“Ritm orkestrin
aparıcı qüvvəsidir”
Şahvələd
Qürbətov: “Tariximiz kökümüzün
kim olduğunu isbat edən amildir. Ən əsası
da “Qaval daşı”
abidəsi mədəni dəyərlərimizin əyani sübutudur”
Müsahibimiz Azərbaycan Dövlət
Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq
Çalğı Alətləri orkestrinin zərb alətləri
konsertmeysteri Şahvələd Qürbətovdur:
-Şahvələd müəllim, musiqi 38 il ərzində həyatınızın bir parçası oldu. Bu barədə sizin təəssüratlarınızı öyrənmək istərdik... Musiqi sizin həyatınızda hansı izləri qoydu?
- Mənim üçün musiqi başqa bir aləmdir. Çünki özümü dərk
edəndən musiqilə
yaşamışam. Professional musiqiyə gəlişim isə 1975-ci ildə Səid Rüstəmov adına Xalq
Çalğı Alətləri
orkestrinə tar ifaçısı
olaraq daxil olmuşam. Lakin tar ifaçısı olmağıma
baxmayaraq, mən həmişə ritmə,
zərb alətlərinə,
nağaraya maraq göstərmişəm. Və hər
zaman nağarada ifa edərdim. 3 il idi ki, orkestrdə fəaliyyət göstərirdim.
Bir gün nağarada ifa etməyim orkestrin bədii rəhbəri Nəriman Əzimovun diqqətini cəlb etdi. O, mənim nağarada ifa etməyimi eşidib, dərhal məni orkestrdə nağara ifaçılığına
keçirdi. O gündən,
yəni 1977-ci ildən
bu günə qədər mən orkestrdə nağarada ifa edirəm. Həmçinin də orkestrdə
zərb alətləri
konsertmeysteriyəm. Orkestrdə fəaliyyətdə
olduğum ilk gündən
bir çox xarici dövlətlərdə
səfərdə olmuşuq.
Səfərdə olduğum ölkələrin
bir neçəsinin adını sadalaya bilərəm. Qvineya,
Anqola, Konqo, Liviya, Siniqal, Norveç, Danimarka, Polşa, Slovakiya, Türkiyə, İran və s. kimi ölkələrdə öz
musiqimizi təbliğ
etmişəm. Orkestrdə çalışdığım
zaman böyük bəstəkarımız Cahangir
Cahangirov “Evlənmək
istəyirəm”, yəni
“Papaq” adı ilə tanıdığımız
filmin çəkilişləri
zamanı musiqi nömrələrinin səsyazmasında
məni kinostudiyaya dəvət etdi. Həmin o filmdə nağara ifaçısı mənəm.
Həm tamaşaçılar, həm
də musiqiçilər
arasında marağa səbəb olub ki, filmdə səslənən nağara
ifaçısı kimdir.
Hansı
ki “Papaq” filmində ifa etdiyim ritm bu
gün rəqs kimi dəbdədir.
- Musiqi aləmini həyatınızda
necə qiymətləndirərdiniz?
- Musiqi aləmi mənə çox əziz və doğmadır. İfa etdiyim alət
isə sanki mənim bir övladımdır. Çünki mən bu alətə
çox bağlıyam.
Övladlarıma sevgi göstərdiyim
kimi, musiqi alətinə də o cür sevgilə yanaşmışam. Musiqi aləminin
mənə əziz olmasının səbəbi
həm bu sahədə qazandığım
nailiyyətlər, dəm
də hörmətli və görkəmli incəsənət xadimlərilə
ünsiyyətdə olmağımdır.
