Heydər Əliyev və müstəqillik
illərinin elmi-ədəbi prosesi
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə edəndən sonra ictimai, siyasi və elmi-ədəbi mühit də yeni bir dövrə, eraya qədəm qoydu. Keçmiş sovet totalitar rejiminin dağılması, yeni azad düşüncənin, azad milli şüurun formalaşması prosesi zamanın bir nömrəli məsələsi kimi gündəmə gəldi. Əslində müstəqillik uğrunda mübarizə ideyası Azərbaycanda 50-ci illərin ortalarından başlayıb. Bu illərdə bütün sovetlər birliyində olduğu kimi, Azərbaycanda da özünəqayıdış, öz milli dərkinə sahiblik hissləri yavaş-yavaş baş qaldırmaqda idi.
Xüsusilə Azərbaycanın Xalq yazıçısı, milli düşüncə adamı olan və 1956-1958-ci illərdə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan Mirzə İbrahimovun 1956-cı ilin avqustunda xüsusi olaraq “Dövlət dili haqqında” qanun qəbul etməsi Azərbaycan ictimai şüurunda böyük canlanmaya səbəb oldu. O dövr ədəbi prosesində xalqı özünə, milli dəyərlərinə sahib çıxmağa çağıran bir sıra qələm sahibləri, xüsusilə Bəxtiyar Vahabzadə, yaradıcılığının ilk addımlarını atan Məmməd Araz, Xəlil Rza kimi şairlərin yaradıcılığında və yaradıcılığa 30-cu illərdən başlayan Rəsul Rza ədəbi fenomeninin 60-cı illər poeziyasında müstəqil düşüncə, müstəqil ideologiya meyilləri güclənməyə başladı. B.Vahabzadənin məşhur “Gülüstan” poemasını, X. Rzanın “Afrikanın səsi”, M.Arazın “Məndən ötdü, qardaşıma dəydi”, R.Rzanın “Rənglər” silsiləsi və s. kimi onlarla poetik nümunələr yeni dövr ədəbiyyatının, müstəqillik duyğusunun təzahürləri idi. X.Rza “Ədəbiyyat və incəsənət” qəzetinin 24 dekabr 1960-cı il sayında dərc etdirdiyi “Afrikanın səsi” şeirində sanki 90-cı illərin müstəqillik platformasını bəyan edib:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,
Qı-ram!
Qı-ram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm Günəş kimi!
Səma kimi!
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!
Gərək
deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!
B.Vahabzadə
isə hələ 1954-cü ildə yazdığı “Ana
dili”, sonralar 60-cı illərdə qələmə
aldığı və bu gün də poetik təravətini,
siyasi durumunu itirməyən “Latın dili” şeirlərində
xalqı dolayısı ilə dilinə, Vətəninə
sahiblənməyə çağırırdı. M.Araz da
B.Vahabzadəyə ünvanladığı “Məndən
ötdü, qardaşıma dəydi” şeirində
...Dibək
oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma əkiz qardaşınla.
Səndən ötən mənə dəydi.
Məndən
ötən sənə dəydi,
Səndən,
məndən, ötən zərbə
Vətən,
Vətən, sənə dəydi! -deyə
yazmaqla vətəndaş narahatlığını dilə gətirirdi.
Təbii
ki, poeziyamızda başlamış belə uğurlu irəliləyişlər
M.İbrahimovun “Böyük dayaq”, İ.Şıxlının
“Dəli Kür”, F.Kərimzadənin “Qarlı
aşırımlar”, “Xudafərin körpüsü”,
“Çaldıran döyüşü”, “Təbriz namusu” kimi nəsr
əsərlərində də geniş planda öz əksini
tapmaqda idi.
Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin
1969-cu ilin iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə
gəlişindən sonra ədəbi-ictimai, siyasi həyatımızda
müstəqil düşüncəyə, milli dövlətçilik
hisslərinə sahiblənmək yolunda çox mühüm
addımlar atıldı. Azərbaycan Yazıçılar Birliyinin
mütəşəkkil şəkildə qurultayları
keçirildi, milli düşüncəsi, məslək və
əxlaqı olan qələm adamları totalitar rejimin
qadağalarından qorundu, onların hər cür maddi və
mənəvi təminatı ön plana çəkildi.
