“Teatrlar əyləncədən
daha çox maarifləndirici
missiyanı yerinə yetirməlidir”
“Naxçıvan teatrı
yarandığı gündən bəri
tamaşaçıları öz arxasınca aparmağa
çalışıb, bizim repertuar siyasətimiz də bu
istiqamətdə qurulub”
Layihə çərçivəsində
müsahibimiz Naxçıvan Dövlət Musiqili Dram
Teatrının direktoru, Xalq artisti Kamran Quliyevdir:
-İlk dəfə
1883-cü ildə Mirzə Fətəli Axundovun
“Müsyö Jordan və
Dərviş Məstəli şah cadükün” əsərinin Hacı Nəcəf
Zeynalovun evində tamaşaya
qoyulması ilə Azərbaycan teatrının bir
qolu olan
Naxçıvan teatrının əsası qoyulub.
Tamaşanı isə Eynəli bəy Sultanovun
rəhbərliyi ilə mütərəqqi Naxçıvan
ziyalılarının yaratdığı “Müsəlman incəsənəti
və dram cəmiyyəti” səhnələşdirmişdi.
Ardınca M.F.Axundovun “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran
xanının vəziri”, “Hacı Qara”
komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”,
Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir
şah” və s. əsərlərinin
səhnə versiyaları təqdim olunub. 1922-ci ildə
isə teatra Dövlət Musiqili Dram Teatrı statusu verilib. Bu teatrda
istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişib.
1965-ci ildə isə teatra Cəlil Məmmədquluzadənin adı
verilir və bununla teatr bir
az çiçəklənir.
Ötən illər ərzində
teatr dramatik əsərlər, komediya janrında olan tamaşalar, eyni zamanda musiqili komediyalar, operettalar, operalar tamaşaya qoyub. O dövrdə də Naxçıvan teatrının qastrol siyahısı çox zəngin idi. Teatr Dağıstanda, Gürcüstanda, Bakı şəhərində öz
tamaşalarıyla çıxış
edib. 70-cb illərdə
teatrımız daha da genişlənməyə
başladı, uğurlarının
sayı artdı.
Naxçıvan teatrında rejissor
Vaqif Əsədovun hazırladığı Sofokelın
“Elektra” tamaşası o zaman
Mərkəzi Televiziya
ilə nümayiş olunmuşdu. Bu hadisə Azərbaycan teatrları arasında ilk Naxçıvan teatrında
baş verib.
- Qastrol səfərləri ilə
bağlı nə deyərdiniz?
- Müstəqillik illərində
isə teatr artıq beynəlxalq festivallarda çıxış
etməyə başladı.
Bizim bir çox ölkələrə dəvətlərimiz
olub. Türkiyənin müxtəlif şəhərlərində
keçirilən festivallarda
iştirak etmişik.
İranda dəfələrlə səfərdə olmuşuq.
Son səfərlərimizdən
2007-ci ildə Dənizlidə
keçirilən Teatr
festivalı, 2012-ci ildə
Tartus şəhərində
keçirilən Türk
dünyası teatr günlərində iştirakımızı
qeyd edə bilərəm. Digər səfərlərdən
fərqlənən bir
səfər də
TÜRKSOY-un təşkilatçılığı
ilə baş tutub. Səfər çərçivəsində Ankarada oynadığımız
tamaşa azərbaycanlılar,
orada təhsil alan azərbaycanlı
tələbələr tərəfindən
maraqla qarşılanıb.
Qastrol səfərləri teatr kollektivləri üçün
önəmli olan amillərdəndir. Ona görə
ki kollektiv yeni auditoriya qarşısına çıxır,
səfərdə olduğu
bölgədə yaşayan
sənətkarlarla fikir
mübadiləsi aparmaq
imkanı əldə edir, özünə, işinə kənar gözlə baxa bilir. Teatrımız ölkəmizin bir
çox bölgələrində
qastrol səfərlərində
olub. Sonuncu dəfə Gəncə,
Qazax, Şəmkir və Gədəbəydə
olduq. Bu il teatrımız 130 yaşını qeyd edəcək. İl başlayandan biz də yubiley tədbirlərimizə
start vermişik. Silsilə tədbirlər
çərçivəsində muxtar respublika ərazisindəki 7 rayonda həm teatrın tarixi ilə bağlı görüşlər
keçirəcək, həm
də tamaşalarımızı
nümayiş etdirəcəyik.
