Bu gün sosial şəbəkələrdə antimilli qrupların təsiri ilə idarə olunan gənclər var 

 

Nurəddin Mehdiyev: “Müxtəlif qüvvələrin təsirinə

düşən gənclər dərk etməlidirlər ki, Azərbaycana

qarşı aparılan fəaliyyətlər ölkəmizdəki sabitliyə

inkişafa qarşı yönəlib”

 

MüsahibimizBizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevdir

- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, Azərbaycanda gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır. Göründüyü kimi, dövlət gənc vətəndaşlarının vətənpərvər, dövlətçi, savadlı, sağlam, fəal olmasını, gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatına biganə qalmamasını istəyir. Bu istəklərin reallaşması istiqamətində gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, həyata keçirilir. Bir sözlə, bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti müasir dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir.

- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?

- Dövlətin həyata keçirdiyi gənclər siyasəti özü-özlüyündə məhz bu potensialın üzə çıxmasına istiqamətlənib. 2012-ci il ərzində Azərbaycan əhalisi 9 milyon 356 min nəfər olub ki, onun da 30,3 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Bu rəqəm özü bir daha sübut edir ki, Azərbaycan gəncliyi nə qədər böyük qüvvədir. Bu qüvvənin potensialının üzə çıxarılması, ondan Azərbaycanın gələcək inkişafı üçün istifadə edilməsi dövlət qarşısında duran ən vacib prioritetlərdəndir. Bu gün Azərbaycan gəncinin inkişafı üçün bütün şərait mövcuddur. Ən əsası odur ki, Azərbaycanın sabitliyi və davamlı inkişafı təmin olunub. Bu, çox vacibdir. Sabitlik və davamlı inkişaf gənclərin də həyatına pozitiv təsirini göstərir.

Azərbaycan gənci nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu gün dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. “The Business Year” jurnalının Azərbaycana aid xüsusi buraxılışına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, “biz bilirik ki, təbii sərvətlər əbədi deyilzaman keçdikcə tükənəcək. Bu səbəbdən də qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır”.

Bu gün Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Gənc­lərimiz dünyanın inkişaf etmiş, qabaqcıl texnologiyalarına yiyələnərək, qabaqcıl elm adamlarından və universitetlərdən dərs alaraq ölkəmizin gələcəyini inşa etmək üçün hazırlanırlar. Təsadüfi deyil ki, görülən işlərin nəticəsində BMT-nin 2010-cu ilİnsan İnkişafı Hesabatı”nda Azərbaycan 2005-2010-cu illərdə insan inkişafı sahəsində ən sürətlə inkişaf edən ölkə kimi qiymətləndirilib.

Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Məqsəd dövlət orqanlarında çalışanların sıralarını yüksək təhsilli, günün tələblərinə cavab verən mütəxəssislərlə zənginləşdirməkdir. Bu eyni zamanda gənclərə olan etimad və inamdır. Son 4 ildə dövlət orqanlarına işə qəbul edilənlərin 60%-ə qədərini gənclər təşkil edib.

Bu gün Azərbaycanda çox sayda bədən tərbiyəsi və idman obyektlərinin tikilib gənclərin istifadəsinə verilməsi də gənclərin fiziki inkişafına istiqamətlənmiş siyasətdir. Hər il dünyanın müxtəlif yerlərində keçirilən mötəbər idman turnirlərində Azərbaycan bayrağını yüksəyə qaldıran gənclərimizin sayı artmaqdadır. Bütün bunlar dövlətin idmanın inkişafı üçün həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

“Gənclər evisosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində, onların potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən işlərdəndir. Azərbaycan regionlarının əksəriyyətində belə müəssisələrin sayı artmaqdadır.

Azərbaycanda biznesin inkişafı sahəsində qəbul edilən müxtəlif hüquqi-normativ sənədlər gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradır. Gənc sahibkarlar qeyri-neft sektorunun inkişafında önəmli paya malikdir. Təsadüfi deyil ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi üçün ayrıca bənd nəzərdə tutulub. Bu işlər uğurla icra olunmaqdadır.

Deyilənləri gənclərin intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsinə də aid etmək olar. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondu tərəfindən gənc alimlərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif layihələr, beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir.

- Gənclər ictimai-siyasi işlərdə hansı fəallıq göstərirlər?

- Qeyd etmək istəyirəm ki, Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir. Bu fəallığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu günbu siyasət uğurla davam etdirilir. Çox ölkələrdə bu, belə deyil. Misal üçün, Azərbaycan yeganə ölkələrdəndir ki, burada hər 3 ildən bir ümumrespublika gənclər forumu keçirilir. Gənclər forumları dövlət-gənclik birliyinin nümunəsidir. Forumlarda ötən dövrdə görülmüş işlərə nəzər salınır, nəticələr çıxarılır, gələcək dövrlər üçün fəaliyyət planları müəyyən edilir. Forumlarda yeni gənclərə meydan verilir, onlar dövlət qarşısında müxtəlif təkliflərlə çıxış edirlər. Bu əslində gənclərin gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirakı deməkdir. Azərbaycanda gənclərə aktivpassiv seçki hüququ verilib. Onlar seçmək və seçilmək hüququna malikdirlər. Yaşı 25-dən aşağı olmayan gənclər Ali qanunvericilik orqanına, 21 yaşına çatmış gənclər isə yerli özünüidarə orqanları olan bələdiyyələrə seçilmək hüququna malikdirlər. Bu gün bələdiyyə üzvlərinin 28%-i gənclərdir, onlardan 326 nəfər bələdiyyə sədridir. Gənclər sırasında olan ictimai fəal gənclər dövlət proqramlarının, qanun layihələrinin hazırlanmasına cəlb edilirlər. Azərbaycan Milli Məclisində fəaliyyət göstərən millət vəkillərimiz arasında da gənclər sektorunda fəal təmsil olunan şəxslər var. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 9 üzvündən 4-ü gənclər təşkilatlarının rəhbərləridir.

