“Gəncliyin elmə və təhsilə
marağı yüksəkdir”
Rövşən
Əkbərov: “Dövlətə bağlılığın vacibliyini, millətin var
olması üçün mədəni irsin qorunmasının zəruriliyini məhz
yüksək dünyagörüşünə malik gənclərimiz daha
yaxşı anlayır”
Layihə çərçivəsində
Təbiət Elmləri İctimai Birliyinin sədri Rövşən
Əkbərovla müsahibəni təqdim edirik
-Təbiət Elmləri İctimai
Birliyinin fəaliyyət istiqamətləri hansılardır?
- Təbiət Elmləri İctimai Birliyi 2007-ci ildən fəaliyyət göstərir. Bu təşkilatı qurmaqda əsas məqsədimiz təbiət elmlərini asan və anlaşılan şəkildə izah etmək olub. Adətən, biologiya, fizika, astronomiya və s. kimi təbiət elmlərinə daxil olan elmlər qəliz hesab edilir, gənclərin bu elm sahələrinə diqqəti zəif olur. Doğrudur, bir tərəfdən bu elmlərə yiyələnmək, həqiqətən də, daha çox əmək tələb edir, amma digər mühüm məqam ondan ibarətdir ki, bu elmlər həm də qəliz şəkildə insanlara çatdırılır. Biz isə hədəf olaraq onu müəyyən etmişik ki, təbiət elmlərini asan və anlaşılan şəkildə izah edək. Bunun üçün də ən qəliz elmi məlumatlar belə, sadə dildə və multimediadan geniş şəkildə istifadə etməklə dinləyiciyə çatdırılır. Mənə elə gəlir ki, kifayət qədər də uğurlu olur. Keçirdiyimiz tədbirlər və onların davamlılığı bundan xəbər verir.
- Elm
və təhsilin inkişafı ölkənin ümumi
inkişafının təmin olunması baxımından nə
dərəcədə əhəmiyyətlidir?
- Elm və təhsil cəmiyyətin inkişafının təmin olunmasında aparıcı amillərdən olduğundan xüsusi çəkiyə malikdir. İnkişaf etmiş cəmiyyət isə ölkənin ümumi inkişafının təminatçısıdır. Ölkənin etibarlı, təminatlı gələcəyi üçün elmin və təhsil sisteminin inkişafı ölkənin daim diqqətində olan prioritet məsələlərindən olmalıdır. Ümumiyyətlə, düşünürəm ki, hazırda elm və təhsil sisteminin inkişafı üçün münbit şərait yaranıb. İnformasiya texnologiyalarının sürətli inkişafı elm müəssisələrinə, ədəbiyyatlara və təhsil layihələrinə asan çıxışı təmin etməsi bu şəraiti yaradıb. Bu, eyni zamanda, insanların biliyinin artırılmasında, nəticədə, cəmiyyətin inkişafında əvəzolunmaz rol oynayır. Bizim təşkilat da öz fəaliyyətində bu amilləri daim diqqətdə saxlayır və müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edir. Çoxillik təcrübəmiz göstərir ki, layihələr çərçivəsində keçirilən konfranslarda, ayrı-ayrı təlimlərdə müasir informasiya texnologiyalarının imkanlarından yararlanmaqla məlumatın auditoriyaya anlaşılan, əhatəli şəkildə çatdırılmasının təmin edilməsi fəaliyyətimizin əsas şərtlərindəndir. Bununla da şagirdlərimizi, tələbələrimizi bol və lazımlı məlumatlarla təmin edirik və beləliklə, onların yüksək dünyagörüşünün formalaşmasında, təhsilə və elmə maraq oyanmasında müəyyən rol oynamaqla cəmiyyətin və nəticədə ölkənin ümumi inkişafına öz töhfəmizi verməyə çalışırıq.
- Gənclərin
Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə
və mədəni irsinə bağlılığını
necə dəyərləndirirsiniz?
