İnternetin geniş yayılması, telekanalların çoxluğu tamaşaçıların teatra marağını azaldıb”

Layihə çərçivəsində müsahibimiz Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibovadır:

 

-Mən 1982-ci ildə Gəncə şəhərində anadan olmuşam, 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm.

2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının, 2007-ci ildən indiyədək isə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası kimi fəaliyyət göstərirəm. Müxtəlif janrlı obrazlar yaratmışam: Zema (M.Haqverdiyev, “Qısqanc ürəklər”), Tələbə (M.Gülməmmədov, “Allah betərindən saxlasın”), Jurnalist (Ə.Nesin, “Toros canavarı”), Qız (F.Mustafa, “Adsız”), Nəzakət (M. Haqverdiyev, “Məhəbbət əzabları”), Günay (Hidayət, “Durnalar qayıdanda”), Nadya (A. Makayonok, “Tribunal”), Stepanova (A. P. Çexov, “Təklif”), Tibb bacısı (H.Mirələmov, “Ləyaqət”), Dovşan (X. Həsənova, “Tülkü, tülkü, tünbəki”), Şölə xanım (M. F. Axundov, “Lənkəran xanının vəziri”), Bədidə (S.Şendil, “Qanlı Nigar”), Kabus (E.Filippo, “Kabuslar”), Ruh (Elçin, “Teleskop”), Tələbə qız (Ə. Əmirli, “Mesenat”). Kinoda isə 2002-ci ildən bu günə kimi 20-yə yaxın filmdə və bir neçə serialda oynamışam. Bu siyahıda “Bir anın həqiqəti”, “Mənim üçün varsan”, “Gəlmişəm, deyəm ki, gəlməyəcəyəm”, “Cavad xan”, “Gürzə”, “Qaydasız döyüş” (serial), “Yaddaş”, “Bulağıstan”, “100 000 AZN”, “Sarı gəlin”, “Ünvansız eşq”, “İstanbul reysi” “Aramızda qalsın”, “Qaynana”nın adları yer alıb. 16 yaşım vardı, Mədəniyyət və İncəsənət Universitetinə daxil olmamışdan öncə işləmək üçün Gəncə Teatrına müraciət etdim. Teatra qəbul olunduğum gündən tamaşalarda müxtəlif rollar oynadım. Məsələn, “Oqtay Eloğlunda Sevər, “Ağakərim xan Ərdəbili” tamaşasında Leylanı, paralel olaraq universitetə hazırlaşdım. Ailənin tək övladıyam. Həm universitet oxumalı, həm də kirayə haqqını ödəməli idim. Anam xəstə olub, hər şeyi özüm etmişəm. Ona görə beş yerə qaçırdım ki, dolana bilim. Muğam Teatrına gedirdim, tamaşa hesabı pul almaq üçünAzdramada kütləvi səhnələrə çıxırdım. Harada işim üst-üstə düşürdüsə, seçim etməli olurdum.

- Bəs niyə aktyorluğa deyil, kulturologiya fakültəsinə daxil oldunuz?

- Bizə aktyor, rejissor sənəti keçirilirdi. Qiyabi oxumuşam, amma 16 yaşımdan teatrda işləyirəm. Təsəvvürümə gətirə bilmərəm ki, mənim yaşıdlarım içərisində mən qədər teatra bağlı kimsə olsun. Mən bütün teatrların tamaşalarına baxıram. Pis tamaşada belə, yaxşını görməyə çalışıram. Mən tamaşaya baxanda aktrisa olduğumu unuduram. Oradakı sözlərə o qədər aludə oluram ki, bəzən aktyorlara qoşulub ağlayıram, gülürəm, bəzi hadisələri öz həyatımla tutuşdururam. Tamaşaya baxıb özüm üçün nəticələr çıxarıram. İnanın, məşqim, tamaşam olmayanda da teatra gəlirəm, qrim otağında otururam, axşam da tamaşaya baxıb, evə gedirəm. Bir ki qiyabi oxumağımın da səbəbləri var idi. Başqa şəhərdən gəlmiş bir qızın qorxuları, çətinlikləri. Başqa mühit, başqa insanların arasına düşmək. Bu aspektdən əyani oxumaq bir balaca risk idi. Aktyorluq kursunun da qiyabi şöbəsi yox idi. İnsan bəzən xəyallara, arzulara qərq olur, ümidlə yaşayır. Amma çətinliyi görəndə başa düşürsən ki, hər şey heç sənin istədiyin kimi deyil. Pəjmürdə olsan da, sənəti sevdiyinə görə qalırsan. Ümumiyyətlə, bizdə aktrisa olmaq daha çətindir.

