Bu, Elşad Səfərlidir!
Bu, Elşad Səfərli olmayıb kim olacaq ki? Hər kəs özü-özünü çox yaxşı tanıyır. Elşad Səfərli də. Ola bilsin ki, kimsə onu bir qədər təkəbbürlü, bir az özündən razı adam kimi tanıyır. Amma bu, qətiyyən belə deyil, çünki bu, Elşad Səfərlidir və onu mən yaxşı tanıyıram. O qədər söhbətləşmişik ki. O qədər şeir oxumuşuq ki, bir-birimizə.
Doğrudur, əvvəllər Elşad indikindən daha çox təvazökardı, amma sonra gördü ki, quru-quru təvazökarlıqdan kar aşmaz. Daha sonra yazdı ki:
Yetər təvazökarlıq
öz qədərincə olar,
Ucbatından küt gedib
nə qədər xoş arzular...
Bəli, Elşad Səfərli “küt gedən xoş arzularının ucbatından” bildi ki, doğrudan da, zaman təvazökarlıq zamanı, dövran təvazökarlıq dövranı deyil. Gördü ki, əgər səni görmürlərsə, özün-özünü görməlisən, özü də yaxşı görməlisən özünü. Və Elşad özünə təzə nəzər, yeni baxışla baxdı və özünü yenidən gördü:
Yetər təvazökarlıq,
kimdən pis yazdım görən?
Niyə öz söz “Mən”imdən
qürurla deməyim mən?..”
Əlbəttə, həyat mübarizədir, əgər mübariz olmasan və özündəki mübarizliyi zahirə çıxarmasan, görməyəcəklər səni, tanımayacaqlar səni, duymayacaqlar səni, səni ancaq sən görəcəksən və belə deyəcəksən:
Hələ qiymətini almayıb şeirim,
Ləl sözümü alan ləl vermir mənə.
Əlimdən ruzumu qapanlar belə,
Çətinə düşəndə əl vermir mənə.
Bağlanıb sənətə bəslədim hörmət,
Dedim: o ömrümə verəcək zinət.
Paxılı, xaini çoxalan sənət
Hələ ki, dərd verir, gül vermir mənə.
Qeyd olunmalıdır ki, Elşad Səfərli bir neçə şeir kitabının, həmçinin bir monoqrafiyanın, tədris proqramlarının, qırxdan çox elmi məqalənin müəllifidir. Filologiya üzrə fəlsəfə doktoru olan bu məhsuldar alim Lənkəran Dövlət Universitetində mühazirələr oxuyur, seminarlar aparır. O istər poeziyada, istərsə də elmdə öz sözünü deməyə çalışmış və demişdir də. Elşadın əsərlərini oxuduqca, artıq çoxdan püxtələşmiş bir şair-alim görürsən. Şair-alim, yoxsa alim-şair? Fərqi yoxdur. Elşad hər iki adla yaxşı tanınan istedad sahibidir.
