“Rəqəmsal foto
lentlə çəkilən fotoya uduzur”
Mirnaib Həsənoğlu: “Ən böyük problem odur ki, fotoqrafiya
Azərbaycanda incəsənətin yaradıcı növü kimi qəbul olunmur”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin
sədri Mirnaib Həsənoğludur:
- Bu gün Azərbaycanda fotoqrafiya gənclərin həyatının ifadə vasitəsinə çevrilib. Bu, bəlkə də fotoqrafiya sənətinin insanları birləşdirən, onları dünyaya başqa baxış bucağı ilə baxmağa vadar edən ayrılmaz hissəsidir. Xüsusilə qeyd edim ki, hazırda fotoqrafiyanın inkişafına təkan verən, insanları bu sənətə yönəldən əsas təkanverici qüvvə məhz sosial şəbəkələrdir. Sosial şəbəkələr qorxusuz, qaydasız foto ilə məşğul olan insanlar üçün məkan rolunu oynayır. Bu prosesin son illər artmasına gəldikdə isə buna təkan verən rəqəmsal texnologiyaların fotoqrafiyada sürətlə istifadə olunmasıdır. İndi insanlar bir düyməni basmaqla foto alır. Bu, insanlara sevinc gətirir, əhvali-ruhiyyəsini yüksəldir. Doğrudur, rəqəmsal kino kinematoqrafiyada hələ də mübahisə və müzakirə mövzusudur. Bu, fotoqrafiya sahəsində də elədir. Bu gün yalnız adi lentə çəkən fotoqraflar da var, rəqəmsal texnologiyalardan istifadə edib foto çəkən fotoqraflar da. Lentə çəkən fotoqraflar limitli lent sayından istifadə etdiklərindən sanki hər zaman çərçivədə olurlar. Ona görə onlar nəyi axtardıqlarını daha dəqiqliklə bilir və ancaq onu tapan kimi çəkməyə başlayırlar. Amma rəqəmsal fotoaparatla istədiyin vaxt, istədiyin qədər foto çəkmək imkanı olur. Amma dünyada da təsdiqlənib ki, bütün hallarda rəqəmsal foto lentlə çəkilən fotoya uduzur.
-Hazırda
ölkədə peşəkar fotoqrafiyanın mövcud
vəziyyətilə bağlı nə deyərdiniz?
- Azərbaycanda ilk foto 1860-cı ildə çəkilib. XIX əsrin 60-cı illərində Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvlərindən biri kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakının dənizdən görüntülərindən Azərbaycanın foto sənətinin tarixi başlayır. Fotoqrafiyada ilk əvvəl çalışan fotoqrafların milliyəti xarici olub. Azərbaycanda fotonun inkişafı həm səyyah fotoqrafların, həm də fotostudiyaların yaranmasıyla əlaqədardır. O studiyalarda Şirinbala, Cicco, Əzizbala adlı fotoqraflar fəaliyyət göstərib. Ölkəmizdə fotoqrafiyanın təbliğində mühüm rol oynayan adamlardan biri də Mişondur. O, 1894 -cü ildə Bakı Fotoqraflar Dərnəyini rəsmən qeydiyyatdan keçirib. Sizə deyim ki, həmin dərnəyin nizamnaməsi heç də müasir birliyimizin nizamnaməsindən fərqlənmir. Amma bu gün Azərbaycan fotoqrafiyasının qarşısında çox böyük problemlər dayanıb. İndiyə kimi bizdə fotoqrafiya haqqında yalnız bir diplom işi yazılıb. Bu da onu göstərir ki, bizim foto sənətimiz demək olar ki, araşdırılmayıb. Müasir dövrdə Azərbaycan fotoqrafiyası haqqında heç bir sənətşünas, tənqidçi nə yazır, nə araşdırma aparır, nə öz fikrini bildirir.
