“Diaspor cəmiyyətlərimizin
çoxluğu
özü-özlüyündə bir təbliğatdır”
İradə Uluxanlı:
“Hollandiyanın hər bir yerindən
diasporumuzun səsi gəlməlidir”
Müsahibimiz İradə Uluxanlı 1974-cü ildə Bakı
şəhərində anadan olub. 1981-91-ci illərdə Bakı 8 saylı musiqi məktəbində təhsil alıb.
1991-93-cü illərdə Azərbaycan Dövlət
Konservatoriyasında skripka (violon)
bölməsində natamam ali
təhsil alıb. 1993-cü ildə Azərbaycan Dövlət Sosial İdarəetmə və Politologiya
(siyasət) İnstitutuna daxil olaraq politologiya ixtisası üzrə təhsilini davam etdirirək, 1997-ci ildə başa
vurub. 2007-2011-ci illərdə isə
Hollandiyanın Sittard şəhərində
“Hogeschool Zuyd” adlı
ali məktəbdə Hüquq
fakültəsində ali hüquqi
təhsil alaraq, hüquqşünas
ixtisasına yiyələnib. 1999-cu ildən Niderland
(Hollandiya) Krallığının Maastrixt şəhərində
yaşayır. 2005-ci ilin aprel
ayında təsis etdiyi “Vahid,
Bölünməz və Demokratik Azərbaycan
Uğrunda Birlik” cəmiyyətinə
rəhbərlik edir. 2007-ci ilin
oktyabr ayından etibarən Hollandiyanın
Qaçqınlarla İş Üzrə
Komitəsinin Heerlen şəhər
bölməsində hüquq məsləhətçisi
vəzifəsində çalışır. Hazırda
Hollandiyanın Maastrixt şəhərində
yaşayır və ailəlidir. 2 övladı var.
-İradə xanım, “Vahid,
Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik”
nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri
hansılardır?
- Rəhbərlik etdiyim VVODA (holland dilindən tərcümədə Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik) 01. 04. 2005-ci ildə Hollandiyanın Maastrixt şəhərində təsis edilib. Cəmiyyətin təsis edilməsində məqsəd Azərbaycan Respublikasının mədəni-mənəvi sərvətlərinin dünya ölkələrində, əsasən də Niderlandda tanınmasına xidmət etməkdir. Cəmiyyət yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə qarşı aparılan haqsız təxribatlara qarşı müxtəlif aksiyalar həyata keçirib və keçirməkdə davam edir. Dövlətçiliyimiz haqqında həqiqətləri üzə çıxaran ədəbiyyat nümunələrinin Niderland və Belçika dövlətlərində yayımının təşkilini bu aksiyalardan biri kimi qeyd edə bilərik. Hazırda Maastrixt şəhərində yerləşən və kolleksiyasında 60 minə yaxın kitab ehtiyatı olan Maastrixt Dövlət Kitabxanasında Azərbaycan dövlətçiliyi və tarixi haqqında dəyərli informasiyanı özündə əks etdirən kitabların fonda salınması və oxucuların istifadəsinə verilməsi buna digər bir nümunədir. Bundan başqa, Hollandiyanın Heerlen, Valkenburg, Margraten və Belçikanın Maas-Mexelen və Lanaken şəhər kitabxanalarında adı çəkilən kitabların kolleksiyaya salınması da cəmiyyətimizin həyata keçirdiyi digər aksiyalardan biridir.
-Azərbaycanın
əlamətdar günləri ilə bağlı tədbirlər
keçirirsinizmi?
-Əlbəttə ki, Azərbaycanın əlamətdar günlərilə bağlı tədbirlər də keçirilir. Demək olar ki, bütün əlamətdar günlər tədbirlər planına salınır və cəmiyyətin illik tədbirlər planından asılı olaraq növbə ilə bu tədbirlər həyata keçirilir.
Birliyin fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirdiyi ən irimiqyaslı və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdən biri də 2008-ci ilin mart ayında Valkenburg şəhərinin Sibbe qəsəbəsində təşkil etdiyimiz Novruz şənliyi olub. Şənlik Sibbe qəsəbə orta məktəbinin müəllim və tələbə heyətinin bilavasitə iştirakı və yardımı ilə keçirilib. Şənliyin təşkilində əsas məqsəd Azərbaycanın milli, mədəni və mənəvi sərvətlərinin Hollandiya cəmiyyətində təbliğini təşkil etmək idi. Keçirilən tədbirdə Azərbaycanın tarixi və bir sıra tarixi abidələri haqqında qonaqlara ətraflı informasiya verilib, stendlər təşkil edilib, suvenirlər və dövlətçiliyimiz haqqında kitablar paylanılıb, ölkəmiz haqqında sənədli film nümayiş etdirilib. Eyni zamanda Novruz süfrəsi və milli mətbəximizin özəyini təşkil edən təamlar haqqında ətraflı məlumat verilib, nümunələr təşkil edilib.
