“İnanmıram ki, qəlbi çirkin bir insan rəsm çəkə bilsin 

 

“Düşünürəm ki, təkcə mənim deyil, bir çox rəssamların

yaradıcılığında dənizin özünəməxsus rolu var...”

 

Müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, rəssam Mir Tural Abbasov oldu. Onunla söhbətimizi qəzetimizin oxucularına təqdim edirik:

Abbasov Mir Tural Natiq oğlu 1982-ci il 9 iyunda Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə qəbul olub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası açıldıqdan sonra təhsilini burada davam etdirib. 2003-cü ildə Sənətşünaslıq fakültəsinin bakalavr, 2006-cı ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 21 yaşından professional rəssamlıqla məşğul olur. 30-dan çox Respublika sərgilərinin iştirakçısı olub.

2010-cu ildə Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgidə iştirakına görə fəxri fərmana, 2011-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən keçirilən Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mədəni əlaqələrinin qurulmasının 20-ci ildönümünə həsr olunmuş sərgidə rəngkarlıq üzrə I yerə layiq görülüb və fəxri fərman alıb. 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təsis etdiyiBahar” sərgisində də fəxri fərmana layiq görülüb. Diplomla təltif olunub.

Hal-hazırda ADRA-nın Sənətşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğuldur. Fərdi yaradıcılıqla məşğul olur. Gələcəkdə Avropada, Rusiyada və Türkiyədə fərdi sərgilər keçirməyi planlaşdırır.

-Tural müəllim, əsərlərinizin çoxunda dəniz mənzərələri təsvir olunub. Bunun xüsusi bir səbəbi varmı?

- Mən dənizi işləyəndə sakitləşirəm. Dənizi çəkdiyim zaman nəyə qadir olduğumu sübut etməyə çalışıram və ona nail oluram. Hər bir rəsm əsəri üzərində çalışanda onun hərraca çıxarılması barədə düşünmürəm. Mən sadəcə onları yaşamağa çalışıram və daxilimdə bacardığım qədər böyük formada kətan üzərində təsvir edirəm. Ani bir vaxtda hansısa obyektya tarixi abidə mənim diqqətimi cəlb edir. Mən elə bilirəm ki, onlar canlıdır və mənimlə danışır. Sanki mənə deyir ki, məni də təsvir et. Bu, məndən asılı deyil. Çəkdiyim rəsm əsərlərinin çoxu dəniz mövzusuna aiddir. Çünki dənizə çox bağlıyam. Rəsmlərimdə də dənizi bir-birindən maraqlı müxtəlif rəng çalarlarında təsvir etməyə çalışıram. Kətan üzərində işləmək üçün Allahın bəxş etdiyi istedadla müəyyən bir fantaziyanı, ideyanı əks etdirməyə çalışıram. Ümumiyyətlə, həm həyatda, həm yaradıcılıqda insanın qarşısına qoyduğu müəyyən məqsədlər var. Mən mənfəəti, maddiyyatı düşünən insan deyiləm. Hər bir şeydə səmimiyyətə, gözəlliyə, təmiz hisslərə, ülviliyə can atan insanam. Həyatda çox sevdiyim fransız rəssamları Klod Mane, Eduard Mane, Anri Maksimes-impressionizm üslubunun nümayəndələrini çox sevirəm. Azərbaycan rəssamlığında isə iki nəhəngin adını çəkə bilərəm. Çünki onların sənətinin və yaradıcılığının vurğunuyam. Bunlardan biri misilsiz rəssam olan Toğrul Nərimanbəyovdur. Digəri isə sənətin və romantizmin Məcnunu olan Səttar Bəhlulzadədir. Desəm ki, bu iki rəssamın yaradıcılığı mənə yaxındır, bu, böyük söz olardı. Deyərdim ki, mən hər ikisinin yolunu davam etdirməyə can atan insanam. Bunu nə dərəcədə bacardığımı ancaq tələbələrim, sənət yoldaşlarım deyə bilər. Mənim sənət üslubum da fərqlidir. Mən sənətdə realizmdən uzağam. Belə bir fikirvar: “Müəyyən bir məqsədə çatmaq üçün insan gərək mütləq formada nəyisə qurban versin”. Pikasso da belə bir fikir bildirib ki, “Leonardo da VinçiRafael kimi çəkmək üçün mənim ömrümün altı ili getdi. Rəng çalarlarını olduğu kimi nəfis və gözəl etmək üçün həyatım boyu çalışdım, lakin istədiyimə nail ola bilmədim”.

