Azərbaycan 2020-ci ilədək kənd təsərrüfatı istehsalını 2 dəfə artıracaq 

 

Kənd Təsərrüfatı Nazirliyində Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkədə aqrar sahədəki cari vəziyyət, göstəricilər, perspektivlər və inkişaf tendensiyaları barədə danışaraq bildirdi ki, ötən il Azərbaycanın kənd təsərrüfatında artım 6,2%, bu ilin ilk rübündə 4,4% təşkil edib, ümumilikdə 2013-cü ildə isə təxminən 6-7%-lik artım gözlənilir. İ.Abasov qeyd etdi ki, eyni zamanda sahənin potensialı böyükdürbir neçə il ərzində 2 dəfəlik artıma nail olmaq mümkündür ki, bunun üçün müəyyən işlər aparılır və proses həm bitkiçilik, həm də heyvandarlığı əhatə edəcək. İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə toxunan İ.Abasov bir sıra konkret istiqamətləri qeyd etdi.

Bunlara Azərbaycanda taxıl istehsalının məhsuldarlığının artırılmasında Latviya təcrübəsinin öyrənilərək istifadə edilməsi, Azərbaycanda tələbatdan artıq istehsal olunan aqrar məhsulların, məsələn, meyvə, tərəvəz, bostan məhsullarının Latviyaya ixracı, əksinə, tələbatdan az istehsal olunan aqrar məhsulların Latviyadan idxalı, baytarlıq və fitosanitar sahəsində əməkdaşlıq, Latviyadan Azərbaycana damazlıq cins mal-qaranın gətirilməsi kimi məsələlər aiddir. Nazir Azərbaycan Dövlət Aqrar Uiniversiteti ilə Latviya Aqrar Universiteti arasında əməkdaşlığın vacibliyini bildirdi, eyni zamanda, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun olaraq gələcəkdə Latviyadan ölkəmizə cins mal-qaranın gətirilməsi imkanlarına baxıldığını bildirdi.

Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujuma da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirdibunun təkcə hökumət deyil, həm də sahibkarlar səviyyəsində vacibliyini vurğuladı. Laimdota Straujuma hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığa dair böyük imkanların olduğunu bildirdi və Latviyanın aqrar sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verdi. O, nazir İsmət Abasovu Latviyaya səfərə dəvət etdi.

Görüşdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalandı.

 

Kənd Təsərrüfatı Nazirliyi «Elektron

nazirlik» yaradır

 

Nazir onu da bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi «Elektron nazirliyin» yaradılması üzrə aparır. «Elektron nazirliyin» mahiyyətini açıqlayan nazir qeyd etdi ki, burada söhbət ilk növbədə fermerlərin və onların torpaqlarının elektron qeydiyyatından gedir. «Elektron nazirliyin» işə salınmasından sonra qeydiyyatın sadələşməsindən başqa, bütün dövlət orqanlarında və digər aidiyyəti qurumlarda kənd təsərrüfatı üzrə bütün lazımi məlumatı, məsələn, fermer barədə, onun torpaqları, mal-qaranın sayı, subsidiyalar barədə məlumatları elektron şəkildə almaq imkanı yaranacaq.

 

“Məhsuldarlığı 1 hektar üzrə 35 sentnerə

qaldırsaq, taxıla olan tələbatımızı özümüz

ödəyəcəyik”

 

Nazir İ.Abasov bildirdi ki, Azərbaycanda bu ilin nəticələrinə görə kənd təsərrüfatı sahəsində ümumilikdə 6-7%-lik artım gözlənilir. İ.Abasovun sözlərinə görə, kənd təsərrüfatında əsas məhsul istehsalının ikinciüçüncü rüblərə təsadüf etməsinə baxmayaraq, bu ilin ilk rübündə artım 4,4% təşkil edib. Qeyd edək ki, ötən ilin nəticələrinə görə, bu göstərici 6,2% olub. Eyni zamanda nazirin fikrincə, Azərbaycanın kənd təsərrüfatında bir neçə il ərzində 2 dəfəlik artıma nail olmaq üçün yetərincə imkanpotensial mövcuddur. Bu həm bitkiçilik, həm də heyvandarlığa aiddir. Bitkiçiliyə, xüsusən də taxıl sahəsinə gəldikdə, nazir bəyan edib ki, əgər Azərbaycanda taxılın məhsuldarlığı hazırkı 1 hektar üzrə 25-26 sentnerdən 35 sentnerə qaldırmaq mümkün olsa, o halda Azərbaycan taxıla olan tələbatını tam özü ödəyə biləcək. Heyvandarlıq sahəsində hazırda əsas diqqət damazlıq cins mal-qaranın ölkəyə gətirilməsi və onun sayının artırılmasına yetirilir ki, həmin işlər bu sahədə artımın əsası olacaq. İ.Abasov bildirdi ki, bu gün ölkədə mal-qaranın sayı kifayət qədərdir, lakin burada cinsli heyvanların hələlik az olması səbəbindən həm ətçilik, həm südçülük sahəsində istehsal potensialdan kəskin aşağıdır. İ.Abasovun sözlərinə görə, bütün bu məsələlər aprelin 10-da Nazirlər Kabinetinə təqdim olunmuş kənd təsərrüfatının inkişaf strategiyasının layihəsində əksini tapıb. Nazir bildirdi ki, hazırda 2008-2015-ci illəri əhatə edən müvafiq strategiya qüvvədədir və yeni strategiya 2020-ci ilə qədər olan dövrü əhatə edəcək. Yekun nəticə olaraq, həmin strategiyaya uyğun, ölkədə kənd təsərrüfatının 2020-ci ilə qədər 2 dəfə artırılması planlaşdırılır.

