Məmməd Arazın 45 yaşlı məktubu və şair haqqında xatirələrim

MƏMMƏD ARAZ -80

Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan birinə çevrilən Xalq şairi Məmməd Arazı yaxından görmək, bir neçə dəfə onunla üz-üzə durub təmasda olmaq səadəti mənə də qismət olub.

1967-ci ilin oktyabr ayının ortaları idi. Son kursunda təhsil aldığım Naxçıvan şəhər pedaqoji məktəbində xəbər yayıldı ki, axşam məktəbin akt zalında şair Məmməd İbrahimlə (onda bu təxəllüslə tanınırdı) görüş keçiriləcək, bütün ədəbiyyat və şeir həvəskarları ora dəvət olunur. O vaxtlar bizə pedaqogika fənnini tədris edən müəllimimiz, şair Adil Qasımov məni çağırıb tapşırdı ki, pedaqoji məktəbdə fəaliyyət göstərən ədəbiyyat dərnəyinin bütün üzvlərinə (Adil Qasımov həmin dərnəyin rəhbəri, mən də dərnəyin orqanı olan “Könül duyğuları” adlı divar qəzetinin redaktoru idim) çatdırım ki, axşam mütləq Məmməd İbrahimlə görüşdə iştirak etsinlər... Bütün dərnək üzvləri həmin görüşdə iştirak etdi.

Pedaqoji məktəbdə əvvəllər də belə tədbirlər keçirilmişdisə də, görüş zalını heç vaxt belə dolu görməmişdik, hətta zala əlavə stullar da qoyulmasına baxmayaraq, arxa sıralarda ayaqüstə duranlar da var idi. Tədbiri məktəbin direktoru mərhum Əsgər Əhmədov açdı. Məktəbin ədəbiyyat müəllimi Şəmil Allahverdiyev şairin yaradıcılığı haqqında geniş məruzə etdi. Tələbələr şairin şeirlərini bədii qiraət etdilər. Söz şairə veriləndə geniş alqış sədaları altında dağ cüssəli, qartal baxışlı, boy-buxunlu, cavan bir oğlan (onda şair 33-34 yaşında idi) kürsüyə çıxdı. Tədbir iştirakçılarını salamlayandan sonra yenicə nəşrə başlayan və özünün də məsul katibi olduğu “Ulduz” jurnalının fəaliyyətindən, bu jurnalda gənclərin yaradıcılığına daha geniş yer veriləcəyindən danışmaqla, biz tələbələrə jurnala abunə yazılmağı tövsiyə etdi. Sonda özünün yeni yazdığı “Uçqun”, “Professor Gilə məktub” və digər şeirlərini oxudu, müəllim və tələbələrin suallarını cavablandırdı. Bu görüş o qədər maraqlı və yaddaqalan oldu ki, müəllim və tələbələr arasında günlərlə o barədə söhbət getdi. Elə mən də 19 yaşlı bir gənc kimi həmin görüşün təsiri və romantik xəyalları ilə bir müddətdən sonra şairə bir məktub yazıb göndərdim, bizimlə keçirilən görüşdə oxuduğu şeirləri, ya da kitabını mənə göndərməsini xahiş etdim. Bir neçə gündən sonra poçtalyonun mənə verdiyi məktubu açıb oxuyanda sevindiyimdən sanki uçmağa qanadım çatmırdı. Bu gün 45 yaşı tamam olan və ən əziz xatirə kimi arxivimdə saxladığım (foto-surətini olduğu kimi təqdim etdiyim) həmin məktubda şair yazırdı:

«Hörmətli Vaqif! Səmimi salamlar! Zəhmət çəkib mənə məktub yazdığınıza görə təşəkkür edirəm. Ancaq gec cavab yazdığım üçün üzr istəyirəm. Çünki burada yox idim. İndi də bir qədər xəstəyəm və müalicə ilə məşğulam. Siz dediyiniz şeirimi göndərə bilmirəm. Onu deyim ki, həmin şeir və başqa yazılarım “Ömür karvanı” adlı kitabımda bu yaxınlarda çapdan çıxıb, yəqin ki, Naxçıvana gəlib çıxar. Sonra qismət olsa, həmin kitabı avtoqrafla sizə verərəm.