Azərbaycanda fotoqrafiya haqqında təhsil verən heç bir qurum yoxdur. Son dövrlərdə iki nəfər (biri Polşada, o biri Çexoslovakiyada) fotoqrafiya üzrə təhsil alıb. Maraqlısı da odur ki, işə götürərkən heç kim fotoqraflardan sənəd tələb etmir. Çox təəssüf ki, fotojurnalistika hələ də sovetlərin mirasıyla davam edir. Fotojurnalistin çəkdiyi fotoları redaktə edən fotoredaktorlar olmalıdır.
Ən böyük problem isə odur ki, fotoqrafiya Azərbaycanda incəsənətin yaradıcı növü kimi qəbul olunmur. Dünya muzeylərində fotoqrafların işi sənət əsəri kimi alınıb, fondlarda saxlanılırsa, bizim fondlarda saxlanılan fotolar yalnız texniki sənət formasında təzahür edir.
Hesablamalarımıza görə, Bakıda 5 min adam foto çəkir və “Facebook”da özlərini fotoqraf adlandırır. Bilirsiniz, əgər onlar çiyinlərində fotoaparat gəzdirib, foto çəkib pul qazanırsa, bəs özünə nə ad verməlidir? Amma başqa məsələ də var. Bütün bu bolluqda insanlara elə gəlir ki, hər bir adam fotoqraf ola bilər. Bəli, hər bir adam foto çəkə bilər, amma fotoqraf ola bilməz. Fotoqraf olmaq üçün bu dünyaya başqa gözlə baxmaq lazımdır. İndi toy və qlamur fotoqrafiya çox dəbdədir. Çünki yaxşı pul gətirir. İnandırım sizi, bu templə getsək, iki ildən sonra toy foto biznesi öləcək və bu sahədə də böyük pullar qalmayacaq.
-Bu
istiqamətdə Fotoqraflar Birliyi
hansı addımlar atır?
-Biz nəsə etməyə çalışırıq. Birliyimizin də əsas məqsədi Azərbaycanda fotoqrafiya sənətini təbliğ etmək, bu sənəti incəsənətin bir dövrü kimi tanıtmaq, fotoqrafiya vasitəsilə informasiya yaymaqdır. Birlik Rəfael Qənbərovun rəhbərliyi altında iki beynəlxalq foto festivalı keçirib, ölkəmizə 40-a yaxın fotoqraf işləri gətirilib, 30 fotoqraf Azərbaycana gəlib. Təəssüf ki, üçüncü festivalı keçitməkdə acizik. Yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak edib. Sərgilərdən 30-u xaricdə baş tutub. (AFB, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Belçika, Ukrayna, Yunanıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s.) Məsələn, ötən il Çelyabinskidə altıgünlük “Dolqoye exo voynı” adlı fotosərgi keçirtdik. Bu sərgi Fotofest-2012 festivalı çərçivəsində təşkil olunmuşdu. Tamaşaçılar tərəfindən maraqla qarşılandı. 2012-ci ilin oktyabr ayında isə AFB Daşkənddə keçirilən altıncı Beynəlxalq Fotosərgidə iştirak etdi. Hətta deyim ki, sərginin münsiflər heyəti tərkibində Azərbaycandan gəlmiş fotoqraf Fərid Məmmədov da yer alırdı. Azərbaycan “Eksperimental foto” nominasiyasında bürünc medala layiq görüldü.
-Azərbaycan
fotoqrafiyası və fotoqrafçılar xaricdə tanına bilirmi?
- Bəlkə də Dağıstanda Azərbaycan fotoqrafiyası haqda məlumat yoxdur. Türkiyədə də həmçinin. Çünki təbliğat yoxdur. Amma sizə deyim ki, 1995-ci ildə Fransanın Nant şəhərində keçirilən festivalda 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu. Fotoqraflarımız yaradıcılıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. O sərgi hazırkı birliyi yaratmağa böyük təkan verdi.
