“Gənclərin
potensialından istifadənin
dairəsi genişləndirilməlidir”
Millət vəkili Əli
Məsimli: “Gənc ailələrin mənzil şəraitini yaxşılaşdırmaq
üçün ipoteka
kreditləşməsində ilkin ödəniş aradan qaldırılmalı,
faiz dərəcəsi
aşağı salınmalı,
məbləğ artırılmalıdır”
Gənclərlə bağlı suallarımızı
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri,
millət vəkili Əli Məsimli cavablandırdı:
- Əli
müəllim, sizcə,
bu gün cəmiyyətimizdə gənclər
hansı mühitdə
inkişaf edirlər?
- Azərbaycan çox gənc dövlətdir. Cəmi 21 yaşı var.
Biz yaşadığımız dövrün deqradasiyasının
labüd nəticəsi
kimi, mənfi meyillərin lazım olduğundan daha çox qabardıldığı,
tənqid etdiyimiz, amma vətəndaş cəmiyyətinin formalaşması
başa çatmadığından,
cəmiyyətin müqavimət
qabiliyyətinə adekvat
gələn gənc dövlətin keçməli
olduğu mərhələləri
yaşayırıq. Əsas meyarımızın
müstəqilliyimizə real məzmun vermək olmasını qəbul etməklə yanaşı,
həm də düşünməliyik ki,
bu o demək deyil ki, məlum
neqativlər daim bizi müşayiət etməlidir. Zəmanəmizin çağırışlarına cavab vermək və Azərbaycanın sürətli inkişaf yoluna davamlı xarakter verməkdən ötrü institusional islahatlar sürətləndirilməli,
yaradıcılığa əsaslanan
fəallıq artırılmalıdır.
Demokratik
islahatlar hesabına Azərbaycan dünyaca məşhur olan neft mərkəzindən
elm, təhsil, mədəniyyət
mərkəzinə çevrilmək
istiqamətində sanballı
addımlarla irəliləməyi
bacarmalıdır. Bəs hansı
potensialın hesabına?
Azərbaycan əhalisinin əhəmiyyətli
hissəsini gənclər
təşkil edir.
Bu, çox böyük
qüvvədir. Bir sıra
inkişaf etmiş ölkələrin qarşılaşdığı
ciddi problem olan demoqrafik problem bizdə yoxdur. Deməli, bizim neft, qaz, qızıl, polimer yataqları kimi sərvətlərimizlə
yanaşı, onlardan daha çox gəlir gətirən sərvətimiz, yəni çox möhtəşəm
gəncliyimiz var. Gənclik
insana qurub-yaratmaq, sevmək üçün
verilir. Müstəqillik yoluna çıxmış
Azərbaycanda belə
bir potensial var və elə
şərait yaradılmalıdır
ki, gəncliyin vurub-dağıtdığı tərəqqi yolundakı mənfi stereotiplər, qurub-yaratdığı güclü,
demokratik, bütöv
Azərbaycan, sevdiyi-Allah,
Vətən, ailə,
nifrət etdiyi düşmən olsun.
Gənclik bu yolla getməyə çalışır.
Amma bütün gənclik üçün
öz potensialını
bu yöndə reallaşdırmaqdan ötrü
hələ çox iş görmək
lazımdır ki, buna münbit şərait yaransın. Gənclərin potensialından geniş
istifadənin dairəsi
genişləndirilməli və
dərinləşdirilməlidir.
- Bu gün milli ruhda böyüyən
gənclərimizin cəmiyyətdəki
çoxluğu hansı
səviyyədədir?
- Azərbaycan müstəqillik
qazanandan sonra gənclərimizin milli ruhda böyüməsi prioritet istiqamətə çevrilib. Aşağı sinif şagirdi
səhər Azərbaycanın
himnini oxuyub, sonra dərsə başlayır. Bu himn onun qanına
elə hopub ki, dərsdən evə qayıdan uşaqların bir hissəsi küçədə
də himnimizi oxuya-oxuya, zümzümə
edə-edə evə gedir. Bunu eşidəndə əhvali-ruhiyyəm çox
qalxır. Amma hələlik
gənclərimizin milli
ruhda böyüməsi
yetkin bir mexanizm vasitəsilə səmərəli şəkildə
həyata keçirilmədiyindən
hələlik kimin qanında milli ruh var, yalnız
həmin hissə milli ruhun daşıyıcısı
kimi çıxış
edir. Həm də kifayət
qədər uğurlu
çıxış edir.
