Diasporumuz mümkün qədər daha çox təşkilatlanmalıdır” 

 

Gülara Yenisey: “Son illərdə diaspor nümayəndələrimiz

Azərbaycanı Türkiyədə tanıtmaq baxımından çox işlər görürlər”

 

Diaspor nümayəndələrimiz Azərbaycan mədəniyyəti, dəyərləri və həqiqətlərinin yayılmasında, xarici ölkələrdə təbliğində həlledici imkanlara malikdirlər. Xüsusən də diaspor nümayəndələrimiz arasındakı ziyalılar, yüksək ixtisaslı mütəxəssislər bu baxımdan xeyli üstünlüklərə malikdirlər. Onlar Azərbaycan həqiqətlərini daha yaxşı səviyyədə və mütəşəkkil formada təqdim edirlər. Bu baxımdan qardaş ölkə olan Türkiyədə yaşayan və fəaliyyət göstərən diaspor nümayəndəmiz Gülara Yeniseylə layihə çərçivəsində söhbətləşdik. Qeyd edək ki, G.Yenisey xeyli vaxtdır ki, Türkiyədə yaşayır və çalışır. O, Kırklareli Universitetinin İqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyət göstərir.

- Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği məsələləri ilə bağlı nələri bildirərdiniz?

- Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması ilə bağl; yerinə yetirdiyimiz işlərdən ən önəmlisi bir ilə yaxın vaxtdan bəri qurmuş olduğumuz “Qızılözen” Azərbaycan Kültür Dərnəyidir. Dərnəyimiz Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, musiqisini Türkiyə ictimaiyyətinə tanıtmaq məqsədilə qurulub. Bu məqsədlə konfranslar, konsertlər, Azərbaycan yeməklərini tanıdan musiqili ziyafətlər təşkil etmişik. Eyni zamanda bütün diaspor nümayəndələrimizin bu işdə aktiv çalışmalı olduqlarını bildirmək borcumdur. Belə ki, son zamanlarda diasporumuzun bütün ölkələrdə, qitələrdə canlanması, təşkilatlanması və konsolidasiyası prosesləri güclənib. Diaspor təşkilatlarımız bir-biriləri ilə daha sıx əlaqədə fəaliyyət göstərməyə və çalışmağa başlayıblar. Amma bütün bunları qaneedici saymazdım. Biz bu məsələdə daim aktiv olmalıyıq. Çünki biz Azərbaycan həqiqətlərinin bütün dünyada yayılmasının çox önəmli olduğunu indiki məqamda daha məsuliyyətlə dərk etməliyik. Bütün bunlar ona görə lazımdır ki, bizim torpaqlarımız hazırda erməni işğalı altındadır. Ermənilər torpaqlarımızı işğal etməklə bərabər, bizə qarşı mədəniyyət işğalı da aparmağa çalışırlar və bizimlə informasiya savaşındadırlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, diasporumuz mümkün qədər çox təşkilatlanmalıdır.

-Türkiyədə Azərbaycan diasporunun bu sahədəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Son illərdə Türkiyə Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir. Qarabağ məsəsələsində illərdən bəri yürütdüyümüz ortaq fəaliyyətlər səmərəsini verməyə başlayıb. Xocalı soyqırımı artıq Türkiyə ictimaiyyətinin bildiyi, maraq və həssaslıq göstərdiyi bir mövzu olub.

Qarabağ məsələsindəki Türkiyə ilə olan işbirliyimizi daha da genişləndirib beynəlxalq siyasətə çəvirməliyik. Bu sahədəki ortaq mövqeyimizi, fəaliyyətlərimizi, təbliğatlarımızı birləşdirərək daha güclü duruma gətirməliyik. Hər iki toplum həm Türkiyə, həm də Azərbaycan erməni zülmünə uğramış toplumlardır. Dünyadakı erməni diasporuna qarşı ancaq bu cür hərəkət edərək onların gücünü qıra bilərik. Atalar “tək əldən səs çıxmaz” deyib. Erməni propaqandası və fəaliyyətlərinə qarşı Azərbaycan ilə Türkiyə birləşən iki əl kimi həm dövlət, həm də diasporlarımız səviyyəsində çalışmalıdır.

-Türkiyədəki erməni diasporunun yalanlarına qarşı hansı fəaliyyətləri həyata keçiririsiniz?

- Türkiyədə erməni yalanlarına qarşı son illərdə çox aparılır. Türkiyənin bir çox şəhərində qurulan Azərbaycan dərnəkləri bu sahədə çox yaxşı işlər görürlər. Onlara təklifim bu ola bilər ki, son yüzillikdə ermənilərin Anadoluda və Azərbaycanda (həm şimalında, həm də cənubunda) törətdikləri qırğınlar haqqında sistemli bir çalışma ortaya qoyaraq xarici dillərdə albomlar, disklər, hətta ən önəmlisi bəlgəsəl və sənət filmləri çəksinlər. Dünya ictimaiyyətinə haqlı səsimizi ancaq bu şəkildə çatdıra bilərik. Bizbir fərd olaraq gücümüz çatdığı qədər elmi konfranslarda, toplantılarda erməni yalanları mövzusunda sözümüzü deməyə çalışırıq.