- Hansı tanınmış rejissorlarla çalışmısınız?

- Hökümə Qurbanovanın yubiley tədbiri üçünKleopatratamaşasını hazırlayanda rejissor məndən yaşımı soruşdu. Sonra dedi ki, mən bu yaşda belə sakit, təmkinli aktrisa görməmişəm. Həyatda çox sakitəm. Danışdıran olsa, danışacam, olmasa danışmayacam. Sənətə gəldiyim vaxtlar bu sakitliyim, məsumluğum çoxlarının xoşuna gəlirdi. Həm üzümün cizgilərindəki millilik rejissorların diqqətini çəkirdi. Mən Eldar Quliyevdən dərs almışam, bəli, hansı məqamdasa onun da mənə köməyi dəyib. Təsadüf nəticəsində rejissor Məhərrəm Bədirzadə ilə tanış oldum onun hazırladığı televiziya tamaşalarında əsas rollar oynadım.

Ümumiyyətlə, həmişə əhatəmdə yaxşı insanlar olub. Teatrda rejissor Bəhram Osmanovun köməyini duymuşam. Ünsiyyəti özüm yaratmışam. Doğrudur, Akademik Milli Dram Teatrına qəbul olunmaq asan deyil. Baxmayaraq ki, bura gələndə artıq teatr televiziya tamaşalarında əsas rollar ifa etmişdim. Amma bu teatrda hər şeyi sıfırdan başladım. Teatra gələndən kütləvi səhnələrə çıxırdım, hətta özümü sübut edənə qədər bir neçə il maaşsız da işlədim. Dözürdüm fikirləşirdim ki, burada böyük sənətkarların əhatəsindəyəm. Onlarla birgə səhnəyə çıxmaq mənə böyük zövq verirdi. İndi teatrda ştatlı aktrisayam. İsrafil İsrafilov direktor gələndən bəri həm rollar artıb, həm maaş düzəlib. Bilirsiniz, indi yaxşı cəhət nədir? Əgər mən bəyəndiyim hər hansı bir rolu ifa etmək istədiyimi ərizə ilə rəhbərliyə bildirsəm, bilirəm ki, İsrafil müəllim buna şərait yaradacaq. Amma indi əsər bolluğu var, aktyor o tamaşadan bu tamaşaya qaçır. Heç bir aktyor deyə bilməz ki, mənə rol verilmir, şərait yaradılmır. Kim özünü göstərmək istəyirsə, buyursun.

- Teatrın builki mövsümü sizi qane etdimi?

- Düzünü desəm, bu mövsüm teatrla çox məşğul ola bilmədim. Bircə Abdulla ŞaiqinQaraca qız” tamaşasında Nərgiz rolunu ifa etdim. Amma yaxşı tamaşalar hazırlandı. Həqiqətən, teatrımızın repertuarı çox zəngindir. Özüm oynamasam da, dostlarımın ifalarını görüb çox sevinirəm. Rollardan imtina etməmişəm. Çünki epizod da olsa, həmin tamaşada öyrənə biləcəyim çox nüanslar olur. Bilirsiniz ki, biz paralel olaraq seriallara da çəkilirik. Amma teatr bizim üçün bir məktəbdir. Burada öyrəndiklərimizi, qazandıqlarımızı serialda, kinoda xərcləyirik. Teatr-örnəkdir. Sadəcə tamaşaçılarımız gəlmirlər, tamaşalara baxmırlar. Əgər tamaşaçılar gəlsələr, teatra da populyarlıq gətirər. İndi bəlkə internetin geniş yayılması, bəlkə telekanalların çoxluğu tamaşaçıların teatra marağını azaldıb. Bu haqda konkret fikir demək çətindir. Amma hamımız ümid edirik ki, bu vəziyyət də keçəcək.

