“Milli-mənəvi dəyərlərimizə nə qədər çox sahib çıxsaq, o qədər qüvvətliyik” 

 

Mehriban Xəlilzadə: “Mənim məqsədim unudulmaqda olan

qədim tikmə növlərinin yaşadılması və inkişaf etdirilməsidir”

 

Milli-mənəvi sərvətlərimizdən sayılan tikməçilik və digər xalq tətbiqi sənət növlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması dövlətin qarşıya qoyduğu məqsədlərdən biridir. Layihə çərçivəsində məşhur tikmə ustası, rəssam, bir çox beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısı Mehriban Xəlilzadə ilə görüşüb bu sənətin tarixini və incəliklərini öyrəndik. Xatırladaq ki, Mehriban xanım bu kimi incəsənət növlərinin təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədovanın qızıdır.

-Ananızın bu sənət sahəsində hansı rolu var?

- Tikməni o zamanlar yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Anam isə ilk dəfə bunu çərçivələrə alıb, rəssamlığın müxtəlif sahələrində tikmə ilə ilk nümunələr yaradıb və bunu geniş təbliğ edib. Anam təkalduz tikmənin həm bərpası, həm təbliği ilə məşğul idi, sonra biz daha da genişləndirdik, məxmərtəl tikməni də bərpa etdik. Əvvəllər yalnız kənar haşiyələrdə istifadə olunan bu tikmə ilə ilk əsərləri yaratdıq. Sonra Xalça Muzeyindən bizə müraciət olundu ki, güləbətin tikmə ilə işləyən ustaları tapa bilmirik. Bəlkə siz kömək edəsiniz. Biz də bacardığımızı etməyə çalışdıq, bəyəndilər.

- Sizin bu sənətə gəlməyiniz necə olub?

- Mən rəssam ailəsində doğulmuşam. Çox kiçik yaşlarımdan anamın şagirdlərlə məşğul olduğunun şahidi olsam da, onların arasında oturmağa icazə ala bilmirdim. Düzü, onları bir az qısqanırdım. Anam bütün günü uşaqların əhatəsində olurdu, gündüz məktəbdə, sonra işdə, dərnəklərdə, axşam isə qonşu tələbə qızlarla. Həmişə mənə deyərdi: “Sən evdə yanımdasan, qoy qızlar işləsinlər, mane olma”. Çoxsaylı tələbələr arasında məndən balaca, mənimlə həmyaşıd və məndən böyük uşaqlar var idi. Bəzən kəndlərə dərsə gedib qız-gəlinlər üçün qısamüddətli kurslar təşkil edirdi. Onların yaşı çox idi. İndi arasında nənə olanlar belə var.

Atam da rəssam idi. Mən də çoxsaylı tələbələrindən biri olmuşam, bu mühitdə nəfəs almışam, böyümüşəm. Onlarla birlikdə sərgilərin iştirakçısı olmuşam. 1995-ci ildə Şəkidən Bakıya köçdük. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. Mənim əsərlərim artıq 1986-cı ildən sərgilərdə nümayiş etdirilirdi. O dövrdə qarşımızda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anama yol yoldaşı olmağa çalışmışam. Bu illər ərzində aktiv işlədiyim dövrlər olsa da, bir neçə il fasilə də verməli olmuşam. Müxtəlif tikmə növlərinin bərpası və yaşadılması üçün əlimdən gələn hər şeyi edirəm. Muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, kəsmə, sanama, güləbətin, təkalduz, məxmərtəl kimi tikmələrimizin həm bərpası, həm təbliği, həm də inkişaf etdirilməsi ilə məşğulam. Bu tikmələrlə müxtəlif janrlara müraciət etmişəm. Portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyalarında əsərlər yaratmışam. Naxış kompozisiyaları daha ecazkar xüsusiyyətə malikdir. Bir çox xarici ölkələrdəki sərgi və festivallara dəvət almışam. Respublika və şəhər əhəmiyyətli sərgilərdə iştirak etmişəm. 2003-cü ildən Rəssamlar İttifaqının rəsmi üzvüyəm.

Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzin sərgilərində dəfələrlə ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş sərgidə fəxri fərmanlarla, Mədəniyyət və Turizm Nazirliyinin Milli kulinariya mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq festivalda diplomla, Azərbaycan xalçası və xalq tətbiqi sənəti muzeyinin Lətif Kərimovun 103 illiyinə həsr olunmuş sərgisində mükafatlandırılmışam. Beynəlxalq İqtisadi Əməkdaşlıq Forumunun təşkil etdiyi festivalda İrandan dəvət almışam və orada 13 dövlət arasında əvvəlcədən nəzərdə tutulmasa da, işlərimizin gözəlliyinə heyran qalan münsiflər heyətinin diplomuna layiq görülmüşəm və bu diplomla da Pakistan, Hindistan Orta Asiya ölkələrinin arasında ən gözəl tikmə mədəniyyətinə sahib olduğumuzun təsdiq edilməsinə nail olmuşam. Bunlardan başqa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi çoxsaylı sərgilərdə fəal iştirak etmiş və mükafatlandırılmışam. Mənim məqsədim unudulmaqda olan qədim tikmə növlərinin yaşadılması və inkişaf etdirilməsidir. Tikmələrin texnikasında yeniliklər edirəm, rəssamlığı, heykəltəraşlığı və xalçaçılığı bir tikmədə birləşdirməklə daha gözəl əsərlər yaratmağa çalışıram. Tikmə prosesinin daha dəqiq olması üçün alətləri təkmilləşdirirəm. Tikmələrin tarixi adlarının bərpası, texnikasının bərpası və inkişafının təmin edilməsi ən vacib məsələlərdir.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Mənim fikrimcə, mədəniyyəti və elm qədər əhəmiyyətlidir. Ona görə də milli-mənəvi dəyərlərimizə nə qədər çox sahib çıxa bilsək, o qədər qüvvətliyik. Həmişə ayıq olan düşmənlərimizin bütün dəyərlərimizə sahib çıxmaq istəyinə qarşı aktiv mübarizə aparmaq üçün bu laqeydlikdən qurtulmaq və milli-mənəvi dəyərlərin hamısının tam mənada dəyərləndirilməsinə əhəmiyyət vermək vacibdir. Bu diqqəti sənətkarlığın bütün sahələri hiss edərsə, dəyərlərimizin dünyaya düzgün çatdırılmasına nail ola bilərik. Əlbəttə, son zamanlarda musiqimizə, xalçalarımıza, xalq çalğı alətlərimizdən olan tara göstərilən qayğı nəticəsində nisbətən bu vəziyyət aradan qaldırılıb. Lakin digər sənət sahələri hələ də diqqətə və qayğıya ehtiyac duyur. Beynəlxalq layihələrdə sənətkarlarımızın birbaşa iştirakını təmin etmək də mədəniyyətimizin zənginləşməsinə güclü təsir göstərə biləcək amillərdəndir. Bu həm onların dünyagörüşünün inkişafına, həm də qarşılıqlı təcrübə mübadiləsinə və nəticə etibarı ilə bizim yerli sənətkarlıq nümunələrinin keyfiyyətinə birbaşa təsir göstərəcək məsələdir. Necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır. Bizim yerli sənətkarların sərgilərinin, tanıtımlarının xarici ölkələrdə tez-tez keçirilməsi ölkəmizə turist cəlb etmək işində də faydalı ola bilər. Xüsusilə Avropa istiqamətli tanıtımların tez-tez keçirilməsi Azərbaycanımızın “sənətkar diyarı” kimi şöhrətini özünə qaytarmağa xidmət etmiş olar. Sürətlə qloballaşan dünyamızda bu tanıtım işində yol verilən ləngimələr bu adın başqaları tərəfindən mənimsənilməsinə səbəb ola bilər. Lazım gələrsə, sənətkarlarla xüsusi kurslar keçirilərək bu işin effektli olmasını təmin etmək mümkündür. Sənətkarlığımızın üstün olmasına baxmayaraq, tanıtım işinin zəifliyi hələlik Azərbaycanımızın “sənətkarlar diyarı” adını əldən verməsinə səbəb olur. Bu isə o deməkdir ki, biz öz xəzinəmizdən düzgün istifadə edə bilmirik. Biz bu mənəvi kapitalımızı maddi kapitala çevirərək dövlətimizə də xeyir verə bilərik.

- Siz incəsənətin hansı növləri ilə məşğulsunuz?

- Mən tikmələrimizin qədim tarixinin öyrənilməsi, tarixi adlarının bərpasına çox diqqət edirəm. Baxın, məsələn, tikmələrimizdən bəzilərinin adını bərpa etmək üçün elmi işçilərə, kitabxanalara, muzeylərə müraciət etmişik. Bu barədə dəqiq məlumata rast gəlmək çox çətindir. Demək olar ki, mümkünsüz kimidir. Çünki hətta muzeydə saxlanılan tikmə nümunələrinin üzərində işlənmə texnikası haqda heç bir məlumat saxlanılmır. Tikmə texnikasına görə “xovlu” adı ilə işlənən tikmənin qədim adının “məxmərtəl” olduğunu aydınlaşdırdıq. Təkalduz tikmənin adını isə hələ də səhv olaraq yazır və tələffüz edirlər. Bu sahədə az məlumatlı insanların dediyi kimi “təkəlduz” deyil. Çünki nə qədər professional olmağınızdan asılı olmayaraq heç bir şəkildə tək əllə işlənə bilməz. Güləbətin tikməni işləyən ustaların yoxluğu bir yana qalsın, lazım olan materialların tapılması belə çətindir. Sanama tikməni isə səhvən krest tikmə adıyla tanıyırıq. Bu məsələləri araşdırdım və mümkün olan bütün tədbirlərdə çıxış edərək bunların heç olmasa, sənətkarlara, ya da sənətşünaslara çatdırılmasına nail oldum. Bundan başqa, tikmələrimizin tarixinin öyrənilməsi də çox maraqlı məsələdir. Qədimliyinə görə Azərbaycanda etimoloji adları da maraqlıdır. Fikir versəniz, görərsiniz ki, tikmə ilə aktiv məşğul olan Pakistan, Hindistan kimi Asiya ölkələrində tikmələrin xüsusi adları yoxdur. Məsələn, İranda əşyanın adına, yaxud formasına “duz” şəkilçisi artırılaraq (“duz” isə “tikmək” deməkdir) ad verilib. Yalnız Azərbaycanda hər texnikaya görə xüsusi adlar mövcuddur. Bu isə onu göstərir ki, Azərbaycanda tikmələr çox qədim tarixə malikdir. Etimoloji olaraq gəlmə deyillər. Arxeoloji qazıntılardan tapılan qədim tikməli parça nümunələri isə bunu bir daha sübut edir. Yalnız öyrənməklə qalmıram, tikmələri işləyib, gözəl nümunələr də yaradıram. Eyni zamanda texnikasını da təkmilləşdirməklə məşğulam. Tikmə texnikasının təkmilləşməsi yeni cərəyanların və daha zərif tikmə nümunələrinin yaranmasına səbəb olur.

 

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-23 aprel.-S.11.