Tikdim ki, izim qala...
Tarix bizim böyük keçmişimizdir. Babalarımızın, atalarımızın ayaq izləridir. Vətənin hər daşında tarixin böyük izləri dayanıb. O izlər ki bu gün şərəfimizin tarixi salnaməsidir. Bir insanın kökü onun keçmişində gizlənsə də, tarix heç zaman gizli qalmır. “Tikmədim özüm qala, tikdim ki, izim qala...” misraları da məhz babalarımızın bugünkü günə kökümüzdən nişan qoymaq istədiklərindən xəbər verir. Vətənimizin dörd bir yanına baxsaq, keçmişimizin qüdrətli izlərini görərik. Lakin mən bu izləri “kökümün şərəfli nişanı” kimi dəyərləndirirəm. Elə məhz küləklər şəhəri olan Bakımıza baxsaq, hər qarışında böyük tariximizin izlərini görərik. Bu salnamələri öyrənmək isə böyük zəhmət tələb edir. Mən tariximizin var olmağı ilə şərəf hissi duyuram. Çünki bu tarix mənim xalqımın əzəli köküdür. Millətlər arasından seçilən millətim keçmişi ilə gələcəyi arasında bir salnamə yazır. Bir vətən övladı kimi mən bu salnamənin izlərinə çox düşmüşəm və tarixini çox sevmişəm. Amma vətənimin tarixi salnamələri hər zaman mənim üçün sirli bir aləm olub. Lakin bir elm var ki, bu sirləri qarış-qarış öyrənməyə çalışır. Arxeologiya elmi. Bu elmin sirli aləmi, ürək qədər həssaslığı mənə bir çox elm sahələrindən daha çox maraq doğurur. Bu elm haqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan Arxeoloji Ekspedisiyasının rəhbəri, institutun Elmi Şurasının və Müdafiə Şurasının üzvü, Azərbaycan Arxeologiyası jurnalının məsul katibi Bəhlul İbrahimli ilə həmsöhbət oldum. B. İbrahimli sevə-sevə çalışdığı peşəsindən ürəkdolusu danışdı. Müsahibəni oxuculara təqdim edirik:
- Bəhlul müəllim,
arxeologiya sənətini necə oldu ki, seçdiniz?
- Mən tibb sahəsində çalışırdım. Lakin dünyaya baxışım və düşüncələrim məni sənədlərimi Tarix fakültəsinə verməyə vadar etdi.
- Siz qazıntı işləri apardığınız zaman tarixin hansı səhifəsini tapmaq istəmisiniz?
- Biz arxeoloji qazıntı işləri apardığımız zaman yaşanılan qədim dövrün tarixini öyrənməyə çalışırıq. Abidələr də insanlar kimidir-yaranır və məhv olur. Bütün qədim şəhərlər də belədir. Nə vaxtsa yaranır və məhv olurlar. Bəzən insanda bir neçə sual yaranır. Bu abidə nə zaman tikilib? Nə zaman məhv olub? Məsələn, keçmiş dövrlərdə bizim əyalətlərdə qədim abidələrin olduğuna inanmırdılar. Baxmayaraq ki XIX əsrin ikinci yarısından bizim ölkə ərazisində son tunc və erkən dəmir dövrünə aid zəngin tapıntılar artıq Avropaya məlum idi.
