Rənglərin sehri Həbibə Allahverdiyevanın gözü ilə 

 

“Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Sovet dövrünün sosializm realizmi istiqamətindən fərqli olaraq müstəqil Azərbaycan rəssamları yaradıcılıqlarında bu gün sərbəstdirlər və onların cəmiyyətlə əlaqələrini möhkəmləndirməyə, genişləndirməyə hər cür şərait yaradılıb. Rəssamlıq - təsviri sənətin bir növüdür. Burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühitis. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır”. Bu sətirlər Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımovaya məxsusdur. O qeyd edir ki, rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur.

Gənc rəssam natürmort, portret, kompozisiya

janrlarına daha çox üstünlük verir

Müəllif daha sonra yazır: “Rənglərin dili ilə danışan gənc bir rəssam kimi onu sevənləri hər dəfə yeni əsərləri ilə heyrətə salır Həbibə Allahverdiyeva. Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər guşələrindən biri olan Şahbuz rayonunun Külüs kəndində 1981-ci ilin iyun ayında anadan olan Həbibə Allahverdiyeva 1998-ci ildə orta məktəbi bitirib. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasına qəbul olub. 2002-2004-cü ildə pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsində təhsil alıb, 2005-ci ildən isə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim vəzifəsində çalışır”. Mina Qasımova qeyd edir ki, Naxçıvan rəssamlıq məktəbində Naxçıvan Dövlət Universiteti rəssamlıq məktəbinin xüsusi yeri var: “İncə, zərif qadın barmaqlarının sehri ilə yaratdığı tablolar vasitəsilə sənətkarlar arasında imza qoymağa, öz yaratdıqları ilə Naxçıvan Dövlət Universitetində gələcək nəsillərin bu sahədən yararlanması üçün yeni səhifələr yaratmağa çalışır Həbibə Allahverdiyeva. Gənc rəssam natürmort, portret, kompozisiya janrlarına daha çox üstünlük verir. Bununla belə, o, gənc rəssam olmasına baxmayaraq, müraciət etdiyi bütün janrlarda gözəl əsərlər yaradır. 2011-ci ildə çap olunan “Rənglərin sehri” adlı kitab-albomda gənc rəssamın rəngkarlıq və qrafika janrında işlədiyi mənzərələr, natürmort və portretlərdən seçmə nümunələr toplanıb. Bir-birindən maraqlı süjet xətti, kompozisiya quruluşu, işlənmə texnikası və rənglərinin zərif çalarları ilə fərqlənən əsərlərin mövzu dairəsi çox genişdir. Xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevə həsr olunmuş “Azərbaycanın sönməz Günəşi”, türk dünyasının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkə həsr edilmişÜmummilli liderlər”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti”, yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuşYeni əsər”, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin portreti, qədim Naxçıvan torpağının əzəldən ən məşhur rəmzlərindən sayılan “İlandağ”, “Qədim Nuh çıxan”, “Əlincə Qalası”, bundan əlavə təbiətin gözəlliyini tərənnüm edən “Çiçəklər”, “Gültikan”, “ çiçəklər”, “Mənzərə” və s. əsərləri insanı düşündürürbu şəkillərə baxan tamaşaçıları heyran qoymaya bilmir”.

Həbibə Allahverdiyevanın əsərlərində ən qabarıq cəhətlərdən biri də Vətən mövzusudur

 

Rəssamın yaradıcılığını analiz edən müəllif qeyd edir ki, “Örtüklü qadın”, “Payız düşüncələri”, “Avtoportret”, “Solğun çiçək”, “Qız portreti”, “Sevinc” və s. əsərlərində qadın zərifliyi, qadın çöhrəsinin özündə min-bir sirri saxlayan cizgiləri əks olunur. Həbibə Allahverdiyevanın əsərlərində ən qabarıq cəhətlərdən biri də Vətən mövzusudur. Xüsusilə onun kənd mövzusunda çəkdiyi “Köhnə yuva”, “Yol”, “Yaz fəsli”, “Tənha ağac”, “Kənd mənzərəsi” və s. əsərlərdə doğma torpağa bağlılıq, kövrək duyğular aşılayan rəsmlər böyük sənətkar qəlbinin yaradıcılıq nümunələri kimi yaratdığı əsərlərdə canlandırılır: “Naxçıvan rəngkarlıq məktəbinin gənc nümayəndələrindən sayılan, pedaqoji fəaliyyətində isə gələcək üçün böyük bir rəssam nəsli yetişdirməyə can atan Həbibə Allahverdiyevanın ABŞ-ın Ford Xatirə Kitabxanasında, Avrasiya Konfransında, Şimal-qərbi İndianada, Dünya Ticarət Birliyində, Perdue Universitetində, ABŞ Təşəbbüskarlar Ticarət sərgisində, paytaxt Bakıda, Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri təşkil olunub və tamaşaçıların böyük marağına səbəb olub. O, 2003-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən qarışıq sərgilərdə öz əsərləri ilə iştirak edir. Rəssamın sərgisinin bu salonda təşkil olunması, əslində realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli məktəbinin davam etdirilməsi deməkdir. 2009-cu ildə Türkmənistan Respublikasında keçirilən qarışıq sərgilərdə, 2011-ci ildə isə Bakıda keçirilən qarışıq sərgilərdə iştirak edib”.

Milli rəssamlıq məktəbimizin inkişafında özünəməxsus üslubu və orijinallığı olan istedadlı rəssam

Mina Qasımova sənət yoldaşlarının Həbibə Allahverdiyeva haqqında söylədikləri dəyərli fikirləri də qələmə alıb. Azərbaycanın Xalq rəssamı, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri, dosent Hüseyinqulu Əliyev: Yeni, gənc nəsil rəssamların yetişməsində əvəzsiz xidmətləri olan Naxçıvan rəssamlıq məktəbinin yetişdirməsi, Naxçıvanda qadın rəssamlar arasında Azərbaycan realist rəssamlıq üslubunun ən layiqli nümayəndələrindən biri Həbibə Allahverdiyeva portret, mənzərə, natürmort, tematik rəsmlər janrındakı yaradıcılığı ilə milli rəssamlıq məktəbimizin inkişafında özünəməxsus üslubu və orijinallığı olan istedadlı rəssamdır”. Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva: “Reallığı istədiyi kimi görən, özünəməxsus kaloriti, üslubu olan Həbibə Allahverdiyeva bu dövr incəsənətinin müasir rəssamıdır. Realist rəssama fəaliyyətində uğurlar arzulayıram”. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında baş müəllim işləyən Həbibə Allahverdiyeva həm də gözəl anadır. Biz Həbibə Allahverdiyevaya həm yaradıcılığında, həm işində, həm də ailədə böyük uğurlar qazanmasını arzulayırıq.

 

Anar MIRIYEV

Palitra.-2013.-1 may.-S.11.