“Dövlət gənclərin inkişafı üçün yetərincə şərait yaradıb” 

 

Turqay Həsənəliyev: “Bu gün Azərbaycanın əldə etdiyi uğurlar,

beynəlxalq arenada böyük nüfuza sahib olması, regionun liderinə

çevrilməsi bəzi dairələri narahat etməyə başlayıb”

 

Müsahibimiz Sağlam Gəncliyə Doğru İctimai Birliyinin sədri Turqay Həsənəliyevdir

 

- Sağlam Gəncliyə Doğru İctimai Birliyivaxtdan fəaliyyət göstərir?

- Təşkilatımız 2006-cı ildə yaranarkən rəsmi dövlət qeydiyyatından keçmədiyindən qrup şəklində fəaliyyətə başlayıb. Lakin 2011-ci ildə təşkilat rəsmi dövlət qeydiyyatına alındı. Sağlam Gəncliyə Doğru İctimai Birliyi bir çox layihələr həyata keçirib. Universitetlerdə ingilis dili danışıq dərsləri, DEBAT kursları təşkilatımız tərəfindən təşkil edilib. Qrupumuz nümayəndələrimizin şəxsi səyləri nəticəsində Avropanın hal-hazırkı ən tanınmış qrant elanlarının yer aldığı “Gənclər fəaliyyətdə” proqramının koordinatorlarından biri ilə birbaşa əlaqə yaradaraq 5 il öncə bu proqrama qoşulub. Həm öz ölkəmizdə, həm də digər ölkələrdəki layihələrə qatıldıq və indiyə kimibu layihələrə qoşulmağa davam edirik. Bundan başqa, nümayəndələrimizdən bəziləri Dünya Gənclər Konqresinə Azərbaycandan qatılan çox az iştirakçılar arasındadırlar.

- Hazırda dövlət gənclərin inkişafı üçün yetərincə şərait yaradıbmı?

- Bəli, hazırda dövlət gənclərin inkişafı üçün yetərincə şərait yaradıb. Gənclərin özlərini bütün sahələrdə inkişaf etdirməsi üçün lazım olan bütün istiqamətlər cənab Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapıb. Dövlətin gənclər siyasəti ona yönəlib ki, gənclər sağlam intellektual mühitdə formalaşsınlar.

- Gənclər öz potensialını üzə çıxara bilirmi?

- Bu sahədə çox mühüm işlər görülüb. Azərbaycanda Gənclər Fondunun yaradılması gənclərə və gənclər təşkilatlarına yeni nəfəs gətirdi. Azərbaycan Gənclər Fondu dövlətin gənclər siyasətinin bir hissəsidir. Fond gənclərə öz ideyalarını reallaşdırmağa imkan yaradır. Bu təcrübə regionda ilk dəfə məhz Azərbaycanda reallaşdı. Buna qədər və indi də Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına və gənclərə daim öz dəstəyini göstərib.

- Region gəncləri hansı ictimai-siyasi fəallıq göstərirlər?

- Biz hər dəfə çalışırıq ki, region gənclərini öz tədbirlərimizə cəlb edək. Əvvəlki vaxtlardan fərqli olaraq region gənclərinin ictimai-siyasi proseslərdə iştirakında fəallıq müşahidə olunur. Lakin bunu bütün gənclər haqqında demək olmaz. Aktivpassiv gənclər var. Passiv gənclərin aktiv olmaları üçün onları ictimai-siyasi proseslərə cəlb etmək lazımdır. Bunun da yolu regionda keçirilən tədbirlərin, layihələrin artırılmasıdır.

- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?

- Onlara gedən proseslərə diqqətlə fikir vermələrini tövsiyə edərdim. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq arenada böyük nüfuza sahib olması, regionun liderinə çevrilməsi bəzi dairələri narahat etməyə başlayıb. Öz planlarını həyata keçirmək üçün bəzi gənclərdən istifadə edirlər. Əlbəttə ki, sağlam düşüncəli gənc belə proseslərdə öz dövlətçiliyinə sadiq qalmalıdır.

- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?

- Mən deyərdim ki, hər sahədə dövlətin qayğısını hiss etmək mümkündür. Hər il bir sahənin prioritet istiqamət seçilməsi buna nümunədir. Məsələn, bu ilin “İKT ili” olması İKT sahəsinin daha da inkişaf etməsinə gətirib çıxarır. Xaricdə təhsil proqramını da buna nümunə göstərmək olar. Hər il neçə-neçə gənclərimiz dövlət proqramından istifadə edərək xaricdə pulsuz təhsil alır. Regionlarda gənclər evləri fəaliyyət göstərir. Bunlar hamısı dövlətin gənclərə olan qayğısıdır.

- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?

- Çalışır. Lakin bundan da artıq çalışmaq lazımdır. Demək istəyirəm ki, bu gün Azərbaycanda intellektual, dünyagörüşü zəngin bir gənclik yetişir. Dövlətin istəyi də elə bu istiqamətdədir.

- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Gənclər bu işdə özləri də maraqlı olmalıdırlar. Çünki bu günün gənci sabahın hansısa məmuru, müəllimi, həkimi və başqa peşə sahibləridirlər. Onların fəallığı gələcək fəaliyyətlərinə birbaşa təsir göstərir. Müxtəlif layihələrdə və proseslərdə iştirak etmək onlarda təcrübə baxımından müsbət nəticələr verir. Birbu gün Azərbaycanda könüllülük işində mühüm irəliləyişlər var. Zaman keçdikcə daha da yaxşılaşacağına inanıram. Çünki könüllü olmaq insanın gələcək karyerasında da müsbət nəticə verir.

- Təşkilatınız buya digər istiqamətlərdə hansı işlər görür?

- Sağlam Gəncliyə Doğru İctimai Birliyi layihələrini əsasən regionlarda keçirir. Buna səbəb region gənclərinin də maariflənməsidir. Hətta Bakıda olan layihələrdə də biz hər dəfə region gənclərini yaddan çıxarmırıq. Yeri gəlmişkən, qarşıda bizi çox maraqlı layihə gözləyir. Layihənin adı “Sağlam gəncliyə doğru addımla” düşərgəsidir. Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Düşərgə ərəfəsində iştirakçılara sağlam həyat tərzi, sağlam cəmiyyətə inteqrasiya, narkomaniya, sosial inteqrasiya, erkən evlilik, ətraf mühitin mühafizəsi, gənclərin sosial-iqtisadi inkişaf proseslərində iştirakı mövzularında təlimlər keçiriləcək. Düşərgənin Masallı şəhərində keçirilməsi və iştirakçıların bölgələrdən seçilməsi nəzərdə tutulur. Düşərgənin bölgə gənclərinin sosial aktivliyinin artırılması və cəmiyyətə inteqrasiya prosesində gözəl töhfə verəcəyinə inanırıq.

 

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-1 may.-S.7.