“Azərbaycanın böyük oğullarına lazımi qiymət verilməlidir”

 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “AzərTac” vasitəsilə “Tarixi idrakın elmiliyi problemlərinə dair” adlı məqaləsi yayılıb. Qeyd edək ki, akademik R.Mehdiyevin 2012-ci il noyabrın 29-da “Bakinski raboçi” qəzetində, sonra isə dekabrın 5-də “Azərbaycan” qəzetində dərc edilmişŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı məqaləsi milli tarixlə maraqlananların diqqətindən yan keçməyib, cəmiyyətdə yaradıcı diskussiyalara səbəb olub. Akademik bu barədə bildirir: “Məqalənin Azərbaycanın müxtəlif ənənəvi və elektron KİV-lərində dəfələrlə nəşr edilməsi, sosial şəbəkələrdə müzakirəyə çıxarılması bunu bir daha təsdiq edir. Gözlənildiyi kimi, məqaləyə rəylərin heç də hamısı peşəkar tarixçilər tərəfindən yazılmayıb. Düzdür, hər bir fikrin mövcudluq hüququ var, lakin həmin rəylərin heç də hamısı elmiliyə və akademik meyarlara iddia etmək iqtidarında deyildi”.

Akademik tariximizə dair ayrı-ayrı yazıların elmi-tənqidi təhlilinin onu tarix elminin nəzəri və fəlsəfi əsaslarının bəzi məsələlərinə müraciət etməyə sövq etdiyini bildirib: “Müsbət fakt odur ki, Şah İsmayıl haqqında məqalənin dərc edilməsi ilə əlaqədar milli kütləvi informasiya vasitələrində diskussiyalar və rəylər əyani şəkildə göstərir ki, bizim tarix elminin ictimai dərkində müəyyən mənada yenidən qiymətləndirilmə baş vermişdir”. Qeyd edilir ki, məqalə milli tarixə, Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə maraqlı münasibət yaranmasına bir növ təkan verib: Müasir dünyada böyük dövlətlər özlərinin geosiyasi maraq zonalarında “ikili standartlar” siyasəti yeritdiklərinə baxmayaraq, milli tarix, onun məzmunu və mərhələləri barədə düşünəndə məndə sağlam nikbinlik, layiqli gələcəyimizə səmimi inam oyanır. Mənim fikrimcə, bizim vətəndaşlarda öz keçmişinə maraq yaranmasının bir səbəbi də məhz bundan ibarətdir. Bəli, bu gün biz müşahidə edə bilərik ki, Azərbaycan cəmiyyətində öz milli tarixini öyrənməyə tələbat tükənməmişdir”. R.Mehdiyev bildirir ki, “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı məqaləyə verilən müsbət qiymətlərlə yanaşı, bəzi məqalələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Şah İsmayıl Səfəvinin şəxsiyyətlərinin müqayisəsi barədə şərhlər və rəylər, habelə Şah İsmayılı Azərbaycan tarixindən hər vasitə ilə ayırmaq və onu sırf İran sivilizasiyasına aid etmək arzusu nəzərə çarpır: “Həmin şərhlərin cavabsız qoyulması bu cür yazıların müəlliflərinin səhv mövqeyi ilə razılaşmaq demək olardı, bu isə Şah İsmayıl Səfəvinin siyasi irsinin yeni, daha qərəzli və səthi şəkildə qiymətləndirilməsinə rəvac verərdi”.

