Şair düşüncələri 

 

“Ruhun dilindən gələn şeirlər daha gözəldir”

 

İlham Umud oğlu Qəhrəmanov 24 aprel 1959-cu ildə Azərbaycan Respublikasının Laçın rayonunun Sus kəndində anadan olub. İbtidaiorta təhsilini Laçında alıb. 1983-cü ildə Bakı maliyyə-kredit texnikumunu bitiribmühasib ixtisasına yiyələnib. Çağdaş şeirimizin sayılıb-seçilən nümayəndələrindən olanlirik şair kimi tanınan İlham Qəhrəman "Gülüm yarpıza döndü" (1999), "Ağlama qu quşu" (2002), "Ey dil" (2006), "Laçın folkloru" (2009) kimi şeir kitabları Bakıda, "Əsir dağlar" (2009) şeir kitabı isə Tehranda işıq üzü görüb. Onun 2004-cü ildə Bakıda yayımlanan "İlham qapısı" kitabında isə müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri-şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlərlə etdiyi söhbətlər toplanıb. İlham Qəhrəman çoxəsrlik folklor ənənələriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri, ictimai-siyasi mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinin yadda qalan özəllikləridir. O, çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrinin müəllifi kimi tanınır. Hörmətli şairimizlə bugünkü gündə ədəbiyyatımıza, milli dəyərlərimizə, folklor ənənələrimizə cəmiyyət arasında olan maraqlara qarşı fikirlərini öyrəndim. Gənclərin milli irsimizin dəyərlərinə hansı səviyyədə diqqət etməkləri haqda düşüncələrindən agah oldum. İlham Qəhrəmanla müsahibəmi qəzetimizin oxucularına təqdim edirəm:

-İlham müəllim, yaradıcılığınızda milli dəyərlərə daha çox üstünlük verirsiniz. Məsələn, 2009-cu ildə "Laçın folkloru" adlı kitabınız dərc olunub. Bu maraq və sənətə olan sevginiz sizə hansı hissləri yaşadır?

- Adından göründüyü kimi haqqında bəhs etdiyiniz kitab işğal altında olan, yəni bu gün əlimizdən çıxan bir Vətən parçasının folklorunu özündə əhatə edir. Laçın həm yerləşdiyi əraziyə görə, həm də əhalisinin istiqanlılığına görə çox sevdiyim bir yer idi. Mən bu sözləri laçınlı olduğum üçün demirəm. Bu gün müstəqil Azərbaycanın vətəndaşları istirahət üçün dünyanın bir çox ölkələrinə üz tuturlar. Əgər istirahət üçün hər hansı ölkədə təbiətin zəngin olduğu bir yerə üstünlük verirlirsə, inanın o yerlərin heç biri Laçındakı təbiət mənzərələrinə çatmaz. Uca dağları, qoşa-qoşa çayları, dədə-bablardan qalma çayqırağı bağları, zəngin meşə örtüyübir çox saymaqla bitməyən gözəllikləri Tanrı Laçına qıya-qıya vermişdi. Bura dağlar mirvarisi Qaragölü də əlavə edəndə adam yanır cızdağı çıxır. Eyni zamanda Laçının əhalisi çox istiqanlı, mərd, qonaqpərvər camaat idi. Xalq arasında çoxlu ağız ədəbiyyatı nümunələri vardı. Məclislərdə qadınlar daha çox zərb-məsəllə danışardılar.

Bu günlərdə indi Laçın camaatının bir hissəsinin məskunlaşdığı Taxtakörpü qəsəbəsində çayxanada olarkən iki həmsöhbətin dilindən eşitdiyim iki zərb-məsəli “heyfdir, itməsin” deyib gizlicə kağıza köçürdüm:

“Ördəyi su ilə qorxutmazlar”;

“Filankəs 2 şahıya it axtalayır, 1 abbasıya sabun alıb əlini yuyur”.