Elşad Səfərlinin hələlik sonuncu yaşıl cildli “Bu, Elşad Səfərlidir” adlı kitabında 6 bölmə vardır: “Gizli axan bulaq”, “Hər şey sonra olacaq”, “Gərmətük balladası”, “Yalnız sevgi”, “Mən Petrarka deyiləm”, bir də “Poemalar”. Kitabdakı “Ön söz əvəzi” “Ruh gücündən doğulan istedad” yazıçı-publisist, ədəbiyyatşünas, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov, “Son söz əvəzi” isə “Bölgədə yaşayan ölkə şairi” şair-publisit, Beynəlxalq Türksoy, Qaracaoğlan və “Qızıl qələm” ədəbi mükafatlarının laureatı Ağacəfər Həsənli tərəfindən yazılmışdır. Kifayət qədər yaxşı tanınan iki imza. Hər iki müəllifin Elşada verdikləri yüksək qiymət. Allahverdi müəllim sözünün sonunda Elşadda təzahür edən istedadın ruh gücündən yarandığını bir daha vurğulayaraq bir filosofun fikri ilə öz sözünü tamamlayır: “Mən nə deyərdim? Elşad Səfərli cəsarətli, yaradıcı adamdır, inanmıram bu keyfiyyət onu tərk eləsin, çünki bu, onun varlığındadır. Necə ki, filosof S. Endlirin sözləri ilə yazıma nöqtə qoyuram: “Cəsarət qol gücündən deyil, ruh gücündən yaranır”. Ağacəfər Həsənli isə kitabın son sözünün əvvəlində iftixar hissi ilə yazır: “Vaxtilə Lənkəranda yaşayan, burada yazıb-yaradan Şəkər Aslana Xalq şairi Məmməd Araz üzünü tutub demişdi: “Sən bölgə şairi deyilsən, ölkə şairisən”. Elşad tərəddüd etmədən neçə il öncə Bakıda işini-gücünü atdı, Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətə başladı, filologiya üzrə fəlsəfə doktoru oldu, bir müddət paytaxtın xiffətini çəksə də, bədii yaradıcılığından qalmadı, dəyərli elmi məqalələrlə yanaşı, özünəməxsus ciddi poetik axtarışlar aparıb, yaxşı şeirlər, poemalar yazdı və bir daha təsdiqlədi ki, bölgəyə həqarətlə baxmaq düz münasibət deyil, Məmməd Araz demişkən, “Bölgədən də ölkə şairi çıxa bilər”.
Bəli, Elşad Səfərli bölgədən çıxdı və Musa Yaqub, Məstan Əliyev, Şəkər Aslan, Adil Qasımov, Məzahir Hüseynzadə, Vaqif Hüseynov kimi ölkə şairlərindən biri oldu, öz sözünü deməyi bacardı, imzasını oxuculara yaxşı tanıda bildi, elə özü demişkən “söz bazarçısı” olmadı, bəzi özündən razı təzə imza müəllifləri kimi “meydan sulamadı”:
Bazarın mübarək, söz bazarçısı,
Yaman aludəsən öz bazarına.
İndi ki, şeirə ucuzluq düşüb,
Matahını çıxart tez bazarına...
Yoxsa, söz uğrunda bir rəqabət var,
“Meydan sulamada təzə imzalar,
Kitab bağlayırsan sən də tezbazar,
Varam cəldliyinə, tezbazarına...
İmza var, şeirdə heç öz sözü yox,
İmza var, məddahlıq pozub - üzü yox,
Kiminsə sözünün qəti duzu yox,
Tutub göndərəsən duz bazarına.
Tənqidçilərdən yanğılıdır Elşad. Onları tənqid alovunda qarşılayır Elşad. Təbii ki, mövqesiz tənqidçiləri. Şair, yaxud nasir ola bilməyən və əlacsızlıqdan şairi də, nasiri də tənqid oxuna tuşlayan bəzi tənqidçilər Elşadın qaynar güllə hədəfləridir. Elə mən də bir vaxt 1989-cu ildə çap olunmuş “Yenə görüşərik” adlı kitabımın “Suallar” adlı şeirində demişdim:
Görəsən, ilk əğyar haçan doğulub?
Saf eşqi bürüyüb nə vaxt duman, çən?
Qədim dövrlərdə şair çox olub,
Bəs tənqidçi necə, olubmu görən?
Hazırkı dövrümüzdə “təmənnalı” tənqidçilərin sayı get-gedə çoxalır, amma Nizamidən bu yana, lap XIX yüzilliyədək ədəbi mühitimizdə tənqidçi görməmişəm, tənqid kitablarına təsadüf etməmişəm. “Mənim Belinskim”, “Bir tənqidçinin, əslində tərifçinin balladası”, “Karvanbaşı və naşı tənqidçi”, “Yorğan sırıyan qadın və tənqidçi haqqında ballada” adlı şeirlər Elşadın şair və nasirlərdən mənafe güdən və məddahlıq edən tənqidçilərə münasibətini özündə əks etdirir və şair üzünü onlara tutub belə deyir:
Puşkini tanıdan Belinski oldu,
Bu bir həqiqətdir, bilməyən kimdir?