Hələlik: hörmətlə Məmməd İbrahim

Bakı, 7/II-68».

O vaxt Məmməd Arazın mənə yazdığı bu məktub pedaqoji texnikumda deyərdim ki, bütün müəllim və tələbələr arasında əl-əl gəzdi və şairin özünün məktubda qeyd etdiyi “Ömür karvanı” kitabının əksər tələbələr tərəfindən alınıb oxunmasında mühüm rol oynadı.

Məmməd Arazı ikinci dəfə 1973-cü il iyun ayının 5-də Naxçıvanda keçirilən Azərbaycan Yazıçılar İttifaqının (onda birlik yox, ittifaq adlanırdı) səyyar plenumunda gördüm. Həmin plenumda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının YUNESKO tərəfindən qeyd olunan 600 illiyi ilə əlaqədar Xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, Naxçıvanda yaşayan yazıçıların yaradıcılığı barədə professor Yəhya Seyidov məruzə etdilər. Həmin plenumda görkəmli qələm sahibləri Əli Vəliyev, Balaş Azəroğlu, Bəkir Nəbiyev, Mirvarid Dilbazi, Əliağa Kürçaylı, Adil Babayev, Cəlal Məmmədov, Fikrət Qoca, Cabir Novruz, İsrail Mustafayev, Səyavuş Sərxanlı və digərləri iştirak etsə də, tənəffüslərdə Məmməd Arazın ətrafına toplananlar, onunla görüşüb hal-əhval tutanlar daha çox olurdu. O plenumda şairlə əl verib görüşmək mənə də qismət oldu. Ona məktub yazdığımı, mənə cavab yazdığını yadına saldım və Bakıya yolum düşəndə mütləq şeirlərimdən aparıb ona çatdırmağımı tapşırdı. Bu tapşırığa üç il sonra əməl edə bildim. 1976-cı il yanvar ayının 8-də (kənd məktəbindəəllim işlədiyim üçün yalnız tətil vaxtlarında Bakıya gedə bilirdim) Bakıda iş yerində, “Azərbaycan təbiəti” jurnalının redaksiyasında Məmməd Arazla görüşdüm. Nəşrə hazırladığım ilk kitabımın əlyazmaları olan qovluğu yarım saata yaxın vərəqləyib gözdən keçirəndən sonra qovluqda yaxşı şeirlərimlə yanaşı, zəif şeirlərin də çox olduğunu bildirdi və hələlik nəşriyyata təqdim etməməyimi, kitab üzərində yenidən işləməyimi tapşırdı. Sonra da əlavə etdi: “İlk kitabındır, şairin gələcək taleyi, onun oxucu qəlbində qala bilməsi ilk kitabından çox asılı olur...” Eyni zamanda həmin söhbətdən sonra Məmməd Araz “Ulduz” jurnalının şeir şöbəsində işləyən şair Səyavuş Sərxanlıya zəng vurdu, qısaca salamlaşandan sonra- “yanına bir cavan oğlan göndərirəm, onun şeirlərinə baxmağa dəyə” -dedi. Bir-iki saat sonra “Ulduz”un redaksiyasında Səyavuş Sərxanlı ilə görüşəndə onun dediyi bir cümlə də xeyli müddət məni düşündürdü: “Məmməd əmi deyibsə, demək, bu şeir yox, əsl poeziyadır…”

Həmin əhvalatdan az sonra bir neçə şeirim “Ulduz” jurnalında çap olunanda Məmməd Araz şəxsiyyətinin böyüklüyünü və onun ədəbi mühitdə əsl söz sahibi olduğunu bir daha yəqin etdim. Ancaq onunla iş yerində görüşdən, danışığındakı və əl hərəkətlərindəki titrəyişlərdən onu da yəqin etdim ki, cəmi on il qabaq pedaqoji texnikumda görüş zamanı gördüyüm o dağ cüssəli insandan yalnız odlu baxışlardan savayı heç nə qalmayıb və o, günü-gündən şam kimi əriyib getməyindədir.

