“Bəstəkarlar uşaqlara
aid mahnılara müraciət etmirlər”
Əməkdar
artist Nailə Mirməmmədli: “Belə bir fikrim də var ki,
Hikmət müəllimlə birgə bəstələdiyimiz
uşaq mahnılarını kitab şəklində
hazırlayım”
İncəsənət
sahəsində musiqi janrına müraciət edən gənclər
çoxluq təşkil edir. Bəstəkarlıq sahəsində
inkişaf edən gənclərin işləri
də göz önündədir. Bəstəkarların
mahnı janrında müraciət etdikləri əsərlərin
keyfiyyəti bəzən ekran
qarşısındakı uşaqlara da təsir edir. Bu gün Azərbaycan musiqi
dünyasında uşaq mahnılarına
müraciət edən bəstəkarlara çox
nadir hallarda rast gəlmək olur. Çünki uşağın
formalaşmasında nəinki ədəbi mühit,
hətta musiqi də mühüm
rol oynayır. Tarixə nəzər salsaq, görərik ki, o zamanlar bir
çox görkəmli bəstəkarlar uşaq mahnılarına
yaradıcılıqlarında xüsusi
diqqət ayırırdılar. Məsələn,
musiqisi bəstəkar Qənbər Hüseynlinin, sözləri şair
Tofiq Mütəllibovun olan
“Cücələrim” mahnısı yarım əsrdən çoxdur ki, cəmiyyətdə
böyüyən uşaqların inkişafında mühüm rol oynayıb.
Vaxtilə görkəmli bəstəkarlarımızın-Hökümə
Nəcəfova, Ağabacı Rzayeva, Oqtay Zülfüqarov, Oqtay Rəcəbovun uşaq
mahnılarına müraciət etmələri uşaqların
da cəmiyyətdə düzgün
formalaşmasında xüsusi əhəmiyyət
göstərirdi. Lakin bu gün isə professional, yaxud gənc bəstəkarlar
uşaq mahnılarına müraciət
etmirlər. Gənc bəstəkarların musiqi
potensialı və uşaq
mahnılarının yazılması mövzusu
ilə bağlı müsahibimiz Əməkdar
artist, bəstəkar Nailə Mirməmmədlidir:
-Nailə xanım, bəstəkarlıq
sahəsini seçən gənclərin musiqi potensialı
hansı səviyyədədir?
-Mən düşünürəm ki, musiqi potensialı onun savadı, yaxud musiqi təhsili almasından xəbər vermir. Əsasən bəstələnən musiqinin yararlı olub-olmaması sözün mövzusu ola bilər. Çünki bu gün bəstələnən musiqilərin bir çoxu musiqi təhsili olmayan insanların istedadından irəli gəlir. Lakin bu gözəl musiqilərin yaranması üçün əlbəttə ki, təhsil, savad vacib amildir. Ancaq indiki zamanda hər bir sahədə olduğu kimi incəsənətə də gənclər arasında çox meyilli olanlar var. Ancaq yenə də bu, o demək deyil ki, biz potensialdan danışmalıyıq. Onun istedadının olub-olmamağını, sənətdə olmasını müzakirə etməliyik. Bu heç də düzgün qərar deyil. Kiminsə Azərbaycan musiqi dünyasında, incəsənət aləmində özünün yeri ola biləcək əsərləri varsa, o qalacaq. Çox gənc bəstəkarlarımız var ki, dahi Üzeyir Hacıbəyovun qoyduğu bəstəkarlıq məktəbinin davamçılarıdır. Həmin istedadlı insanları heç bir media dairələri təbliğ etmir. Cəmiyyətin bəlkə də onlardan xəbəri yoxdur. Ancaq efirə çıxa bilənlər, mediada tez-tez təbliğ olunanlar sənətə kəsmə yolla gələnlərdir. Sənət çətin olmayanı və məsuliyyətsizliyi sevmir. Sənətin özünün xüsusi dövrü, zaman yolu olur. Sənəti sevən insanlar və istedadlı şəxslər bu zaman yolunda zəhmətin dəyərini bilirlər.
- Bəstəkarların
uşaq mahnıları mövzusunda
əsərlər bəstələməsi bu
gün musiqi aləmində
necə təbliğ olunur? Onların bu mövzuya müraciətləri
hansı səviyyədədir?