-Əsas hədəflərimizdən biri də yüksək dünyagörüşünə malik gənclərimizin cəmiyyətdə üstünlük təşkil etməsinə öz töhfələrimizi verməkdir. Dövlətə bağlılığın vacibliyini, millətin var olması üçün mədəni irsin qorunmasının zəruriliyini məhz belə gənclik daha yaxşı anlayar, tarixdə baş vermiş bir çox hadisələrdən ibrət götürər. Tədbirlərimizdə gənclərlə dövlətə bağlılığın əhəmiyyəti barədə də mütəmadi söhbətlərimiz olur. Bir vətəndaş kimi bunu hər birimiz etməliyik. Bunu bizim ictimai birliyimizin hər bir üzvü gözəl anlayır və gəncliyimizin bu istiqamətdə formalaşmasında var gücü ilə çalışır.
- Elm
və təhsilin inkişafı istiqamətində hansı
layihələr həyata keçirmisiniz?
-Bu vaxta qədər çoxsaylı uğurlu layihələrimiz olub. Cənab Prezidentin ölkə gənclərinin ekoloji fəaliyyətinə göstərdiyi diqqəti nəzərə alaraq Təbiət Elmləri İctimai Birliyi olaraq daha çox gənci maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet və ətraf mühitlə bağlı bilikləri artırmaq məqsədi ilə fəaliyyətimizi artırmış, bir çox dövlət qurumları ilə əməkdaşlıq etmiş və bir sıra layihələr həyata keçirmişik. Buna misal olaraq, “İrəli” İctimai Birliyi və ARDNŞ-nin Ekologiya idarəsi ilə birlikdə reallaşdırdığımız “Planetimizi tanıyaq” adlı layihəni göstərmək olar. Bu layihə çərçivəsində Bakı şəhərində yerləşən demək olar ki, bütün universitetlərdə konfranslarımız olub. Həmçinin bu universitetlərdə sərgilər də təşkil edilib. Bununla yanaşı, orta məktəblərdə də bir sıra təlimlərimiz olub. Bu təlimlər ya bizim təşkilatın təşəbbüsü ilə həyata keçirilib, ya da “Məktəb parlamenti” layihəsini əhatə edib. Bütün keçirilən təlimlərdə, əsasən, Yer kürəsindəki həssas ekosistem, insan həyatının davamlılığı üçün fəaliyyət göstərən ekoloji amillər, həmçinin biomüxtəliflik, biotexnologiya və biomimetika kimi mövzular mühüm yer tutub. Xüsusilə, biomimetika mövzusu daha çox diqqəti cəlb edir. Biomimetika canlıların xüsusiyyətlərinin öyrənilib texnologiyaya tətbiq edilməsi mənasını verir. Bu yeni bir elm sahəsidir. Düşünürəm ki, bu elm sahəsinin daha geniş kütlələr tərəfindən mənimsənilməsi önəmlidir. Çünki bununla həm təbiəti qoruma şüurunu formalaşdırmaq mümkündür, həm təbiətə daha çox diqqəti cəlb etmək olur, həm də bionik texnologiyaların insanlara olan faydası göstərilir.
Hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dözümlü və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq biomimetika elminin meydana gəlməsinə səbəb olub. Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütövünü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt, tibbi sənaye və hərbi təchizat və s. sahələrində ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq, əsasən, ekoloji problemləri həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir. Bizim təlimlərimiz mütəmadi olaraq davam edir. Bu yaxınlarda bir neçə təşkilatla birlikdə “Yaşıl iqtisadiyyat” adlı düşərgə təşkil etdik. Gənclərə həm yaşıl iqtisadiyyat, həm də biomimetika mövzularında təlimlər keçdik. Layihələrimizin bir qismi dövlət təşkilatlarının dəstəyi ilə keçirilir. Demək olar ki, ən qabaqcıl QHT-lərin bir çoxu ilə əməkdaşlıq etmişik. Birgə layihələrimiz olub.
