“Rənglər də rəssamın bir alətidir”
Gənc rəssam Mahir Rəhimov:
“Rəngkarlıqda rəssam azaddır, ancaq
teatr və kinoda
çalışdığı zaman əsərdən,
pyesdən, yazılmış ssenaridən, yaxud
rejissordan asılı olur”
Mahir
Mobil oğlu Rəhimov
1985-ci il mayın 16-da Bakı şəhərində anadan
olub. 1992-2001-ci illərdə orta məktəbdə təhsil
alıb. Orta təhsili bitirdikdən sonra Ə. Əzimzadə adına rəssamlıq
texnikumunda təhsil alıb. 2006-2010-cu illərdə
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
Rəngkarlıq fakültəsində
ali təhsil
alıb. 2011-2013-cü illərdə magistratura oxuyub. Rəssam Mahir Rəhimovun
bakalavr diplom işi “Talan” əsəri, magistr diplom işi isə “Dağlarda toy” əsəri olub. O, müxtəlif sərgilərin
qalibi olub. Müsahibim gənc rəssam Mahir Rəhimovdur:
- Rəssamlıq
sənətini sevmək,
bu sahəni seçməyiniz nə ilə bağlıdır?
- Mənə elə gəlir ki, rəssamlar da musiqiçilər kimi Allahın uşaqlıqdan
bəxş etdiyi istedadla yaşayırlar. Təkcə
biz rəssamlar deyil, hər kəs bir-birindən fərqlənir.
Bəlkə də mən bu suala düzgün
cavab verə bilməyəcəyəm. Uşaqlıqda hamı kimi mən də şəkil çəkməyi
xoşlayırdım. Yaxud həyatın elə bir axını oldu ki, məni
rəssamlığa gətirib
çıxardı. Bu
işdə ilk müəllimim
Əlirza Əliyevə
də çox borcluyam. O, mənə
professional rəssamlığın əlifbasını öyrədib.
Fürsətdən istifadə
edib, ona can sağlığı, yaradıcılığında
uğurlar arzulayıram.
Bütün mövzularda rəsmlər
çəkir, düşüncələrimi
rənglərlə bildirməyə
çalışıram. Mövzular müxtəlif ola bilər.
Lakin əsas odur ki, istədiyinə nail olmağa çalışasan.
- Əsər
üzərində işləyərkən
çətinliklərlə qarşılaşırsınızmı?
- Bütün işlərdə
çətinlik var. Məsələn,
iş çox çətin, yaxud asan ola
bilir. Bir neçə dəfə
olub ki, hansısa bir kompozisiyanı gecə yuxuda görüb yuxudan oyanıb karandaşla kağıza çəkmişəm ki,
yadımdan çıxmasın.
Hər bir işdə olduğu kimi, bu işin də
çətinliyi var. Ümumiyyətlə,
yaxşı işin əmələ gəlməsi
üçün bir çox çətinliklər
olur. Rəngkarlıqda da belədir.
Mən qısa da olsa,
təcrübəmə əsaslanıb
deyə bilərəm
ki, düşüncələrimdə
hər hansı bir fikir yarananda,
rəsm əsərinə
başlamazdan əvvəl
və rəngkarlığa
diqtə etməyə
çalışıram. Lakin bir müddət keçəndən sonra əsəri işlədiyim
zaman artıq rəngkarlıq mənə
diqtə edir. Bunun özü də rəssamlığın bir
sirridir. Ümumiyyətlə, heç bir rəssam deyə bilməz ki, təxəyyülümü eynilə
əsərimdə canlandırmışam.
Düşünürəm ki, bu, mümkün deyil. Çünki insan fikrində
bir şey tutur. Ancaq işə başlayanda proses zamanı bir çox fikirlər dəyişir.
- Rəssamlığın
qrafika adlanan bir üsulu da var. Bəs, sizin üçün iş prosesində rəngkarlıq, yoxsa qrafika üstünlük təşkil edir?
- Rəngkarlıq və qrafika. Bunlar təsviri sənətin
şöbələridir. Qədim zamanlarda, intibah dövründə və ondan sonrakı XX əsrə qədər olan rəssamların işlərinə baxanda onların böyük rəssamlıq məktəbinin
olduğunu görürsən.
O dövrün dahi rəssamlarının əl
işlərinə baxanda
həm rəngkarlıq,
həm qrafika, həm heykəltəraşlıq,
bəzilərində memarlıq
üslubuna rast gəlirsən. Zaman keçdikcə hər
bir rəssam yaxşı işlədiyi
üslubu ilə tanınırdı. Bir nüansı
qeyd edim ki, dünya şöhrətli dahi rəssam Mikelancelonun yaradıcılığına nəzər
salsaq, onun rəngkarlıq əsərləri
də, qrafik əsərləri də bir məktəbdir. Ona görə də rəssamlar arasında belə bir deyim
də var ki, “rəssamlığı
dərindən öyrənmək
istəyirsənsə, Mikelancelonun
əsərlərindən köçür”.
