“Qədim və ölü dilləri bilən mütəxəssislərimiz yoxdur 

 

“Azərbaycan dilinin internet məkanında işlənməsi, dilimizin xarici dil kimi öyrədilməsi sahəsində qısa və uzunmüddətli elmi layihələr hazırlanmalıdır”

Ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapan məsələlərlə bağlı 2013-2020-ci illər ərzində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Proqramının icrasına dair Tədbirlər Planında mövcud məsələlərin əsas icraçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası yer alıb. Müsahibimiz AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur:

-"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilir ki, “Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”. Bu fikrin təhlili bizə belə nəticə çıxarmağa əsas verir ki, Prezident müasir qloballaşan dünyada uzun müddətə hesablanmış strateji seçimlər etməyi zəruri hesab edir. Dövlət başçısı Azərbaycanın gələcək inkişafında müxtəlif amilləri, o cümlədən yaşadığımız regionun xüsusiyyətlərini, ölkəmiz və xalqımız üçün mövcudpotensial təhdidlərin aradan qaldırılması üçün zəruri mexanizmlərin işlənib hazırlanmasını, qloballaşan dünyada bütün universal konsepsiyalara, siyasi-iqtisadi proseslərə milli-mənəvi dəyərlərin qorunması fonunda yanaşmaq, gələcək inkişafımızı öz milli xüsusiyyətlərimizlə uzlaşdıqmaqla müəyyənləşdirmək zərurətini nəzərə alır. Fikrimizcə, bütün bunlar ona hesablanıb ki, qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi indiki dövrdə milli ruhda və özünüdərketmədə xarici təsirlərə ümumi müqaviməti təşkil etmək mümkün olsun. Milli-mənəvi dəyərlərimizin vacib komponentlərindən biri olaraqmilli ruhumuzun özünüifadə forması olan dilimizə də bu prizmadan yanaşmaq lazım gəlir. Bu baxımdan Azərbaycan dilinindilçiliyinin inkişafına dair Dövlət Proqramını “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) ümummilli lider Heydər Əliyevin imzaladığı mühüm tarixisiyasi əhəmiyyətli sənədlərin yeni mərhələdə uğurlu davamı hesab edirəm. Başqa cür ifadə etsək, sözügedən Dövlət Proqramı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, milli dövlət quruculuğunda yürüdülən dil siyasətinin zaman və məkan etibarilə yeni müstəvidə dövrümüzün siyasi, ideoloji və digər reallıqlarının nəzərə alınması ilə tətbiqini gerçəkləşdirmək istiqamətində mühüm dövlət sənədidir.

- Proqramda öz əksini tapan məsələlərdən biri də Azərbaycan dilinindilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsidir. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini məqsəduyğun hesab edirsiniz?

-Qeyd etdiyiniz məsələ, yəni Azərbaycan dilinindilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi bu Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biridir. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsinə gəldikdə, qeyd etmək lazımdır ki, həmin tədbirlərin konturları artıq məlumdur və bunlar ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar ölkənin dilçilik mərkəzi kimi AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzaladığı 29 may 2012-ci tarixli sərəncamında öz əksinin tapıb. Məsələn, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsini göstərmək olar. Fikrimcə, bu məsələlər xüsusi bir elmi proqram layihəsi əsasında gerçəkləşdirilməlidir. Bu yöndə işlərin aparılması üçün hər şeydən öncə, ölkədə dilçilik sahəsində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək gərəkdir. Bunun üçün dünya dilçilik elminin müasir inkişaf meyillərini də nəzərə almaq lazımdır. Eyni zamanda Dilçilik İnstitutu əlaqələndirici qurum olaraq həm AMEA-da, həm də ölkəmizin digər elmi müəssisələrində, ali məktəblərində dilçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri də bu işə cəlb etməlidir. Prezidentin 29 may 2012-ci il tarixli sərəncamında qeyd olunan digər bir məsələ dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi ilə bağlıdır. Bəllidir ki, dünyanın bir sıra kitabxana və əlyazma fondlarında xalqımızın dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, bir sözlə, Azərbaycanla bağlı mənbələr var. Onların çoxu haqqında ya məlumatımız məhduddur, ya da onlar indiyə qədər bizə məlum deyil. Həmin mənbələrin aranıb-axtarılması, üzə çıxarılması və ölkəyə gətirilməsi müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin qarşısında bir vəzifə olaraq durur. Sözügedən ilkin mənbələrin yazıldığı qədim və ölü dilləri bilən mütəxəssislərimiz yoxdur. Mənbələrin başqa dillərə edilən tərcümələrində isə xalqımızın tarixinin araşdırılması baxımından kifayət qədər qüsurların olması aşkardır. Belə olan halda müstəqil ölkəmizdə qədim mənbələri, onların yazıldığı dilləri bilən mütəxəssislərin yetişdirilməsi bir vəzifə olaraq ortaya çıxır. Nəticədə qədim və ölü dillərin öyrənilməsi məqsədi ilə proqramların hazırlanması məsələsi gündəmə gəlir. Bu cür uzunmüddətli elmi proqram layihələrində qədim və ölü dilləri bilən mütəxəssislərin dünyanın aparıcı elmi mərkəzlərində doktorantura yolu ilə hazırlığından tutmuş, gənc alimlərin, doktorant­ların və ya maraqlanan şəxslərin həmin mərkəzlərə uzunmüddətli ezamiyyətinin təşkili kimi məsələlər əksini tapmalıdır. Nəzərə almaq lazımdır ki, bu işin planlı və mərkəzləşdirilmiş qaydada aparılması vacibdir. Bu deyilənlərdən əlavə, lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması, dialektoloji ekspedisiyaların təşkili, Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması, Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi sahəsində də qısa və uzunmüddətli elmi layihələrin hazırlanıb gerçəkləşdirilməsi barəsində də düşünmək lazımdır.