Göründüyü kimi, bu kimi zərb-məsəllər haqqında danışılan insanın el diliylə desək, hansı yuvanın quşu olduğunu dəqiqliklə özündə ifadə edir. Eyni zamanda Laçında oturuşmuş el mədəniyyəti vardı. Tutaq ki, küçənin bu tayı ilə gedən şagird o tayda gedən müəllimi görən kimi papağı başından çıxardardı. Bu zaman müəllim onu görməyə də bilərdi. Yaxud şəhərin içində heç kəs hündürdən danışmazdı, söyüş söyməzdi. Bunu kim etsə, dərhal el qınağına tuş olardı. Yadımdadır, biz həmişə dalaşmaq üçünYay klubuna gedərdik ki, böyüklər bizi görməsin. Laçın işğal olunduqdan sonra məndə belə bir istək yarandı ki, heç olmasa, o yerlərin söz-söhbətini toplayım. Nə qədər çətin olsa da, müəyyən mənada bu işə nail oldum. İnsanın bir öz ömrü, birsöz ömrü var. Mən laçınlıların söz ömrünü yazdım. Aydındır ki, söz ömrü daha uzundur. Bu istək Laçına olan sevgimin inikası idi. Onu da deyim ki, 5-6 il üzərində işlədiyim “Laçın folklorunda bu günə qədər folklor kitablarına düşməyən bir neçə yeni folklor janrı nümunələri də topladım. Məsələn “Səvələmə”, “Bəzəmə” və s...

Göründüyü kimi, yaşanan hissin adı sevgidir. Onu da deyim ki, Laçın folkloru toplamaq işimiz dayanmayıb, hazırda “Laçın lətifələri” kitabı üzərində işləyirəm.

- Poeziya, söz sənəti şair üçün hansı anlamı daşıyır?

- Məncə, şairlər Allahdan gələnləri ruhunun qulağıyla eşidib ruhunun dilində yazanlardır. Mən həmişə söz düşəndə deyirəm ki, ruhun dilindən gələn şeirlər daha gözəldir. İnsan fizioloji varlıq kimi torpağa, ruhu etibarıyla isə Allaha məxsusdur. Belə deyim var-şairə vəhy gəldi. Vəhy özü ruha aiddir-onun bir adı da haldır. “Filankəsi hal apardı” deyimi burdan yaranıb. Yəni vəhyin gəldiyi yol ruhun yoludur. Demək, insanı tərpədən şeirlərin hamısı ruhun dilindən gələn şeirlərdir. Bu mənada ruhun dilindən gələnləri Allahdan gələn yazı kimi qəbul etmək olar. Sən mənzərənin, situasiyanın içində olan zaman birdən ürəyinə bir söz təpir və dildə ifadə olunur. Bax bu söz vəhydir. Laçın işğal olunandan bir neçə il sonra Ağcabədiyə qohumlara dəyməyə gedirdim. Avtobusda hey fikirləşirdim ki, axı mən Laçına getməliyəm, amma yol bağlı olduğu üçün gedə bilmirəm. Birdən ürəyimə bir söz təpdi-canavar dərisi geyib təmas xəttini adlamaq. “Deyin ovçulara səhv salmasınlar, Canavar dərisi geyib gedəcəm” misraları belə yarandı”. Poeziya şairin oxucu üçün hava yaratmaq bacarığıdır. Mən bu haqda “ədəbi düşüncə”lərimin birində qeyd etmişəm. Biz gözəl bir şeir oxuyandan sonra bir müddət o şeirin təsiri altında qalırıq. Sonra o şeiri unuduruq, amma o şeirin havası bizim canımızda qalır. Həmin şeiri biroxuyanda, ya da bir başqasının ifasında eşidəndə şeir bizə tanıdığımız adam kimi tanış gəlir.

- Sizin fikrinizcə, bu gün gənclərin şeirə, poeziyaya bağlılığı nə ilə ölçülür?

- Bu gün gənclərin özünü ifadə etmək imkanları genişdi. Deyək ki, çoxlu kütləvi informasiya vasitələri-qəzet, jurnal, ədəbi nəşrlər, radio, televiziya, elektron saytlar onların yazılarını işıqlandırır. Özləri kitab nəşr edirlər. Mən ədəbiyyata gəldiyim illəri xatırlayıram. O zaman biz Azərbaycan kitab bazarında nə vardısa, hamısını oxuyurduq. Qoy bu gün ədəbiyyata gələn gənclər özlərindən əvvəlkiləri çox oxusunlar. Sözlə yaşasınlar. Balaca uşaq çöldə evcik-evcik oynayan kimi sözlə oynasınlar. İstedadla yazılmış hər bir mətn özündə bir sirr saxlayır. Mətni oxuyan cavanlarımızda həmin mətni qavramaq gücü olmalıdır.

