“Gənclər kütləvi şəkildə
İKT sahəsinə meyil edirlər”
“Texnoparkların
qısa bir müddətdə fəaliyyətə
başlamasını təklif edərdim”
Məlum olduğu kimi, bu il
Prezident İlham
Əliyev tərəfindən “İKT ili” elan edilib. Son
dövrlərdə ölkəmizdə sürətlə inkişaf edən İKT sahəsində bu il də ciddi
dəyişikliklər və yeniliklər gözlənilir.
İKT sahəsi ilə bağlı suallarımızı “AtaTexnologiya” MMC şirkətinin direktoru Mais Yusifov cavablandırdı. Mais
müəllim bizimlə söhbətə belə
başladı:
-“AtaTexnologiya” MMC şirkəti 2005-ci ildə “AtaHolding” ASC tərəfindən təsis olunub. Şirkətin əsas fəaliyyət istiqamətini informasiya texnologiyaları təşkil edir. “Atatexnologiya” sırf informasiya texnologiyaları şirkətidir. Ümumiyyətlə, bu gün dünyada hər şey texnoloji məsələlərlə bağlı olduğuna görə, hər şeyi texnologiya ilə əsaslandırmaq olar. İndi elə dövrdə yaşayırıq ki, bütün sahələr İKT-dən asılıdır. İnformasiya texnologiyaları bütün texnologiyaların başında durur. Bu gün informasiya ən qiymətli nəsnələrdən sayılır. Bizim də hədəfimiz fəaliyyətimizi İKT tendensiyalarına uyğun qurmaqdır. Bildiyimiz kimi, informasiya texnologiyaları özü bir neçə sahədən ibarətdir. Proqram təminatı məhsulları və informasiya texnologiyaları avadanlıqları. Bunlar ikisi də birləşib informasiya texnologiyaları sistemlərini təşkil edirlər. Bunlar ayrı-ayrı tərəflər olsa da, birini digərindən ayırmaq olmaz. Dünyada müəyyən informasiya texnologiyaları şirkətləri var ki, müəyyən məqamlara görə lider sayılır. Məsələn, elə şirkət var ki, proqram təminatı, eləsi də var ki, İKT avadanlıqları üzrə liderdir. Bu baxımdan həmin İKT şirkətlərini müxtəlif dərəcələr üzrə bölmək olar. Amma elə şirkət də var ki, artıq o qədər böyüyüb və inkişaf edib ki, həm avadanlıqlar, həm də proqram təminatı məhsulları üzrə liderdir. Məsələn, “Oracle” şirkəti həm proqram təminatı, həm də avadanlıqlar üzrə dünyada liderdir. Şirkət əvvəlcə məlumat bazası sistemləri üzrə lider olsa da, sonradan o qədər böyüyüb ki, artıq özünün proqram təminatı məhsulları üzrə 3000-dən çox həlli var. Araşdıranda isə bütün bu məhsulların “Oracle” şirkətinin digər şirkətləri satın alıb öz ailəsinə daxil etməsi nəticəsində ərsəyə gəldiyi aydın olur.
“Atatexnologiya” MMC -ə gələndə isə biz də həm İKT avadanlıqları, həm də proqram təminatı üzrə dünyanın lider şirkətləri ilə əməkdaşlıq edirik. Məsələn, proqram təminatı üzrə dünyada aparıcı şirkətlərdən olan “Microsoft”la, “Oracle”la əməkdaşlıq edirik. Avadanlıq üzrə, “HP” və “Cisco systems” ilə əməkdaşlıq edirik. Eyni zamanda da “Oracle” şirkəti ilə avadanlıqlar sahəsində əməkdaşlıq edirik. Bizim fəaliyyət istiqamətimizə hər hansı bir şirkətə “A-Z” məntiqində bütün informasiya texnologiyaları xidmətlərini təmin etməkdir. Yəni şirkətə İKT üçün nə lazımdırsa, hamısını təmin edə bilərik. Məsələn, bank və sığorta şirkətləri, hotellər və sair müəssisə və sahələr üçün bizdə ayrıca həllər var.
-Ölkəmizin
İKT bazarını necə qiymətləndirirsiniz? Bu sahədəki şirkətlərin bir-birindən
fərqini necə ifadə edərdiniz?
- Öncə deyim ki, Azərbaycanda İKT bazarı inkişaf etməkdədir və burada heç bir inhisarçılıq yoxdur. Bazarda çoxlu sayda İKT şirkətləri sərbəst fəaliyyət göstərirlər. Həm də bu baxımdan onlar bir-birilərindən o qədər də fərqlənmirlər. Qlobal bir dünyada, açıq ölkədə yaşayırıq, ən yeni İKT texnologiyaları qısa zamanda şirkətlər üçün əlçatan olur və bazarda təqdim edilir. Həmçinin İKT nəhəngləri olan “Samsung” və ya “Apple” bir-birilərindən texnologiya baxımından o qədər də fərqlənmirlər, onların məhsulları bir-birindən sadəcə, dizaynına görə fərqlənə bilirlər. Texnologiya hamısında eynidir.
O ki qaldı, bizim şirkətin fəaliyyət unikallığına, biz universal fəaliyyət göstəririk və bütün xidmətləri təklif edirik. Elə şirkət var ki, sırf proqram təminatı, eləsi var ki, avadanlıq təklif edir, bizsə bunların hamısını əhatə edirik. Yaxud da elə şirkət var ki, avadanlığı satır, amma satışdan sonra dəstək xidməti göstərmir. Amma bizsə müştəriyə satış sonrası keyfiyyətli xidmətə də tam zəmanət veririk.