Bu şəxsi tanışlıqlar, ağır səhhətinə baxmayaraq, bütün xalqın dilində əzbər olan poeziya nümunələri yaratması məni Məmməd Araz yaradıcılığına daha dərindən bağladı və həmin illərdən başlayaraq şairin yaradıcılığını daha dərindən izləyib mütaliə etməyə başladım.

Məmməd Arazın poeziya ümmanına dərindən baş vurandan sonra məndə qələmi yerə qoymaq qənaəti də yarandı bir müddət. Çünki Məmməd Araz sözündən sonra nə deyəsən, nə yazasan ki, oxucu qəlbinə yol tapa biləsən?.. Bu hisslərimi həmin dövrlərdə Məmməd Araza həsr etdiyim bir şeirimdə də etiraf etməyi özümə borc bildim:

Qaraçı çal, dəli təbim oyansın,

Var istəyim qoy bu rəngə boyansın.

Söz köhlənim “Uçqun” görüb dayansın,

Deməsinlər, söz qüdrətim var, az var…

Nə söz deyim, axı Məmməd Araz var…

 

Bir dərədən cığır tutub qalxıram,

Zirvələrin görkəmindən qorxuram,

Heyrət ilə bir zirvəyə baxıram,

O zirvədə boran çoxdur, qar az var,

O zirvədə bir də Məmməd Araz var…

 

İl dolanır, keçir “Ömür karvanı”.

Xatırlamır ürəklər hər sarbanı,

Yaşamaqçün yaddaşlarda yer hanı?

Hər şairə ürəklərdə yer az var-

Ürəklərdə bir də Məmməd Araz var!..

 

1976-cı ilin sonlarında, Məmməd Arazla heç vaxt unuda bilməyəcəyim, gözlənilməz və fərqli bir görüş də qismət oldu mənə. “İrəvan-Bakı” qatarı ilə Bakıya gedirdim. Təsadüf nəticəsində bildim ki, mən mindiyim vaqonun kupelərindən birində Məmməd Araz da Bakıya gedir... Bundan böyük sevinc olardımı?.. O, oturduğu kupedən bir dəfə də olsun çıxmaq həvəsində olmasa da, onun kupesinə girib şairi görmək həvəsində olanların sayı-hesabı yox idi... Həmin vaqonun sakini və şairin pərəstişkarlarından biri kimi, qış günü Araz boyu şütüyən qatarda Araz kimi dərdli bir şairi dinləmək səadəti mənim də payıma düşmüşdü... Araz çayı sahilində Məmməd Arazdan şeir eşitmək səadəti... Elə bu görüşün təəssüratı ilə də bir neçə gün sonra Məmməd Araz haqqında yazdığım “Yol gedirdim” şeirim araya-ərsəyə gəldi:

Yol gedirdim Araz çayı boyunca,

Məmməd Araz şeir dedi doyunca,

Heyrətləndim bu hikməti duyunca,

Arazlar nə yaman sözlü olurmuş…

 

Gördüyümü misra-misra yazandım,

Özüm bildim, nə itirdim, qazandım.

Şaxta idi, istilədim, qızındım-

Arazlar nə yaman közlü olurmuş…

 