- Gənc nəslin
elm və təhsilə marağı necədir?
- Əslində, bizim düşüncəmizə görə, gəncliyin elmə və təhsilə marağı var və yüksəkdir. Sadəcə, təqdimetmədən çox şey asılıdır. Elmi mövzular sadə və anlaşılan üslubla izah edilərsə, təbii ki, gənclərdə maraq oyatmaq mümkün olacaq. Digər tərəfdən, elmin həqiqi məqsədini də burada qeyd etmək lazımdır. Elmin həqiqi məqsədi yaradılışı təsdiq etmək və bəşəriyyətin inkişafına xidmət etməkdir. Əks halda, elm quru məlumat çoxluğuna çevrilər. Dövrümüzdə elmi düşüncə, əsasən, materialist ideologiyaya əsaslanaraq şərh edilir. Materializm isə təbiətin hər-hansı nizamla deyil, təsadüfi, kortəbii proseslərlə idarə olunduğunu deyir. Bu isə insanda, xüsusilə gənclərdə mənəvi boşluq yaradır. Çünki elmə yiyələnmək üçün hər hansı səbəb tapa bilmir. Səbəb yalnız maddi ola bilir ki, sadəcə maddiyyatla elmi əlaqələndirmək insanda mənəvi boşluq yaradır. Elm yaradılışdakı mükəmməlliyi və ağılı ortaya çıxarmağa istiqamətlənərsə, sürətli inkişafa nail olunar. Digər tərəfdən, materializm uzun illərdir ki, elmi yanlış istiqamətləndirir. Materializmə görə, maddə əzəli və əbədidir. Keçən əsrdə materializmin bu iddiası astronomiyaya tətbiq edilmişdi və bunun nəticəsində “Statik kainat” nəzəriyyəsi elm adamları tərəfindən qəbul edilirdi. Bu nəzəriyyəyə əsasən, kainatın başlanğıcı yox idi, maddə əzəli və əbədi olduğu kimi, kainat da həmişə mövcud olmuşdu və olacaqdı. Amma daha sonradan aparılan elmi müşahidələr kainatın başlanğıcı olduğunu, genişləndiyini, statik olmadığını üzə çıxardı. Nəticədə, elm materializmin bu yanlış iddiasını sübut etmək üçün uzun illər boş yerə vaxt və maddi vəsait sərf edəsi oldu.
- Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
-Bunun üçün
multimedia vasitələrinin geniş tətbiqini təmin etmək
lazımdır. Kağız üzərində informasiya
məhdud verilir. Məsələn,
hüceyrə daim hərəkət edən,
aktiv bir sistemdir. Bunu kağız
üzərində ifadə etmək çox
çətindir. Gənclərə bu
informasiyanı çatdırarkən mütləq multimediadan, animasiya və
şəkillərdən bol istifadə
edilməlidir. Planşet və noutbuklar bu
barədə lazımi dəstəyi verə bilir.
Əslində, bütün ölkə
miqyasında hər tələbəni bir
planşetlə təmin edib bütün təhsil sistemini
buna istiqamətləndirmək heç də dövlətimizin maddi imkanları xaricində deyil.
Bir çox inkişaf etmiş ölkələr
artıq təhsil sistemini bu
texnologiyalar əsasında qururlar.
Məsələn, Türkiyədə 620 min
ədəd dərslik elektron hala gətirilir və “Fatih”
layihəsi çərçivəsində hər tələbəni
planşetlə təmin etmək nəzərdə tutulub. ABŞ universitet və kolleclərinin bir çoxunda bu sistem tətbiq
edilir.
- Perspektivdə hansı layihələr gözlənilir?
-Sentyabr ayından etibarən universitet təlimlərimiz başlayacaq.
Yeni mövzuları gündəliyə
gətirmək niyyətindəyik.
Fuad Hüseynzadə
Palitra.-2013.-14 avqust.-S.11.