Bolonya prosesinin tətbiqi
ilə bağlı elmi araşdırmalar aktual olaraq qalır
Tələbələri, müəllim
heyətini bu sistemə tam alışdırmaq
üçün islahatlar və elmi müstəvidə yeni
yanaşmalar zəruridir
Azərbaycan ali təhsil sistemi sahəsində Bolonya prosesinə qoşulduğunu bəyan etsə də, bu sahədə müxtəlif aktual problemlər hələ də həllini gözləyir. Bolonya sistemi Azərbaycan təhsilində hələ oturuşmayıb. Ali təhsildə digər təhsil pillələrində olduğu kimi, çoxlu nöqsanlar mövcuddur. Ona görə də bu gün Bolonya prosesi ilə bağlı ölkə ziyalıları, alimləri və elmlə, təhsillə bağlı insanlar birmənalı düşünmürlər. Bu sahədə müxtəlif məqamlar tənqid edilməkdədir.
Məsələn, layihə çərçivəsində əvvəlki saylarımızda fikirlərini işıqlandırdığımız bir neçə alim Bolonya prosesində sosial elmlərin yükünün həddindən artırılmasına qarşı olduğunu bildiriblər. Məsələn, bir müddət öncə AMEA müxbir üzvü, professor Səlahəddin Xəlilov bildirmişdi ki, ali məktəblərin tədris saatlarında fəlsəfə, sosiologiya və sair ictimai elmlərin yükünün heç bir şərait nəzərə alınmadan azaldılması təhsilin ziyanınadır. Professor, kulturoloq Fuad Məmmədov da oxşar fikir bildirərək kulturologiyanın bir tədris fənni kimi ləğv edilməsinin yanlış addım olduğunu diqqətə çatdırmışdı. Bundan başqa alimlər və ekspertlər arasında Bolonya prosesinin Azərbaycanda yerli və milli xüsusiyyətlər nəzərə alınmadan, indiki formada tətbiqini uğurlu saymayan digərləri də var. Həmçinin Bolonya prosesinin dar çərçivədə, heç bir dünyagörüşü olmayan mütəxəssislər hazırlamağa hesablandığı barədə fikirlər də yox deyil.
Bu yazıda isə daha çox Bolonya sisteminin ali təhsilimizdə hazırkı tətbiqi səviyyəsinə toxunacağıq.
Mövzu ilə bağlı bizə fikirlərini bildirən Təhsil Problemləri İnstitutunun professoru Rauf Sultanov da Bolonya prosesi ilə bağlı aktual problemlər olduğunu etiraf etmişdi və qeyd etmişdi ki, Avropa universitetlərində bir universitetin büdcəsi 2-3, bəzən 10 milyard manata çatır. Həmin univertsitetlərdə ixtisaslı kadrların hazırlığını keçirmək üçün müxəlif kurslar fəaliyyət göstərir. Müxtəlif ixtisaslarla bağlı ayrıca müəssisələr, sexlər, zavodlar və sair fəaliyyət göstərir. Yəni kadrların hazırlığı və peşəkarlıq səviyyəsi peşəkar müəllimlərin və professorların nəzarəti altında aparılır. Fundamental və tətbiqi elmlərin tətbiqi bilavasitə həmin universitetlərin öz bazasında həyata keçirilir. Bir sıra ekspertlər də bildirirlər ki,elə bütün sadalananlara görə də Avropada təhsil alan mütəxəssislərin səviyyəsi qat-qat yüksəkdir. Bu gün Avropa təhsilinə keçidin müəyyən normativ sənədlərini hazırlamaq asandır. Amma onun tətbiqi prosesində lazımi vəsaitin və maddi-texniki bazanın çatışmazlığı işə əngəl törədir. Bu gün buna görə ali təhsildə islahatların özünü doğrultması və köklü dəyişiklik yaratması prosesi bir qədər zəif gedir. Alimlərin və ekspertlərin fikrincə, gələcəkdə iqtisadiyyatımız gücləndikcə ali məktəblərimiz Avropa ölkələrində Bolonya prosesinə qoşulmuş universitetlərin səviyyəsində maliyyələşərsə, bizdə də ali təhsilin səviyyəsi yüksələr. Amma onu da qeyd etmək lazımdır ki, Bolonya sisteminin tətbiqində daha çox təcrübəsi olan uğurlu nümunələr də var. Eyni zamanda, tələbələri, müəllim heyətini bu sistemə alışdırmaq üçün ali təhsil və elm müəssisələrində islahatlar aparılır, tədbirlər həyata keçirilir. Məsələn, Qafqaz və Xəzər universitetləri, eləcə də bir sıra ali təhsil müəssisələrimiz bu sistemin uğurlu tətbiqinə çalışırlar. Bolonya sistemi bu ali məktələrdə çox uğurla tətbiq edilir. Bu gün bir sıra şirkətlər Bolonya sistemini uğurla tətbiq edən ali təhsil müəssisələri ilə müqavilələr imzalamağa maraq göstərməyə başlayıb. Ona görə ki bu sistemin tətbiq edildiyi universitetlərdə müəllimlərin hamısı ingilis dilini, kompyuter texnologiyalarını yaxşı bilir. Onlarda yeni texnologiyaları tətbiq etmək imkanları daha güclüdür. Təhsilin keyfiyyəti də çox yüksəkdir. Bu isə ondan xəbər verir ki, bütün universitetlərdə Bolonya sistemi və ümumiyyətlə, tədris uğurla tətbiq edilməlidir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, ali təhsilin, eləcə də təhsilin inkişafına yönəlmiş elmi-tədqiqatların səmərəliliyi, keyfiyyəti həm də ayrılan vəsaitdən çox asılıdır.