Tədbirin nəticələri yerli televiziya vasitəsilə əhaliyə nümayiş etdirilib, yerli mətbuat olan “Limburgse dagblad” və s. qəzetlərdə maraqlı məqalələr çap edilib.
Cəmiyyətin keçirdiyi tədbirlərdən biri də 2010-cu ilin mart ayında Hollandiyanın Heerlen şəhərində Novruz şənliyi olub. Tədbirin məqsədi dəyişməz olaraq təbliğat xarakteri daşıyırdı. Bu məqsədlə cəmiyyətimiz tərəfindən yeni bir layihə hazırlanıb. Ümumilikdə layihə tariximizi, dövlətçiliyimizi və milli adət-ənənələrimizi nümayiş etdirəcək növbəti aksiyalarda öz əksini tapıb: holland məktəblilərinin ifasında milli rəqslər; holland məktəblilərinin ifasında Novruz haqqında şeirlər; holland məktəbliləri tərəfindən xarici qonaqlara tarixi abidələrimiz haqqında məlumatın verilməsi; holland valideynlərin köməyi ilə milli şirniyyat süfrəmizin hazırlanması və qonaqlara təqdimatı; holland valideynlərinin iştirakı ilə milli mətbəximizin təşkili və təbliği; klassik musiqi nümunələrimizin nümayişi, dövlətçiliyimiz və tariximiz haqqında müxtəlif ədəbiyyat nümunələrinin yayımı və sair.
Keçirəcəyimiz tədbirdə holland məktəbliləri və valideynlərinin, ümumiyyətlə, yerli əhalinin iştirakı təbliğat xarakteri daşıyır və bunun vacibliyi barədə qeyd etmək istərdim ki, yerli əhalinin tədbirdə fəal iştirakını təşkil etməklə tariximizi, milli adət-ənənələrimizi, ümumilikdə maddi və mənəvi sərvətlərimizi holland cəmiyyətinə daha yaxından tanıtmaq imkanını əldə etmiş oluruq.
Təşkil etdiyimiz tədbirlərin xeyriyyəçi xarakter daşıdığını qeyd etmək istərdim. Belə ki, tədbirlər zamanı əldə edilən maddi vəsaitə 2010-cu il iyul ayında Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üçün İsveçdən brail tipli çap aparatı alınaraq cəmiyyətin nəzdində olan gözdən əlil məktəblilərə hədiyyə olundu. Tədbirdə fəal iştirak edən holland məktəbliləri Respublika Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həmin ilin iyul ayının 26-da respublikamıza 1 həftəlik gəzintiyə dəvət olundu.
Növbəti tədbir Maastrixt şəhərində keçirilən “Azərbaycan mədəniyyət həftəsi” adlı tədbir oldu. 2011-ci il iyun ayının 5-10 arası keçirilən bu tədbirdə Maastrixt şəhərinin 2 orta məktəbinin 300-ə yaxın şagirdi iştirak edib. Tədbirin əsas uğuru ondan ibarət oldu ki, məktəbin tədris proqramı dəyişdirilərək “Azərbaycan” mövzusu şagirdlərin 1 həftəlik tədris proqramına daxil edildi. Mədəniyyət həftəsi müddətində şagirdlər tədris planına uyğun olaraq Azərbaycanın coğrafiyası, tarixi, ədəbiyyatı, musiqisi, milli rəqsləri və zəngin mətbəxi ilə yaxından tanış olaraq mədəniyyət həftəsinin sonunda həftə boyu öyrəndiklərini bayram şəklində şəhər ictimaiyyətinə nümayiş etdirdilər. Hər dəfə olduğu kimi bu dəfə də fəaliyyətimiz yerli medianın diqqətindən yayınmadı. Tədbir və onun nəticələri yerli mətbuat orqanlarında geniş şəkildə işiqlandırıldı.
Cəmiyyətin 2012-ci ildə təşkil etdiyi son layihə isə Niderlandın Limburq əyalətinin rəsmilərindən ibarət bir qrup nümayəndə heyətinin respublikamıza rəsmi səfərinin təşkili oldu. Səfər uğurla başa çataraq bir neçə sahədə gələcək əməkdaşlığın əsasını qoydu.
- Bütün
Hollandiyada yaşayan
azərbaycanlıları birləşdirmək
baxımından hansı addımlar atırsınız?
