Gənc alimlərin potensialından daha çox istifadə edilməlidir
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İnformasiya Texnologiyaları
İnstitutunda tədqiqatçılar
üçün “Beynəlxalq
elmi jurnalların tələbləri” mövzusunda
təlim seminarı keçirilib. Seminar
“Springer” nəşriyyatı, Azərbaycan prezidenti yanında Elmin İnkişaf Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun
birgə təşkilatçılığı
ilə baş tutub.
Tədbirdə
çıxış edən AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, müasir
dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə
yanaşı, elmi araşdırmaların dünya səviyyəsində
aparılmasını, elmi əsərlərin
istinad indeksli jurnallarda dərcini və bu
sahədə beynəlxalq əlaqələrin davamlılığını
tələb edir. Onun sözlərinə
görə, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas
hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin
əldə olunması və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş
istifadədir: “Alimlərin mühüm
kəşflərinin, elmi nəticələrinin
təbliğində böyük əhəmiyyət
kəsb edən elmi bazalarla
əməkdaşlıq bu gün
elmi-tədqiqat institutlarının qarşısında duran əsas vəzifələrdəndir. Son illər Azərbaycan alimlərinin beynəlxalq
elm aləmində təmsil olunması üçün “Springer”,
“Elsevier”, “İEEE”, “Tomson
Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq
əlaqələri qurulur. Lakin
bununla kifayətlənmək lazım deyil və bu əlaqələr
daha da inkişaf
etdirilməlidir”. Prezident yanında Elmin İnkişafı Fondunun
icraçı direktoru Elçin
Babayev qeyd edib ki, alimlərin beynəlxalq
əməkdaşlığı olmadan Azərbaycan
elminin dünyada
tanınmasından söhbət gedə bilməz. Onun sözlərinə görə, bu gün Azərbaycanda
kifayət qədər gənc alim var və onlar yaşlı
alimlərdən bir sıra xüsusiyyətlərinə
görə nisbətən fərqlənirlər: “Biz də alimlərin beynəlxalq aləmdə
təmsil olunması üçün heç bir fərq qoymadan dəstək göstərməyə
hazırıq. Lakin gənc alimlərə
ikiqat kömək göstərilir. Çünki bu gün beynəlxalq əlaqələri inkişaf etdirmək üçün
gənclərin potensialından daha çox istifadə edilməlidir”. “Springer” nəşriyyatının
Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Sıtkı Aktaş,
Orta Şərq ölkələri üzrə
redaktoru Kris Bendal və digər qonaqlar
çıxış edərək Azərbaycanın elmi müəssisələrinin “Springer” xidmətlərindən səmərəli
istifadəsinin təmini, beynəlxalq elmi
jurnallarda dərc olunacaq
məqalələrə qoyulan tələblər
və digər məsələlər barədə məlumat
veriblər. Bundan əlavə, yüksək
keyfiyyətli məqalələrin hazırlanması, alimlərin
tədqiqatlarının, innovativ nəticələrinin
təbliği kimi mükəmməl imkanlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Palitra.-2013.-23
aprel.-S.13.