“Milli-mənəvi dəyərlərin qorunması üçün qarşılıqlı etimad mühiti genişlənməlidir” 

 

Mübariz Göyüşlü: “Milli-mənəvi dəyərlərinə sahib olmayan, tarixini bilməyən, müasir dövrdə layiqli vətəndaş ola bilməyən gəncdən parlaq gələcək gözləyə bilmərik”

Layihə çərçivəsində “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlüylə müsahibəni təqdim edirik

 

- Mümkünsə, öncə özünüz haqqında məlumat verərdiniz.

- 1981-ci ildə anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışam. Dövri mətbuatda jurnalist kimi fəaliyyət göstərmişəm. 2005-ci ildə “Müasir İnkişafİctimai Birliyini, 2006-cı ildə “Türk Eli” jurnalını təsis etmişəm. İctimai fəaliyyətlə məşğul oluram.

-Rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

- “Müasir İnkişafİctimai Birliyi 2005-ci ildə yaradılıb, 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Təşkilatın başlıca məqsədi vətənpərvərliyi, milli-mənəvi dəyərləri, azərbaycançılığı, türk-İslam ideoloji prinsiplərini təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirməkdir. Təşkilat eyni zamanda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına və İslam Əməkdaşlıq Təşkilatına inteqrasiya ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək olmağı da qarşısına məqsəd qoyub. Fəaliyyət göstərdiyimiz 8 illik müddət ərzində çoxsaylı tədbirlər keçirmiş, işlər görmüşük. Bu tədbirlərdə səslənən ideyaların bir çoxu, reallaşmasına çalışdığımız əksər işlər artıq həyata keçib.

-Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Bu, çox mühüm məsələdir. Dünyada qloballaşmanın sürətlə getdiyi, böyük güclərin milli dövlətləri, müstəqil siyasət yürütməyə çalışan ölkələri sıradan çıxarmağa çalışdığı bir məqamda milli-mənəvi dəyərlərimizi yaşatmaqonu daim təbliğ etmək, xüsusən gənc nəslə çatdırmaq demək olar ki, dövlətin əsas prioritetlərindən olmalıdır. Bu istiqamətdə ölkəmizdə xeyli işlər görülür. Lakin bunlarla kifayətlənmək olmaz. İqtisadi inkişafla yanaşı, milli-mənəvi dəyərlərin qorunması, milli mədəniyyətin, milli kimlik şüurunun, Vətən əxlaqının, tariximizin, dinimizin doğru-dürüst şəkildə və daha geniş şəkildə təbliğ olunması vacibdir. Tarix dərsliklərimiz şagirdlərimizə milli kimliyini, keçmişini, Vətənini sevməyi və onu qorumağı, dövlətinə, dövlətçiliyinə bağlılığı təmin etməlidir. Eyni zamanda İslam dini orta məktəblərdə tədris olunmalı, ölkə boyunca dinlə bağlı geniş maarifləndirmə işləri görülməlidir. Mən bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Ümumilikdə isə ölkəmizin sürətli inkişafı üçün bizlər kompleks tədbirlər görərək vətənpərvər mütəxəssislər hazırlamalıyıq. Yalnız bu halda istədiyimiz nəticələri ala biləcəyik.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Rəhbərlik etdiyim təşkilat yarandığı tarixdən, yəni 2005-ci ildən milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində çoxsaylı işlər görüb. Ən böyük layihələrimiz gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün onlar arasında çoxsaylı tədbirlərin keçirilməsi olub. Bundan başqa 2009-cu ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər”, 2011-ci ildə “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihələrini icra etmişikyekunda müvafiq konsepsiyalar hazırlamışıq. Biz hər iki konsepsiyanı müvafiq qurumlara təqdim etdik. Yuxarıda da qeyd etdiyim kimi, gördüyümüz işlərin nəticəsini də müşahidə edirik. Bu il isə şuranın dəstəyi ilə “Milli dövlətçilik ideologiyamız necə olmalıdır?” başlıqlı layihə icra edirik. Eyni zamanda bu il birliyimizin təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakıyla “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini də icra edirik. İcra etdiyimiz layihələrdə də yuxarıda sadaladığım prinsiplərin təbliği əsas meyar təşkil edir. Bütün bu layihələrdə milli-mənəvi dəyərlərimizin təbliği, onun qorunması, inkişafı istiqamətində tədbirlər həyata keçirmişikbu il də layihələrimizdə həmin prinsiplərin təbliğini ardıcıllıqla həyata keçirəcəyik.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

