“Gənclərin potensialının üzə
çıxarılması üçün
hər cür şərait
yaradılıb”
Əligül Ağayev: “Dövlətimizin gənclərin
inkişafı, onların rifah
halının, intellektual səviyyəsinin
yüksəldilməsi üçün həyata
keçirdiyi tədbirlər göz önündədir”
Müsahibimiz gənc fəal Əligül Ağayevdir:
-
Oxucularımıza ilk olaraq özünüz haqda məlumat
verməyinizi xahiş edirik.
- Mən Bakı Dövlət Universitetinin
məzunuyam, artıq dörd ildir ki, gənclər sektorunda müxtəlif qurumlarda
ictimai fəaliyyət göstərirəm.
Hərbi xidmətə getməzdən öncə Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sosial
və humanitar məsələlər
üzrə departamentinin sədri vəzifəsində
çalışmışam. Bununla
yanaşı, UNİCEF-in “Sağlam
həyat tərzi” layihəsinin təbliği istiqamətində
təlimçisi olmuşam. Paytaxtda və regionlarda
yüzlərlə gəncə mövzu
üzrə təlimlər demişəm. 2011-2012-ci illərdə
Avropa Gənclər Forumunun
“Qeyri-formal təhsildə keyfiyyətin təmin
olunması” üzrə yaradılmış işçi
qrupunun üzvü olmuşam. Bu müddətdə
həyata keçirdiyim “Fiziki
qüsurlu gənclərin reproduktiv
sağlamlığı təlimi” Avropanın bu
mövzuda keçirilmiş
ən yaxşı layihəsi hesab olunub.
Bunlarla yanaşı, İslam fəlsəfəsinin tədqiqinə böyük marağım var. Sufizm fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri Mühyiddin İbn Ərəbinin “Vəhdət əl-vücud” fəlsəfəsi ilə bağlı tədqiqat işim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın şərəfinə təşkil etdiyi “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqəsində diplomla təltif olunub.
- Azərbaycan ordusunda hərbi vətənpərvərlik ruhu hansı səviyyədədir?
- Hər bir gəncin yetkinləşməsində hərbi xidmətin əhəmiyyəti böyükdür. Özümün də müşahidə etdiyim kimi əksəriyyət vətənin, vətənpərvərliyin nə demək olduğunu məhz bu xidmət müddətində öyrənirlər. Azərbaycan böyük tarixə sahib, yüksək hərbi ənənələri olan bir dövlətdir. Bugünkü vəziyyətdə torpaqlarımızın işğal altında olması faktı, nəinki təkcə Azərbaycan ordusunda, eləcə də gündəlik həyatın hər bir sahəsində, xüsusilə də təhsildə hərbi vətənpərvərlik ruhunun təbliğinin yüksək səviyyədə aparıldığını görə bilirik.
Bu gün Azərbaycan ordusu nda hərbi vətənpərvərlik, vətən təəssübkeşliyi ruhu kifayət qədər yüksək səviyyədədir. Təbii ki, hər bir hərbi qulluqçu həyat şəraitindən asılı olaraq xidmətə bu ruhla gəlmir. Buna baxmayaraq xidmət müddətində aparılan təbliğat işləri, döyüş və ictimai-siyasi hazırlıq dərsləri, daha bilikli əsgər və komandir heyəti ilə aparılan fikir mübadilələri onlara hərbi vətənpərvərlik ruhunu aşılayır. Göründüyü kimi, xalqımızın milli şüurunu gücləndirmək hər bir ziyalının üzərinə düşən ən vacib vəzifədir. Hərbi xidmət müddətində ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında elan etdiyi “Dövlətimi, xalqımı, ailəmi qoruyuram!” adlı əsgər məktubu müsabiqəsində mənim yazdığım məktub ən yaxşı məktublardan biri kimi Heydər Əliyev Mərkəzi tərəfindən diplom və digər hədiyyələrlə mükafatlandırıldı.
- Siz
hərbi xidmətə getməmişdən öncə gənclər
sektorunda aktiv fəaliyyət
göstərirdiniz. Yenidən bu sahədə
öz fəaliyyətinzi davam
etdirəcəksinizmi?