- Bu mövzu
haqda belə bir iclas keçirildi ki, uşaq musiqilərinin
təbliği və yeni bəstələnən
uşaq mahnılarının müsabiqəsi
hazırlansın. Bəli, müsabiqəyə start
verildi. Həmin iclasda
mən də iştirak edirdim.
Lakin bu müsabiqədə təşkilatçılar
bilmirdi ki, mən və
Hikmət müəllim neçə illər boyu
məktəblərə, uşaq
bağçalarına, hətta çadır şəhərciklərinə
müxtəlif mövzularda mahnılar bəstələyib
hədiyyə etmişik. Bundan incəsənət aləmində heç kəsin xəbəri olmayıb. Belə
bir fikrim də var ki, Hikmət müəllimlə
mənim bəstələdiyimiz uşaq
mahnılarını kitab şəklində
hazırlayım. Ancaq təşkil olunacaq bu müsabiqə, yəqin ki,
bəstəkarları bir az
da həvəsləndirəcək ki, uşaq
mahnılarına müraciət edilsin. Çünki artıq bir
müddətdir ki, uşaq
mahnıları mövzusuna bəstəkarlar
müraciət etmirlər. İstər mahnı janrında, istər simfoniya janrında yazan bəstəkarlar olsun,
bunların hər birinin uşaq
musiqi janrına müraciət etmələrini
mən çox vacib hesab edirəm. Çox
yaxşı olardı ki, hər bir bəstəkarın yaradıcılığında
belə mövzular yer
alsın. Ancaq indiki
dövrdə çox təəssüflər
olsun ki, bəzi bəstəkarlar
yaradıcılığını başqa
səpkidə inkişaf etdirirlər. Mütləqdir ki,
bir bəstəkarın
yaradıcılığı çoxşaxəli olsun. Əgər bir bəstəkarın
nədənsə umacağı varsa, onda kəmiyyətə görə keyfiyyət
də itə bilər. Bəli. Sual edə
bilərsiniz, nəyə görə siz ən
bahalı bəstəkar sayılırsınız?
Əsas məsələ ondan ibarətdir ki, bahalı mahnı bəzi insanlara yazılır. Məsələn, mənə bir gənc müraciət etmişdi ki, mahnımı oxusun. Mən həmin gəncin musiqi tərzini yoxladıqdan sonra onun mənim mahnı janrıma müraciət etməsini uyğun görmədim. Ona görə mən gəncə yüksək məbləğ təklif etdim. Gənc məndən nəyə görə məbləğin yüksək olduğunu soruşdu. Mən suala çox aydın şəkildə cavab verdim ki, sənin mənə verdiyin məbləğ mənim dərman xərcimdir. Çünki sən efirdə mənim mahnımı ifa etsən, mənim dərhal əsəbdən ürəyim ağrıyar. Ancaq elə müğənnilər var ki, mən mahnımı ona hədiyyə etmişəm.
Əgər bu gün bütünlüklə qazanc dalınca qaçsaq, keyfiyyət itə bilər. Düzdür, hər kəs ailə saxlayır, lakin mənim başqa sənətim yoxdur. Ancaq çox yaxşı olardı ki, Bəstəkarlar İttifaqında bəstəkarlara elə bir qayğı olsun ki, elə bir kömək olsun ki, biz artıq əvvəllər olduğu kimi öz ürəyimizə yatan müğənnilərə mahnılarımızı bağışlayaq. Düzdür, bugünkü günə qədər mahnılar bağışlamışam. Ancaq mən də, Hikmət müəllim də sənətdə qalmaq üçün keyfiyyətə hər zaman diqqət etmişik.
-Bu
gün uşaq
mahnıları yazılsa, uşaqları hansı yolla bəstələnən mahnılara cəlb
edə bilərik?
- Bu, mütləq proqramla olmalıdır. Bu
mövzu üzrə elə proqram qurulmalıdır ki,
həm musiqi məktəblərində, həm
orta məktəblərdə ayrıca dərsliklər
hazırlanmalıdır. Məsələn, orta
məktəblərdə Əlifba bayramı keçiriləndə
Rəna Mirzəyevanın sözlərinə mənim və
Hikmət müəllimin Əlifba bayramı mövzusunda
səhnələşdirilmiş musiqili
mahnılarımız var. Bu
haqda mütləq xüsusi
dərslik proqramları hazırlamaq, uşaqları bu mövzuda yazılan
mahnılara cəlb etmək lazımdır. Mən belə
düşünürəm.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-7 avqust.-S.13.