Sahibkarlıq iqtisadiyyatımızda aparıcı mövqeyə yüksəlir 

 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra yox olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı yenidən qurmağa başladı. H.Əliyevin dövlət quruculuğu siyasəti modern iqtisadi baza əsasında həyata keçirilirdi. Burada isə sahibkarlığın formalaşdırılması və inkişafı başlıca prioritetlərdən biri idi. Sovet ölkələri ilə eyni sistemdə yaşamalarına baxmayaraq, Azərbaycan müstəqillik qazanandan sonra həmin ölkələrdən fərqli iqtisadi inkişaf və sahibkarlığın formalaşması yolunu tutmuşdu. Heydər Əliyevin sayəsində Azərbaycan yerləşdiyi üstün coğrafi-geostrateji mövqedən çox əlverişli şəkildə istifadə edə bildi. Müstəqilliyin ilk illərindən bazar iqtisadiyyatı yolunu tutmaqla yanaşı Avropaya inteqrasiya yolunda ciddi işlər aparıldı. Sahibkarlığın inkişafında qabaqcıl modellərin öyrənilməsi və tətbiqinə bu baxımdan ciddi önəm verilirdi. Müqayisə etsək, postsovet ölkələrinin əksəriyyəti dünyaya iqtisadi açılım, sahibkarlığın inkişafında modern və mobil üsulları tətbiq etməkdən kənarda qaldılar.

Amma Azərbaycan məhsullarının Avropa və dünya bazarlarına çıxarılması məsələsi reallığa çevrilməyə başladı. Bunların sayəsində bu gün məhsullarımızda beynəlxalq standartların tətbiqi, bu baxımdan müvafiq beynəlxalq institutlarla yaxın əməkdaşlığın qurulması, Azərbaycanda sahibkarlıq sahəsində standartlaşdırma sisteminin formalaşmasına nail olunması kimi nailiyyətlər xüsusilə önəmlidir.

Uğurlu bazar iqtisadiyyatı

strategiyası

H.Əliyev ölkədə bazar iqtisadiyyatının inkişafı strategiyasını formalaşdırdı və əsas oriyentirləri müəyyənləşdirdi. Bazar iqtisadiyyatı azad rəqabət, tələb və təklif mexanizmləri üzərində qurulmağa başladı. Burada özəl sektorun inkişafı çox mühüm əhəmiyyət kəsb edirdi. Sovet dövründə Azərbaycan 70 ildən artıq planlı iqtisadiyyat və inzibati amirlik metodları ilə idarə olunan iqtisadi sistemdə təmsil olunmuşdu. Bu dövrdə mülkiyyət əsasən dövlətə məxsus idi. Özəl mülkiyyət isə sadəcə kiçik kooperativlərdən ibarət ola bilərdi...

Müstəqilliyin ilk dövrləri isə onunla xarakterik idi ki, Azərbaycan Ermənistanla müharibə ilə paralel şəkildə bu islahatları davam etdirirdi. Bu da ölkə iqtisadiyyatını böyük bir potensialdan istifadə etməkdən məhrum edirdi. Digər tərəfdən Sovetlər Birliyinin dağılması ilə bağlı olaraq Azərbaycanın postsovet respublikaları ilə bütün iqtisadi əlaqələri kəsilmişdi ki, bunun da nəticəsində iqtisadiyyatımız 95 faizlik bir səviyyədə iflic vəziyyətinə düşmüşdü. Müəssisə və şirkətlərin hamısı demək olar ki, fəaliyyətini dayandırmışdı. Belə vəziyyətdə sahibkarlığın inkişafı və formalaşdırılması çox mühüm önəm kəsb edirdi. Ona görə də müstəqillik dönəmində sahibkarlığın inkişafı iqtisadi dirçəlişdə başlıca məqsədlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu da ondan ibarət idi ki, artıq bazar iqtisadiyyatı yolu seçən ölkədə dövlət mülkiyyəti özəlləşdirilməli idi. Torpaq sahələri müstəqil fermer təsərrüfatları üçün kəndlilərə verilməli idi. Bununla bağlı olaraq müstəqilliyin ilk illərində bu işlər həyata keçirilməyə başladı. Xüsusən, qarşıda duran məsələ ondan ibarət idi ki, bir yandan dövlət mülkiyyətində olan sahibkarlıq subyektlərini dirçəltmək, digər yandan da onları özəlləşdirmək lazım idi. Bu özəlləşdirmə ilə bağlı olaraq Azərbaycanda silsilə dövlət proqramları qəbul olundu. Kiçik müəssisələrin və orta tipli müəssisələrin, eləcə də iri müəssisələrin özəlləşdirilməsi prosesi başladı. Bu proqramların reallaşdırılması çox önəmli idi. Çünki özəlləşdirmə prosesi nəticəsində əsasən dövlət mülkiyyəti olan kiçik şirkətlərin hamısı özəlləşdirilərək sahibkarlıq mülkiyyətinə verildi.