XIX əsrdə arxeoloqlar çox çətinliklərlə üzləşirdilər. Çünki o zamanlar arxeologiya elmi hələ inkişaf etməmişdi və elmin əsasları hələ yox idi. Bu gün arxeologiya elmi arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntların tərkibinin, yaşının müəyyən olunmasında bir çox elmin, məsələn, fizika, kimya, paleobotanika, antropologiya və geologiya elmlərinin nailiyyətlərindən istifadə edir. Biz arxeoloji tədqiqatlar zamanı hər hansı bir qiymətli tapıntı axtarmırıq. Bizim üçün ən vacibi həmin tapıntının oraya necə düşdüyü və min illər ərzində hansı proseslərə məruz qaldığıdır. Təsəvvür edin ki, əgər 150 il qabaq arxeoloq bir ayda 900-ə qədər qəbir qazırdısa, biz indi bir qəbri iki həftəyə qazırıq və bir qəbirdən aldığımız elmi informasiya həmin mədəni təbəqə haqqında tam informasiya əldə etməyə imkan verir. Əgər bir qəbirdə daha çox və müxtəlif əşyalar aşkar olunarsa, bu qəbrin araşdırılması daha da mürəkkəb bir prosesdir. Burada arxeoloqun bütün incəliklərə diqqət etməsinin mühüm əhəmiyyəti var.
- Arxeoloqların
sovetlər dönəmindəki fəaliyyəti ilə
müstəqilliyimiz dövründə olan fəaliyyətində
hansısa fərq varmı?
- Bilirsiniz, mənim fikrimcə, sovet dövrünün pislənməsi düzgün deyil. Çünki sovet təhsil sistemi bütün elmlərin fundamental əsaslarını artıq orta məktəbdə öyrədirdi. Moskvada bir çox görkəmli alimlərin “arxeoloji məktəbləri” vardı. Universitet tələbələri arxeoloji tədqiqatlara cəlb olunurdu. 30-dan artıq arxeoloqun iştirak etdiyi ekspedisiyalarda tələbələr təcrübə qazanır və gələcək yollarını seçirdilər. Sənəti də gərək usta yanında öyrənəsən. Sənəti təkcə oxumaqla, nəzəriyyəni bilməklə öyrənmək mümkün deyil. Arxeologiyanın özü də bir sənətdir. Məsələn, adi bir sümük parçasını, insan skeletini, parça izlərini xüsusi üsulla təmizləməsən, o, həmin dəqiqə dağılacaq.
Zaqafqaziyada ilk əvvəllər 20-30-cu illərdə Ermənistanda və Gürcüstanda arxeologiya elmi bizdən güclü inkişaf etmişdi. Çünki ermənilər xaricdən gələn, yəni Avropadan, Rusiyadan gələn arxeoloqlar sayəsində geniş tədqiqatlar aparırdılar. Onlar xarici arxeoloqları ölkələrinə dəvət edirdilər ki, onların tarixini başqaları yazsın və bütün dünya onların tarixini bilsin. Lakin sovet dövləti Azərbaycan tarixinin öyrənilməsində maraqlı deyildi. Bizim qədim tariximiz olduğu kimi yox, siyasi büronun istədiyi kimi yazılırdı. Ona görə də biz tariximizin və mədəniyyətimizin öyrənilməsində geri qalmışdıq.
- Bu gün
arxeoloqlar Azərbaycana məxsus hansı tarixi faktları
üzə çıxarıblar?
- Cənubi Qafqazda Azərbaycan elə bir ərazidə yerləşib ki, tarixən bütün hərbi yürüşlərin və ticarət karvanlarının yolu olub. Şimaldan cənuba, cənubdan şimala gedən bütün qoşunlar bizim ərazidən keçiblər. Biz bu gün nə qədər arxeoloji araşdırmalar etsək də, hələ də çox şeyləri öyrənməmişik. Bizim qabaqda hələ çox işlərimiz var. Azərbaycan arxeologiyası indiyə qədər ən çox mövcud abidələri öyrənir. Amma nəzəri problemlərimizi öyrənən azdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamından sonra arxeoloji tədqiqatların aparılmasında əsaslı dönüş yarandı. İndi Cənubi Qafqazda aparıcı arxeoloji tədqiqatlar Azərbaycan arxeoloqlarına məxsusdur. Bizim arxeoloqlar artıq arxeologiya elminin beynəlxalq problemlərinin həllinə qoşulublar. Azərbaycan arxeoloqları artıq qədim miqrasiya problemləri, arxeoloji mədəniyyətlərin yaranması və yayılma arealı, paleometal dövründə tarixi Azərbaycan ərazilərinin inkişaf səviyyəsi, qədim sivilizasiyalarda Azərbaycan tayfalarının rolu kimi problemlərə aid monoqrafik əsərlər yazır, beynəlxalq konfrans və simpoziumlarda çıxışlar edirlər.