Bundan əlavə gənclərin təşkilatlanması prosesi uğurla gedir. Gənclər müxtəlif gənclər təşkilatlarında təmsil olunurlar. Hazırda Azərbaycanda 230-a qədər belə təşkilat mövcuddur. Bu təşkilatlar vasitəsilə gənclərin ən müxtəlif problemləri üzə çıxarılır, həyata keçirilən layihələr vasitəsilə həllini tapır. Bu layihələr vasitəsilə minlərlə gənc müxtəlif yerli və beynəlxalq təcrübələrə nail olurlar. Fərqli, kreativ ideyalarla çıxış edirlər. Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində fəallıq göstərirlər. Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gənclər təşkilatları tərəfindən həyata keçirilən fəaliyyət də artmaqdadır.

- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?

- Azərbaycan demokratik inkişaf yolu tutub. Lakin bu, tədrici prosesdir. Dünyanın heç bir ölkəsində demokratiya yolu asan sürətli olmayıb. Gün gələcək Azərbaycanda demokratik təsisatlar daha da inkişaf edəcək. Təbii ki, gənclər bu proseslərdən kənarda qalmır, qala da bilməz. Dövlət gənclərin qərarların qəbul edilməsində daha fəal iştirakında maraqlıdır. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Çünki əhalisinin 30%-dən çox hissəsi gənc olan ölkə üçün bu, vacib amildir. Bu rəqəmin özü bir daha göstərir ki, Azərbaycan gəncliyi dövlət ictimai həyatda qədər böyük qüvvədir. Dövlətin gənclər siyasətinin qarşısında duran əsas vəzifələrdən biri bu qüvvəni fiziki, mənəvi, intellektual baxımdan daha da yetkin etməkdən, ictimai proseslərə, dövlət idarəetməsinə daha yaxından inteqrasiya etdirməkdən ibarətdir. Lakin bir qrup gənclər öz fəaliyyətlərinin məsuliyyətini dərk etmirlər. İnkarolunmaz həqiqətdir ki, Azərbaycanın regionda gücünün artmasından, inkişafından narahat olan qüvvələr ölkəmizdə vəziyyəti qarışdırmağa, öz istəkləri istiqamətinə yönləndirməyə çalışır bu fəaliyyətlərində müxtəlif qrupların maraqlarından, o cümlədən ağı-qaradan seçə bilməyən, “siyasət həvəskarı gənclər”dən istifadə edirlər. Mən səmimiyyətlə deyə bilərəm ki, belə gənclərin əksəriyyəti müxtəlif siyasətbazların, antimilli qrupların təsirinə düşdüklərindən belə, xəbərsizdirlər. Çünki onların zəif dünyagörüşü, həyat təcrübəsizliyi buna səbəb olur. Belə gənclər dərk etmirlər ki, müxtəlif daxili xarici dairələrin apardığı qaralama kampaniyasının əksinə olaraq, Azərbaycanda hər şey onların düşündüyü kimi heç pis deyil, hətta örnək götürdükləri bir sıra Avropa ölkələrinin iqtisadi durumu ilə müqayisədə Azərbaycanın iqtisadi vəziyyəti daha normaldır. Ölkəmizin iqtisadi inkişaf göstəriciləri hər il müsbətə doğru irəliləməkdədir. Azərbaycan artıq investisiya cəlb edən ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Belə gənclər demokratiyanı hərc-mərcliklə səhv salırlar. Bu gün sosial şəbəkələrdə öz fəaliyyətləri ilə Azərbaycana zi­yan vuran, antimilli qrupların təsiri ilə idarə olunan gənclər var. Lakin məlum həqiqətdir ki, bu gənclər hər zaman azlıqda qalır, zaman keçdikcə onlar öz səhvlərini başa düşürlər. Lakin sosial şəbəkələrdə Azərbaycanı təbliğ edən, dövlətinə, Vətəninə bağlı min­lərlə gəncin fəaliyyəti günümüzün reallığıdır.

Müxtəlif qüvvələrin təsirinə düşən gənclər dərk etməlidirlər ki, Azərbaycana qarşı aparılan fəaliyyətlər ölkəmizdəki sabitliyə inkişafa qarşı yönəlib. Bu gənclər belə fəaliyyətlərə alət olmamalıdırlar.

(ardı var)

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-11 aprel.-S.7.