Qəbələ festivalı Azərbaycan mədəniyyətinin
təbliğində böyük rol oynayır
Festival günlərində
dünya şöhrətli musiqiçilərin bir-birindən
maraqlı çıxışları yerli sakinlərlə
yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin
də böyük marağına səbəb olub
Məlum olduğu kimi Qəbələdə böyük musiqi bayramı keçirilir. Bayram çərçivəsində turizm mərkəzi də olan rayona dünyanın müxtəlif ölkələrindən çoxlu qonaqlar təşrif buyurub. Dünya musiqi mədəniyyətinin öndə gələn simalarının Qəbələyə toplaşması ölkəmizin mədəniyyətinin, dəyərlərinin, adət-ənənəsinin təbliği baxımından böyük önəm kəsb edir. Müxtəlif ölkələrdən gəlmiş qonaqlar Azərbaycandakı inkişafla, bölgələrimizdə həyata keçirilən nəhəng layihələrlə yaxından tanış olaraq Azərbaycanı yenidən kəşf edirər. Belə tədbirlər Azərbaycan həqiqətlərinin dünyada yayılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Layihə çərçivəsində təqdim etdiyimiz bu yazıda Qəbələ festivalının Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rola toxunacağış. Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, MDB ölkələrinin təmsilçiləri V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində rayon Mədəniyyət Mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, nəhəng “Ağ royal” formasında tikilən bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılıb. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Bildirilib ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici edib. Diqqətə çatdırılıb ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Daha sonra qonaqlar Rayon İcra Hakimiyyətində olublar. Bildirilib ki, MDB-yə üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Dövlətlərarası Humanitar Forumunun ötən il Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələdə keçirilən V Beynəlxalq Musiqi Festivalı haqqında məlumat verib. Bildirilib ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olur. Qəbələ V beynəlxalq musiqi festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilib.
Tanınmış türkiyəli
pianoçu və Kubanın məşhur
“Santiaguero”
qrupu
Festival çərçivəsində dünya şöhrətli musiqi qruplarının çıxışları böyük maraqla qarşılanır. Onlardan biri də türk pianoçusu İdil Biretdir. Pianoçunu məşhur fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Orkestrin müşayiəti ilə görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərini təqdim edən xanım İdil Biret gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapıb. Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış edib. İdil Biret dünya vətəndaşıdır. O, yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır. Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan İdil Biret instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Azad ruhu və yaradıcılıq dühası ona tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış etmək imkanı yaradıb. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən İdil Biret klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasını tamaşaçılara təqdim edə bilib.
Türkiyəli xanım pianoçu
Şərqin musiqi mədəniyyətinə
sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar, özünəməxsus
ifaçı kimi uğur
qazanıb. Eyni sözləri Kubanın məşhur
“Santiaguero” caz qrupu haqqında da demək
olar. Öz ifası və
bəstələri ilə dünyaya səs
salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına
unudulmaz anlar bəxş
edib. Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” qrupunun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin
və qruplarının yaradıcılığından
qaynaqlanıb. Qrup 2011-ci ildə “Ən
yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi”
mükafatına layiq görülüb.
Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən
“Santiaguero” qrupunun
repertuarı özünəməxsusluğu ilə seçilir. Qrup Azərbaycan
bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
“Hekayəti Müsyo Jordan və Dərviş
Məstəli Şah”
tamaşası xalq teatrının təqdimatında
Yeri
gəlmişkən qeyd edək ki, Qəbələ Mədəniyyət
Mərkəzinin nəzdində fəaliyyət göstərən
xalq teatrı uzun illər fasilədən sonra yenidən fəaliyyətə
başlayıb. Xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa
hazırlayaraq təqdim edib. Qəbələ
Mədəniyyət Mərkəzinin səhnəsində M.F.Axundovun “Hekayəti Müsyo
Jordan və Dərviş Məstəli Şah” tamaşasının təqdimatı böyük marağa səbəb
olub və alqışlarla
qarşılanıb. Səhnə əsərinə 500-dən çox rayon sakini baxıb və tamaşaçılar xalq teatrının yeni fəaliyyətini
yüksək qiymətləndiriblər. Bir
saatdan artıq davam edən
tamaşadan sonra
teatrın yaradıcı heyəti ilə görüş
keçirilib, onları təbrik edərək
yeni-yeni uğurlar arzu edilib. Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev teatrın
kollektivinə yeni səhnə geyimlərinin
veriləcəyini və bir neçə nəfərin
Bakıdakı teatrlarda təcrübə
keçməsi üçün imkan yaradılacağını bildirib. Görüşdə məlumat
verilib ki, Qəbələ
xalq teatrı 1964-cü ildə
yaradılıb və müxtəlif vaxtlarda
xırda səhnəciklər nümayiş
etdirib. İlk dəfə
iri həcmli səhnə əsərini təqdim
edən xalq teatrının kollektivi Qəbələdə dövlət dram teatrının formalaşmasına
çalışırlar. Hazırda xalq
teatrının aktyor heyəti 2-si ali, 4-ü orta ixtisaslı
incəsənət işçisi və
9-u həvəskar olmaqla 15 nəfərdən
ibarətdir. Hazırda teatr daha iki tamaşanın təqdimatına
hazırlaşır.
Anar Miriyev
Palitra.-2013.-6 avqust.-S.11.