Tar babalarımızın əmanət
etdiyi bir sərvətdir...
Müsahibim
Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsi
İdris Hüseynovdur. İlk öncə qəzetimizin oxucularına gənc nəslin
nümayəndəsi İ. Hüseynov
haqqında qısaca məlumat verim. İdris Hüseynov
1993-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini həmin şəhərdə
alıb. Peşəkar musiqilə məşğul olmağa 9 yaşından başlayıb. 5 illik musiqi məktəbini
bitirdikdən sonra 2008-ci ildən
Naxçıvan musiqi kollecində tar ixtisası üzrə təhsil alıb.
Hal-hazırda Azərbaycan Milli
Konservatoriyasının Xalq
çalğı alətləri şöbəsinin tar sinfində təhsil alır. Gənc tarzən
İdris Hüseynovla
müsahibəni təqdim edirik:
-Musiqi ilə neçə
yaşından məşğul olmağa
başlamısınız? Musiqiyə bağlılıq
ailədən gəlir, yoxsa, sizin xüsusi sevginiz olub?
- Musiqiyə olan sevgim ailəmdən gəlir. Atamla anam da musiqiçidir. Mən gözümü
açandan evimizdə
tar, fortepiano səsi eşitmişəm.
Atam tarda ifa etdiyi üçün
mənim də tara marağım
olub. Amma əslində atam
musiqiçi olmağımı
istəmirdi. Tara olan sevgimi gördükdən
sonra məni musiqi məktəbinə yazdırdı.
- İfa
etdiyiniz musiqilərdə
ən çox muğamlara üstünlük
verirsiniz, yoxsa əsərlərə?
- Muğamlara. Muğam ifa etdiyim zaman daha çox
zövq alıram.
Yəqin
ki, muğam bizim milli dəyərimiz
olduğu üçün
bu musiqiyə çox bağlıyam.
Amma repertuarlarımda klassik və ən əsası dünya musiqiləri də yer alır.
- Hansı musiqi festivallarında çıxış etmisiniz?
- Naxçıvanda musiqi məktəbində oxuyanda
bir neçə müsabiqədə iştirak
etmişəm. Musiqi məktəbləri
arasında Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunmuş IV Respublika müsabiqəsində
II yerə layiq görüldüm.
- Musiqi təhsiliniz haqqında məlumat verərdiniz.
- Musiqi məktəbində
ilk tar müəllimim atam
olub. Tarın bütün sirlərini
atamdan öyrənmişəm.
Daha sonra isə Naxçıvan musiqi kollecində tar ixtisası üzrə təhsil aldım. Orada müəllimlərim bəstəkar
Əkrəm Məmmədli
və Tağı Tağıyev olub. O,
mənimlə professional şəkildə
məşğul olub.
2012-ci ildə Milli Konservatoriyanın Xalq çalğı alətləri
şöbəsində tar ixtisasına
qəbul oldum. Burada müəllimim Aslan Növrəslidir.
- Muğam müsabiqələrində iştirak
etməyi düşünürsünüzmü?
-Əlbəttə. Bunun
üçün hazırlaşıram. Çünki professional səhnə ilk əvvəl
müsabiqədən başlayır
və burada öz istedadını və bacarığını
göstərirsən. Mən müsabiqələrdə iştirak
etməyi çox yüksək qiymətləndirirəm.
Ən əsası bu müsabiqəyə daha çox diqqət ayırdıqlarına görə
böyük məmnunluq
hissi duyuram.
-Bir gənc kimi cəmiyyətə baxışınız....
Bu gün incəsənət
sahəsində gənclərin
rolunu necə qiymətləndirirsiniz?
- Hal-hazırda musiqiyə axın çoxdur. Universitetdə, kollecdə
təhsil alan
tələbələr kifayət
qədərdir. Amma hamı
musiqiçi olmalıdır
deyə bir şey yoxdur. Bu sahə elədir
ki, gərək ilk növbədə istedad, musiqi duyumun və ən əsası bu sahəyə marağın
olsun.
-Ətrafınızda
olan gənclər daha çox nəyə meyil edir? İncəsənətimizdə
nəyin dəyişilməsini istəyirsiniz?
- Ətrafımda olan gənclərin çoxu bayağı musiqiləri dinləyir. Bu da təbii ki, onların davranışlarına, mədəniyyətlərinə mənfi təsir göstərir. Telekanallarda bayağı musiqilərin yerinə muğam, xalq mahnıları səslənsə, daha yaxşı olar. Həmçinin efirlərdə yayımlanan verilişlərə diqqət edilsə, daha gözəl olar. Çünki efirlərə sabahımızın gəncləri baxır.
- Bir
musiqiçi kimi bugünkü musiqiçilərin zövqü barədə nə deyə bilərsiniz?
- Çox az olsa da, yaxşı zövqü olan musiqiçilərimiz var. Amma çox heyf ki, tarda belə, bayağı musiqilər ifa olunur. Mən bunu milli dəyərlərimizə hörmətsizlik hesab edirəm. Çünki tar bizim babalarımızın əmanət etdiyi bir sərvətdir...
-Kamança ustadımız Habil Əliyevdir. Bəs sizin fikrinizcə, tar ustadımız kimdir?
- Mənim fikrimcə, Əkrəm Məmmədli yaxşı tarzəndir. Amma Ramiz Quliyevi onunla heç müqayisə etmirəm. Çünki hər kəsin öz yeri var. Bununla yanaşı, Elçin Haşımov, Malik Mansurov, Ağasəlim Abdullayevin də adlarını vurğulaya bilərəm.
-Dərs
zamanı müəlliminizin hansı sirlərinə yiyələnmisiniz?
- Əkrəm müəllim mənə klassik musiqinin, Tağı
müəllim isə muğamın incəliklərini öyrətdi.
Konservatoriyada isə muğam
müəllimim Ramiz Əzizovdur.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-1 may.-S.15.