Mənim Belinskiyə ehtiyacım yox,
Mənim Belinskim öz şeirimdir.
Şair Elşad Səfərli şeir yazmaqdan ötrü bəzi şaircığazlar kimi gecə-gündüz rədif-qafiyə axtarışına düşmür, mövzu tapmaqdan ötrü onun-bunun kitabını ələk-vələk etmir, söz oğurluğuna girişmir. Qısaca desək, Elşad mövzunu yox, mövzu Elşadı tapır. “Qısaboylu armud kolundan bitən cır armud” da, “Yorğan sırıyan qadının yorğan-döşəyə yun yerinə pambıq sırıması” da, “Modernist şeir oğruları” da, “Ağlayan timsaha oxşayan balta” da, “Vəzifə daşı olub başa dəyən” əlhət daşı da, “Ələ baxan tulaları” da, “Baramadan çıxan kəpənək” də Elşadın mövzu obyektləridir. “Barama qurdu” bu günlərdə elə mənim özümün də mövzularımdan biri oldu və cəmi-cümlətanı dörd misradan ibarət bir “poema” adlandırdığım şeir yazdım:
Tut yarpağıydı yurdu,
Qurd qəbir toxuyurdu...
Öz ipək kəfənində
Öldü barama qurdu.
Bir neçə kəlmə də başqa şairlərin heç toxunmadıqları, bəzilərininsə ara-sıra “xalaxətrinqalmasın” deyərək yada saldıqları sonet və hayku (xokku) janrları və Elşadın onlara münasibəti haqqında. XX əsrin ortalarında sonet yazan şairlərimiz vardı. Əsrin sonlarında hayku yazanlar da oldu. Əlbəttə, belə halı yalnız alqışlamaq olar. Nə olsun ki, sonet Avropada, hayku Uzaq Şərqdə - Yaponiyada yaranıb. Vaxtilə qəzəl də Ərəbistanda meydana çıxmışdı, lakin uzun əsrlərdir ki, qəzəl janrımız mövcuddur və bu gün də onun parlaq nümunələri yazılmaqdadır. Sonet və hayku janrları da eləcə. Şairlərimiz sonet də yazırlar, hayku da. Lakin bu gün həmin janrlara “mən də sonet və hayku yaza bilirəm” iddiası ilə girişən “üzdəniraq” qələm sahibləri ortaya çıxmaqdadır. Lakin onların nə soneti sonetdir, nə də haykuları hayku. Bizim Elşad da bu iki şeir növünə meyl edən şairlərdəndir. Amma, onu başqaları ilə qətiyyən müqayisə etmək olmaz. Elşad predmeti bilmədən, sonet və haykunun mahiyyətini dərk etmədən qələmə əl atanlardan deyil. Elşad Şekspiri də, Petrarkanı da, Müşfiqi də düşünə-düşünə oxuyan və müvafiq şeirlərini yazanlardandır. O, hazırda sonetlə bağlı doktorluq dissertasiyası üzərindəki işini davam etdirir. Öz sonetlərinin birində “Mən Petrarka deyiləm, heç ola da bilmərəm” misrasını yazan Elşad həmin şeirin sonunda “Azərbaycan Petrarkası” olmaq niyyətini (iddiasını!)” belə ifadə edir:
Təkcə Lauram çatmır,
di gəl ki, öz Sevdam var,
Bu sevdadan
bitişər sinəmdə
lap min
yaram.
Barı
kamala yetən
sevgimdən qoy alım kam.
Sənətdə
yer uğrundə mənim də iddiam var,
Bundan
ilhamlanaram,
min yol
qürur duyaram,
Azərbaycan şeirinin Petrarkası sayılsam.