- Yuxarıda da qeyd etdiyim kimi, şuranın dəstəyi ilə olan layihəni, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakıyla icra edilən layihəni reallaşdırmaqla məşğuluq. Hər iki layihədə milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı olan məqamlar diqqətimizdədir. Layihələr çərçivəsində tədbirlər, sorğular, televiziya verilişləri, kitab çapı, sayt yaradılması, regionlarda tədbirlər keçirmək, ilin sonunda elmi konfrans təşkil etmək planlaşdırılıb. Milli Kimlik Konsepsiyasının hazırlanması çərçivəsində “Etnogenez, Azərbaycan xalqının və dövlətçiliyinin inkişaf tarixi” başlıqlı ilk tədbir gerçəkləşdirilib. İştirakçıların təklifləri əsasında hazırlanmış qətnaməni müvafiq qurumlara göndərəcəyik. Əsas məqsəd budur ki, Azərbaycan xalqının etnogenezi ilə bağlı konsepsiya formalaşdırılsın. Hər iki layihənin yekununda konsepsiya hazırlamağı nəzərdə tuturuq. Konsepsiya boşluqları və görülməsi vacib olan işləri əks etdirəcək. Bundan başqa, tələbələrlə diskussiyaları davam etdiririk, jurnalımızı çap etdiririk, saytımız vasitəsilə təbliğatı genişləndiririk. Bütün bu fəaliyyətlər milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişafına hesablanıb.

-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Fikir verdinizsə, bizim bu istiqamətdə olan layihələrimizin donorları dövlət qurumlarıdır. Bizim təşkilat bu tarixədək xarici donorlardan qrant layihələri almayıb. Bu, bizim prinsipimizdir. Xaricdən qrant alan təşkilatları qaralamırıq. Amma xaricdən alınan pullarla dövlətə qarşı güc göstərmək, siyasətə qarışmaq istəyən qeyri-hökumət təşkilatlarının fəaliyyətini pisləyirik. Layihələrimizin icra prosesində və təşkilatımızın fəliyyəti boyunca digər QHT-lərlə də fəal əməkdaşlıq edirik. Yeri gəlmişkən, qeyd edim ki, bizim təşkilat Milli QHT Forumunun üzvüdür, həm də milli dəyərləri təbliğ edən bir neçə QHT ilə birgə 2010-cu ildə “Milli Tərəqqi Uğrundaİctimai Koalisiya da yaradıb. Biz bununla qane olmuruq. Çünki artıq dövlətimizin ali siyasi rəhbərliyi də QHT-lərlə əməkdaşlığa üstünlük verməkdədir. Hesab edirəm ki, dövlət qurumları ilə QHT-lərin əməkdaşlığı və birgə fəaliyyəti genişləndirilməlidir. Bu prinsipdən çıxış edərək bizlər də dövlət qurumları ilə, QHT-lərlə əməkdaşlıq şəraitində ölkəmizin inkişafında, ictimai problemlərin həllində yardımçı olmağa çalışacağıq.

-Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Bu istiqamətdə dövlət də, cəmiyyət də çox çalışmalıdır. Qarşılıqlı etimad mühiti genişləndirilməlidir. Dövlətlə millət iç-içə olmalıdır ki, xarici qüvvələr buraya müdaxilə edə bilməsinlər. Bütün çalışmalar buna xidmət etməlidir. Ən əsas məqam kimi yetişən gənc nəsli vətənpərvər ruhda, yəni dövlətinə və millətinə sevgi ruhunda böyütməliyik. Milli-mənəvi dəyərlərinə sahib olmayan, tarixini bilməyən, müasir dövrdə layiqli vətəndaş ola bilməyən gəncdən parlaq gələcək gözləyə bilmərik. Gənclərlə, yeniyetmələrlə işə bu baxımdan daha diqqətlə yanaşmalıyıq. Necə deyərlər, gələcəyimizə böyük yatırımlar qoymalıyıq.

- Gələcəkdə hansı layihələr həyata keçirməyi düşünürsünüz?

- Biz hər il gördüyümüz işlərlə bağlı yekun hesabat hazırlayırıq. Yaxın vaxtlarda 8 illik fəaliyyətimizin yekunu ilə bağlı hesabatı “uluturk.info” saytımız vasitəsilə ictimaiyyətə təqdim edəcəyik. Görəcəyimiz işlərlə bağlı isə hər ilin əvvəlində bir illik fəaliyyət proqramını tərtib edirik. Biz daha çox gördüyümüz işlərdən danışmağı xoşlayırıq. Ona görə də fəaliyyət proqramına əsasən, deyə bilərəm ki, gələcəkdə bu çalışmalarımızı dünya miqyasında daha geniş şəkildə təbliğ etmək niyyətindəyik.

 

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-16 aprel.-S.11.