-Azərbaycanda İKT-nin inkişafı səviyyəsini necə
qiymətləndirirsiniz?
- Dövlət bu sahənin
inkişafına xüsusi strateji
diqqət yetirir. İKT artıq
Azərbaycanda ən prioritet sahələrdən
biridir. Ən sürətlə inkişaf edən sahədir. Hazırda elə bir müəssisə yoxdur ki, İKT olmadan fəaliyyət göstərsin,
inkişaf etsin. İKT sahəsində artım digər sahələrdən daha çoxdur. Kifayət qədər də
rəqabətli, gəlirli
sahədir. Bu sahəyə yetərli sayda investisiya qoyulur, yeni-yeni şirkətlər fəaliyyətə
başlayır. İKT
sahəsində qoyduğunuz
yatırım qısa
zamanda özünü
doğruldur.
-İKT sahəsi
ilə bağlı kadr qıtlığı duyulurmu?
- Bəli. Deməliyəm ki, İKT bazarında müəyyən kadr qıtlığı var. Yeni sahə olduğu üçün bu sahəni yaxşı biən çoxlu kadrlara ehtiyac var. Məhz bu məqsədlə Prezidentin fərmanı ilə İKT Universitetinin təsis edilməsinə qərar verilməsi çox məqsədəuyğundur. Bu, çox önəmli məsələdir. Çünki hazırda İKT sahəsi ilə məşğul olanlara baxsanız, çox az adam taparsınız ki, ixtisası sırf bu sahə ilə bağlı olsun. Onların əksəriyyəti digər sahələrə aid insanlardır. Beş-altı ildən sonra isə ixtisası sırf İKT ilə bağlı olan mütəxəssislərimiz bazarda öz yerini tutacaq. Bir sıra inkişaf etmiş ölkələrdə sırf İKT universitetləri fəaliyyət göstərir, onların təhsil proqramları tamamilə yeni texnologiyalara əsaslanır. Bizdə də belə bir universitetin yaradılması bu sahədə yaxşı və lazımlı kadrların formalaşmasını təmin edəcək. Bizdə öncədən müəyyən universitetlərin kibernetika fakültələri olsa da, bunlar zamanın tələbinə uyğun İKT mütəxəssisləri hazırlamaq üçün yetərli deyildi. Amma məxsusi olaraq İKT sahəsinə aid universitetin olması isə artıq başqa məsələdir. Bunun nəticəsində formalaşacaq mütəxəssislər İKT sahəsinin keyfiyyətinə müsbət təsirini göstərəcək və töhfələrini verəcəklər. Əslində gənclərdə İKT ixtisaslarına maraq yüksəkdir. Bir vaxtlar bizdə hüquqşünaslıq, həkim, iqtisadçı ixtisaslarına kütləvi maraq vardı. Amma hazırda İKT sahəsi gəncləri kütləvi şəkildə cəlb etməyə başlayıb. Hətta başqa ixtisas üzrə təhsil alanlar da müəyyən İKT kursları keçməyə üstünlük verirlər. Çünki bilirlər ki, universiteti bitirəndən sonra iş problemi olmayacaq. Çünki bazarda bu ixtisaslara güclü tələbat var. Əgər İKT sahəsinə aid yaxşı mütəxəssissənsə, şirkətlər özü axtarıb səni tapacaq. Bu gün xaricdən İKT mütəxəssisləri dəvət edilir ki, bu da bizə baha başa gəlir. Amma İKT üzrə milli kadrların yetişməsi çox məqsədəuyğundur. Amma istərdik ki, bu universitet praktiki istiqamətdə kadrların formalaşmasına diqqət göstərsin. İstərdim ki, özəl şirkətlərdə fəaliyyət göstərən təcrübəli kadrlar ora dəvət olunsun və tədris prosesinə qoşulsun. Həmçinin texnoparkda fəaliyyət məsələləri də təmin edilsin. Hazırda xarici şirkətlər öz ofislərini Azərbaycanda açmağa böyük maraq göstərirlər, çünki Azərbaycan Avropa ilə postsovet ölkələri arasında tranzit rolunu oynayır. Həmçinin burada biznes üçün münbit şərait var. Ona görə də İKT-nin perspektivləri gözlənildiyindən də böyükdür. Ona görə də bizə çoxlu kadrlar lazım olacaq.
- “İKT ili” ilə bağlı nələri təklif
edərdiniz?
- Kadr məsələsindən başqa texnoparkların qısa bir müddətdə fəaliyyətə başlamasını təklif edərdim. Xaricdə texnopark ərazisində yerləşən şirkətlərə xeyli vergi güzəştləri mövcuddur. Həmçinin dövlət texnoparklara aid şirkət və layihələri maliyyələşdirir. Burada gəlir yox, sırf bu sahəni inkişaf etdirmək məqsədi güdülür. Bu, strateji məsələdir. Xüsusilə də İKT sahəsi informasiya təhlükəsizliyi baxımından hazırda çox önəmlidir. Ona görə də bizdə həllərin hazırlanması, bunun üçün təcrübələr aparılması çox məqsədəuyğundur. Məsələn, Türkiyədə “Tubitak” adlı bir qurum var. Türkiyədə ən yeni layihə və kəşflər bu qurum çərçivəsində ərsəyə gəlir. Zənnimcə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə müəyyən işlər aparır və bu cür texnoparkların yaradılması nəzərdə tutulur. Amma bu məsələ bir qədər piar olunmalıdır. Bu, ictimai müzakirələrə səbəb olmalıdır və geniş işıqlandırılmalıdır.
İlkin AĞAYEV
Palitra.-2013.-26 aprel.-S.7.