Sahibkarlıq vərdişlərinin

oturuşması

O zaman sahibkarlığın inkişafına aid bir sıra məsələlər, sahibkarlıq düşüncəsi və fəaliyyəti Azərbaycan üçün yeni olduğuna görə bu sahədə idarəetmə və işin təşkili məsələsi çətin idi. Həm də yeni subyektlərin idarə olunması mexanizmi bu baxımdan yenidən qurulurdu. Bu baxımdan bütün institusional mexanizmlər yenidən formalaşırdı. Bu uyğunlaşmalar kəskin islahatların həyata keçirilməsini tələb edirdi. Bu baxımdan həmin dövr üçün sahibkarlığın inkişafında bir neçə əsas mərhələ vardı. Bu dövrdə xarakterik xüsusiyyətlərdən biri də qiymətlərin liberallaşması məsələsi idi. Artıq əvvəlki sovet sistemindən fərqli olaraq qiymətlərin dövlət tərəfindən müəyyənləşdirilməsi yox, əksər sahələrdə qiymətlərin liberallaşdırılması, özəl sektorun azad rəqabət fəaliyyəti nəticəsində formalaşması prosesi istiqamət götürmüşdü. Bu da xüsusi əhəmiyyət kəsb edirdi. Bazarda fəaliyyət göstərən subyektlərin azad rəqabət şəraitində sərbəst şəkildə öz məhsullarına qiymət qoya bilməsi təmin edilmişdi. Digər tərəfdən sahibkarlığın inkişafı qarşısında inflyasiya məsələsi dayanırdı. Yəni həmin dövrdə Azərbaycanda inflyasiya hətta dördrəqəmli həddə çatmışdı. Belə bir şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, investisiya təminatını həyata keçirməkdə, əldə olunan vəsaitin idarə olunmasında böyük problemlərlə qarşılaşılırdı. Təbii ki, belə bir vəziyyətdə inflyasiyanın cilovlanması olduqca vacib idi. Bu, sahibkarlığın etibarlı bir şəkildə fəaliyyəti üçün imkan yaratmalı idi. Bu qarşıya qoyulmuş vəzifəyə Heydər Əliyevin yürütdüyü korrekt iqtisadi siyasət nəticəsində nail olundu və inflyasiyanın qarşısı alınmaqla yanaşı, sahibkarlığın inkişafına stimul verən bazar iqtisadiyyatına uyğun qiymət siyasəti yürüdülməyə başladı.

Sahibkarlıq sferasında inkişafı davam etdirmək üçün bir sıra qanunlar da qəbul olundu. Sahibkarlıq fəaliyyəti haqqında, antiinhisar fəaliyyəti haqqında, istehlakçıların hüquqlarının müdafiəsi haqqında, maliyyə-sənaye qrupları haqqında qanunları göstərmək olar ki, bunlar sahibkarlıq mühitinin daha da inkişafına gətirib çıxardı.

Xüsusən də bu dövrdə investisiyaların ölkəyə cəlb olunması çox önəm daşıyırdı...