- Əsərlərinizin arasında “Qız qalası axşam” əsəri xüsusi seçilir. Bu əsərin mahiyyətini zəhmət olmasa, açıqlayın. Əsəri çəkdiyiniz zaman nəyi düşünmüsünüz?

- “Qız qalası axşam” əsərində Qız qalasını tarixi abidə kimi yox, canlı bir varlıq kimi əks etdirməyə çalışmışam. Ümumiyyətlə, yasəməni və tünd göy-ultramarin rəngləri çox sevirəm. Onu çılğın rənglərlə əks etdirməyə çalışmışam. Burada digərlərinin görmədiyini göstərmək istədim. Yəni, Qız qalası heç də qocalmayıb. O heç də cansız bir tarixi abidə deyil. O, canlıdır. Bizim ona ehtiyacımız var. O, bu şəhərin gözəlidir. Baxmayaraq ki XXI əsrdir, amma Qız qalası öz gözəlliyini qoruyub saxlayıb.

- Əsərlərinizdə ən çox mavi rəngə üstünlük verirsiniz. Burada dəniz və səma maviləri daha çox gözə çarpır. Bəs burada necə, dəniz mavisinə daha çox bağlı olursunuz, yaxud səma mavisinə?

- Düşünürəm hər ikisinə də. Ümumiyyətlə, rəssamlıq da digər elmlər kimi səmavi sənətdir. İnanmıram ki, qəlbi çirkin bir insan rəsm çəkə bilsin. Nəyisə oxşada bilər. Amma onun qəlbi təmiz deyilsə, inanmıram ki, rəsm çəkdiyi zaman nəyəsə nail olsun.

-Hansı düşüncələrinizi rəsm əsərinizdə əks etdirmisiniz?

- Dəniz həm çılğındır, həm sakitdir. Həm nəfisdir, həm dolğundur. Həm insanı düşündürür, həm də uzağa aparır. O həm də insanın keçmişini yadına salır. Düşünürəm ki, təkcə mənim deyil, bir çox rəssamların yaradıcılığında dənizin özünəməxsus rolu var. Amma mənim Xəzərə olan bağlılığım uşaqlığımdan yaşadığım həsrətdən irəli gəlir. Çünki 15 yaşına qədər ailəm mənə dənizə getməyə icazə verməyib. Ona görə mən dənizə məxsusi bağlıyam.

-Rəsm çəkərkən nədən ilham alırsınız?

- Mən gözəl musiqinin vurğunuyam. Məxsusi şərq musiqisini və muğamı çox sevirəm. Klassiklərdən Vivaldi, Bax, Motsartla yanaşı, muğamları da dinləyirəm. Muğamlardan ən çox sevdiyim Bayatı-Şirazdır. Şərqli olsam da, Qərbə də üstünlük verirəm. Allahın yaratdığı fəsillərin özünəməxsus təsiri var. Nəinki mənə, düşünürəm ki, yaradıcılıqla məşğul olan hər bir insana. Gözəl musiqi sədaları altında istər-istəməz insanın gözü önündə belə bir kompozisiya canlanır ki, əlində fırça, molbert, etüdniklə birlikdə haradasa dayanıb nəyisə təsvir edirsən.

-Bəs təbiətin çılğınlığından ilham almısınızmı?

- Bəli. Mən yağışı çox sevirəm. Deyirlər ki, yağış yağanda dualar qəbul olunur. Bəzən də deyirlər ki, yağışlı-küləkli havanı pessimist və soyuqqanlı insanlar sevir. Mən bu fikirlə razı deyiləm. Çünki yağış yağanda mənim əhvalım gözəl olur.

-Bir gənc kimi dünyanı necə görürsünüz?

- Bir gənc kimi dünyanı çox mürəkkəb, eyni zamanda çox sadə görürəm. Hər şey insanın öz əlindədir. Belə bir fikirvar ki, insanın alın yazısı var. Amma onu da qeyd etmək lazımdır ki, Yaradan insan qarşısında iki yol qoyur. Seçim insanın öz əlindədir. Yaxşılıq da, pislik də etmək istəsək, bunu edəcəyik. Belə bir sözvar ki, dünyanı gözəllik xilas edəcək. Baxır hansı gözəllik. Müqəddəs kitablarda da deyilir ki, hətta kiçik bir təbəssüm, xoş bir niyyət kiminsə yatmış və ya incimiş ruhunu oyatmağa bəs edir. Amma digər nöqteyi-nəzərdən insanlar gün ərzində nə qədər günah edir? Adi bir yalan hansısa insanın kor-peşman olmasına səbəb olur.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-19 aprel.-S.13.