“Mənəvi dəyərlərin
qorunmasında ən yaxşı vasitə təbliğat və
təhsildir”
Aqşin Atalızadə: “Milli-mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir”
“Müasir
İnkişaf” İctimai Birliyi yaradıldığı
gündən etibarən başlıca məqsədlərini vətənpərvərliyi,
milli-mənəvi dəyərləri təbliğ etmək, bu
istiqamətdə maarifçilik fəaliyyətini həyata
keçirmək təşkil edir. Hazırda
təşkilat “Milli Mənəvi Dəyərlər
və Milli Kimlik” layihəsini
icra edir. İctimai Birliyin sədr müavini, tədqiqatçı Aqşin Atalızadə ilə görüşüb
bu layihə və digər məsələlərlə
bağlı fikirlərini öyrəndik.
- Milli-mənəvi dəyərlərin
qorunması və yaşadılması ölkənin ümumi
inkişafının təmin olunması baxımdan nə dərəcədə
əhəmiyyətlidir?
-Fikrimizcə, olduqca əhəmiyyətlidir. Artıq heç kimə sirr deyildir ki, son illərdə ölkəmizdə sürətli inkişaf tendensiyası müşahidə edilməkdədir. Bir çox sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halında nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. Dövlətimiz də dünya siyasi sistemində öz yerini möhkəmləndirmiş, ölkəmizin ümumi beynəlxaq nüfuzu artmışdır. Lakin, insanların mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi olmadan bu inkişafın davamlı olmasını gözləmək çətindir. Milli mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir. Bu həm Azərbaycan xalqının istəklərinə, həm də dövlətimizin maraqlarına uyğundur.
- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr həyata keçirmisiniz?
-“Müasir İnkişaf” İctimai Birliyinin fəa liyyətində milli-mənəvi dəyərlərin qorunması və təbliği prioritet təşkil edir.
Təşkilat 2008-ci ildə həyata keçirdiyi “Türk yenilməz, Çanaqqala keçilməz” layihəsi çərçivəsində Osmanlı tarixinin şərəf səhifəsi olan Çanaqqala savaşını ilk dəfə sistemli şəkildə araşdımışdır. Bununla bağlı disk hazırlanaraq paylanılıb.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması sahəsində kompleks tədbirlər” layihəsi həyata keçirmişdir. Layihə nəticəsində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” konsepsiyası hazırlanmış və müvafiq qurumlara göndərilmişdir. Daha sonra Azərbaycanda Atatürk Mərkəzi və “Qismət” mətbəəsi ilə birlikdə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının çapını, geniş ictimaiyyətin iştirakı ilə təqdimatını, onun Azərbaycan vətəndaşlarına çatdırılmasını təmin etmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirılmiş “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsi çərçivəsində “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” adlı konsepsiya hazırlanmış və müvafiq qurumlara göndərilmişdir.
- Hazırda bu istiqamətdə hansı işləri görürsünüz?
-Hazırda “Müasir İnkişaf” İctimai Birliyi milli mənəvi dəyərlərin qorunması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli Mənəvi Dəyərlər və Milli Kimlik” adlı layihənin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar” adlı layihənin icrası ilə məşğuldur. Layihələr çərçivəsində artıq həm təqdimetmə ilə bağlı, həm də ayrı-ayrı məsələlərlə bağlı tədbirlər keçirilmiş, bu tədbirlər ictimaiyyətdə maraq doğurmuşdur. Məqsədimiz cari ilin sonuna qədər hər iki layihə üzrə vahid konseptual sənədi formalaşdıraraq aidiyyəti qurumlara göndərməkdir.
- Bildiyimiz kimi bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır. Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olarmı?
- Tolerantlıq, belə demək mümkünsə bizim əsrlərdən bəri gələn milli xüsusiyyətimizdir. Dünyada müxtəlif qruplardan olan insanların bir-biri ilə bu dərəcədə dostcasına və mehribanlıq şəraitində yaşadığı oxşar ölkə tapmaq çətindir. Hazırda bir çox müsəlman ölkələrində məzhəb fərqliliyinə görə kütləvi toqquşmaların baş verməsi adi haldır. Ancaq, Azərbaycan cəmiyyəti üçün məzhəb fərqliliyi olsa da, bugünə qədər bu mövzuda yadda qala biləcək belə bir hal qeydə alınmayıb. Əksinə bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir.
Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da Azərbaycanda bir dənə də olsa bu cür hala rast gəlməzsiniz. Ölkəmizdə onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə vermişdir. Tolerantlıqla bağlı çox misal gətirmək olar. Ancaq, bunun səbəbini izah etmək çətindir. Ola bilər bu, Azərbaycanın coğrafiyasından və əhalinin özünəməxsusluqlarından irəli gəlir.
- Milli
kimliyin formalaşmasında milli-mənəvi
dəyərlərin nə kimi rolu var?
- Əslində elə milli-mənəvi dəyərlər milli kimliyin mahiyyətini təşkil edən kateqoriyadır. Milli kimlik mürəkkəb daxili sistemə malik olan, özünü idarə edən mexanizmdir. Milli-mənəvi dəyərlər onun bazasını, fundamentini təşkil edir. Bu dəyərlər sayəsində kənar təsirlərə məruz qaldığı halda özünü qoruma mexanizmi vasitəsilə yad ünsürləri kənarlaşdırır. Bunu elə Azərbaycan cəmiyyətinin timsalında görmək olar. Müstəqillik qazandıqdan sonra dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri daha çox cəmiyyətə yad dəyərləri qəbul etdirmək cəhdi kimi qəbul edilir və artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlamışdır. Hətta dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilərik. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaqdır. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik.
- Milli-mənəvi
dəyərlərin qorunması ücün
nələr edilməlidir?
-Bunun üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Qanunverciliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar hamısı dövlətin bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır. Bunun üçünsə vahid konseptual sənəd olmalıdır ki, bizim hazırda həyata keçirdiyimiz layihələr üzrə də əsas işimiz məhz bundan ibarətdir.
- Qloballaşma gənclərin milli şüuruna necə təsir edib?
-Ümumiyyətlə, götürdükdə
hər zaman bunu qeyd etmişik
ki, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə
gəldikdə isə,
bu proses dünya miqyasında inteqrasiya anlayışından
daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini
digərlərinə qəbul
etdirmək xarakteri daşıyır.Bu isə
istər-istəməz ünvanlandığı
təbəqəyə, xüsusən
gənclərə öz
mənfi təsirini göstərir. Qeyd etdiyimiz kimi, artıq uzun illərdir kənardan gənclərin milli-mənəvi
dəyərlərdən uzaqlaşdırılması,
istiqamətində məqsədyönlü
iş görülür.
Qloballaşma və beynəlxalq inteqrasiya zəminində kənar qüvvələr tərəfindən
milli və mənəvi dəyərlərin
aşındırılması, gənclərin öz dəyərlərinə qarşı
qoyulması, daha çox deformasiyaya uğraması ilə seçilən Qərb dəyərlərinə meyil
etdirmək, bütün
bunların nəticəsi
kimi, öz dövlətinə və cəmiyyətinə qarşı
bəzi hallarda düşmən münasibətə
keçən ifrat kosmopolitizm toxumlarının
səpilməsi müşahidə
edilməkdədir. Xarici qüvvələrin
maraqlarına xidmət
edən təlim-tədris
mərkəzləri yaradılaraq,
xüsusən bilikli, intellektual gənclər mərkəzlərdəki təlimlərə
cəlb edilirlər.
Bu istiqamətdə informasiya texnologiyalarından
olduqca səmərəli
şəkildə istifadə
edilir. Hesab edirəm ki,
daha əvvəlki sualınıza cavabımda
qeyd etdiyim işlər görülərsə,
bu prosesin qarşısını almaq
mümkün olacaq, əks halda gələcəyimiz üçün
böyük təhlükə
potensialı mövcuddur.
Fuad Hüseynzadə
Palitra.-2013.-13 avqust.-S.11.