Bəzi müəlliflərin “heyrətlənməsinə” səbəb olmuş məsələlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Şah İsmayıl Səfəvi arasında tarixi oxşarlıq məsələsidir. Açıq deyirəm, bununla əlaqədar söylənilən fikirlər öz məhdudluğu ilə fərqlənir və heç bir elmi tənqidə davam gətirmir, üstəlik, onlarda dərin və əsassız subyektivlik nəzərə çarpır. Bu məsələnin qeyri-obyektiv və səhv şərh olunduğunu yəqin etmək üçün belə məqalələrin müəlliflərinin məntiqi mühakimə zəncirini izləmək kifayətdir. Onların mühakimələri buna əsaslanır ki, Şah İsmayıl Səfəvi çoxsaylı işğallar nəticəsində imperiya yaratmışdı, Heydər Əliyevin başçılıq etdiyi dövlət isə vaxtilə çox böyük dövlətin yalnız bir vilayəti idi. Açıq deyirəm, məsələyə bu cür yanaşma sağlam düşüncəyə ziddir, çünki bu yanaşmada həm Şah İsmayıl, həm də Heydər Əliyev dövrünün tarixi reallıqları, xüsusiyyətləri, onlara qalmış miras nəzərə alınmır. Bu şəxsiyyətlərin ölkə rəhbərliyinə gəldiyi dövrün xüsusiyyətlərini, sosial-siyasiiqtisadi şəraiti, cəmiyyətin xarakterini necə inkar etmək, daxilixarici siyasi qüvvələrin nisbətini, habelə onların dövrünün digər tərkib hissələrini necə nəzərə almamaq olar? Bundan əlavə, məgər şəxsiyyətin böyüklüyü həmin liderin başçılıq etdiyi dövlətin ərazisinin ölçüsü ilə müəyyən edilir? Bu, yumşaq desək, absurd mühakimədir. Bir sıra dövlətlərin tarixi bu cür arqumentləri rədd edir”.

Akademik bildirir ki, az-çox savadı olan hər bir insana aydındır ki, həmin iki dövrdə vəziyyət bir-birindən əsaslı şəkildə fərqlənirdi. Şah İsmayıl güclü imperiya yaradaraq Azərbaycan torpaqlarını birləşdirmiş, Ağqoyunlu dövlətinin keçmiş qüdrətinin artıq öz dövrünü başa vurmuş miskin qalıqlarını ləğv etmişümumi Azərbaycan arealının bir hissəsi olan bəzi Azərbaycan vilayətlərinin separatist səylərini neytrallaşdırıb. Qacar, Əfşar, Rumlu və digər ən iri türk tayfaları mərkəzləşmiş vahid dövlət yaradılmasında və onun möhkəmləndirilməsində Şah İsmayılı silahmaddi resurslarla dəstəkləyirdi. Bununla bərabər, unutmaq olmaz ki, Şah İsmayıl Azərbaycanı birləşdirərkən hər halda başqa bir tarixi dövrün özünəməxsus çağırışlarını dəf edirdi.

Qeyd edilir ki, tarixin hər bir mərhə ləsi onun üçün səciyyəvi olan ictimai-siyasi proseslərin, vəziyyətin və inkişaf dövrlərinin əvəzlənməsi ilə zəngindir. Heydər Əliyevin müstəqil dövlət qurmaq yoluna qədəm qoyduğu dövr geosiyasi baxımdan daha mürəkkəb idi. O, dünyanın aparıcı dövlətlərinin Cənubi Qafqazda nüfuz, Xəzərin nefti, boru kəmərləri və sair uğrunda genişlənməkdə olan sərt və kompromissiz çəkişmələri fonunda ölkənin ayrı-ayrı vilayətlərə bölünməsinə qarşı qətiyyətlə mübarizə aparmış, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması uğrunda çox cüzi resurslarla, necə deyərlər, “topsuz və əsgərsiz” rəşadətlə fədakarlıq nümayiş etdirib.

Ermənistanla müharibəni, siyasi hərc-mərcliyi, iqtisadiyyatın bərbad vəziyyətdə olmasını, ölkənin ayrı-ayrı hissələrə parçalanması, vətəndaş müharibəsi başlanması təhlükəsini nəzərə alsaq, 1993-cü ildə - Heydər Əliyev ölkəyə rəhbərliyi öz əlinə aldığı dövrdə Azərbaycanda yaranmış vəziyyəti təsəvvür etmək çətin deyil.