Ümumiyyətlə, sonet
yaradıcılığını unutmayan Elşad son vaxtlarda
hayku janrını, demək olar ki, yaddan
çıxarmışdır. Əvvəllər isə o, bu
şeir növündə uğurlu nümunələr
yaratmışdı:
Göyün
sinəsinə
Kimsə əl
atıb,
Dırnaq
yeri qalıb
Yaxşı
deyib, vallah! Diqqət yetirin: Göyün sinəsində yenicə
doğmuş ayın dırnağa bənzər
görüntüsü!
“Bu, Elşad Səfərlidir” kitabının 90 səhifəsini
əhatə edən böyük bölməsində iki poema
var. Şair birinci poemasını böyük rus şairi
Mixail Lermontova, ikincisini isə mərhum qardaşı Elxana həsr
etmişdir. Mixail - Yuri Petroviç Lermontovun oğlu, Elxan isə
Elşad Səfərlinin qardaşıdır, Vadimin
atasıdır. Hər iki itki şairin
ağrısıdır, istər rus olsun, istərsə də
azərbaycanlı. Vaxtsız-vədəsiz
gələn itki. Əlbəttə, itkilər
çoxdur, amma hər itkiyə şeir yazılmaz. İtki şeirini yazmaq üçün sarsılasan
gərək, ağlayasan gərək və gücün əgər
şairsənsə, gərək qələmə çata.
Qələm də ki sənə
bağlıdır, sənin istəyindən sözündən
asılıdır. Lap elə Elşadın qələmi
kimi. Bəli, Elşad iki itkiyə iki poema yazdı: Yuri
Petroviçin oğul itkisinə, özünün qardaş
itkisinə...
Elşad Səfərli qızğın mütaliəçidir,
yorulmadan oxuyur.
Oxuyur və oxuduğu kitab yazarlarını
dönə-dönə xatırlayır. Xatırlayır
və onların adlarını bir-bir şeirlərində
sadalayır, misralarına gətirir. Gətirir
və qazanır, şeir qazanır. İtirməyə
nə var ki? Elşadın bu kitabında
kimlər xatırlanmır? Dante, Petrarka, Canni Rodari,
Puşkin, Lermontov, Belinski, Pasternak, Svetayeva, Yevtuşenko, Nəsimi,
Xətai, Sabir, Mirzə Cəlil, Aşıq Qurbani, şair
Abdulla bəy Asi, xan qızı Ağabəyim ağa, Tofiq
Fikrət, Ələkbər Müşiri, Səlimi, alimlər
Məmməd Cəfər, Məmməd Arif, Nizami Hikmət, Xəlil
Rza Ulutürk, Rəsul Rza, Əli Kərim, Vaqif İbrahim,
Hüseyn Arif, Şəkər Aslan, Məmməd Aslan, Vaqif Səmədoğlu,
Vaqif Yusifli, Ramiz Rövşən, Salam Sarvan, Qardaşxan Fərzi,
Hüseyn Həşimli, Ağacəfər Həsənli, Məzahir
Hüseynzadə, Allahverdi Eminov, Rübail Allahverdiyev, Şəddad
Cəfərov, Şahin Fazil və s. müəlliflər.
Mən hələlik bu kiçik məqaləmlə
kifayətlənirəm. Elşadın bu kitabı haqqında kitab
yazmaq olar. Uğurlu şeirlər toplusudur
bu kitab. Daim axtarışdadır Elşad.
Axtarır və tapır. Söz
tapır, fikir tapır, mövzu tapır Elşad. Əziz oxucu, bir şeirə diqqət yetir.
Hal-hazırda bu real aləm və dünyada yaşayan, yaradan
Elşad o biri dünyanı da xatırlayır və
xatırladır, “ Bizim o dünyalıq
ağrımız da var” adlı şeirini ərsəyə gətirir
ki, məzmunu belədir: Şair bir gecə yuxuda anasını
görür. Ana onu səsləyib deyir: “Məzarda yatmaqdan
belim ağrıyır, oğul, məni gəl, ayağa
qaldır”. Elşad oyanır və mərhum anasına bir
şeir yazır:
Can ana!