- Burada öz əksini tapan amillərdən biridilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yük­səl­di­lməsidir. Siz bir mütəxəssis kimi hazırda bu sahədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

-Azərbaycan dilçiliyi istər sovet dönəmində, istərsə də postsovet dövründə ənənələrə sahib olub, bu ənənələri nəsildən-nəsilə ötürüb. Azərbaycan dilçilərinin əməyi sayəsində dilimizin fonetikası, qrammatikası, leksikası, ədəbi dil, dil tarixi məsələləri, ədəbi dilin funksional üslubları, dialekt və şivələri araşdırılıb, Azərbaycan dilinin dünyanın bir çox dilləri ilə müqayisəli tədqiqatları aparılıb. Dilçilərimiz ingilis, fransız, alman, ispan, italyan, ərəb, farss. kimi dünya dillərinın elmi cəhətdən öyrənilməsinə öz töhfələrini veriblər. Təsadüfi deyil ki, Prezidentin 23 may tarixli sərəncamında dilçiliyimizin keçdiyi şərəfli yol geniş təhlil olunub, bu sahədə görkəmli dilçilərimizin adları və xidmətləri vurğulanıb. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay Azərbaycan dilçiliyinin nailiyyəti kimi qeyd olunub. Bütün bunlar dilçiliyimizə dövlət səviyyəsində verilən yüksək qiymət kimi qəbul edilməlidir. Belə şərəfli tarixi olan dilçilik elmimizin gələcəyi barədə də indidən düşünmək lazımdır. Bunu nəzərə alaraq, Dövlət Proqramında dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yük­səl­dilməsi məsələsi nəzərdə tutulub. Düşünürəm ki, ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi dedikdə belə anlaşılmamalıdır ki, dilçi kadrlarımızın səviyyəsi aşağıdır. Mən deyərdim ki, dilçi mütəxəssislərimiz, belə demək mümkündürsə, “qapalı” fəaliyyət göstərirlər. Onların məşğul olduğu elmi tədqiqat işləri müxtəlif səbəblərdən geniş məkana çıxa bilmir. Dilçilərimizin tədqiqatlarının bir növreklama ehtiyacı var. Bu isə dünyanın aparıcı elmi mərkəzləri, universitetləri, elmi cəmiyyətləri ilə beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin gerçəkləşdirilməsi, həmin elmi mərkəzlərlə elmi mütəxəssislərin hazırlanması, fikir mübadiləsi sayəsində mümkün ola bilər. Göstərilənlərin gerçəkləşməsində dilçilərimizin “dil baryerinin aradan qaldırılması mühüm rol oynayacaq. İxtisaslı kadr hazırlığı pilləsində dünyanın aparıcı dillərinin öyrədilməsi işində doğrudan-doğruya dönüş yaratmağın vaxtı artıq çatıb. Əvvəllər xarici dildən “namizədlik minimumu” adlandırılaraq qəbul edilən imtahanın artıq “doktorluq maksimumukimi qəbul edilməsi lazımdır. Yəni xarici dildən doktorluq imtahanına qoyulan tələblər dəyişilməlidir. Bütün bunları söyləməklə dilçilik sahəsində ixtisaslı kadr hazırlığında olan əyər-əskiklərin üstündən keçmək fikrindən də uzağam. Düşünmürəm ki, bu sahədə hər şey rəvan gedir. Şübhəsiz, çatışmazlıqlar var. Bunların obyektivsubyektiv səbəbləri hamıya məlumdur. Hər bir sahədə olduğu kimi, dilçi kadrların hazırlığında da obyektivlik, dövlət və cəmiyyət qarşısında məsuliyyət hissi yüksəkdə dayanmalıdır.

 

Nigar ABDULLAYEVA

 Palitra.-2013.-2 may.-S.7.