- Hollandiyada yaşayan diasporu birləşdirmək istiqamətində elə də miqyaslı tədbirlər həyata keçirmirik, çünki bu proses spontan olaraq baş verir. Hər hansı bir tədbir təşkil edəndə həmvətənlərimizə də dəvətlər göndərilir və imkan daxilində onlar tədbirlərimizdə iştirak etməyə çalışırlar. Bir də ki, rəhbərlik etdiyim cəmiyyətin fəaliyyət istiqaməti başqadır. Biz tədbirlərimizi ən çox yerli əhali ilə işləməyə, onlar arasında təbliğat aparmağa yönləndirməyə çalışırıq. Başqa halda tədbirlərimiz təbliğat xarakterini itirir.
-Hollandiyadakı milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri
varmı, yoxsa hər biri
ayrı-ayrılıqda fəaliyyət göstərməyə
üstünlük verirlər?
- Hollandiyada müxtəlif tipli diaspor cəmiyyətləri fəaliyyət göstərir. Bəziləri sərbəst şəkildə fəaliyyətə üstünlük verir, digərləri isə fəaliyyət dairəsi geniş olan hər hansı bir cəmiyyətin nəzdinə daxil olaraq birgə fəaliyyət göstərir və sair. Koordinasiyaya gəldikdə bu funksiya çox zaman sosial şəbəkələr vasitəsilə baş verir. Mənim bu barədə fikrim belədir ki, cəmiyyətlər ayrı-ayrılıqda fəaliyyət göstərsələr, nəticə daha effektiv olar, birləşməyə ehtiyac yoxdur. Çünki diaspor cəmiyyətlərimizin çoxluğu belə özü-özlüyündə bir təbliğatdır. Hollandiyanın hər bir yerindən diasporumuzun səsi gəlməlidir. Birləşməyə sadəcə mənəvi cəhətdən ehtiyac var. Əgər hər hansı bir yardıma ehtiyac duyularsa, o zaman hamı bir-birinə kömək etməlidir.
-Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrin
siyasi-ictimai mərkəzlərinə təsir
imkanları olsun deyə hansı tədbirlər
görməlidir?
- İctimai-siyasi mərkəzlərə təsir məsələsi çox çətin bir məsələdir. Bunun üçün ən vacib addım yerli cəmiyyətə inteqrasiyadır. Yalnız inteqrasiya olunmaq yolu ilə kimliyimizi ilk olaraq cəmiyyətə tanıda bilərik, daha sonra isə ictimai-siyasi mərkəzlərə təsirdən danışa bilərik. Nə qədər ki, yerli əhali bizi olduğumuz kimi qəbul etmir, bizim problemlərimizi də tanımayacaq.
-Erməni lobbisinə
qarşı mübarizədə çətinliklərlə
qarşılaşırsınızmı? İnsan
Haqları Məhkəməsinin yerləşdiyi bir ölkədə, maraqlıdır,
hollandların Qarabağ məsələsinə
münasibəti necədir?
- Bir daha söyləyirəm, bizim hər bir nailiyyətimiz özümüzdən asılıdır: özümüzü, xalqımızı, tariximizi yerli əhaliyə necə çatdırmağımızdan asılıdır. Bu proses uğurlu getsə, digər məsələlər də uğurla həll olunar. Bura gəldiyimiz ilk illərdə yerli əhalidə ölkəmiz haqqında demək olar, məlumat yox idi və ya ürəkaçan heç bir məlumat yox idi, desəm, daha düzgün olardı. Ölkəmiz ya keçmiş sovet ölkəsi kimi, ya da işğalçı dövlət kimi tanınırdı. Müstəqilliyimiz haqqında yerli əhalidə heç bir məlumat yox idi. Uzun illər bu fikirlərə qarşı mübarizə aparmaq bizə çox çətin idi. Çox zaman dəstək verən olmurdu, tək mübarizə aparmalı olurduq. Amma indi şükürlər olsun ki, istədiyimiz nəticələri əldə edirik. Bu sahədə ən böyük nailiyyətimiz isə Qarabağ müharibəsi haqqında həqiqətləri üzə çıxarmaq imkanını əldə etməyimizdir. Keçirdiyimiz hər bir tədbirdə ilk yeri bu məsələyə veririk, bütün qüvvəmizi buna yönəldirik. Əlbəttə ki, hollandlar haqqı nahaqdan ayırmağı bacarırlar, amma bədnam qüvvələrin təsiri bu məsələdə bir sıra maneələr törədir.
-Digər diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsinizmi?
- Hollandiyada fəaliyyət
göstərən cəmiyyətlərlə əlaqələrimiz
yaxşıdır. Vaxtaşırı görüşlər
təşkil edib görüləcək
işlər barədə müzakirələr edirik
və yaxud hər hansı bir
tədbirin təşkilində bir-birimizə yaxından
köməklik etməyə çalışırıq. Başqa sözlə, hər zaman
birik.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-16 aprel.-S.8.