Şərqin böyük dühası 

 

Naxçıvan Dövlət Universitetində “Şərqin böyük dühası Əbülqasım Firdovsimövzusunda beynəlxalq elmi konfrans keçirilib. İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuş konfransda əvvəlcə klassik Şərq poeziyasının görkəmli nümayəndələrindən olan Əbülqasım Firdovsi ilə bağlı film nümayiş olunub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq dünya ədəbiyyatının ən gözəl incilərindən olan “Şahnamə” əsərinin müəllifi, böyük Firdovsinin dünya poeziyasında əvəzsiz yerlərdən birini tutduğunu bildirib,

Azərbaycan ədəbiyyatşünaslığında şairin poetik irsinin öyrənilməsindən bəhs edib. İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Məhəmmədtağı Məhəmmədəli Şərqin dahi şairi Firdovsinin həyatından, poetik irsindən danışdı. İslam Əlaqələri və Mədəniyyət Təşkilatının Tədqiqat və Təhsil işləri üzrə müavini Məhəmmədrza Dehşiri şairin yaradıcılığının tədqiqi və təbliğindən bəhs edib. Konfransda İran İslam Respublikasının Urmiya Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müzəffər Xudavəndigar, Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Urmiya Payəmnur Universitetinin rektoru Hücətullah Qəhrəmani, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov, İngilis dili kafedrasının müəllimi Röya Səfərova, Şərq dilləri və ədəbiyyatı kabinəsinin müdiri Xəfayət Əliyeva, İran İslam Respublikasındakı Ərdəbil Universitetinin Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsgər Şahi və həmin universitetin müəllimi Məhəmməd Qazidehi məruzələr ediblər. Məruzələrdə Əbülqasım Firdovsinin həyatı, yaradıcılığı, müəllifinə dünya şöhrəti qazandırmış "Şahnamə" əsərindəki tarixiliklirizm, xalqın bədii təfəkkür tərzinin ifadə olunması, əsərin dünya dillərinə tərcüməsi məsələlərinə toxunulub. Yekunda İran Mədəniyyət Şöbəsinin müdiri Əli Əkbər Talehi Mətin və AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli çıxış edərək belə müştərək konfransların əhəmiyyətini vurğulayıblar.

 

Mehriban SULTAN

Palitra.-2013.-30 aprel.-S.13.