Musiqi Mədəniyyəti Dövlət
Muzeyində 50 mindən çox eksponat qorunur
Muzeyin zəngin arxiv materialları Azərbaycanın
musiqi tarixinin dərindən
öyrənilməsinə
və araşdırılmasına imkan verir
Layihə çərçivəsində bu dəfəki yazımız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə bağlıdır. Səbail rayonu ərazisində yerləşən muzey ölkəmizin ən mühüm mədəniyyət ocaqlarından biridir. Respublikamızın musiqi mədəniyyətinə aid qiymətli sənədlərin, eksponatların qorunduğu muzeyi yaxından tanıyaq:
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğidir. Muzeyin fondunda 50 mindən çox eksponat toplanıb. Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri-qrammofonlar, patefonlar, qrammofon valları nümayiş etdirilir. Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət əmirovun və başqa musiqi xadimlərinin müəllif not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri sənət nümunələri, notlar, kitablar və s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapıb. Bütün bunlar milli musiqi mədəniyyətimizin dəyərli nümunələridir.
Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarətdir. Arxiv-memuar fondunda tanınmış bəstəkarların, musiqiçilərin, vokalistlərin, xanəndələrin, müğənnilərin, rəqqasların həyat və yaradıcılığına aid olan afişalar, proqramlar, məktublar, dəvətnamələr, not əlyazmaları, kitablar, teleqramlar və s. sənədlər qorunub saxlanılır. Foto-neqativ fondunda tanınmış bəstəkarların, musiqiçilərin, xanəndələrin, rəqqasların, fotoları və neqativləri saxlanılır. Musiqi alətləri fondunda 220 ədəd eksponat var. Burada Azərbaycanın görkəmli musiqi xadimlərindən Qurban Pirimova, Bəhram Mənsurova, Xan Şuşinskiyə, Keçəçi oğlu Məhəmmədə, Əhməd Bakıxanova, Hüseyn Saraclıya, Səid Rüstəmova, Məmmədağa Muradova, Həbib Bayramova, Kamil Əhmədova və başqalarına məxsus olan musiqi alətləri saxlanılır. Fondda həmçinin Azərbaycanda geniş yayılmış, lakin sonralar müxtəlif səbəblərdən unudulmuş və muzeyin əməkdaşı Məcnun Kərimov tərəfindən bərpa edilmiş qədim musiqi alətləri və eyni zamanda dünya xalqlarının alətlərinin replikaları də nümayiş etdirilir. Fonotekada 1733 ədəd val qorunub saxlanılır. Bundan əlavə burada 379 ədəd audio lentlər, yazılar və 189 ədəd CD disklər var. Fonotekada toplanmış materiallar XX əsrin əvvəllərindən XXI əsrə qədərki dövrü əhatə edir. Fonotekada XX əsrin əvvələrinə aid olan müxtəlif firmaların valları toplanıb. Bu vallara Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Qurban Pirimov və Azərbaycanın başqa məşhur ifaçılarının səsləri yazılıb. Şərqdə səsini ilk dəfə qrammofon valına yazdıran sənətkar Cabbar Qaryağdıoğlu olub. O dövrdə Azərbaycan sənətkarlarının ifasında səslənən muğam, təsnif, mahnı və oyun havaları Varşavada qrammofon vallarına yazılırdı. Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və başqa XX əsrin ifaçılarının vallara yazılmış səsləri fonotekada qorunub saxlanılır. Fonotekada qorunub saxlanılan 200-ə qədər qramvalların səsləri təmizlənərək CD disklərə yazılıb. Eskiz-maket fondunda Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Həsən Haqverdiyevin, Əli Haqverdiyevin, İsmayıl Məmmədovun, Elturan Avalovun və başqa tanınmış rəssamların əsərləri və eskizləri var. Müəllif not əlyazmaları fondunda Üzeyir Hacıbəyovun, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakir Bağırovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Ədilə Hüseynzadənin, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Vaqif Mustafazadənin, Fərəc Qarayevin, Cavanşir Quliyevin və başqalarının müəllif əlyazmaları saxlanılır. Muzeyin zəngin arxiv materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan verir.
Xalq çalğı alətləri
daimi sərgisi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olaraq fəaliyyət göstərən xalq çalğı alətləri daimi sərgisi 1987-ci ildən fəaliyyət göstərir. Ekspozisiyanın başlıca məqsədi ıməişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişaf prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir. Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. Ekspozisiyanın I otağında arxeolojı qazıntılar zamanı aşkar edilmiş əşyalar üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı alimlərin musqi haqqında traktatlarında, ədəbiyyat və memarlıq abidələrində, orta əsr rəssamlarının miniatürlərində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunmaqdadır. Ekspozisiyanın sonrakı bölməsində Azərbaycan milli alətlərinin görkəmli ifaçılarının istifadə etdiyi ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yolu göstərilib. Ekspozisiyanın II otağı Azərbaycanın Xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda burada ustadın bütün həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz yerini tapıb.
Maestronun
not əlyazmaları
Muzeyin filiallarından ən
böyük ekspozisiya
sahəsinə və eksponatların sayına malik
olanı SSRİ Xalq artisti,
görkəmli dirijor və bəstəkar
Niyazinin mənzil muzeyidir.
Onun təşkili haqqında əmr Mədəniyyət
Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilib.
Geniş tamaşaçı kütləsi
üçün muzey
1994-cü il sentyabrın 18-də
qapılarını açıb. Maestro Niyazi bu mənzildə
1958-ci ildən ömrünün sonunadək
yaşayıb-yaradıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan
3-ü memorial otaqlardır. Onlar maestronun
dövründə olduğu kimi qorunub
saxlanılıb. Digər 2 otaq-ekspozisiya və
qonaq otağı məqsədilə
istifadə olunur. Ekspozisiya
otağında Niyazinin
uşaqlığından başlayaraq həyatının
son illərinədək həyat və
yaradıcılığını əks etdirən foto-şəkillər,
not əlyazmaları, afişalar,
proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq
otağında Niyazinin ictimai
fəaliyyətini əks etdirən fotoşəkillər,
müxtəlif illərdə maestroya
bağışlanmış və muzey tərəfindən
əldə olunmuş rəngkarlıq əsərləri
nümayiş etdirilir.
Muzeydə hazırda Niyazinin 120 ədəd
not əlyazması, 2746 ədəd
fotoşəkil, 486 ədəd Niyazinin
şəxsi kitabxanasında olan kitab və notlar qorunur. Bu mənzildə
mütəmadi olaraq Niyazinin
həyat və yaradıcılığına həsr olunmuş tədbirlər-xatirə gecələri,
konfranslar və konsertlər təşkil olunur. Bundan əlavə
respublikamızın musiqi həyatında baş vermiş əlamətdar
hadisələrə həsr olunmuş
müxtəlif tədbirlər də burada
keçirilir. Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq materiallar
saxlanılır.
Anar MIRIYEV
Palitra.-2013.-13 aprel.-S11.