Digər vacib bir məsələ Bolonya sisteminin bizdə uğurlu tətbiqi üçün bu sahədə yetərli insan kapitalının tələb olunmasıdır. Hazırda bunun üçün kifayət qədər potensialımız faktiki olaraq yenicə formalaşmağa başlayıb. Vaxtilə Türkiyə Avropa təhsil sisteminə yiyələnməkdən ötrü bütün qabaqcıl Avropa universitetlərindən alimləri dəvət etmişdi. Onlar Türkiyədə yüksək maaş almaqla yüksək tədris aparmağa və yeni Türkiyə təhsil sisteminin qurulmasında yaxından iştirak etməyə başladılar. Elə bizim qabaqcıl alim və professor heyətimizin çox hissəsi də Türkiyəyə bu məqsədlə dəvət olunaraq gediblər. Onlar yüksək maaş alaraq orada tədrislə məşğuldurlar. Biz isə nəinki başqalarını dəvət edə, heç özümüzünküləri də geri çağıra bilmirik. Onlar orada 4-5 min dollar aylıq maaş alırlar. Bizdə elm müəssisələrində maaş tutalım, 243, tədris müəssisələrində maksimum 400-500 manatdır. Ona görə də Bolonya prosesinin real tətbiqi üçün kifayət qədər insan kapitalı cəlb edə bilmirik. Professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi də yüksəldilməlidir. Alimlər qeyd edirlər ki, bizim müəllim və professorlar heç olmasa, indiki halda uyğun normativ sənədlər əsasında ali tədrisin həyata keçirilməsinə çalışmalıdırlar.
Bolonya sisteminin həyata keçirilməsində dərsliklərimizin də Avropa təhsil standartlarına uyğunlaşdırılması lazımdır. Dərsliklərimizin bir çoxu hələ də məzmunca köhnə dövrdən qalmadır. Bu dərsliklər bilik səviyyəsinin artırılmasını özündə ehtiva edirsə, Bolonya prosesində bundan daha çox peşəkarlıq səviyyəsinin artırılmasına diqqət yetirilir. Külli miqdarda dərsliklərin xaricdən gətirilməsi, onlar əsasında Bolonya prosesinin tələblərinə uyğun öz dərsliklərimizin hazırlanmasına ciddi ehtiyac var. Çünki bizdə hazırda bu dərslikləri lazımi səviyyədə hazırlayacaq potensial da yoxdur. Bunu təmin etmək isə sadə proses deyil.
Bu gün ixtisas hazırlığı kadrlarının peşəkarlıq, vərdişlərə yiyələnmə və tətbiq etmə səviyyəsi kifayət qədər olmadığı üçün onlar bu sahədə tam effektli tədris apara bilmirlər. Xarici ölkələrə də kifayət qədər bu sahə ilə bağlı tələbələr göndərilməlidir və onların Vətənə dönüb ali təhsil islahatlarında töhfə vermələri stimullaşdırılmalıdır. Burada bir problem var. Təhsil Nazirliyi Prezidentin xaricdə təhsillə bağlı məlum sərəncamı əsasında külli miqdarda vəsait ayırıb. Tələbələrimiz də dövlət hesabına xaricə gedib oxuyur. Amma onlar geri qayıtmaq istəmirlər. Təhsilimizin yüksəldilməsi üçün bu gün bu məsələyə güclü diqqət yetirilməli və vəsait ayrılmalıdır.
Bundan başqa müəllimin humanist, demokratik prinsiplərlə işləməsi üçün şərait təmin olunmalıdır. Bolonya prosesinin tələblərinə hərtərəfli, bütün yerli xüsusiyyətləri nəzərə alaraq yanaşmaq lazımdır.
Bəs Təhsil Problemləri İnstitutunun Bolonya prosesinin tətbiqi ilə bağlı hansı tədqiqatları var? Bu barədə Prezidentin təsdiq etdiyi dövlət proqramı var. Bunun həyata keçirilməsində Təhsil Problemləri İnstitutu fəaliyyət göstərir. Məsələn, institut tərəfindən yeni kurrikulum tələblərinə uyğun ekoloji dərslik hazırlanıb. Bu dərsliyin başqa dərsliklərdən fərqi onun dərslik olaraq inteqrativliyindədir. Bu dərslikdən coğrafiya, biologiya, kimya ixtisasları üzrə tələbələr dərslik kimi yararlana bilərlər. Burada əsasən hansı biliyin verilməsinə, təqdim edilməsinə diqqət yetirilib. Daha sonra fundamental elmlərin tədris yükü ilk dəfə olaraq tərəfimizdən 15 faiz müəyyənləşdirilib. Gələcəkdə tətbiqi ekologiyanı hazırlayacağıq. Bu da inteqrativ dərslikdir. Bundan başqa təcrübi ekologiya dərsliyini hazırlayacağıq. Burada fundamental elmin payı 65 faizdən çoxdur. Ekologiyanın tətbiqi məsələləri burada öz əksini tapacaq.
Bundan başqa ölkədə Bolonya prosesinə keçidlə əlaqədar olaraq təhsil standartlarını hazırlanıb. Bu standartlar təsdiq edildikdən sonra ali təhsil müəssisələri bu standartlardan yararlanır. Bu sahədə müəyyən təcrübə var. Eyni zamanda, bunlar nəzərə alınaraq düzgün normativ sənədlər və standartların, proqramların hazırlanması aktualdır. Bolonya prosesinin tətbiqi ilə bağlı elmi araşdırmaların davam etdirilməsi və problemlərin analizi hələ də aktual olaraq qalır...
İlkin
Palitra.-2013.-3 avqust.-S.11.