Ayman MUSAXACAYEVA “Bu dəfə Bakıya gələndə şəhəri tanımadım”

 

“Qəbələ festivalı barədə “Euronews” telekanalında yayımlanan videoçarxlar vasitəsilə məlumat almışam”

Olqa Martınova: “Qəbələ kimi ecazkar

məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir

“V Qəbələ Beynəlxalq Musiqi Festivalı ən yüksək səviyyədə davam edir”. Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış rusiyalı skripkaçı Olqa Martınova deyib. Diqqətə çatdırıb ki, festivala dünyaca tanınmış musiqiçilərin, o cümlədən orkestrlərin, pianoçuların, skripkaçıların, dəvət olunması bir daha bu möhtəşəm incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Olqa Martınova bu mötəbər incəsənət bayramının ərsəyə gəlməsində böyük xidmətləri olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirib: “Meşələr, vadilər, yaşıl çəmənli dağlar, bir sözlə, burada hər addımda gözəllik, ecazkarlıq hökmrandır. Auditoriya isə çox həssasdır. Həyat yoldaşım Con Bernard Pommier ilə Azərbaycana gəlmişəm. Konsertdən əvvəl Qəbələnin mənzərəli yerlərini gəzdik. Belə bir məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram. Buranın dağlıq ərazisi bizi daha uğurla çıxış etməyə ruhlandırır. Bir daha festivalın təşkilatçılarını bu təşəbbüs münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu mötəbər incəsənət bayramı barədə hələ çox danışılacaq”. , Qazaxıstan İncəsənət Universitetinin rektoru, Xalq artisti, dövlət mükafatı laureatı, Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, tanınmış skripkaçı Ayman Musaxacayeva isə qeyd edib ki, bu günlər Qəbələdə dünyanın məşhur musiqi xadimlərinin konsertləri böyük tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır.

Festivalın əhəmiyyətini yüksək qiymətləndirən Ayman Musaxacayeva füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada təşkil olunan belə gözəl musiqi bayramının yerlixarici qonaqlara unudulmaz anlar yaşatdığını əminliklə bildirib. Bakıda bir neçə dəfə konsert verdiyini vurğulayan Ayman Musaxacayeva deyib: “Bu dəfə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəndə şəhəri tanımadım. Qəbələyə gəldikdə isə belə kiçik məkanda tikilmiş beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət məni valeh etdi”. Qəbələ festivalı barədə “Euronews” telekanalında yayımlanan videoçarxlar vasitəsilə məlumatlı olduğunu diqqətə çatdıran Ayman Musaxacayeva bu möhtəşəm sənət bayramında iştirak etdiyi üçün çox şanslı olduğunu xüsusilə vurğulayıb.

Musiqinin dili olmadığını deyən tanınmış qazaxıstanlı skripkaçı orkestrin Yerusəlimdən, dirijorun İngiltərədən olmasını incəsənətin vəhdəti adlandırıb.

 

Günay

Palitra.-2013.-2 avqust.-S.12.