Naxçıvan televiziyasında teatrın
tarixinə, ayrı-ayrı
sənətkarların yaradıcılığına
həsr edilmiş silsilə verilişlər
hazırlanır.
- Teatrın repertuarında hansı tamaşalar yer alır?
- Teatr tarixən həm romantik, həm də realist istiqamətdə inkişaf
edib. Teatrın repertuarında dünya
və Azərbaycan klassiklərinin əsərləri,
müasir dramaturqların
musiqili əsərləri
əhəmiyyətli yer
tutur. Direktor deyir ki, teatr repertuar tərtib edilərkən konkret əsərin ilk təqdimatçısı olmağa
çalışır. “Ötən il
də bu ənənəni davam etdirdik. İlin ilk tamaşası Şəfayət Mehdiyevin
“Mirzə Fətəli”
əsəri əsasında
hazırladığımız eyniadlı tamaşa oldu. Tamaşa böyük ədibin
200 illik yubileyinə həsr olunmuşdu. Premyerada Azərbaycanın tanınmış
ziyalıları və
millət vəkilləri
iştirak etdilər.
Nazim Hikmətin “Kəllə” faciəsi, görkəmli şair-dramaturq
Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar olaraq “Şeyx Sənan”, akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar
və talelər” kinossenarisi əsasında səhnələşdirilən tamaşalar da maraqla qarşılandı.
Sonuncu tamaşa M.C.Cəfərovun
bədii yaradıcılıq
məhsulunun ilk dəfə
geniş auditoriyaya təqdim olunması, eyni zamanda böyük
ədib Cəlil Məmmədquluzadənin həyatının
bu günə qədər açılmayan
tərəflərini işıqlandırmaq
baxımından diqqətçəkəndir.
Bütün bunlarla teatrın
ən çox müraciət etdikləri
mövzusu var. Bu da Naxçıvan tamaşaçılarının
xüsusi özəlliyi
ilə əlaqədardır.
Teatrlar əyləncədən daha
çox maarifləndirici
missiyanı yerinə yetirməlidir. Əgər tamaşaçı
zaldan çıxdıqdan
sonra tamaşanın təəssüratı ilə
yaşamırsa, deməli,
teatr qarşısına
qoyduğu məqsədə
nail olmayıb. Naxçıvan teatrı yarandığı
gündən bəri tamaşaçıları öz
arxasınca aparmağa
çalışıb. Bizim repertuar siyasətimiz də məhz bu istiqamətdə qurulub. Müstəqillik illərində biz repertuarımızı daha
çox tarixi əsərlər üzərində
qurmuşuq. Səbəbi isə tamaşaçılarımızla
bağlıdır. Naxçıvan tamaşaçılarını digər tamaşaçılardan
fərqləndirən əsas
cəhət tarixi tamaşaları, ciddi janrda qoyulan əsərləri daha çox sevməsidir.
Onlar bizdən məhz bu cür tamaşalar
tələb edirlər.
Biz tamaşalardan sonra tamaşaçı rəyini öyrənirik, bəzən yazılı şəkildə onlardan təkliflər alırıq.
Bu qayda elə
əvvəldən bizim
teatrda var. Tək Naxçıvan teatrı deyil, bura qastrola
gələn teatrlar da tarixi tamaşalarla
gələndə tamaşaçılar
ikiqat sevinir. Ona görə də biz repertuarımıza daha çox tarixi, xüsusən də, Azərbaycanın dövlətçilik
tarixindən bəhs edən əsərlər daxil edirik. Hazırda Nəriman Həsənzadənin “Atabəylər”,
“Pompeyin Qafqaza yürüşü”, Nəriman
Nərimanovun “Nadir şah”,
Hüseyn Cavidin “Topal Teymur”, “Səyavuş” və kimi əsərləri repertuarımızda yer alır. Ötənlərdə iki tamaşanı
təhvil vermişik.
