Qeyri-infeksion xəstəliklərə qarşı
mübarizəyə dair Milli
Strategiya hazırlanır
Strategiyanın həyata
keçirilməsi qeyri-infeksion xəstəliklərlə
bağlı vaxtından əvvəl ölümün
azalmasına imkan yaradacaq
Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə
tutulan qeyri-infeksion xəstəliklərə
qarşı mübarizəyə dair
2013-2020-ci illəri əhatə edən Milli
Strategiyanın ilkin layihəsinin
müzakirəsinə həsr olunmuş dəyirmi
masa keçirildi.
Tədbirdə Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru
Ceyhun Məmmədov bildirdi
ki, strategiyanın məqsədi qeyri-infeksion xəstəliklərlə
bağlı vaxtından əvvəl ölümün
qarşısının alınması, həyat
davamlılığının uzadılması, ölkənin
əmək ehtiyatlarının və iqtisadi
potensialının artmasına nail
olmaqdır: “Qlobal miqyasda
2008-ci ildə qeydə alınan ölüm
hallarının 36 milyonuna səbəb
QİX olub. Aparılan tədqiqatlar
ölkəmizdə də ölüm və
xəstələnmə hallarının başlıca səbəbinin
QİX olduğunu göstərir. Buna görə də Səhiyyə Nazirliyi tərəfindən bu
xəstəliklərlə bağlı bir
sıra araşdırmalar aparılıb”.
İSİM-in direktoru ölkəmizdə onkoloji xəstəliklər və şəkərli diabetlə bağlı bir sıra dövlət proqramlarının uğurla icra edildiyini də diqqətə çatdırdı. Bununla yanaşı, bildirildi ki, ölkəmizdə QİX-lə bağlı məsələlərin əhatəli həlli üçün aidiyyəti qurumların iştirakı ilə milli strategiyanın həyata keçirilməsinə zərurət var. Bu strategiyanın hazırlanması isə İSİM-ə həvalə olunub. Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə 2013-2020-ci illər üçün ümumi strateji çərçivəni müəyyən edən strategiyanın həyata keçirilməsi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün azalmasına və xəstəliklər yükünün əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradacaq. Strategiyanın məqsədi birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə qeyri-infeksion xəstəliklərdən qaynaqlanan vaxtından əvvəl ölüm hallarını 10 faiz azaltmaqla əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. 2020-ci il üçün hədəflər arasında tütün istifadəsinin 10%, eyni zamanda, duz və turşu istehlakının 5% azaldılması, piylənmə və şəkərli diabetin yayılmasında artımın olmaması vəzifələri var.
Beynəlxalq ekspert Xose Martin Morenonun “Sübutlardan təcrübəyə: Azərbaycanda QİX-in yükünün ünvanlandırılmasında beynəlxalq təcrübənin və DST-nin tövsiyələrinin tətbiqi” mövzusunda məruzəsi dinlənildi. Ekspert bildirdi ki, qeyri-infeksion xəstəliklər səssiz qatildir ki, bütün dünyada bunun qarşısının alınması istiqamətində mühüm tədbirlərin görülməsinə ehtiyac var. Onun sözlərinə görə, QİX-lərin yaranma səbəblərinin aradan qaldırılması yalnız insan sağlamlığı ilə nəticələnmir, həmçinin ölkədə təhsil, isqtisadiyyat və digər sahələrin də inkişafına təkan verir. Belə ki, bu gün bir sıra ölkələrdə ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə bağlı qanunun qəbul olunması insan sağlamlığında müsbət rol oynamaqla yanaşı, həmçinin siqaret satışında qiymətlərdəki dəyişikliklə də özünü göstərir. Yaxud alkoqoldan istifadənin azaldılması insan sağlamlığı ilə yanaşı, cinayətlərin azalmasına nail olmaq olar. Eyni zamanda erkən ölüm hallarının azalması bu ÜDM-nin artması ilə nəticələ bilər.
Tədbirdə, həmçinin DST-nin
məsləhətçisi Sevil Əsədovanın
“Azərbaycanda qeyri-infeksion xəstəliklər
problemi. QİX-ə dair
vəziyyətin təhlili və QİX-in
risk amilləri üzrə milli
araşdırmanın nəticələri” mövzusunda
çıxış etdi. İSİM-in
Səhiyyə siyasəti və islahatlar
şöbəsinin müdiri Töhfə
Cəmilova isə qeyri-infeksion xəstəliklərin
qarşısının alınması və nəzarəti
üzrə Milli Strategiyanın ilkin layihəsi ilə bağlı təqdimatla
çıxış etdi. Təqdimatdan sonra layihə ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycanda əhalinin
60 faizi artıq çəkidən əziyyət
çəkir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi qeyri-infeksion xəstəliklərdir. O bildirdi ki, nəticələrə əsasən qeyri-infeksion xəstəlik hallarının böyük əksəriyyətinin baş verməsi tütün çəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır: “Ölkədə tütün çəkmə 22,9%, gündəlik tütün çəkmənin yayılması isə 21,3% təşkil edir. Lakin bu yayılma kişilər arasında qadınlara nisbətən 100 dəfə yüksəkdir. Ətrafa yayılan tütün tüstüsünə kişilər daha çox ictimai yerlərdə (76,6%), qadınlar isə evdə (41,2%) məruz qalırlar. Hazırda spirtli içki içənlərin nisbəti kişilər arasında qadınlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da müvafiq olaraq kişilərdə 26,9% qadınlarda isə 1,7% təşkil edir”. İSİM-in direktoru vurğuladı ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir: “Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur”.