- Serial fəaliyyətinizlə bağlı nə deyərdiniz?

-”Bakıfilm”də “Buluğustan” filmində və “Qaydasız döyüş” serialında oynamışam. Hətta “Xoca” filminə də təsdiq olunmuşdum. Geyimlər də seçilmiş, çəkiliş günləri müəyyən olunmuşdu. Amma sonra mənə dedilər ki, “Qayınana” serialında çəkildiyimə görə mənimlə bağlı fikir dəyişib. Mən də bu qədərini bilirəm. Həm də paralel iki serialda çəkilmək çox çətindir. Bilmirəm, nədəndir, amma bu zamana kimi bütün rejissorlar mənə dramatik rollar həvalə edirdi. Hətta yaşımdan böyük rollar da ifa etmişəm. “Sədaqət” rolunu oynayandan bəri özümdə də bir yüngüllük hissi yaranıb. Ümumiyyətlə, fikirləşirəm ki, aktyor janrından asılı olmayaraq, bütün rolların öhdəsindən gəlməyi bacarmalıdır. Mən bu rolumla komediya janrında oynaya biləcəyimi sübut etdim. Təklifə gəlincə, seriala özləri dəvət etdilər. Amma bəzilərinin sual dolu baxışlarını hiss edirdim. Xoşbəxtliyim ondadır ki, həmişə əsəri ilk oxunuşdan tuturam. Cihan Taşkın məni bəyəndi. Dediklərinə görə, hazırda reytinq gətirən aktrisalardanam. Sədaqətlə bağlı tapıntılarım, danışıq tərzim çox bəyənilir. İnsan nə dərəcədə kor ola bilər ki, sevdiyi insanın onu aldatdığını görməsin. Sədaqət uşaq kimi safdır. Uşaq kimi bəzənir, muncuqları çox sevir, geyimi hər zaman ala-bəzəkdir. Axı normal adam həyatda elə geyinmir. Reallıqdan uzaq bir xarakter yaratmaq istəyirdim və bu, məncə, alındı. Ondan başqa, əgər dramatik rollarıma ancaq böyüklər baxıb sevirdilərsə, Sədaqətlə mən uşaqların da qəlbinə yol tapa bildim. Başqa seriallara dəvət almışam. Amma “Qayınana”da müqaviləm olduğu üçün razılıq verməmişəm. Ola bilər, yeni mövsümdə məni yeni serialda görəsiniz.

- Sənətiniz şəxsi həyatınıza problem yaradırmı?

- Hər bir qadının arzusudur ki, övladı, inandığı, güvəndiyi həyat yoldaşı, bir sözlə, xoşbəxt ailəsi olsun. Həm həyatda, həm də sənətdə insan üçün bundan böyük xoşbəxtlik olmaz. Amma bəzən istəklərlə həyat üst-üstə düşmür. Mən həyatda hər şeyə dəyər verən insanam. Amma qarşıma seçim qoyulmadı. Bilmirəm, seçim qarşısında qalsam, nə edərəm. Yəqin ki, sənətimi atardım. Yenə deyirəm, hələlik aramızda seçim söhbəti olmayıb. Mən elə bir insanam ki, sevincim və kədərim üzümdə hiss olunur. Gözlərim hər şeyi deyir. Problem də, əslində məndə olmur. Bilmirəm nədəndir, məni çox qısqanırlar.

 

Nigar Abdullayeva

Palitra.-2013.-7 avqust.-S.11.