən Rəhman Əlizadə quruluş verib. Yalnız bu tamaşanın kuklalarını Bakıdan sifariş etmişdik. Yenilik üçün bu qərara gəldik.

- Kuklaları necə əldə edirsiniz? Biletlərin qiyməti müvafiqdirmi?

- Bizim öz kukla seximiz var. Tükəzban Məmmədovanın sədrliyi ilə sexdə tamaşalarda istifadə olunacaq bütün kuklalar hazırlanır. Həmçinin rəssamlıq emalatxanamız da fəaliyyətdədir. Teatrımız təmir olunandan sonra vəziyyətimiz yaxşıdır. Amma əvvəllər bu baxımdan çətinlik çəkirdik, kuklaları, dekorasiyaları başqa yerlərdən gətirirdik. Biletlərin qiyməti çox münasibdir. Biletin qiyməti 50 qəpikdir. Amma səyyar nümayiş etdirdiyimiz, eləcə də axşam tamaşalarımızın bileti 1 manat olur. Ay ərzində tamaşalarımızı 1600-1700 tamaşaçı izləyir. İldə isə 4 yaxud 6 tamaşa hazırlaya bilirik. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf rayonlarda nümayiş etdirilir. Siyahıya Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Cəlilabad, Masallı aiddir. Biz ən ucqar rayonlara belə gedirik. Bəzi ucqar kəndlərdə bizi heyrətlə qarşılayırlar. Həqiqətən, gəlişimiz onlar üçün bayrama çevrilir. Biz də teatr olaraq elə yerlərdə tamaşaçılar qarşısında çıxış etməyi özümüz üçün fəxr bilirik. Tozlu, torpaqlı, palçıqlı yollarla gedib, o balaca tamaşaçılara çatanda, onların üzündəki sevinci görəndə, biz ikiqat sevinirik. Bizi dövrəyə alırlar, sevgilərini hiss etdirirlər. İnanın, o məqamda biz maddiyatı düşünmürük, bəzən bir biletə iki-üç tamaşaçı qəbul edirik.

-Teatrda çalışmaq istəyən aktyorlar yetərincədirmi?

- Teatrın aktyorları yerli sənət adamlarından təşkil olunub. Kollektivimizdə 14 nəfərdən ibarət yaradıcı heyət çalışır. Çox yaxşı, işgüzar və sənətini sevən kollektivdir. Aktyorlarımızın hamısı istedadlıdırlar. Onlardan Rauf Həsənli, Orxan Səfərov, Gülşən Təhməzova, Elnur Muradovun, Paytaxt Gözəlova, Qalib Məlikov və başqalarını adlarını qeyd edə bilərəm. Teatrımızda işləmək üçün nə qədər insan sıra gözləyir. Biz kadr qıtlığı ilə üzləşməmək üçün həvəskarlar studiyası yaratmışıq. Məktəblilərin, gənclərin iştirak etdiyi müsabiqələr təşkil edirik, öz kadrlarımızı yetişdiririk. Müsabiqələr isə hər iki ildən bir keçirilir. Yaradıcı heyətin digər üzvləri də aktyorlarla əlbir olub baxımlı, yaddaqalan tamaşalar ərsəyə gətirməyə çalışırlar. Qeyd edim ki, teatrın baş rejissoru Rafiq Mirzə, musiqi rəhbəri Fəzail Mehdiyev, rəssamı Ceyhun Rüstəmbəylidir.

-Teatrın hansısa problemləri varmı?

- Bizim ən böyük problemimiz tamaşaçı problemidir. Amma bu tək bizdə deyil, bütün teatrlar bu problemlə qarşılaşırlar. Telekanallarda verilən verilişlərə münasibətim pisdir. “Toy olsun” kimi verilişlər uşaqlara çox pis təsir edir. Ümumiyyətlə, televiziyanın mühüm faktor olduğu danılmazdır. Bu gün hamının evində televizor var, bütün kanallar açıqdır və əlbəttə, tamaşaçı teatrı asanlıqla televiziyaya dəyişə bilir. Tamaşalarımızın auditoriyası yalnız uşaqlar deyil, onların içərisində böyüklər də var. Çox çalışırıq ki, hər iki tamaşaçı auditoriyasının zövqünü, marağını oxşaya bilək. İndiki uşaqları heyrətləndirmək, sevindirmək çox çətindir. Bayaq dediyim televiziya verilişləri, televiziyanın onlara təlqin etdikləri bu baxımdan mühüm rol oynayır. Məni qane etməyən uşaq ədəbiyyatının indiki durumudur. Sirr deyil ki, bu gün ədəbiyyatımızda uşaq mövzusu bir növ arxa plana keçib.Ona görə repertuar seçərkən çətinliklə qarşılaşırıq. İndiki yazarlar uşaq ədəbiyyatına az meyil edirlər. Amma bu çox mühüm məsələdir, uşaq vaxtı normal ədəbi zövqü formalaşmayan uşaq böyüdükdə ədəbiyyatdan, poeziyadan, teatrdan qaçacaq. Bizim uşaqlar üçün hazırladığımız repertuarda maariflənməyə yönəlik, vətənpərvər ruhlu əsərlərə üstünlük veririk. Məsələn, Abdulla Şaiqin, Əli Səmədlinin uşaqlar üçün yaratdığı nümunələri, eləcə də xalq nağıllarımızı, klassik nümunələrimizi dönə-dönə təbliğ edirik. Tamaşaçılar Salyan Dövlət Kukla Teatrının tamaşalarına baxmaq istəyirlərsə, “2+1” Eksperimental Teatr Festivalını gözləsinlər. Festivalda iştirak edəcək teatr “Göyçək Fatma”nı tamaşaçılara ərmağan edəcək.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-11 aprel.-S.11.