Bildirilir ki, bu sözlərdə məqsəd - bu şəxsiyyətlərin fəaliyyətinə tarixi kontekstdən yanaşmadan, həm Heydər Əliyevin, həm də Şah İsmayıl Səfəvinin müstəqil dövlət yaratmaq məsuliyyətini öz üzərinə götürdükləri dövrlərin xüsusiyyətlərini nəzərə almadan qiymətləndirən insanların səhvlərini göstərməkdir. Onlar öz dövrünün görkəmli şəxsiyyətləri olublar. Onların formalaşdığı sosial-siyasiiqtisadi şərait fərqli idi, hər ikisi müxtəlif təhdid və çağırışlara qarşı malik olduqları müqayisəyəgəlməz resurslarla mübarizə aparmağa məcbur idi. Onları birləşdirən yeganə cəhət isə Azərbaycan dövlətini yaratmaqonu qoruyub saxlamaq ideyasıdır.

Həm Şah İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin ən əsas vəzifəsi güclü və müstəqil Azərbaycan yaratmaq idi. Ona görə də bu böyük şəxsiyyətlərin Vətən qarşısında xidmətlərini qiymətləndirərkən əsas meyar onların öz qarşısına qoyduğu məqsəd və vəzifələr və həmin məqsəd və vəzifələrə nail olmağa yönəlmiş fəaliyyətləri olmalıdır: “Mən Şah İsmayılın və Heydər Əliyevin xidmətlərini vurğulayarkən Azərbaycanın bu böyük oğullarına lazımi qiymət vermək istəyindən çıxış etmişəm”. Bildirilir ki, xalqımız yeni dünya nizamının formalaşdığı şəraitdə özünün dünya tarix səhnəsində qalmasına görə onlara borcludur. Məhz bu səbəbdən, xalqımızın tarixində bu qeyri-adi şəxsiyyətlərin böyük roluna qara yaxmaq cəhdləri cəfəngiyat və ifrat dərəcədə qərəzli cəhdlər kimi görünür. Heydər Əliyev doğma xalqının ən yaxşı ənənələri ruhunda tərbiyə almış insan idi. Azərbaycanın mədəniyyəti və tarixi, Azərbaycan xalqının taleyi onun bütün dövlətçilik fəaliyyətinin meyarı idi.Onun ana dilinə qayğıkeş münasibəti, Azərbaycanın çox zəngin mədəni irsinə qayğı ilə yanaşması, müstəqil müasir Azərbaycan dövlətinin yaradılmasına yönəlmiş səyləri - bütün bunlar əsrlər keçəndən sonra Heydər Əliyevi Şah İsmayıl Səfəvi ilə birləşdirən siyasi niyyətlərin vəhdəti haqqında danışmağa imkan verir: “Mənim məqaləmdə Azərbaycan xalqının böyük tarixi şəxsiyyətləri, onların cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına, habelə Azərbaycan dilinin dövlət dili səviyyəsinə çatdırılmasına töhfələri ilə əlaqədar iki mühüm aspekt xüsusi qeyd edilmişdir. Məhz Azərbaycan dilinə dövlət dili statusu verilməsi müxtəlifdilli tayfa və etnosların dövlət ətrafında birləşməsinə kömək etmiş, bu isə dövlətin güclənməsi və xarici təhdidlərə davam gətirə bilməsi üçün möhkəm baza yaratmışdır.

Səfəvilər imperiyası Dərbənddən Kabilə qədər geniş ərazidə müxtəlif mədəniyyətlərin, tayfaların və xalqların konqlomeratı idi. Onları bir dövlətdə birləşdirmək üçün dövlətçilik təfəkkürü, sərkərdə qabiliyyəti və siyasi istedad tələb olunurdu. Şah İsmayıl və onun ətrafındakılar başa düşürdülər ki, xarici təhdid və çağırışlara cavab verməyə qabil olan güclü dövlət yaratmaq ideyasını yalnız güclü sosial dəstək olduqda və hərbi-siyasi amillərdən istifadə etməklə həyata keçirmək olar. Bəli, Şah İsmayıl Azərbaycan türklərinin dövlətini yaratmışdır. Mənim fikrimcə, bu, onun tarixi fəaliyyətinin zirvəsidir. Şah İsmayılın siyasi bioqrafiyasının bu cəhəti tarixi baxımdan bizim üçün daha mühüm, daha əhəmiyyətlidir, çünki Azərbaycan türklərinin müstəqil etnik element kimi ümumi oğuz massivindən ayrılması həmin dövrdən başlanır. Azərbaycan milləti etnogenezin bütün fazalarından keçməklə formalaşır”.