Bu uzaqgörən siyasətçi, dövrün və
zamanın bütün kəsişən və kəsişməyən
nöqtələrini vaxtında və gərəyincə qiymətləndirən
Heydər Əliyev yaxşı bilirdi ki, gec-tez Azərbaycan
öz müstəqilliyinə qovuşacaq, xalq öz vətəninin,
sərvətinin sahibi olacaq. Xalqın Vətəninə,
geniş mənada özünə sahib çıxması
üçün birinci növbədə xalqda milli
oyanış yaratmaq, keçmişinə sahib çıxmaq
amirliyi əldə etmək lazımdır ki, bunun da yolu
yalnız bədii təfəkkürdən keçir. Ona
görə də Heydər Əliyev hələ 1981-ci il iyun
ayının 12-də keçirilən
yazıçıların VII qurultayındakı məruzəsində
təkcə Azərbaycan yazıçılarının yox,
Azərbaycan Yazıçılar Birliyinin sırasında
çiyin-çiyinə fəaliyyət göstərən Cənubi
Azərbaycandan gəlmiş qələmdaş
qardaşların taleyi ilə də maraqlanmağı, onlara
kömək əlinin uzadılmasını bir vəzifə
olaraq qarşıya qoyurdu. “Respublika
Yazıçılar İttifaqının tərkibində Cənubi
Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar
işləyirlər. Yaradıcılıq
ittifaqının rəhbərliyi onlara daima diqqət yetirməli,
onların əsərlərini respublikada və respublika
hüdudlarından kənarda geniş təbliğ etməlidir.
Ümumiyyətlə, bizdə toplanmış zəngin
bədii estetik təcrübəni qələm
yoldaşlarına vermək barəsində düşünmək
lazımdır.
50-ci illərin ortalarında ədəbi mühitdə və
ictimai-siyasi şüurda səpilmiş müstəqillik
toxumları 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində
nəinki cücərməyə, hətta bar verməyə
başladı.
Və bu düşüncənin nəticəsi
olaraq ədəbi prosesin yeni yön və istiqaməti müəyyənləşdi.
Baş memarı Heydər Əliyev olan azərbaycançılıq
məfkurəsi meydana gəlib ideologiya səviyyəsində
formalaşdı. İllərlə
dalğalanması yasaq olmuş və müstəqilliyimizin rəmzi
Azərbaycan bayrağı poeziyamızın, bədii nəsrimizin
baş mövzusuna çevrildi, Azərbaycan Dövlət Himni
yenidən xalqımızın dillər əzbəri oldu.
Böyük şəxsiyyət və zəka sahibi olan
Heydər Əliyevin xalqın tələbi ilə 15 iyun
1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi
və bu günün sonradan xalq tərəfindən Milli
Qurtuluş Günü kimi əbədiləşdirilməsi
bütün sahələrdə olduğu kimi, ədəbi
prosesdə də yeni bir canlanma yaratdı. Azərbaycanın bir
sıra bölgələrində Yazıçılar
Birliyinin filialı, şöbə və birlikləri
yaradıldı, yaşlı nəsil qələm sahiblərinə
Prezident təqaüdü, istedadlı gənc müəlliflərə
isə Prezident mükafatları verildi və müdrik şəxsiyyətin
ədəbi mühitə diqqəti və qayğısı
sayəsində həyata keçirilən bu mütərəqqi
ideyalar bu gün də dönmədən cənab Prezident
İlham Əliyev tərəfindən həyata keçirilir
ki, bu da ədəbi prosesin inkişafı üçün
öz töhfəsini verməkdədir.