Fikrimizi çatdırmaq üçün iki klassik aşığımızdan nümunə gətirək. Dirili Aşıq Qurbaninin aşağıdakı “Qadasın aldığım” şeirini oxuyaq:

 

Səhərin dan yeli kimi,

Əsmə, qadasın aldığım!

Mənim səbrü-qərarımı

Kəsmə, qadasın aldığım!

 

Bizim bağda gül dərginən,

Sıx könlünə, tel hörgünən,

üzdən busə verginən,

Əsmə, qadasın aldığım!

 

Qurbani aşiq üzünə,

Qurbandı ala gözünə,

Baxma yadların sözünə,

Küsmə, qadasın aldığım!

 

Şeirdə iki yerdə əsmə sözü işlənib. Birinci bənddəki “Səhərin dan yeli kimi əsmə...” deyəndə şair məşuqunun şux görünüşüylə, naz-qəmzəsiylə, yerişiylə, duruşuyla aşiqi üçün bir səhər mehi, səhər yeli əsdirdiyini bənzətmə ilə deyir. Məşuqunu görən aşiq dərhal onun sevgi aurasına düşür. Bəs ikinci bənddəki əsmə nədir?! Burada isə ustad aşıq gözəlin ondan busə istərkən “yoxsözünün əvəzində başını etiraz kimi yelləməsinə, əsdirməsinə işarə edir. Yəni cinas söz gözəlin hərəkətinin şəklindən alınır. Eyni sözdür, amma başqa-başqa anlamı var. İkinci misal kimi, Sarı Aşığın bir bayatısına fikir verək:

 

Mən Aşığam, möhür üz,

Gülü bağdan möhür üz,

Sinəndir caynamazım,

Zülfün təsbeh, möhür üz.

 

Göründüyü kimi, məşhur cinas u stadı mətndə “möhürsözünü cinas kimi işlədib. Ana dilimizi yaxşı bilməyən oxucu burda cinasın mənasını açmaqda çətinlik çəkəcək. Aşıq birinci misradamöhür üz” deyəndə toxunulmayan, əl dəyməyən, öpülməyən üzə işarə edir. İkinci misrada isə gülün elə bir vəziyyətinə işarə edir ki, o zaman gültam düymədir, nə də tam açmayıb, gülü mürəkkəbə batırıb kağıza toxundursan, şəkil möhür kimi düşəcək. Bundan başqa, kənd yerində qadınlar aclığını belə bildirirdilər-səhərdən möhürəm. Yəni, ağzımı açıb bir loxma yeməmişəm. Yenə deyirəm, bunları bilmək üçün dilimizi dərindən öyrənmək lazımdır. Dili öyrənməyin yeganə yolu isə folkloru, aşıq ədəbiyyatını, klassikləri oxumaqdır. Ola bilər ki, sabah Azərbaycanda elə bir şair yetişsin ki, Nobel mükafatı alsın. Amma bunları bilmirsə, o şair Azərbaycan təfəkkürünün daşıyıcısı olmayacaq.

-55-in astanasındasız. Allah ömür versin. Bəs sənətinizin yolunu gedən tələbə yetişdirirsinizmi?

- Keçmişdə Romada belə bir fikir var idi, deyirdilər ki, natiq kimi yetişmək, şair kimi doğulmaq lazımdır. Bu mənada hesab edirəm ki, nə qədər istedadlı şair olsan da, öyrətməklə şair yetişdirmək olmaz. Şeir yazmaq-söz sənəti hər hansı musiqi alətində ifa etmək deyil ki, kiminsə əlindən tutub ifa etdiyinin sirlərini öyrədəsən. Bu insanın özünü ifadə etmək bacarığıdır. Tutaq ki, “qabında olanbir gəncə yazmağın müəyyən şərtlərini öyrətmək olar. Ona dili öyrənmək üçün şifahi xalq ədəbiyyatını oxumağı və yaxud mətndə zaman və məkan məfhumunu qorumağın sirlərini, sözlə necə davranmağı, sözü kontekstdən kənar işlətməməyi məsləhət görmək olar. Qalanı o şəxsin öz boynuna düşür. Vaxtilə ədəbi məclislərdə istedadı olmayan cavanların üstündə əsirdilər ki, bəs bunlar istedadlı gənclərdir. Amma bu gün onların səs-sorağı yoxdur. Ədəbiyyat dəniz kimidir-zaman keçdikcə yüngül və cansızları özündən kənara atır.

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-2 may.-S.13.