Dünyada 2030-cu ilədək xəstəliklərlə
bağlı
gözlənilən
proqnoz açıqlanıb
Mərkəzin direktoru bildirdi ki, dünyada ürək-damar xəstəlikləri nəticəsində ölənlərin illik sayının 2030-cu ilədək 23,3 milyona, onkoloji xəstəliklərdən ölənlərin illik sayının isə həmin dövrə kimi 13,1 milyonadək artması gözlənilir: “Belə meyillərin nəticəsi kimi il ərzində qeyri-infeksion xəstəliklərdən ölənlərin ümumi sayının 2030-cu ilə kimi 55 milyonadək artması proqnozlaşdırılır. Dünyada hər il təxminən 6 milyon insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Bu rəqəmin 2030-cu ilədək 8 milyonadək artması gözlənilir”. Nazirlik rəsmisinin sözlərinə görə, hər il baş verən təxminən 3,2 milyon ölüm halı kifayət qədər olmayan fiziki aktivliyə aid edilə bilər: “Təxminən 1,7 milyon ölüm halı meyvə və tərəvəz istehlakı səviyyəsinin aşağı olması ilə izah edilir. Dünyada hər il 2,8 milyon insan artıq bədən çəkisi və piylənmə nəticəsində ölür”.
13-14 yaşlı
məktəblilər arasında siqaret
çəkənlərin
sayı artır
Ceyhun
Məmmədov onu da bildirdi ki, Azərbaycanda 13-14 yaşlı
məktəblilər arasında siqaret çəkənlərin
sayı ildən-ilə artır. O qeyd
etdi ki, bu nəticələr Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) dəstəyi
ilə məktəblərdə aparılan araşdırma nəticəsində
məlum olub. Onun
sözlərinə görə, 2005-ci ildə ÜST
Tütünlə Mübarizə üzrə Çərçivə
Konvensiyasını qəbul edib. Azərbaycanda
tütünlə mübarizə istiqamətində
görülən işlər mövcud konvensiyaya uyğun həyata
keçirilir.
ÜST: “Azərbaycanda ölüm
halları daha çox ürək-damar xəstəlikləri
ilə bağlıdır”
Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda
ölüm hallarının səbəblərini
açıqladı. ÜST-nin qeyri-infeksion xəstəliklər
üzrə məsləhətçi Sevil
Əsədova bildirdi ki,
ölkədə ölüm halları daha çox ürək-damar
xəstəlikləri ilə bağlıdır. Onun sözlərinə görə, bu xəstəlikdən ölənlərin
sayı 51% təşkil edir: “Bundan əlavə, ölkəmizdə
yoluxucu, qida
çatışmazlığı, analıq və perinatal xəstəliklərdən 17%, xərçəngdən
11%, digər xroniki xəstəliklərdən
10%, tənəffüs orqanlarının xroniki
xəstəlikləri və zədələnmələrdən
4%, şəkərli diabetdən isə 3% insanlar
dünyasını dəyişir. 2010-2020-ci illər ərzində
qeyri-infeksion xəstəliklər ilə
bağlı ölüm hallarının
15% artması proqnozlaşdırılır”.
Ürək-damar xəstəlikləri
xeyli cavanlaşıb
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Azad Hacıyev jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanda ürək-damar xəstəlikləri ötən illərlə müqayisədə xeyli cavanlaşıb. O qeyd etdi ki, əgər 30-40 il əvvəl çox nadir hallarda 30 yaşdan aşağı yaşda olan insanlarda infarkt və digər kardioloji xəstəliklər qeydə alınırdısa, indi bu say çoxalıb və daha cavan yaşlı insanları əhatə edir. A.Hacıyevin sözlərinə görə, cavan insanlarda bu xəstəliklər stress nəticəsində yaranır: “Onlara ilkin yardımın göstərilməsi çox önəmlidir. Çünki köməkliklərin vaxtında edilməsi ilə onların xəstəlikdən vaxtında azad olunması imkanları var. Əgər əvvəllər 30 yaşdan aşağı 2-5 nəfər insanda ürək-damar xəstəlikləri aşkarlanırdısa, indi onların sayı 100-ə yaxındır”. A.Hacıyev qeyd etdi ki, paytaxt Bakıda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı daha çoxdur: “Bakı meqapolis olduğundan və burada insanlar stresslə daha tez-tez qarşılaşıldığından, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Amma rayonlarda insanlar təbiətlə daha çox əlaqədə olduğu üçün və digər amillərin təsiri ilə onlarda xəstəlik daha az qeydə alınır”.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-17 aprel.-S.8.