- Paytaxt Bakıda bir çox
zəngin abidələr mövcuddur. Bu gün Şirvanşahlar sarayında tədqiqatlar
aparılırmı? Keçmiş ilə
əlaqədar hansısa bir yeniliklər öyrənilibmi?
-Əlbəttə, öyrənilir. Şirvanşahlar
sarayında restavrasiya və qazıntı işlərilə əlaqədar
aparılan araşdırmalar zamanı sarayın altında orta
əsrlərdən qabaq dövrlərə aid də mədəni
təbəqə aşkarlanıb. Şəhər
qalıqları olmasa da, qədim yaşayış məskənlərinin
qalıqlarının olması şübhəsizdir. Bilirsiniz ki, Xəzərin səviyyəsinin dəyişməsilə
əlaqədar şəhərin ərazisi də dəyişir.
Bakı şəhərinin özünün əsl
tarixi hələ də dəqiq müəyyənləşdirilməyib.
Hər yeni qazıntı yeni bir material deməkdir.
- Bəs İçərişəhər
memarlıq abidə kompleksi tam olaraq aşkarlanıb, yoxsa hələ
də sirlərini vermir?
- Mən
sizə bir nüansı deyim ki, heç bir abidə dəqiq
aşkarlana bilməz. Əgər o abidə
hansısa yaşayış binasının altında
qalıbsa, onu nə qədər araşdırsan, bir o qədər
məlumatlar aşkarlanacaq. İçərişəhər
özü Azərbaycanın orta əsr şəhər tipinin
ən bariz nümunəsidir. Onu qeyd edim ki,
Abşeron memarlığı daş işləmə sənətilə
bağlı olduğundan tarixin izlərini daha uzun müddət
və olduğu kimi qoruyub saxlayır.
- Bəhlul
müəllim, bugünkü dövrümüzdə cəmiyyətdə
arxeologiyaya maraq nə dərəcədədir?
- Bu bir az müzakirəli mövzudur. Dövlət
hal-hazırda qayğı göstərir. Biz
deyə bilərik ki, çox işlər
görmüşük. Amma qarşıda hələ
daha böyük işlər olduğunu bilirik. Azərbaycan arxeologiyasına qayğı nə qədər
çox göstərilsə, arxeologiyaya da maraq bir o qədər
böyük olar. Arxeologiyaya Vətənini, tarixini sevən,
milli ruhlu gənclər daha çox gəlirlər.
- Bir
ziyalı, ailə başçısı kimi cəmiyyətə
baxışınız necədir?
- Cəmiyyətə
baxışlarımın müsbət tərəfləri də
var, mənfi tərəfləri də. Məsələn,
bu gün gənclərimizin çoxu internet aludəçisi
olub. Əgər gənc gününün
çox hissəsini orada keçirirsə, bu, şübhəsiz,
mənfi təsir göstərir və o, irəli getməkdənsə,
geri qalır. İnternetdən, ümumiyyətlə,
kompyuterdən gənclərin səmərəli istifadə etməsi
üçün çıxış yolları axtarmaq
lazımdır.
Lakin müsbət cəhəti də odur ki, internet
dünyaya pəncərədir. Bu gün gənclərimiz
üçün xaricdə təhsil almaq imkanları genişlənib.
Onların dövlət tərəfindən təhsil
haqlarının ödənilməsi, gənclərimizin parlaq
gələcəyinə bir nişandır. Mən də bir ata olaraq istərəm ki, oğlum da
bu imkanlardan yararlansın.