Neft gəlirləri sahibkarlığın

inkişafında önəmli faktora

çevrildi

Bu dövrdə sahibkarlığın inkişafı ilə bərabər, Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi və neft sənayesinə xarici investisiyaların cəlb olunması da sözügedən sahədə olduqca həlledici önəm kəsb edirdi. Neft yataqlarının istismar olunmasına dünyanın inkişaf etmiş ölkələrinin özəl şirkətləri dəvət olundu. BP, AMOKO, Statoil, Exxon mobile, Chevron və sair şirkətlərlə müqavilələr imzalandı. Bu, neft sənayesinin inkişafına təsir göstərməklə yanaşı, Azərbaycanda həm də dövlətin gəlirlərinin artmasına və dolayı olaraq da sahibkarlığın inkişafına təsir göstərdi. Çünki növbəti mərhələdə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizdə bu sahənin prioritetə çevrilməsi ilə yanaşı, onun maliyyə təminatının əldə olunması da məhz neft sənayesinin inkişafı ilə bilavasitə bağlı idi.

Həmin dövrdə sahibkarlığın inkişafına təsir edən məsələlərdən biri də ölkə infrastrukturunun inkişaf etdirilməsi idi. Yolların yenidən çəkilməsi, bərpa edilməsi, ölkənin qazlaşdırılması, ən ucqar yerlərin işıqlandırılması, kommunal xidmətlərin, su, kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, yenidən qurulması və sair kimi tədbirlər dolayısı olaraq sahibkarlığın inkişafına müsbət təsir edən amillər sırasında qeyd edilməlidir.

Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyevin iqtisadi baxımdan qüdrətli dövlət yaratmaq siyasətinin nəticəsi olaraq Azərbaycanda artıq 1996-cı ildən sonra sahibkarlıq sahəsində əsaslı dirçəlişlər özünü göstərməyə başladı. Azərbaycan dövlət büdcəsinin kəsiri məhz həmin dövrdə ÜDM-nin 1-2 faizi səviyyəsinə endirilmişdi. 1996-cı ildə ÜDM-nin artım faizi 1,3 faiz, 1997-ci ildə 1,8, sonrakı dövrlərdə isə daha artıq şəkildə artmağa başlamışdı.

Sahibkarlığın inkişafını təmin edən institusional islahatlar

və dövlət dəstəyi

Yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi müvafiq sahədə dövlət təsisatlarının yenidən formalaşmasını da zəruri edirdi. Bu sahədə aparılan işlərdən biri də ondan ibarət idi ki, 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Nazirliyin yaradılması sahibkarlığın inkişafına yönəlmiş fəaliyyətlərin məhz orada cəmlənməsinə və oradan istiqamətlənməsinə gətirib çıxardı.

Həmçinin sahibkarlığa əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətindən ortaya çıxan Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti də bu baxımdan xüsusilə qeyd edilməlidir. Kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verən bu maliyyə qurumunun sahibkarlar üçün dövlətin maddi və təşkilati dəstəyini təcəssüm etdirməsi böyük önəm kəsb edirdi. Fondun yaradılması artıq dövlətin sahibkarlığın inkişafına maliyyə yardımı etməsi mexanizminin formalaşması idi. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində başlıca amillərdən biri onların investisiya təminatıdır. Bu investisiya təminatında daxili investisiya mənbələrinin irəliyə çəkilməsi və onun yerli sahibkarlara təqdim olunması bu sahədə həyata keçirilən önəmli işlərdən biri idi. Hazırda Sahibkarlığa Kömək Milli Fondu artıq kiçik və orta sahibkarlığın əsas maliyyə mənbələrindən birinə çevrilib. Bu sahədə aparılan işlər sırasında sahibkarlığın institusional dayaqlarının, onun hüquqi bazasının formalaşdırılması, məhkəmə sistemində bu sahədə tənzimləmələrin həyata keçirilməsini qeyd etmək olar.