Məmməd Araz Araz olub daşardı…

Araz çayı şair kimi coşardı,

Bir meh əsdi, gözüm yaman yaşardı-

Arazlar nə yaman duzlu olurmuş…

1983-cü il oktyabr ayının 1-də Naxçıvan şəhərindəki Siyasi Maarif Evində (indiki şəhər icra hakimiyyətinin binası) Məmməd Arazın anadan olmasının 50 illiyi münasibətilə keçirilən görüşdən əvvəl o vaxtkı Naxçıvan Vilayət partiya komitəsinin ideoloji iş üzrə katibi Həmid Cəfərov tədbirdə çıxış edəcək adamları qəbul edib tapşırdı ki, Məmməd Arazın səhhəti ilə əlaqədar, həkim tədbirin bir saatdan artıq çəkməməsini xahiş edib, buna görə də hamı qısa, konkret danışıb şairi təbrik etməli, tədbir vaxtında yekunlaşmalıdır. Tədbir çox maraqlı keçdi. Məruzəçidən sonra şair Adil Qasımov, Kəmalə Ağayeva və mən Məmməd Araza həsr etdiyimiz şeirləri oxuduq. Hamı tapşırılan reqlamentə əməl edib çıxışını tez yekunlaşdırsa da, Naxçıvan Kooperativlər İttifaqının o vaxtkı sədri, əslən Şahbuz rayonundan, Məmməd Arazın yerlisi və uşaqlıq dostu Müzəffər Hüseynov şairin yaradıcılığı haqqında yarım saata yaxın çox maraqlı çıxış etdi, xatirələr söylədi və xeyli sayda şeirini əzbərdən dedi. Onun çıxışından sonra da katib Həmid Cəfərovun üzünü Müzəffər Hüseynova tutaraq yarızarafatla söylədiyi- “indi bildim ticarət planı niyə dolmurmuş, demək, siz ticarətlə yox, ancaq ədəbiyyatla məşğul imişsiniz”- sözləri də zalda xeyli gülüş doğurdu və tədbirin ab-havasını xeyli dəyişdi. Sonda ayaqüstə durmağa çətinlik çəkən Məmməd Araz elə oturduğu yerdə “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, çən salamat qal” misraları ilə başlayan şeirini oxudu. Şairin bu halını və oxuduğu kövrək şeiri çoxları göz yaşlarını axıda-axıda seyr edirdi.

Ancaq bu yerlərə gəlmək şairə yenə qismət oldu. 1999-cu ilin mart ayının 12-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Məmməd Arazla görüş keçirildi. Mərhum şair Elman Həbibin apardığı dövlət səviyyəli bu tədbirdə Naxçıvan MR Ali Məclisinin deputatı və Naxçıvan Dövlət Universitetinin əməkdaşı kimi rektorluq adından çıxış edib şairi təbrik etmək mənə həvalə olundu. Çıxışımdan sonra rektorluq adından xatirə hədiyyəsini (xalqımızın ümummilli lideri Heydər Əliyevin Məmməd Arazla birgə böyüdülmüş rəngli portretini) Məmməd Araza təqdim edərkən 30 il əvvəl mənə yazdığı həmin məktubun fotosurətini də şairə təqdim etdim. Bu gün 45 yaşı tamam olan həmin məktub tədbir iştirakçıları ilə yanaşı, şairin özünü də xeyli təəccübləndirdi və o, məndən aldığı məktubu yanında oturan həyat yoldaşına təqdim etdi.

Məmməd Arazla bağlı yadımda qalan ən ağrılı günlərdən biri də 2004-cü il dekabr ayının 1-i oldu. Naxçıvan Dövlət Universitetinin o vaxtkı rektoru, akademik İsa Həbibbəyli Elmi Şuranın növbəti iclasını yekunlaşdırıb şura üzvləri ilə sağollaşanda mobil telefonuna zəng gəldi. Eşitdiyi xəbərdən xeyli dərəcədə sarsılan rektor qeyri-iradi olaraq yenidən stulda əyləşdi, bir neçə saniyə sükut içərisində zalda oturanlara baxandan sonra çox həzin və kədərli səslə bu sözləri dedi: “Məmməd Araz vəfat edib”.

Azərbaycan poeziya kəhkəşanında parlaq ulduz kimi yanan Məmməd Araz poeziyası həmişəyaşardır və bənzərsiz bir ömür yaşayan şairin şeir-sənət dünyası daimi olaraq yaddaşlarda yaşayacaq.

 

VAQİF MƏMMƏDOV

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

tarix üzrə fəlsəfə doktoru, dosent

Palitra.-2013.-2 avqust.-S.13.