Məni səsləmisən, mən sənə qurban.
Axır mənzilində
yatmaqdan bezib,
Məzarda
ağrıyan belinə qurban...
Gorda da rahatlıq yoxmuş, eləmi?
Sözün
bu sirri də mənə anladar:
Belin
ağrıyırsa, demək, qabaqda
Bizim o dünyalıq ağrımız da var”.
Necə də kövrək, səmimi, təsirli misralar,
dəyərli misralar. Elşad şeirlərinin dəyərini
bilən şairdir. Elə buna görə
də ruhdan düşmür və yazır. Yazır və bilir ki, dəyəri haçansa bilinəcək,
lazımi qədər qiymətləndiriləcək.
Yazır və bədbinliyə qapılmadan deyir:
Paxıl
var istəmir görünsün yerim,
Üzə çıxmağa da qoymur boy verim.
Min
düşmənim olsa, gün gələr şeirim
Qiymətini alar öz dəyərində.
Mən də sənin kimi düşünürəm,
Elşad. Dəyərin
bilinəcək!
“Bu, Elşad Səfərlidir” kitabını oxuyub eyni
adda şeir yazası oldum. Mən bu şeirimlə
Elşadın kitabının qiymətini, elə
özünün dediyi kimi, “öz dəyərində” verməyə
çalışmışam:
Dəyişilməz
qalıbdır
əzəldən indiyəcən,
Doğmasıdır
Lənkəran,
əzizidir Daşkəsən,
Bakı
da ona Vətən,
Şəki
də ona Vətən,
Şahdağlı,
savalanlı,
Arazlı,
Xəzərlidir,
Bu, Elşad Səfərlidir.
Dolanır
müəllim tək,
sərvətlə məst olmayır,
Çox əsər
yazıbsa da,
şöhrətlə məst olmayır,
Vurğunsa
da yerinə
yerlipərəst olmayır,
Qubalı,
dərbəndlidir,
Qaxlı,
kəlbəcərlidir,
Bu, Elşad Səfərlidir.
Şeirlərinin
çoxu
bütöv Vətən haqdadır,
Hərdən
də sevgi haqda,
gül
və çəmən haqdadır,
Hayku da
yazmaqdadır,
sonet də
yazmaqdadır,
Şeirdə
hünərlidir,
elmdə
dəyərlidir,
Bu, Elşad Səfərlidir.
Yaxşı
deyir yaxşıya,
pisdir
pislərə qarşı,
Mətinliklə
cəng edir
çox
xəbislərə qarşı,
Təmizlikdən
dəm vuran
natəmizlərə qarşı
Qapısı
qıfıllıdır,
ürəyi çəpərlidir,
Bu, Elşad Səfərlidir.
Zəhmətiylə
çevirir
gecəsini gündüzə,
Yamsılamır
heç kəsi,
fikirləri təptəzə,
Kirpiyini
qırpmadan
sözü şax deyir üzə,
Sınar,
amma əyilməz,
ürəkli, ciyərlidir,
Bu, Elşad Səfərlidir.
Həmişə
uyğun gəlir
meyli ilə
imkanı,
Yazıb-pozur,
yaradır,
fövtə vermir bir anı,
Mən
belə tanıyıram
bu
möhtərəm insanı,
Çox
bəla çəkib başı
qəzavü qədərlidir,
Bu, Elşad Səfərlidir.
Özünə
müdrik demir,
müdrik
yaşa dolsa da,
Şadyanalıq
eləmir
arabir
şad olsa da,
Adına
uymasınlar,
adı
Elşad olsa da,
Daim fikir-xəyallı,
Şahin tək kədərlidir,
Bu, Elşad Səfərlidir,
Bu, Elşad Səfərlidir!!!
Şahin FAZIL
tarix elmləri doktoru,
professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra”
ədəbi məclisinin sədri
palitra.-2013.-25 aprel.-S.12.