- Onların gələcəyə baxışları
gəncliyimizə hansı
təsir göstərə
bilir?
- XXI əsr innovasiyalar əsridir. Dünya xalqları, ilk növbədə,
gənclərin timsalında,
çoxu bəlkə
də bilmədən və ya tam gerçəkliyin fərqinə
varmadan innovasiyalı inkişaf uğrunda yarışa giriblər.
Kim bu yarışda
önə çıxsa,
qələbə çələngi
ona qismət olacaq. Bu isə
daha keyfiyyətli həyat şəraiti, daha firavan yaşayışın
təmin olunması deməkdir. Azərbaycan
gənci ABŞ-da, İngiltərədə, Fransada
və digər ölkələrdəki dünyanın
ən prestijli universitetlərində həmin
millətlərin gəncindən
yüksək təhsil
nəticələri göstərə
bilir, beynəlxalq olimpiadaların qalibləri
ola bilir.
Amma həmin gənclərin bir hissəsi Azərbaycana qayıdandan sonra öz potensialını reallaşdırmaqdan ötrü
bəzən münasib
iş tapa bilmir, bir hissəsi
məcbur olub yenidən xaricə yollanmalı olur. Deməli, həmin potensialın maksimum reallaşması üçün əlverişli
şərait yaratmaq lazımdır.
- Bir ziyalı kimi, sizcə, bu gün gənclərimizi daha çox düşündürən hansı
məsələlələrdir?
- Bu gün hər gəncin öz potensial imkanları prizmasından baxanda öz üstünlüyü
və öz problemi var. Əsas problem özünü, yəni öz potensialını
tam reallaşdıra bilməməsidir.
Müasir şəraitdə gənclərin rastlaşdığı
problemlərin siyahısı
çox genişdir.
İlk növbədə, təhsilin
keyfiyyəti əsaslı
surətdə artırılmalıdır.
Köklü islahatlar vasitəsilə
təhsilin və səhiyyə xidmətinin
keyfiyyəti əsaslı
surətdə yüksəldilməli,
təhsil sistemi azad vətəndaş və rəqabət qabiliyyətli kadr hazırlanmasına yönəldilməlidir.
Gənc adamlar təhsildən əmək
fəaliyyətinə keçərkən
böyük çətinliklərlə
rastlaşırlar, ali
təhsilli gənclər
arasında müəyyən
qədər işsizlik
problemi var. Azərbaycanda
15-29 yaş arası gənclər ölkə əhalisinin 29,3%-ni təşkil edir ki, bunun da
24,4%-i işləyir.
130 min işsiz gəncin
13,9%-i ali
təhsilli, 54,6%-i orta təhsillidir. Üçüncüsü, bəzi
istedadlı gənclər
yüksək nəticələr
əldə edib, ali məktəbə
daxil olur, amma təhsil haqqını ödəyə
bilmədiklərindən təhsildən
kənarda qalır, təhsilini yarımçıq
qoymaq və universitetdən uzaqlaşmaq
məcburiyyətində qalır.
Bunu nəzərə alaraq biz
“Təhsil kreditləri
haqqında” qanun layihəsi hazırlayıb
Milli Məclisə təhvil vermişik.
Tam əminliklə deyə bilərik ki, bu sənədin
qəbulunda hökumətin
özü maraqlıdır.
Həmin
qanunun qəbulu tezləşdirilməlidir.
Dördüncüsü, Azərbaycan gəncinin mənzilə ehtiyacı
var. Biz ipoteka şərtlərinin
sadələşdirilməsi və yumşaldılmasına
dair təkliflər hazırlayıb təqdim etmişik. Çox ədalətli təkliflərdir.
