Elektron xidmətlərin tətbiqi daşınmaz əmlakın qeydiyyatını sadələşdirib 

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Elektron portalın ictimai təqdimatı keçirildi. Təqdimatda komitənin, İKT sahəsində fəaliyyət göstərən və komitənin əməkdaşlıq etdiyi şirkətlərin, habelə daşınmaz əmlak bazarında fəaliyyət göstərən QHT və şirkətlərin nümayəndələri iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd komitənin vahid elektron portalda cəmləşdirilmiş elektron xidmətləri barədə vətəndaşların və biznes qurumlarının məlumatlandırılması və izahat işlərinin aparılmasıdır. Tədbirdə ƏMDK-nin göstərdiyi elektron xidmətlər, eləcə də yeni istifadəyə veriləcək 9 elektron xidmət haqqında məlumat verildi.

Qeydiyyat prosesi kifayət qədər intensivləşib

Ölkə başçısının 2011-ci ildə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı ilə bağlı bütün dövlət orqanlarının öz fəaliyyətlərini müasirləşdirməli olduğunu deyən ƏMDK aparatının rəhbəri İlqar Həbiyev bildirdi ki, bunun da əsas prinsipi şəffaflıq və aşkarlıq olmalıdır. Bildirildi ki, elektron xidmətlərin tətbiqi dövlət orqanları tərəfindən əhaliyə xidmət prosesində məmur-vətəndaş ünsiyyətini şəffaflaşdırmağa, vaxta qənaət etməyə, prosedurları sadələşdirməyə imkan verir. Qeyd edildi ki, Azərbaycan MDB məkanında “Elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı aparıcı ölkələr sırasındadır. Ölkə başçısı tərəfindən 2013-cü ilin “İKT ilielan edilməsi bu prosesə böyük təkan verib. İ.Həbiyev bildirdi ki, ƏMDK dövlət qurumu kimi son bir neçə ildə öz fəaliyyətinin tam şəffaflaşdırılması, müasir mexanizmlərin tətbiqi ilə bağlı uyğun tədbirlər görür: “Elektron xidmətlər öz-özlüyündə məqsəd deyil, ölkə başçısının təşkilatlar qarşısında qoyduğu mühüm tapşırığın icrası üsuludur. Elektron xidməti tətbiq etməklə əsas məqsəd vətəndaşlara daha yüksək xidmət göstərməkdir ki, bu da əsas prinsipdir. ƏMDK elektron xidmətlərlə bağlı artıq bir ildir ki, fəaliyyət göstərir. Elektron xidmətlərin tətbiqindən indiyədək keçən vaxt ərzində 3500-dən artıq müraciət daxil olub və baxılıb. Aparılan işlər nəticəsində qeydiyyat prosesi kifayət qədər intensivləşib. Müxtəlif neqativ hallara qarşı mübarizə daha da kəskinləşib və bir növ yolverilməz vəziyyətə gəlib. Çünki elektron xidmətlər belə halları tamamilə aradan qaldırmaq imkanına malikdir”.

Təqdimatda elektron xidmətlərin göstərilməsi proseduru və qaydaları əyani şəkildə nümayiş etdirildi. Bu işlərin davamı olaraq ƏMDK-nın fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlər əhalinin daha çevikrahat istifadə etməsi məqsədilə vahid portalda (e-emdk.gov.az) cəmləşdirilib. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 13 elektron xidmətlərlə bağlı bölmələr bu portalda yerləşdirilib. Portalda həmçinin qanunvericilikinzibati reqlamentlər, ərizə formaları, dövlət rüsumu haqqında, xidmət haqqı tarifləri, elektron imza, video çarxlar, nəşrlər, statistik məlumatlar kimi bölmələr, elektron xidmətlərdən istifadə qaydalarını əks etdirən materiallarvideo roliklər yerləşdirilib.

Komitə aparatının rəhbəri İlqar Həbiyev bildirdi ki, portalda informativinteraktiv tipli elektron xidmətlər təqdim olunub. Onun sözlərinə görə, komitə tərəfindən 2012-ci ilin mayından etibarən elektron xidmətlərin tətbiqinə başlanması nəticəsində qeydiyyat müddətləri əsaslı şəkildə azaldılıb. Resurs vətəndaşların "bir pəncərə" prinsipi üzrə elektron xidmətlər almasını təmin edir. İ.Həbiyev qeyd etdi ki, hazırda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı üçün elektron formada ərazi qeydiyyat idarələrinə müraciət edə bilərlər.

«Forma 1»i 1 günə almaq mümkündür

Aparat rəhbəri bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqi daşınmaz əmlakın qeydiyyatı və onunla bağlı əməliyyatların aparılmasını sadələşdirib, buna sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldıb və neqativ halları aradan qaldırıb. Onun sözlərinə görə, bütün bunların nəticəsində qeydiyyat prosesi intensivləşib: “Aparılmış işlərin nəticəsidir ki, artıq ölkəmizdə qeydiyyat prosesi kifayət qədər intensivləşib və müxtəlif neqativ hallara qarşı mübarizə daha da kəskinləşib: “Bu hallar yolverilməzdir. Çünki elektron imkanlar və xidmətlər bu tip məsələləri tamamilə aradan qaldırmaq imkanına malikdir”.