 

«Havaların qeyri-sabit keçməsinin kənd

təsərrüfatına müsbət və mənfi təsiri var»

 

Nazir onu da bildirdi ki, Azərbaycanda son vaxtlar, xüsusən də aprel ayında havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir. Nazir vurğuladı ki, əsas sahələrdən biri olan taxılçılıq sahəsinə yağan güclü yağışlar ümumiyyətlə, müsbət təsir göstərib. Mənfi təsir isə meyvəçilik sahəsində müşahidə olunub. İ.Abasov qeyd etdi ki, müvafiq hesablamalar aparılmasa da, ümumilikdə, bu mənfi təsir də kiçik olub və gələcəkdə havalar müəyyən dərəcədə əlverişli olacağı təqdirdə, məhsuldarlığa heç bir ziyan olmayacaq.

Kənd təsərrüfatı istehsalçılarına subsidiya ödənilməsi barədə qərar qəbul edilib

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirildi. İclasda komissiyanın sədri, kənd təsərrüfatı naziri İ.Abasov çıxış edərək bildirdi ki, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir. Komissiya 5 satıcı təşkilat, o cumlədən, «Aqrolizinq» ASC, «Aqrokimya» MMC, «Mikro Az Feed» MMC, «Aqrolayn Qrup» MMC və «Goranboy Kəndkimya» MMC üzrə 2 038 nəfər istehsalçıya 55 357,02 hektara görə 50% güzəştlə satılmış 9 583,17 ton mineral gübrə üçün 2,511 mln. manat dövlət vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul etdi.

Nazir onu da bildirdi ki, kənd təsərrüfatında subsidiyalaşdırma məsələsində Kənd Təsərrüfatı Nazirliyinin bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılığı var. O, bu fikir ayrılığının tezliklə həllini tapacağına və subsidiyalaşdırmanın davam etdiriləcəyinə və artırılacağına ümid etdiyini bildirdi. Fikir ayrılıqlarının əsas bəndlərinə toxunan nazir ilk növbədə toxumçuluğu qeyd etdi. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi toxumçuluqda yalnız sertifikatlaşmış toxumların istifadə edilməsinə subsidiyaların ayrılmasını təklif edir. Nazirliyin opponentləri isə bu prosesin bütün toxumlara aid edilməsinin tərəfdarıdır. Lakin İ.Abasovun fikrincə, bu yolla məhsuldarlığın artırılması qeyri-mümkündür. Bundan əlavə, heyvandarlıq sahəsində də bu, özünü göstərir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi təklif edir ki, süni mayalanma yolu ilə cins mal-qara balaları alan fermerlərə hər balaya görə müəyyən məbləğdə (100 manatya bir qədər az) subsidiya verilsin. Ümumilikdə, nazirlik damazlıq cins mal-qaranın ölkəyə gətirilməsi ilə bərabər, onların burada yetişdirilməsinə diqqət yetirir ki, bunun nəticəsində mal-qaranın cins heyvanlarla tam əvəz edilməsi prosesi daha sürətli keçməlidir. Ümumilikdə, İ.Abasov bildirdi ki, razılaşdırılmamış məsələlər üzrə işlər gedir və subsidiyalaşdırma ilə bağlı məsələlərdə vahid fikrə gələ biləcəklərinə ümid etdiyini vurğuladı.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-26 aprel.-S.10.