Ümummilli
liderimiz 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər
Akademiyasında ziyalılarla görüşü zamanı
etdiyi məruzəsində dünənimizə işıq
salmaqla yanaşı, müstəqillik əldə etməyimizin
tarixi nailiyyətlərindən danışarkən deyirdi:
“Müstəqil dövlət olmaq üçün xalqın gərək
müstəqil mentalitet səviyyəsi olsun. Xalqın
mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil.
Bir çox nəsillərin işidir, bununla məşğul
olmaq lazımdır. Xalqımızın
böyük şəxslərinin həm
yaradıcılığı, həm də Azərbaycan
xalqı qarşısındakı xidmətlərini daim tədqiq
etmək, şübhəsiz ki, mühüm vəzifələrdən
biridir”. Və natiq fikrinə davam edərək ədəbiyyat
tariximizdə şərəfli yer tutan bir sıra tarixi, ədəbi
simaların yaradıcılıqlarına toxunaraq onların
xalq təfəkkürünün
formalaşdırılmasındakı müstəsna rolunu
yüksək qiymətləndirir: ”İndi
Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi
lazımdır. Təkcə ədəbi
baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan
lazımdır. Lakin bu əsərlər
lazımi səviyyədə nəşr olunmuşdurmu? Hüseyn Cavidi “Şərqin Şekspiri”
adlandırırlar. Ancaq onu Höte ilə
müqayisə etmək düzgün olardı. Əsərlərindəki
fəlsəfi fikirlərinə görə ola
bilsin, Cavidin “İblis” əsəri heç də “Faust”dan geri
qalmır. Ancaq biz belə inciləri lazımi qədər
qiymətləndirə bilmirik”.
Daim ədəbi
simalara hörmət və qayğı ilə yanaşan Heydər
Əliyev Xalq şairi Məmməd Arazın 60, Xalq
yazıçıları İlyas Əfəndiyevin 80,
Hüseyn İbrahimovun 75, İsmayıl Şıxlının
75, Hüseyn Abbaszadənin 75, Anarın 60 illikləri ilə əlaqədar
təbriklərində hər birinin
yaradıcılığına zərgər dəqiqliyi ilə
qiymət verir. Onların ədəbiyyatda və
ədəbi prosesdəki rol və xidmətlərini müəyyənləşdirir.
Məsələn, Məmməd Araza
ünvanlanmış təbrik məktubunda “...Qırx ildən
çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş
Azərbaycan poeziyasını zənginləşdirməkdədir.
Məmməd Araz istedadının, təfəkkürünün
məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə
yol taparaq özünə və sizə əbədi yaşamaq
hüququ qazandırıb” deyirdisə, Xalq
yazıçısı Anara təbrikində isə “...Siz
60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş
yazıçılar nəslinin görkəmli nümayəndələrindən
birisiniz. Müasirlərimizin zəngin mənəvi
aləmini, qayğı və problemlərini yüksək bədii
səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat
həvəskarlarının diqqət mərkəzində olub.
Bəşəriliklə milliliyin üzvi vəhdətini
təşkil edən çoxcəhətli
yaradıcılığınız cəmiyyətimizdə
milli şüurun aşılanmasına və
xalqımızın bir çox ölkələrdə
tanınmasına xidmət edib” kimi dəqiq nüanslarla şərtləndirirdi.
Ömrünü
məşəl kimi xalqının yolunda yandıran bu dahi
fikir və düşüncə adamının Xalq şairləri
Nəbi Xəzriyə, Mirvarid Dilbaziyə, Xəlil Rzaya, Zəlimxan
Yaquba, Xalq yazıçısı Yusif Səmədoğluna
ünvanladığı ürək sözlərində də
çağdaş ədəbi prosesin inkişafını və
bu inkişafda onların oynadığı əvəzsiz rol və
xidmətləri yüksək qiymətləndirir.