- Bəli, qeyd etdiyiniz kimi, mən ali məktəbin 1-ci kursundan hərbi xidmətə getdiyim günə qədər gənclər sektorunda ayrı-ayrı qurumlarda fəaliyyət göstərmişəm. İctimai fəaliyyət mənim üçün vətəndaşın cəmiyyətdə aktiv yaşam tərzidir. Məni ictimai fəaliyyətlə məşğul olmağa sövq edən amillər Azərbaycanıma olan sevgim, vətənim, millətim üçün bacardığımı etmək niyyəti olub. Məhz bu səbəbdən də maarifləndirmə tədbirlərinə hər zaman üstünlük verirdim, məktəblilərin, həmyaşıdlarımın müasir dünyanın tələbinə uyğun olaraq məlumatlanmalarını təmin edirdim. Onlara Azərbaycanı tanımaq və tanıtmaq, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinə yönləndirmək, intellektual səviyyələrini yüksəltmək, həmçinin onları ətraf mühitin qorunmasına sövq etmək məqsədilə bir çox layihələr həyata keçirirdik.
Bundan sonrakı fəaliyyətimdə başlıca olaraq hansı sahə ilə məşğul olmağımdan asılı olmayaraq hər zaman vətəndaş mövqeyimi ortaya qoyacağam. Bunun üçün gənclər sektorunda olan fəaliyyətimi vətənə xidmət olaraq davam etdirəcəyəm. İnanıram ki, gələcəkdə həyata keçirəcəyim layihələrlə Azərbaycan gənclərinə əvvəllər olduğu kimi töhfələr verə biləcəyəm.
- Hazırda
dövlətin apardığı gənclər siyasətini
necə qiymətləndirirsiniz?
- Bu suala verəcəyim cavabı ümummilli liderimiz Heydər Əliyevin fikri ilə başlamaq istərdim: “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəmzidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Azərbaycan çox az saylı dövlətlərdən biridir ki, dövlət siyasətində gənclərə böyük əhəmiyyət verir və daim bizləri diqqət mərkəzində saxlayır. Dövlətimiz öz müstəqilliyinin gənclik çağını yaşayır. Buna uyğun olaraq gəncliyimiz və dövlətimizi də müqayisə edə bilərik. Hər ikisi yüksək potensiallı, məqsədyönlü, gələcəyə ümid doğurandır. Məndə bu fikrin yaranmasına səbəb dövlətin gənclərə göstərdiyi qayğı və gənclərimizin vətənimizə olan sevgisidir. Dövlətimizin gənclərin inkişafı, onların rifah halının, intellektual səviyyələrinin yüksəldilməsi üçün həyata keçirdiyi tədbirlər göz önündədir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması buna əyani sübutlardan biridir.
- Gənclər
siyasəti kursu gənclərə öz potensialını üzə
çıxarmağa hansı imkanlar verir?
- Dövlət siyasətimizdə ilk sırada duran prioritetlərdən biri neft kapitalının, insan kapitalına çevrilməsidir. Bu məqsədlə Prezidentimizin sərəncamına uyğun 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil proqramı, istedadlı gənclərə ayrılan təqaüdləri qeyd edə bilərik. Eyni zamanda ölkəmizdə təhsil səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verən təhsil müəssisələrinin qurulması, orada ixtisaslı kadrların tədrisə cəlb olunması üçün bir sıra addımlar atılmaqdadır. Bütün bunlar gənclərin öz potensiallarını üzə çıxararaq dövlətimizin tərəqqisi və eyni zamanda öz şəxsi inkişaflarını təmin etmələrinə şərait yaradır.
-Azərbaycan gəncliyi
bu gün nə dərəcədə
dövlət qayğısı ilə əhatə olunub?
- Dövlətin gənclərə olan xüsusi qayğısının bir nümunəsini də “2011-2015-ci illərdə Azərbaycan gəncliyi” Dövlət Proqramında görmək olar. Bu proqramın ən böyük üstünlüyü ondan ibarətdir ki, orada olan müddəalar gənclərin özləri tərəfindən irəli sürülüb. Son illərdə qarşıya qoyulan əsas məqsədlərdən biri də gənclərin asudə vaxtının təmin olunması və onların inkişafını təmin etmək olub. Gənclər proqramının tərkib hissəsi olaraq paytaxtda və regionlarda “Gənclər evi”nin yaradılması yuxarıda qeyd olunanlara bariz nümunədir. Bununla yanaşı, bütün regionlarda yaradılmış olan Olimpiya idman kompleksləri gənclərin fiziki sağlamlığının təmin olunması üçün böyük əhəmiyyət kəsb edir.
Biz hər birimiz vətənimizin bir zərrəsiyik və hər birimizin ümumi məqsədimiz Azərbaycanımızın inkişafı, tərəqqisidir. Həyat fəaliyyətimizi, məqsədlərimizi buna uyğun qurmalı və Azərbaycanımız üçün yaşamalı, tarixi həqiqətləri öz beyin gücümüzlə dünyaya sübut etməliyik.
Fuad Hüseynzadə
Palitra.-2013.-7 avqust.-S.12.