2002-ci ildə Heydər Əliyev tərəfindən sahibkarlığın inkişaf məqsədlərini rəhbər tutan görüşlər keçirildi. Bu silsilə görüşlərdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə birbaşa dövlət dialoqu formalaşdırıldı. Bu, çox mühüm bir model idi. Bu tədbirlər birbaşa dövlət-sahibkar dialoqunun formalaşması və sahibkarların öz problemlərini ölkə başçısına çatdırma imkanlarının əldə edilməsi baxımından çox önəm daşıyırdı. Həmin toplantıda sahibkarlar qarşılaşdıqları bir sıra problemlərlə bağlı fikir və təkliflərini bildirmişdilər. Nəticədə Azərbaycanda o vaxt sahibkarlıqla bağlı mövcud olan 250-dən çox lisenziya növü 30-a endirilmişdi.

Sahibkarlığın tənzimlənməsi və inkişafı üzrə daha bir sıra hüquqi aktlar qəbul edilmişdi. Vergi yükünün azaldılması, vergi yığımı məsələsinin daha da avtomatlaşdırılması istiqamətində islahatların əsası qoyulmuşdu. Həm də 2002-ci ildə dövlət başçısı ilə sahibkarların görüşündən sonra ölkə Prezidenti yanında Sahibkarlar Şurası yaradılmışdı. Bu şuranın yaradılmasında məqsəd mütəmadi olaraq sahibkar və dövlət dialoqunun inkişaf etdirilməsini həyata keçirmək idi. Bu dövrdə aparılan islahatlardan biri də kiçik və orta sahibkarlığın daha çox inkişaf etdirilməsi məsələsi idi. Bu istiqamətdə də Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edildi. Proqram 2002-2005-ci illəri nəzərdə tuturdu. Bu da xüsusən kiçik və orta sahibkarlığın ayrıca bir sfera kimi önə çəkilməsi mahiyyəti daşıyırdı. Kiçik və orta sahibkarlıq bazar iqtisadiyyatında rəqabətin işlədiyi amillərdən ən başlıcası sayılır. Ona görə də inkişaf etmiş ölkələrdə bu barədə olan təcrübəyə Azərbaycan da yiyələnməyə çalışırdı. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi bu baxımdan başlıca məqsədlərdən biri kimi ortaya qoyulmuşdu.

Bütün qeyd edilənlərdən başqa, sahibkarlığa dövlət dəstəyini təmin etmək və bu sahəni inkişaf etmiş ölkələrdə olan səviyyəyə çatdırmaq üçün digər islahatların əsası qoyuldu. Sahibkarlığa göstərilən xidmətin gələcəkdə elektronlaşdırılması, sahibkarların qeydiyyatı məsələlərinin asanlaşdırılması, bu funksiyanın Ədliyyə Nazirliyindən alınıb Vergilər Nazirliyinə verilməsi, prosedurların dəyişdirilməsi və sadələşdirilməsi həyata keçirilmişdi. Sahibkar-işçi münasibətlərinin inkişafı, sahibkarların maarifləndirilməsi üçün bir sıra institutlar formalaşdırılmışdı. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin nəzdində tədris mərkəzləri formalaşdırıldı. Həmçinin elektron məlumatlandırma və bu məqsədlə xüsusi saytların yaradılması önəmli idi.

Azərbaycanda sahibkarlığın inkişafı üçün o vaxt həyata keçirilən tədbirlər bugünkü iqtisadi inkişafın əldə edilməsində, qeyri-neft sektorunun inkişafında olduqca böyük önəm kəsb edirdi. Bu gün ÜDM-dəki özəl sektorun payı 83 faiz təşkil edir. Ümumi vergi daxilolmalarının 72 faizi 2012-ci ildə özəl sektorun payına düşüb. Hüquqi şəxslərin sayı minlərlə ölçülür. Azərbaycan brendləri dünya bazarlarına çıxır və tanınır. Eləcə də daxili bazarda başlıca rollardan birini özəl sektor subyektlərimiz oynamağa başlayıb. Prezident İlham Əliyev hökumətin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, biz daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməliyik ki, Azərbaycan vətəndaşları ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilsinlər.

Prezidentin bildirdiyi kimi, eyni zamanda bu qədər sürətlə artan iqtisadiyyatımız və qeyri-neft sektorumuz bizə xarici bazarlara çıxışı təmin etməyi diktə edir.

 

İlkin Ağayev

Palitra.-2013.-17 aprel.-S.10.