-Yaşadığınız şəhərdə diaspor yaxşı təş kilatlana bilibmi?

-İstanbulda yaşayıram. Bu şəhərdə bir çox Azərbaycan dərnəyi fəaliyyət göstərir. Son illərdə Azərbaycanı tanıtmaq baxımından yaxşı işlər görürlər. Çoxu yeni təşkilatlar olduğu üçün hələ tam təşkilatlanmayıblar. Ancaq bir yandan təşkilatlanır, bir yandan da fəaliyyətlərini davam etdirirlər. Aralarında bir az qopuqluq var, bəzi fəaliyyətlərini birləşdirə bilsələr, çox daha güclü ola bilərlər.

-İki ölkə arasında mədəniyyət sahəsində yaxınlaşma ilə bağlı layihələrin həyata keçirilməsinə necə yanaşırsınız?

- Mədəniyyət sahəsi Türkiyə Azərbaycan arasında əməkdaşlıq üçün ən geniş sahədir.

Kinematoqrafiya sahəsində çox işlər görə bilərik, ancaq təəssüf ki, bu sahədə çox az görülür. Tariximiz, musiqimiz, ədəbi əsərlərimiz haqqında çox gözəl bələgəsəl filmlər, sənət filmləri çəkilə bilər. Çünki bu sahədə çox böyük boşluq var. Bununla bağlı iki ölkə arasında ortaq çalışmalar yoxdur. Bu məsələdə sənətkarlara, adamlarına, ziyalılarımıza çox düşür.

-Türkiyədə təhsil almaq azərbaycanlı tələbələr üçün cəlbedicidirmi? Türkiyədə hansı sahələr və ixtisaslar üzrə təhsili və universitetləri daha güclü və əlverişli sayırsınız?

- Təhsil məsələsi də ən önəmli məsələlərdən biridir. Bu sahədə də görüləsi işlər çoxdur. Bu gün Avropa ölkələri arasında “Ərasmus” tələbə proqramları var. Müxtəlif Avropa ölkələrindəki gəncləri bir-birinə tanıtmaq, yaxınlaşdırmaq, mədəniyyətlərini bir-birinə sevdirmək üçün düşünülüb proqramlaşdırılmış proyektlərdir. Bu sahədə çox müvəffəqiyyət qazanırlar. Biz niyə geri qalırıq? Halbuki tariximizə baxdığımızda əcdadlarımızın 500-600 il öncə buna bənzər proqramlar gerçəkləşdirdiyini görürük. Bir ara təriqətləri araşdırırdım. “Xəlvəti” təriqətinin 2. qurucusu-Piri Sanisi olan Seyid Yəhya Bakuvinin həyat və fəalliyyətini araşdırdığımda bir şey diqqətimi çəkdi. Bakuvinin minlərlə müridləri olub. Onları yətişdirib başqa türk ərazilərinə göndərib. Anadoludan, Azərbaycandan olan müridlərini Xarəzmə, Türküstana, Balkanlara, Misirə, Türküstandan olanları Anadoluya, Azərbaycanın fərqli bölgələrinə göndərib. Sanki fərqli türk bölgələrindən olan gəncləri fərqli bölgələrə göndərərək onların yerli xalqla yaxından tanış olmasını, fərqli bölgələrin insanlarının bir-birilə yaxınlaşmasını istəyirmiş kimi hərəkət edirmiş. Sanki bu gün Avropada tətbiq olunan “Ərasmus” proqramının daha genişləndirilmiş, mütəşəkkil formasını o vaxt bizim babalarımız müvəffəqiyyətlə tətbiq ediblər. Bu gün tələbə mübadiləsi sahəsində biz keçmişindiki təcrübələrimizdən yararlanaraq daha gözəl işlər görə bilərik.

Türkiyə universitetlərində oxumaq bir çox baxımdan çox yaxşıdır.

Azərbaycanlı tələbələr Türkiyəni yaxından tanımaq fürsətini əldə etmiş olurlar.

Azərbaycan təhsilində bəzi neqativ hallardan qurtulmaq lazımdır. Problemsiz təhsil sahəsi həm özümüz üçün həyati əhəmiyyətə sahibdir, həm də Türkiyədən gənclərin gəlib təhsil alması üçün də məhsuldar mühit yarada bilər.

Türkiyə bu baxımdan bizdən irəlidədir. Buna görə azərbaycanlı gənclərin qardaş ölkəyə gedib təhsil almaları çox yararlıdır. Türkiyədəki universitetləri yaxşı-pis kateqoriyasına görə ayırmaq düzgün olmaz. Hər birinin özünə görə yeri var.

Son illərdə universitetlərin ümumi sayı çoxalıb. Əvvəllər İstanbul, Ankara kimi böyük şəhərlərin universitetləri məşhur idi. İndi bu durum dəyişib. Bir çox şəhərlərdə yeni universitetlər qurulub. Bir çoxu qısa zamanda çox inkişaf etdi. Məsələn, Antalyadakı Akdəniz Universiteti tibb sahəsində yeni kəşflər edərək öndə gədən universitetlərdən biri oldu.

 

İlkin AĞAYEV

Palitra.-2013.-12 aprel.-S.11.