1993-cü illərin əvvəllərindən
başlayaraq Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi
nəticəsində birbaşa Heydər Əliyevin rəhbərliyi
ilə keçirilən bir sıra yazıçıların
yubiley və anım tədbirləri bütöv Azərbaycan
elmi və bədii düşüncəsinin parlaq göstəriciləri
idi. M.Füzulinin, H.Cavidin, C.Məmmədquluzadənin,
İ.Şıxlının, M.Arazın, X.Rzanın, B.Vahabzadənin,
M.H.Şəhriyarın, Z.Yaqubun və başqa qələm
sahiblərinin adı ilə bağlı olan tədbir və mərasimlərdə
bu dahi şəxsiyyətin hər bir
çıxışı ayrıca bir tədqiqat əsəri
idi.
Beş yüz ilə yaxındır ki, böyük
Füzuli türk və müsəlman dünyası ədəbiyyatı
tarixində əvəzolunmaz söz mülkünün
sultanıdır. Bu illər ərzində M.Füzuli ilə
bağlı istər Azərbaycan, istərsə də
dünya ədəbiyyatşünaslığında müxtəlif
dəyər və elmi miqyasına görə seçilən
araşdırmalar, tədqiqatlar aparılıb. Lakin 1994-cü ildən başlayaraq bu böyük sənətkarın
Azərbaycanda, Türkiyədə, Moskvada keçirilən
yubiley tədbirlərində ulu öndərimizin etdiyi təkrarsız
və bənzərsiz çıxışları onun öz
xalqının ədəbiyyatına, mədəniyyətinə
nə qədər qırılmaz tellərlə bağlı
olduğundan xəbər verir.
Ulu öndərin Füzuliyə verdiyi qiymət əbədi
və bəşəri düşüncənin təzahürüdür. Heydər
Əliyevə görə, M.Füzuli “Türk
dünyasının, Azərbaycan xalqının, türk
xalqlarının böyük şairi, mütəfəkkiri,
filosofudur”. “Füzuli irsinin qiyməti əvəzsizdir”
deyən siyasi mütəfəkkir onun
yaradıcılığının təsir gücündən
danışarkən deyir: “...Bəli Füzulinin 500 il öncə
yazdığı “Leyli və Məcnun” poeması əsasında
Azərbaycanın böyük bəstəkarı, dahi
insanı Üzeyir Hacıbəyov Şərq aləmində,
türk dünyasında ilk professional opera
yaratmışdır. Füzulinin əsərlərinin
təsiri altında Azərbaycan yazıçıları,
alimləri, bəstəkarları, rəssamları
böyük əsərlər yaratmış,
respublikamızın mədəniyyətini inkişaf
etdirmiş, dünya mədəniyyətinə böyük
töhfələr vermişlər. Bunların
hamısı Məhəmməd Füzulinin bizə bəxş
etdiyi böyük irsdir, Azərbaycan xalqının, türk
dünyasının, türk xalqlarının bu günü və
gələcəyi üçün böyük örnəkdir”.
Milliliyin və bəşəriliyin ecazkar nümayəndəsi olan Heydər Əliyev üçün Vətənin bir çınqılı, quru otu əziz və əvəzolunmaz olduğu kimi, bir qeyrətli misra, cümlə yazan fikir və düşüncə adamları da əziz və əvəzolunmazdır. Heydər Əliyev üçün əvəzolunmaz böyük yazıçı və şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir. Vaxtilə ulu öndərə verilən 21 sualın içərisindən ikisi bilavasitə Mirzə Cəlil yaradıcılığı ilə bağlı idi ki, bu da onun Mirzə Cəlil şəxsiyyətinə, yaradıcılığına olan böyük sevgisindən, məhəbbətindən irəli gəlirdi:
- Ən çox sevdiyiniz pyes?
- Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi.
- Ən çox sevdiyiniz jurnal?
- “Molla Nəsrəddin”.
Bir həqiqətdir ki, Azərbaycan müstəqillik
qazanandan sonra dünənimizə, uzaq keçmişimizə
daha aydın, məntiqli və mənalı şəkildə
bir qayıdış oldu.
(ardı gələn
sayımızda)a
Xanəli KƏRİMLİ
filologiya üzrə fəlsəfə doktoru
palitra.-2013.-24 aprel.-S.10.