Şuşanın “Qarabağ” ansamblı Macarıstan festivalında

 

Avqustun 5-dən 12-nə qədər Macarıstanın Döndöş şəhərində keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşa rayonununQarabağ” ansamblının uğurlu çıxışları ilə yadda qalıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, mayda Döndöş şəhəri ilə qardaşlaşma sazişi imzalayan Şuşa İcra Hakimiyyəti beynəlxalq festivalda iştirak dəvəti aldıqdan sonra qısa müddət ərzində özünəməxsus Qarabağ musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail olub. Festival günlərində gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və b. ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak etmiş, qeyri-adi ifaları ilə festivalın sevimlisinə çevriliblər. Avqustun 10-da isə festivalda “Azərbaycan günükimi yadda qalıb. Həmin gün xüsusi konsert proqramı ilə çıxış edən gənc sənətçilərimiz minlərlə tamaşaçını ehtizaza gətirib, bitib-tükənmək bilməyən alqışlar qazanıblar. Ənənəvi üçlüyün - tar, kamança və dəfin müşayiəti ilə ifa olunan muğamlar, Qafqaz koloritini üzə çıxaran rəqslər macar tamaşaçıların diqqətini xüsusi ilə cəlb edib. Layihə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Festival çərçivəsində qədim Azərbaycan şəhəri Şuşa haqqında məlumatların və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətlərin macar ictimaiyyəti və festival iştirakçıları arasında yayılmasına xüsusi diqqət yetirilib. Döndöş şəhərinin meri Laslo FaraqoŞuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov arasında keçirilən görüşdə gələcək əməkdaşlıq yolları müzakirə olunub, merin başçılığı ilə Döndöş nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri ilə bağlı razılıq əldə edilib. Macarıstanın Buqaç bölgəsindəki milli parkda isə ənənəvi “Əcdadlar günükeçirilib. Hər il təşkil olunan bu xalq bayramının əsas məqsədi macarların türk əsilli olduqlarını və digər türk xalqları ilə çoxəsrlik tarixi, mədəni, mənəvi bağlılığını müasir macar cəmiyyətinə nümayiş etdirməkdir. Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən böyük xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan iştirak edib. Ölkə parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar qarşısında çıxış edərək xalqın öz soy-kökünü öyrənməsinin və çoxəsrlik ənənələrini yaşatmasının vacibliyini vurğulayıb. “Əcdadlar günü” çərçivəsində cıdır yarışları, çövkən oyunu keçirilmiş, əski hunların və macarların Avropaya yürüşünü canlandıran döyüş səhnələri göstərilib, şaman musiqisi səsləndirilib. Macarıstan ərazisində qədim türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib. Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyeviştirak edib. Səfirliyin təşəbbüsü və yardımı ilə Azərbaycan çadırı qurulub, orada ölkəmizin qədim tarixiniümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunub.

 

Xəyalə

Palitra.-2013.-13 avqust.-S.13.