Son dövrlər xaricdə tanınan fotoqrafımızdan Rəna Əfəndi, Sənan Ələsgərovun adını çəkə bilərəm. Rəna Əfəndi vaxtilə ilk addımlarını bizim birliyimizdən atıb. İndi o xaricdə yaşayır, dünya agentlikləri ilə işləyir, çəkdiyi fotolar bütün dünyada tanınır. Sənan Ələsgərovun adı isə hələ sovetlərin vaxtından xarici sərgilərdən, şəxsi kolleksiyalardan eşidilirdi.
-Fotoqrafiya evi yaratmaq istəyirdiniz. Həmçinin Azərbaycan fotoqrafiyasının tarixini də bir kitab halında çap etdirmək niyyətiniz var. Bu istiqamətdə işlər hazırda hansı vəziyyətdədir?
-Bizim o layihə gündəmdədir və daha da aktuallaşıb. Bu layihə kommersiya deyil, dövlət tərəfindən dəstəklənməlidir. Fotoqrafiya evi bu sənətin tədrisini, arxivini, təbliğini, kursunu, texniki və foto muzeyini özündə əks etdirəcək. Bununla bağlı rəsmi qurumlara məktubla müraciət etmişik. Düşünürük ki, Fotoqrafiya evi dövlət tərəfindən yaradılmalıdır.
Son vaxtlar bizim birliyin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri Azərbaycan fotoqrafiya tarixi kitabının çapı məsələsidir. Bu kitabı ərsəyə gətirmək hal-hazırda başlıca istəyimizdir. Materiallar yığılır. Kitabın əsas məqsədi fotoları deyil, fotoqrafı tanıtmaqdır. Kitab 8 fəsildən ibarət olacaq. Son fəsli müasir Azərbaycan fotoqrafiyasına həsr olunacaq. O bölmədə ümumi məqalə olacaq, fotoqrafiya sahəsində fərqlənənlərin adları çəkilib, fotoları yerləşdiriləcək.
-Hazırda birliyin nə qədər üzvü
var?
- Birliyin 152 üzvü
var. Biz heç vaxt rəqəm
arxasınca qaçmırıq. Birliyə üzvləri könüllü əsaslarla qəbul edirik. Bizə göndərilən anketlərdən
sonra seçim edirik. Peşəkar foto
çəkənləri birliyin həqiqi üzvü seçirik.
Fotolarında ümidverici cizgilər
olanları bir illik
namizəd qismində qəbul edirik. Pensiya yaşına çatmış
fotoqrafları isə birliyin fəxri üzvü seçirik.
Seçimlə bağlı etirazlarını bildirənlər,
bizdən küsənlər də olub,
normaldır. Namizəd qismində qəbul olunanlar
il ərzində aktiv
işləməlidir. Yəni, fotolayihələr
hazırlamalı, beynəlxalq sərgilərdə iştirak etməlidir. Artıq neçə ildir ki, “İlin
fotoqrafı”nı seçirik. Bu ildən biz Hüseyn Hüseynzadənin adına “Ümid” mükafatını təsis etdik və bu mükafat məhz gənclər üçündür. Üzvlük
haqqımız ayda 3 manatdır. Birliyin gördüyü bütün
işlər həmin üzvlük
haqqının hesabına başa gəlir.
Əvvəllər sponsor olurdu.
İndi demək olar ki, sponsor tapa bilmirik. Çox vaxt foto sənətini sevən dostlarımızın
şəxsi dəstəyindən
yararlanırıq. Amma “İlin
fotoqrafı” mükafatına
hər zaman sponsorumuz olur.
-Təşkilati işlər öz yaradıcı işlərinizə
mane olmur ki?
-Bu təşkilatın təsisçilərindən
biri də mənəm. Amma əgər kimsə
gəlib desə ki, “mən Azərbaycan
Fotoqraflar Birliyinin işini daha yaxşı aparacam”, inanın, günü səhəri gün öz vəzifəmi böyük məmnuniyyətlə
ona təhvil verəcəm. Ona görə
ki yaradıcılığıma
istədiyim qədər
vaxt ayırmağıma
imkanım olmur.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-27 aprel.-S.11.