- Siz
keçmiş dövrlə indiki dövr arasında fərq
görürsünüzmü? Cəmiyyətdə mövcud
durum barədə...
-Bəli.
O dövrlə bu dövr arasında bir çox fərqlər
var. Lakin mən bu dövrü pisləməzdim. Sadəcə fərqin nədə olduğunu
anlamağa çalışıram. O zamanlar biz
qapalı şəraitdə yaşamışıq. İzlədiyimiz hind filmləri, öz filmlərimiz
nəzarət edilərək efirlərə buraxılardı.
Evdə tərbiyə başqa cür
qurulardı. Böyük, kiçik
hörmətini saxlamağı bacarırdıq. Amma bu gün tam sərbəstlik hökm
sürür. Efirlərimizdə tam
başqa səpkili verilişlər, kinolar yayımlanır.
Gənclərimizin dünyagörüşü
dəyişib. Cəmiyyətdə
böyüklərə hörmət, kiçiklərə
qayğının qaydaları tamam dəyişib. Bunun da
öz növbəsində mənfi tərəfləri var. Gənclər
düşünməlidirlər ki, zaman gələcək
özləri də yaşa dolacaqlar...
- İnsan taleyi müxtəlif yollar üzərində
cızılır. Bəzən kiməsə görə
taleyini yaşayırsan, bəzən kimsə sənin taleyini
yazır, bəzən də insan özü öz taleyini
cızır və yaşayır. Bəs
siz necə?
- Mən
uşaqlıqdan bəri şəxsi azadlığı, sərbəst
düşünməyi xoşlamışam. Amma
heç vaxt valideynlərimin sözündən
çıxmamışam. Sənətimi
seçməyimdə də maneələr olmayıb. Atam mənə həmişə arxa, dayaq olub. Gənclik dövrümdə mən kommunist
partiyasının üzvü olmuşdum. Sonradan
bizim millətə hansı zülmləri etdiyini görəndə
o partiyanın üzvü olmaqdan imtina etdim. O zamandan
siyasi işlər ilə də məşğul olmuram. Mənim üçün ailə, sənətim daha
vacibdir.
- Bəhlul müəllim, gələcəyi
necə görürsünüz?
- Arzum,
Allah izin versə, övladlarımı sağ-salamat
böyüdüb, onların hərəsinin ev,
ailə sahibi olmasını görməkdir. Daha
sonra, Allah nə qədər ömür verəcəksə,
yaşayarıq. Ailə
bütövlüyü xalqın bütövlüyü deməkdir.
Cəmiyyət nə qədər sağlam və
möhkəm olarsa, millət, xalq da bir o qədər möhkəm
olar. Bir millətin gələcəyini onun
gənclərindən xəbər alın. Bizi yaşadan gənclər olacaq. Onlar nə qədər savadlı, bilikli, intellektual
olarsa, gələcəyimiz də bir o qədər parlaq olar.
Dövlətin sabahı gənclərimizdir.
Şübhəsiz ki, gələcəyimizi nurlu sabahlarla
görürəm...
-
Çox sağ olun xoş müsahibəyə
görə...
- Siz də
sağ olun.
Bəhlul müəllim ilə söhbət əsnasında
arxeoloq sənətinin bir çox sirlərinə bələd
oldum. Əgər bir insan xalqının keçmişini
öyrənirsə, onun da böyük bir gələcəyi
olacaq. Xalqa ömür həsr edən
şəxs, xalqın nəfəsi olar. Məhz
Bəhlul İbrahimli də bir Azərbaycan oğlu kimi
tariximizin qızıl səhifələrini böyük şərəflə
vərəqləyir. Onun Azərbaycan tarixi
üçün etdiyi bütün işlər, qüdrətli
keçmişimizə işıq salacaq. İnanıram
ki, Bəhlul müəllimin yeni-yeni arxeoloji
araşdırmaları şanlı tariximizi
günü-gündən şərəfləndirəcək.