İ.Həbiyev qeyd etdi ki, daşınmaz əmlakın qeydiyyat müddəti 7 günə, məhdudiyyət arayışlarının («forma 1») alınması isə 1 günə endirilib: «Qeydiyyat, əsasən də təkrar bazarda alqı-satqı zamanı təqdim olunan sənədlər ən qısa müddətdə 7 gündən gec olmayaraq baxılır, bəzən vətəndaşları və mülkiyyət sahiblərini narahat edən «Forma 1» deyilən arayışlar artıq demək olar ki, müsbət baxış vəziyyətinə gəlib. Əgər hər hansı problem olmazsa, vətəndaşlar bu arayışı 1 gün ərzində də ala bilərlər. Hər hansı bir araşdırma tələb olunduqda isə 1-3 gün ərzində məsələlərə baxılır. Yəni əvvəlki kimi müddətlər tələb olunmur. Bu da göstərildiyi kimi, elektron xidmətlərin nəticəsidir». İ.Həbiyev bildirdi ki, elektron xidmətlərin tətbiq olunması üçün ƏMDK tərəfindən qeydiyyat sisteminin işi təkmilləşdirilib, sistem yeni texnologiya və avadanlıqlarla, eləcə də yeni binalarla təmin edilib.

O da vurğulandı ki, hazırda elektron xidmətlərin göstərilməsi üçün arxiv məlumatların elektronlaşdırılması prosesi gedir: “Çünki elektron xidmət göstərilməsi üçün məlumatın özü elektron formatda olmalıdır. Əks halda, hər hansı elektron xidmətdən söhbət gedə bilməz. Bu məlumat kağız üzərindədirsə, saralmış arxiv kağızındadırsa, əlbəttə ki, o məlumatı əldə etmək üçün çoxlu insanlar lazımdır, onu seçib hazırlamaq üçün isə çoxlu vaxt tələb olunur. Ona görə də məlumat bazasının elektron formata gətirilməsi bizim qarşımızda duran ən böyük məsələlərdən biri idi ki, biz artıq bunun həllinə nail olmaqdayıq. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq ki, nəticədə bütün elektron xidmətləri birbaşa tətbiq etmək mümkün olacaq».

Elektron xidmətlə ipoteka ilə bağlı müraciətlərin baxılmasında çevikliyə nail olunacaq

Aparat rəhbəri bildirdi ki, ötən il 4 elektron xidməti təqdim edilib və onlar artıq istifadə edilir: “Amma 9 elektron və 5-ə yaxın informativ xarakterli xidmət tətbiq edilir. Bu 9 elektron xidmətlər ipoteka bazarının inkişafı ilə bağlıdır. Ölkə başçısının apardığı sosial siyasətin mühüm istiqamətlərindən biri də vətəndaşların ipoteka ilə əhatə olunması, gənc, aztəminatlı ailələrin dövlət tərəfindən aparılan dəstəklə mənzillərin əldə etməsi məsələsidir ki, burada ipoteka böyük rol oynayır. Bu sahədə də işin aktivləşməsini nəzərə alaraq 6-7 əlavə elektron xidmətlə ipoteka ilə bağlı müraciətlərin baxılmasında çevikliyə nail olacağıq.

Digər elektron xidmətlər ünvan reyestri ilə bağlı olacaq. Çünki vətəndaşlar, qurumlar ünvanların alınmasında müraciətlər edirdilər və bu da kağız formatda təmin olunurdu. Lakin indi online rejimində vətəndaş birbaşa heç yerə getmədən öz ünvanı barədə təfərrüatlı məlumat əldə etmək imkanına malik olacaq”.

2013-2014-cü ilin əvvəllərində

ünvanlandırma işi tam olaraq başa çatacaq

Ünvan lövhələrinə gəldikdə isə İ.Həbiyev bildirdi ki, bu, ölkədə aparılan yeni ünvanlaşma qaydalarının bir məhsuludur: “Bakıda bir sıra küçələrdə yeni ünvan lövhələri vurulub. Bu ünvan lövhələri müasir dizayna, estetik görünüşə malikdir və əvvəlki lövhələrlə müqayisədə həm də şəhərə yaraşıq verir. Ünvan təyini ilə bağlı coğrafi məkana, kordinata bağlanır. Müvafiq texnologiyalardan istifadə edərək dəqiq şəkildə hansı ünvana getmək istəyiriksə, o ünvana optimal yolla gedib çıxmaq olar. Bu gün artıq Z.Əliyeva, H.Əliyev, Neftçilər, Bülbül, R.Behbudov prospektlərinə yeni ünvan lövhələri vurulub. Bakıda 2500-dən artıq küçə varparalel olaraq Gəncə və Sumqayıtda bu işlərə başlanacaq. 2013-2014-cü ilin əvvəllərində ünvanlandırma və ünvan vurulma işi tam olaraq başa çatacaq”.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-24 aprel.-S.12.