Qəbul
olunsa, gənc ailələrin mənzil şəraitinin yaxşılaşmasında
ciddi təkan olar. Ona görə fikrimizcə,
ipoteka kreditləşməsi
sisteminin inkişafı
əhalinin geniş təbəqəsinin mənzil
ehtiyaclarının ödənilməsi
və yaşayış
şəraitinin yaxşılaşdırılması
kimi sosial məsələlərin həllinə
töhfəsini artırmaqdan
ötrü, onun mexanizmi əsaslı surətdə təkmilləşdirilməlidir.
Düşünürük ki, ipotekanın ailə büdcəsindəki
yükünü azaltmaqdan
ötrü, hər şeydən əvvəl,
adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən
4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir. İkincisi, hazırda adi ipoteka üzrə maksimum 50 min manat, güzəştli ipoteka üzrə isə 35 min manat verilir. Təklif edirik ki, ipoteka
krediti ilə verilən vəsait heç olmasa, ailəyə hazırkı
mənzil bazarı qiymətləri ilə ikiotaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılsın.
Üçüncüsü, ipoteka kreditləri
verilərkən ilkin ödəniş tətbiq
olunur. Alınan yaşayış sahəsinin
qiymətinin 20 faizdən
az olmayan
hissəsi (güzəştli
kateqoriya üçün
15 faiz) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir.
Bu amil ipoteka
kreditləşməsi sahəsində
ciddi müzakirə olunan məsələlərdən
biridir. Hesab edirik ki, ilkin ödənişin aradan qaldırılması
və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir. Dördüncüsü, elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki, rayonlarda yaşayanlar da ipoteka kreditindən
faydalana bilsin.
-Gəncliyin aparıcı rolu şəraitində Azərbaycanın
gələcəyini necə
təsəvvür edirsiniz?
- Bu geniş mövzudur. Yalnız bir vacib məqamı qeyd edim ki, Azərbaycanın əsl davamlı tərəqqisi və uğurları birbaşa insan inkişafı sahəsində əldə edəcəyi nəticələrdən asılı olacaq. İnkişafın innovasiyalı yoluna çıxmaqdan ötrü islahatlar və milli dəyərlər kontekstində təfəkkürümüz köklü surətdə dəyişməli və milli dəyərlərimizdən qaynaqlanan YENİ MƏDƏNİYYƏT formalaşmalıdır. Təhsilin keyfiyyəti yüksəldilməli, gənclərin intellektual azad və fəal vətəndaş mövqeyi ruhunda tərbiyələndirilməsi sahəsində proqram xarakterli tədbirlər görülməlidir. Gənclərin innovasiyalı sahibkarlığının inkişaf etdirilməsinə diqqət artırılmalıdır. Regionlarda innovasiya fəaliyyətinin gücləndirilməsində dövlətlə özəl sektorun mütərəqqi partnyorluq üsullarından geniş istifadə edilməlidir. İnnovasiya fəaliyyəti haqqında qanun qəbul edilməli, innovasiya infrastrukturu formalaşdırılmalı, innovasiya fəaliyyəti sahəsində kadr hazırlığı genişləndirilməlidir. İnstitusional islahatlar həyata keçirilməli, səmərəli texnoloji innovasiyaların institusional təminatı problemi həll edilməli, insan kapitalı və innovasiyaların rolu artırılmalı, yeni ideya, ixtira və kəşf bazarları formalaşdırılmalı və inkişaf etdirilməli, istedadlı və rasional düşünmə qabiliyyətinə malik insanlar hər vasitə ilə təşviqləndirilməlidir.
Gənclik insan həyatının
əvəzolunmaz səhifəsidir. Əgər o
səhifələrə diqqət yetirsən, əlbəttə
ki, bir gün
o səhifələr gələcəyinə
işıq saçacaq. Laqeydlik
isə ancaq məhvə səbəb olacaq. Ümid edirəm ki, bizim gələcəyimiz
məhz təhsilli gənclərimizin əlləri ilə parlayacaq, sabahlarımız nurla
aydınlanacaq...
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-19 aprel.-S.10.