Xəyalə
GÜNƏŞ
İbrahimli
Bəhlul İmran oğlu 1952-ci il iyul
ayının 12-də Ordubad rayonunun Sabir kəndində anadan
olub. 1966-cı ildə Sabir kənd məktəbinin
8-ci sinfini bitirdikdən sonra Bakı 5N-li Tibb məktəbinə
daxil olub, 1969-cu ildə feldşer-laborant ixtisasını
bitirib. 1971-ci ilə qədər təyinatla
Culfa rayon Mərkəzi xəstəxanasında labaratoriya
müdiri işləyib. 1971-ci ildə daxil
olduğu Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
Tarix fakültəsini 1975-ci ildə fərqlənmə diplomu
ilə bitirib. Təyinatla Ordubad rayonunun Sabir kəndində
tarix müəllimi işlədikdən sonra həmin il Azərbaycan EA Tarix İnstitutunun
aspiranturasına arxeologiya ixtisası üzrə daxil olub. Xaraba-Gilan şəhər yerinin tarixi-arxeoloji tədqiqi
üzrə namizədlik mövzusu götürüb. 1978-ci ildə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində
çalışıb. 1976-cı ildən
Naxçıvan arxeoloji ekspedisiyasının Xaraba-Gilan dəstəsində
qazıntılarda iştirak edib. 1979-cu ildə
Özbəkistan respublikasının Səmərqənd şəhəri
yaxınlığında, Əfrasiyab şəhər yerində
aparılan qazıntılarda dəstə rəhbəri olub.
1980-ci ildən Xaraba-Gilan arxeoloji
ekspedisiyasının rəis müavini olub. 1980-ci ildən Moskva şəhərinə SSRİ EA
Arxeologiya İnstitutuna stajirovkaya göndərilib, həmin
mövzu üzrə rəhbəri S.A.Pletnyova təyin olub.
1982-1983-cü illərdə
S.A.Pletnyovanın rəhbərlik etdiyi Sovet-Bolqar-Macar
ekspedisiyasının tərkibində Mayat şəhər
yerində aparılan qazıntılarda iştirak edib. 1985-ci
ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyamı
müdafiə edib. 1987-1989-cu illərdə əvvəlcə
Azərbaycan EA Milli Münasibətlər İnstitunun
Naxçıvan şöbəsində, sonra isə
institutun Bakıda yerləşən Biblioqrafiya şöbəsinə
baş elmi işçi keçib. 1989-cu ildə Azərbaycan
EA Rəyasət Heyətinin qərarı ilə Tarix
İnstitutunun Arxeologiya və Etnoqrafiya sektoruna keçib.
1993-cü ildə Rusiya Federasiyası Arxeologiya İnstitutunun
doktoranturasına daxil olub. “Arazboyu qədim
tayfaların tarixi-mədəni inkişafı.
Naxçıvan bölgəsinin arxeoloji materialları əsasında”
adlı doktorluq mövzusu təsdiq olub, 1997-ci ildə Manfred
Korfmanın dəvəti ilə Türkiyə Cümhuriyyətində,
Troya Beynəlxalq arxeoloji ekspedisiyasında səfərdə
olub. 2000-ci ildə Moskva şəhərində “Kiran orta əsr
şəhəri” adlı monoqrafiyam, 2002-ci ildə isə
Bakıda “Xaraba-Gilanın qədim nekropolları” adlı kitab
(Q.M.Aslanov, S.M.Qaşqayla birlikdə) nəşr olunub. XIV Beynəlxalq
konfrans və Simpoziumda iştirak edib, 70-ə qədər elmi
məqaləsi çapdan çıxıb. Rus, türk, fars
dillərini bilir. Evlidir, iki uşağı var.
Palitra.-2013.-16 aprel.-S.13.