Onlardan biri Çexovun “Russayağı evlənmə”,
digəri İslam Səfərlinin “Göz həkimi” tamaşalarıdır.
Hər iki tamaşa çox böyük maraqla qarşılandı.
Hazırda Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”,
Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” və Çingiz Aytmatovun “Manqurt” əsərlərini səhnələşdiririk.
Hazırda tamaşanın məşqləri
gedir”.
- Teatr truppasında aktyor problemi varmı?
- İndi biz ən müasir tələblərə cavab verən yeni binada fəaliyyət göstəririk. İşıq, səs sistemləri, səhnənin texniki avadanlıqları bizə daha mükəmməl səhnə tərtibatları ilə seçilə bilən tamaşalar hazırlamaq imkanı verir. Aktyorların qrim otaqları ən müasir avadanlıqlarla təmin edilib. Bütün avadanlıqlar İtaliyadan gətirilib. Bu, bizə stimul verir. Truppamız çox güclü, əməksevərlərdir. Bizə dəvət olunan rejissorlar da bunu təsdiq edirlər. Truppamızı həm yerli kadrlar, həm də vaxtilə İncəsənət Universitetindən gələn aktyorlar hesabına formalaşdırmışıq. Ən cavan aktyorun 21, ən yaşlının 66 yaşı var. 4 ildir ki, teatrın nəzdində Mədəniyyət və Turizm Nazirliyinin “Təməl” teatr studiyası fəaliyyət göstərir. Bu sənətə marağı olan gəncləri müsabiqə yolu ilə studiyaya qəbul edirik, təcrübəli aktyorlarımız onlara bu sənətin nəzəri və praktik tərəflərini tədris edir. İkiillik kursu bitirən gənclər arasından istedadlılarını seçib aktyor truppasına qəbul edirik. Artıq studiyanı bitirən gənclərdən 5 nəfər kollektivə qəbul edilib, 3 nəfər isə Naxçıvan Dövlət Universitetinin aktyorluq fakültəsində oxuyur. Yeri gəlmişkən, hazırda teatrda 33 aktyor fəaliyyət göstərir.
-Tamaşaçı
sayı sizi qane edirmi və
bilet satışı
sistemi necə qurulub?
- Bütün Azərbaycanda
olduğu kimi Naxçıvan teatrı da tamaşaçı qıtlığından əziyyət
çəkir. Hazırda bu problem teatrın
ən böyük və birinci problemidir. 70-80- ci illərdə olan tamaşaçı marağı indi yoxdur. Amma bölgələrə nisbətdə bizdə bir qədər vəziyyət yaxşıdır.
Burada 3 ali
məktəb fəaliyyət
göstərir, Naxçıvan
Dövlət Universitetinin
5 mindən yuxarı tələbəsi var, eləcə də digərlərində çoxlu
sayda tələbələr
təhsil alır. Kolleclər var, ziyalı potensialı, yaradıcı
təşkilatlarla qurduğumuz
əlaqələr sayəsində
tamaşaçımız olur.
Bizdə mərkəzləşmiş
kassa sistemi yoxdur, ona görə
biz təşkilatlar, ali təhsil ocaqları ilə birbaşa əlaqə yaradırıq. Teatrın öz kassasında
da biletlər satılır. Axşam tamaşaları
üçün biletin
qiyməti 3 manat, gündüz tamaşaları
üçün 2 manatdır.
Orta məktəblərə bilet
satmırıq. Çünki Naxçıvanda həm uşaq teatrı, həm də kukla teatrı fəaliyyət göstərir.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-26 aprel.-S.11.