Onun müəllifi olduğu “Davidin heykəli” bütün dünyada tanınır. Onun rənkarlıq
nümunələrinə baxsaq,
divar rəsmləri dünya rəssamları üçün bir nümunə sayıla bilər. Sonralar rəssamlıq məktəblərində
rəssamlığın şöbələri
ayrı-ayrılıqda bir
fakültəyə çevrildi.
Düşünürəm ki, bu düzgün addım deyil. Əgər sən rəssamlıq
məktəbini bilmək,
bu sənətə dərindən yiyələnmək
istəyirsənsə onu
kökündən öyrənməlisən.
Rəssamlıq bir şöbə
ilə bitmir. Ona bütün sahələrdə
yaxından bələd
olmalısan. Bu mənim subyektiv fikrimdir.
- Bu günün gənc rəssamları necə, əsərlərində
hansı mövzulara daha çox üstünlük verirlər?
- Əsas məsələ
odur ki, Azərbaycanda rəssamlıq
sahəsində problemlər
hələ də çoxdur. Problemlər də zəncirvari
şəkildə bir-birilə
bağlıdır. Bu da ilk növbədə təhsil sistemindən asılıdır. Rəssamların işi də birinci növbədə təhsildən başlayır.
İstedadlı gənclərimiz var. Lakin savad baxımından
onların çatışmazlıqları
olduğu üçün
yaradıcılıqlarında bir çox maneələr mövcuddur.
Gənc rəssamların əl işlərinə nəzər
salsaq görərik ki, abstrakt və
avanqard üslublar üstünlük təşkil
edir. Şəxsən mən abstrakt
və avanqard üslublara pis baxmıram, amma dəqiqliklə yanaşsaq
görərik ki, avanqard üslub adı ilə işləyən rəssamlar
həqiqi avanqard üslubda işləməyi
bacarmırlar. Çünki, avanqardı işləmək
üçün güclü
savad lazımdır.
Mən şəxsən heç vaxt fikirləşməmişəm
ki, hansı üslubda işləyirəm.
- Rəssamlıq
sənətinin bir qolu
da kino və teatr üzrə rəssamlıqdır.. Bu sahədə çalışmağın
hansı çətinlikləri var?
- Əlbəttə ki, hər bir işin çətinlikləri olduğu kimi bu sahənin də öz çətinlikləri var. Mənim rəssamlıq təhsilim öncə Ə. Əzimzadə adına rəssamlıq texnikumunda başlayıb. Orada teatr dekorasiyası üzrə təhsil almışam. Daha sonra Rəssamlıq Akademiyasında Rəngkarlıq fakültəsində təhsil almışam. Hər iki sahənin işlərinə yaxından bələdəm. Ancaq burada bir fərq var. Rəngkarlıqda rəssam azaddır, ancaq rəssam teatr və kinoda çalışdığı zaman əsərdən, pyesdən, yazılmış ssenaridən, yaxud rejissordan asılı olur. Əsas fərq bundan ibarətdir. Artıq burada rəssamın öz fikirlərini, düşündüklərini etməyə ixtiyarı yoxdur.
- Müasir
rəssamlıq sənətində qrafikanın rolunu necə görürsünüz?
- Təkcə Azərbaycanda deyil, dünya rəssamlarının işlərində qrafik əsərlər azlıq təşkil edir. Ələlxüsus bizdə. Çünki akademiyada qrafik dərs saatları azalır, bu üslub üzrə işləmək üçün rəssamlar qrafikaya aid materialları tapa bilmirlər. Mən baxıram ki, heç yaşlı rəssamların çoxu qrafika ilə işləmir. Bəlkə də mənim yaş fərqimi nəzərə alsaq, ixtiyarım yoxdur onlar haqqında danışım. Ancaq mən öz yaşıdlarım haqqında deyə bilərəm ki, çox təəssüf ki, qrafikaya üstünlük verən rəssamların sayı azdır. Ən əsası da sərgilərdə qrafikaya aid əsərləri almaq istəyənlər də yox dərəcəsindədir.
- Rənglər rəssamın
gözündə nəyi ifadə edir?
- Mənim üçün
rənglər də rəssamın bir alətidir.
Sadəcə mən onlardan istifadə edirəm.
- Rənglərdə təbiətin
mənzərəsini olduğu
kimi qeyd etmək mümkün olurmu, yoxsa təbiətin
əlvan rənglərini
insan kətan üzərinə köçürə
bilmir?
- Təbiətdə olan
gözəlliyi olduğu kimi
yaratmaq qeyri-mümkündür.
Çünki təbiəti Allah yaradıb. Onun
yaratdıqlarından gözəl biz heç nə yarada bilmərik.
Biz sadəcə təbiətdən istifadə
edirik. Deyərdim ki, rəssamlıq
illüziya kimi bir şeydir. Sadəcə,
biz rəssamlarda adi insanlardan fərqli olaraq
müşahidəçilik güclü olur. Rəssamlar adi
insanların görüb fikir
verə bilmədiyi nüansları qabarıq şəkildə
ifadə edib, onları göstərməyə
çalışırlar. Bu da öz növbəsində
rəssamın potensialını ortaya
çıxarır və onun səviyyəsini
müəyyənləşdirir.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-15 avqust.-S.13.