Çox az dövlət tapılar ki, teatr Azərbaycandakı kimi himayə olunsun 

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir:

-Bu gün bütün tamaşalarımızda kifayət qədər tamaşaçı olur. İstənilən tamaşaçı tamaşada maraqlı quruluş, rejissorun fərqli baxışını, aktyorların inandırıcı, ürəkdən rolunu oynamasını istəyir. Mən teatrda işlədiyim illər ərzində bir məsələni qətiləşdirmişəm: tamaşaçını aldatmaq olmaz. O bunu hiss edir. İnsanlar tamaşa barədə bir-birindən eşitdikləri fikirlərə daha çox önəm verirlər. Onu da deyim ki, bu növ reklam bizim teatr olaraq təşkil etdiyimiz reklamdan daha da effektlidir. Mən hələ 1993-cü ildən bu teatrda direktor müavini işləyəndən müqavilə ilə bilet satılmasına qarşı çıxmışam. Çünki həmişə bu yolu teatrın antireklamı hesab etmişəm. Bu qənaətdəyəm ki, tamaşaçı tamaşaya məcburi gəlməməlidir. Çünki tamaşa onun üçün maraqlı olmayacaq. Bizim teatrın tamaşaçısı tamaşalara kassadan bilet alıb gəlmək lazım olduğunu yaxşı bilir. Onlarda bu vərdiş çoxdan formalaşıb. Zaman göstərdi ki, biz biletlərin müqavilə ilə satışına qarşı çıxmaqda haqlı imişik. Bu, bizim nailiyyətimiz, uğurumuzdur.

- Konkretləşdirsək, neçənci ildən təşkilatlara bilet satışını dayandırdınız? Bizdə hələ də o sistemlə işləyən teatrlar var.

- Mən öz teatrımızın adından deyirəm. O sistem bizdə 1993-cü ildən bəri yoxdur. Sevindirici haldır ki, bu proses bizim üçün ağrısız keçdi. Onu da qeyd etməliyəm ki, mərkəzləşdirilmiş kassa sisteminə keçidin uğuru danılmazdır. Bu sistem imkan verir ki, tamaşaçı şəhərin müəyyən edilmiş yerlərindən istənilən tamaşaya, konsertə bilet ala bilsin. Məsələn, Rus Dram Teatrının kassalarından digər konsertlərə bilet almaq olar. Mərkəzləşdirilmiş kassa sisteminin qurulmasını teatr sahəsində əsl islahat hesab etmək olar. Bu sistem vasitəsilə biz hansı tamaşalara neçə bilet alındığını, eyni zamanda tamaşaçı zövqünü müəyyən edə bilirik. Sözsüz ki, bu da teatrın repertuarını müəyyənləşdirməkdə çox köməyimizə gəlir. Əvvəla, onu qeyd edim ki, dünyada çox az dövlət tapılar ki, teatr mədəniyyəti Azərbaycandakı səviyyədə himayə olunsun. Rus Dram Teatrında ən baha biletin qiyməti premyera tamaşalarınadır, 11 manatdır. Yerdən asılı olaraq biletlər 6 manata, uşaqlar üçün isə 4 manata satılır. Açıq demək istəyirəm ki, əgər dövlətin himayəsi olmasaydı, teatr özünü saxlamaq üçün biletin birini 100 manatdan artıq satmalı idi. Bilirsiniz, teatrda bir əsərin tamaşaya qoyulmasına o qədər əmək, zəhmət, pul sərf edilir. Teatr kollektiv tələb edir. Bundan başqa, mərkəzləşdirilmiş bilet sistemi hansı tamaşalara daha çox bilet satıldığını müəyyənləşdirməyə imkan verir. Əgər tamaşaya gələn tamaşaçının sayı çox deyilsə, deməli, tamaşa bəyənilməyib.

- Bizim tamaşalarla xarici tamaşalara satılan biletlər arasında fərq var. Bu, nədən irəli gəlir?