Qeyd edilir ki, Səfəvilərdən əvvəl də AğqoyunluQaraqoyunlu kimi imperiyalar Azərbaycan ərazisində dövlətçiliyin inkişafında mühüm rol oynayıblar. Lakin Şah İsmayıl Azərbaycan türklərinin dövlətçilik ənənəsini daim yaşadan xalq olduğunu sübut edə bilib. Səfəvilər imperiyası azərbaycanlıların siyasietnik tarixində parlaq səhifələrdən biridir. Azərbaycan türkləri dövlətin əsas dayağı statusunu saxlamaqla hərbi və siyasi elitanı təşkil edirdilər. Lakin məhz Şah İsmayıl Xətainin Azərbaycan dilində qanunverici fəaliyyətini aktiv tətbiq etməsi faktı orta əsrlərdə Azərbaycan türklərinin siyasi elitasının və savadlı təbəqəsinin formalaşmasına kömək edib. Həmin dövrdə məhz vahid dövlət dili etnik şüurun təşəkkülünün əsası olub, əks halda nə sıx birləşmiş xalq ola bilər, nə də onun tarixi. Şah İsmayıl Xətainin dövrü əhalinin vahid siyasi məkana və bir sıra sahələrdə dövlət dili ilə yanaşı, Səfəvilər dövlətində məskunlaşan digər etnosların və tayfaların dillərinin də tətbiq edildiyi polietnik dövlətə mənsub olmasını dərk etməsi ilə əlamətdar olsa da, milli dil ideyası yalnız XX əsrin əvvəlində daha konkret təcəssümünü tapmış, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 27-də Azərbaycan dilini dövlət dili elan edib. Lakin bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Azərbaycan dili də müvəqqəti olaraq dövlət dili statusunu itirib.

Keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda sübut etməyə çalışırdılar ki, hətta ən qəddar rejimlər, antimilli siyasət və cəza tədbirləri də xalqın şüurunda öz milli dilinin qorunub saxlanması və inkişaf etdirilməsi ideallarını məhv edə bilməyib. Lakin bu cəhdlər də boğulub, Xrusşovonun ətrafı tərəfindən repressiyalara məruz qalıb.

Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri olandan sonra Azərbaycanın SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrilməsi üçün mürəkkəb şəraitdə geniş islahat proqramları həyata keçirməyə başlayıb, ədalətin bərpa edilməsi, Azərbaycan dilinin dövlət dili kimi istifadə edilməsi məsələsini qaldırdıqlarına görə nahaq yerə zərər çəkən Azərbaycan xadimlərinin reabilitasiyası tədbirləri aparılıb.

Məhz Heydər Əliyevin yorulmaz səyləri, onun zəkası və istedadı, həyata keçirdiyi çevik dövlət siyasəti sayəsində 1970-80-ci illər Azərbaycan tarixinə milli dirçəliş illəri kimi daxil olub, XX əsrin sonu və XXI əsrin əvvəli isə müstəqil dövlətçiliyin qazanılması və bərqərar edilməsi illəri olub, Azərbaycanın çiçəklənən müasir dövlət kimi inkişafının əsası qoyulub.

Məqalədə o da bildirilir ki, Şah İsmayıl və Heydər Əliyev kimi tarixi şəxsiyyətlər öz zəkaları ilə həm bu günümüzü görmək, həm də gələcəyə nüfuz etmək qabiliyyətinə malikdirlər. Məhz strateji uzaqgörənlik keyfiyyətləri onların siyasi qərarlarının dinamikasını təmin edirdi.

 

İlkin AĞAYEV

Palitra.-2013.-27 aprel.-S.4.