- Bilirsiniz, tamaşaçılar populyar simaların tamaşalarına daha çox gəlirlər. Təəssüf ki, hazırda bizim teatrda populyar simalar çox azdır. Mən demirəm, onlar pis aktyorlardır, əsla. Sadəcə tamaşaçı efirdə görünən, sevilən aktyor ya aktrisaların tamaşalarına gəlməyə can atırlar. Bir misal deyim. Teatrımızın aktyoru Rüfət NəzərovBaksel”in reklamlarında çəkilib. Ona görə hazırda onun tamaşalarına xüsusilə gənclər daha çox gəlirlər. KVN teatrında iştirak edən iki aktyorumuz Ramil Rüstəm teatr tamaşalarının məşqlərində bəzən iştirak edə bilmirlər. İndi mən direktor olaraq onları işdən çıxarmalıyam? Əksinə mən şərait yaradıram, elə qrafik qurulur ki, onların məşqə gəlməyə vaxtı olsun. Ona görə yox ki, teatrda məvacib aşağıdır onlar əlavə pul qazanmalıdır. Mənim hədəfim fərqlidir. KVN konsertlərində tanınmış simaya çevrilmək imkanı daha genişdir, telekanallarımız onları yaxşı reklam edirlər. Teatrın direktoru kimi bu, mənim marağımdır. Çünki aktyor tanındıqdan sonra teatra tamaşaçı gətirəcək. Məsələn, Fuad Poladov tanınan sevilən aktyordur. O filmlərdə, televiziya tamaşalarında çəkilib. Bu faktor çox önəmlidir. Ona görə vaxtilə teatr tamaşalarına bilet tapmaq çətin olurdu. Çünki teatrların aktyorları televiziya rejissorları tərəfindən yaxşı reklam edilirdi. Tamaşaçı onları televiziyada görəndən sonra onlara canlı baxmaq üçün teatra gəlirdi. Mən şəxsən Məlik DadaşovunAtayevlər ailəsitamaşasındakı güclü aktyor oyununu çox bəyənmişdim. Yeri gəlmişkən, Fuad Poladov da o tamaşada çox gözəl oynayırdı. Misal üçün, Çursinanın 70 yaşı var, bizə deyirlər ki, onu niyə dəvət eləmisiniz. Tamaşaçıya dəxli yoxdur ki, onun neçə yaşı var, o sadəcə olaraq sevdiyi filmlərdən, tamaşalardan tanınan artıq adı brendə çevrilən tanınmış aktrisaya baxmağa gəlir. Təsadüfi deyil ki, işgüzar adamlar bütün işlərini brendin üzərində qururlar. Biz bunu etməliyik. Bu baxımdan indi çəkilən serialların çox müsbət tərəfi var. Baxmayaraq ki, bəzən yerli seriallara qarşı tənqidləri çox eşidirik. Qoyun, çəksinlər, onların içərisindən zəif aktyorlar ələnəcək. Bu, normaldır. Tamaşaçı həmişə haqlıdır”- bu, devizdir. Mən həmişə deyirəm, teatrın direktorundan tutmuş qapıçısına kimi hamı tamaşaçıya xidmət göstərməlidir. Əgər bu belə olmasa, gərək biz burda işləməyək. Əlbəttə, mənim vəzifəm həm teatrın təbliğatı, biletlərin daha çox satılması ilə məşğul olmaqdır. Tamaşaçını maraqlandırmır ki, aktyorun bu gün kefi var, ya yox. O, bu gün tamaşaya gəlib və haqlı olaraq istəyir ki, aktyor gözəl oyun göstərsin.

- Məktəblərdə bilet satışına qadağa qoyulması teatrların işinə necə təsir edib?

- Bəzi məktəb direktorları iddia edirlər ki, Təhsil Nazirliyi məktəblilərin teatrlara getməsini əngəlləyən sərəncam verib. Amma belə bir sənədi heç kim görməyib. Təhsil Nazirliyi məktəblərdə bilet satışına qarşı çıxa bilər. Amma bəzi məktəb rəhbərləri bu qərarı düz anlamırlar. Onlardan bəziləri hətta afişaların məktəb ərazisində yerləşdirilməsinə belə qarşı çıxırlar. Axı nazirlik heç bir məktəb direktoruna, müəlliməsinə deməyib ki, şagirdləri teatra aparmayın. Müəllimlər özləri şagirdlərin dünyagörüşünün artması, maariflənməsi üçün teatra gəlməkdə maraqlı olmalıdırlar. Çünki oxumadığınız əsəri iki saatlıq tamaşada izləyəndən sonra kitabı oxumuş kimi olursunuz. Müəllimlərdən soruşuram, uşaq öz asudə vaxtını harada keçirməlidir? Harada mədəniyyətə yiyələnməlidir? Demək istəyirəm ki, onsuzda biletlər mərkəzləşdirilmiş kassalarda satılır. İstənilən müəllimə, valideyn, direktor kassadan bilet alıb şagirdləri teatra gətirə bilər. Mən düşünürəm ki, nazirlik buna etiraz etməz, əksinə şad olar.

- Bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrının aktyorları sizin aktyor heyəti ilə birləşdi. Bu, problemə səbəb olmadı ki?

- Ümumiyyətlə, dünya və Azərbaycanda teatrların problemləri eynidir. Aktyor, rejissor, maaşından, statusundan asılı olmayaraq hamısının eyni problemləri var. O aktyorlar bizim teatra gəldilər, seçim oldu, hazırda bizdə çalışırlar.Gələnlərin hamısı qaldı. Sadəcə, pensiya yaşında olan bir- iki aktyoru çıxmaq şərtilə.

Doğrudur, hər iki teatrın aktyor heyəti arasında müəyyən fərqlər var idi. Bəzi aktyorların adaptasiya prosesi qısa, bəzilərinki isə uzun çəkdi. Amma məsələ həllini tapdı. Məsələ ondadır ki, həmin aktyorları bizim teatrın rejissorları başqa cür, başqa biçimdə görür, amma onların da bu vaxta qədər işlədikləri rejissorlar olub. Bu da iki tərəf üçün yaradıcı prosesdə müəyyən çətinliklər yaradırdı. Amma sizə deyim ki, onların içərilərində elə aktyor aktrisalar var idi ki, biz onları axtarırdıq. Məsələn, İnna İmranova, Elmira Aslanova başqaları. Hazırda İnnanı bütün rejissorlar öz tamaşalarına cəlb etməyə çalışır. Elmira Aslanova isə bizim teatra gələndən sonra Əməkdar artist adını aldı.

- Rus Dram Teatrında hadisə ola biləcək tamaşalar varmı?

- Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlananFedra”, “Müsyo Jordan”, “Yeddi gözəltamaşaları hesab edirəm teatr sferasında hadisədir. Onu da deyim ki, bu tamaşalar haqqında Rusiyada nəşr edilən teatrla bağlı jurnallarda maraqlı məqalələr dərc edilib. Məşhur xarici yerli teatr tənqidçiləri həmin məqalələrdə tamaşalarımız barəsində müsbət fikirlər yazıblar.

- Ümumiyyətlə, ilə neçə tamaşa hazırlayırsınız?

- Yeddi-səkkiz tamaşa. Bəzən bu say altı olur. Həm dövlət sifarişi, həm teatrın öz qazancı ilə tamaşalar hazırlayırıq, məsələn bu il 4-5 tamaşa öz hesabımıza hazırlanacaq. Onu da qeyd edim ki, bəzi tamaşalarımıza xaricdən dəvət etdiyimiz rejissorlar quruluş verir.

- Xarici dövlətlərdəki teatrlarla əlaqələriniz , bölgələrə qastrol səfərlərinizlə bağlı nə deyərdiniz?

- Biz rus dilli teatr olduğumuza görə əsasən regiondakı dövlətlərlə əlaqələr qururuq. Festivallara dəvət alırıq. Amma ən böyük uğurumuz teatrın tarixində ilk dəfə olaraq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar hazırlanan “Müsyo Jordan” tamaşasını səkkiz xarici şəhərdə nümayiş etdirməyimiz olub. Bölgələrdən isə sonuncu dəfə Naxçıvanda qastrolda olmuşuq. Festival çərçivəsində isə Lənkəranda M.F.Axundzadənin “Lənkərani Vəziri xan” tamaşasını göstərmişik. Düşünmürəm ki, bu sahədə bizə o qədər də ehtiyac olsun. Bütün bölgələrdə yerli teatrlar fəaliyyət göstərir, həmçinin Azərbaycan dilli teatrlarımız bölgələrə çox gedirlər. Amma bu, o demək deyil ki, bölgələrlə əlaqəmiz yoxdur, sadəcə qastrollara çox az gedirik.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-20 aprel.-S.11.