Musiqi dolu dünyamda mən SSRİ Xalq artisti Fikrət
Əmirov kimi, Səid Rüstəmov kimi, Süleyman Ələsgərov kimi, Ramiz Mirişli, Hacı Xanməmmədov kimi görkəmli insanlarla ünsiyyətdə
olmuşam. Buna görə özümü
çox xoşbəxt
sayıram. Mən orkestrdə
bir çox müğənniləri müşayiət
etmişəm. Şövkət
Ələkbərova, Gülağa
Məmmədov, Məmmədbağır
Bağırzadə, Nisə
Qasımova, Firəngiz
Əhmədova, Lütviyar
İmanov kimi bir çox müğənniləri müşayiət
etmişəm. Bu da mənim üçün
böyük bir şərəfdir.
- Ritm və musiqi, bunların vəhdəti necə ifadə olunur?
- Bir nüansı qeyd etmək istərdim ki, Azərbaycan Televiziyasında
keçirilən IV Muğam
televiziya müsabiqəsində
münsiflər sırasında
olan ustad sənətkarımız Əlibaba
Məmmədov bir söz işlətdi. Əlibaba müəllim müsabiqənin iştirakçılarından
birinə izah edib dedi ki,
hər şey ritm üzərində qurulur. Əlbəttə ki, ritm olmasa, heç bir musiqidən danışmaq olmaz. Yəni, bir sözlə, bəstəkar yazdığı
musiqini ritm üzərində yazır.
Ritmi düşünüb yazır.
Oxuyanın belə ritmi
olmasa, o oxuyan deyil. Xalq Çalğı Alətləri orkestrində
ritm ikinci dirijor deməkdir. Ola
bilər ki, ritm dirijordan bir az qabaq gedə bilər və o an bütün orkestr ritmin dalınca gedəcək. Yəni ki, ritm orkestrin aparıcı qüvvəsidir.
- Azərbaycan ritminin incəsənət sahəsində
xüsusiyyəti...
- Bugünkü Azərbaycan
ritm sənətində
mən xüsusilə
“Natiq ritm qrupu”nu qiymətləndirmək
istərdim. Natiq cavan olmağına
baxmayaraq, belə möhtəşəm bir qrup yaratdı. Həmin qrupun fəaliyyətinin əsas məqsədi isə Azərbaycan ritm sənətini dünyada layiqincə təmsil etməkdir.
Mən müşahidələrimdə onu da görürəm
ki, bu qrupun
fəaliyyəti dünya
tamaşaçılarının böyük alqışları
ilə qarşılanır.
Şübhəsiz ki, xarici ölkələrdə də
bizim ritmləri qəbul ediblər. Bu gözəl işdir
ki, bizim milli ritmlərimiz dünyada təbliğ olunsun. Mən qastrol səfərlərimdə
Afrika dövlətlərində
də olmuşam və onların ritmlərinədə yaxından
bələd oldum.
Ancaq dünyada yalnız iki dövlətin ritmlərinə qibtə edirəm. Bir Afrika ritmlərinə,
bir də Hindistan ritmlərinə.
Mən onların ritmlərinə
çox həvəslə
qulaq asıram.
Mən çox
arzu edərdim ki, bizim ritmlər
toy şənlikləri üçün
deyil, əsl savad üçün öyrənilsin. Yəni ki, not öyrənsinlər.
Nağaranı musiqi aləti
kimi dərk etsinlər. İstərdim ki, bizim gənclərimiz ritmin notunu öyrənsinlər.
Çünki notun özü
musiqi deməkdir.
Qısa mənada desək, hər bir alətin
ifaçısı kimi
nağara ifaçısının
da musiqi savadı olmalıdır.
- Sizin fikrinizcə, Azərbaycan musiqisi dünyada təbliğ olunan zaman xarici tamaşaçılar
milli ritmlərimizə
necə münasibət
göstərirlər?
- Biz xarici dövlətlərdə
qastrol səfərlərdə
olduqda hər konsert proqramında nağara ritm solasını ifa etməyə məcbur edirdilər. Üstəlik təəccüblə gəlib nağaraya baxırdılar ki, yəni əl ilə bu səsləri
çıxarmaq olarmı?
Çünki başqa xalqların
nağara alətləri
müxtəlif ölçüdə
olduqları üçün
onların hərəsindən
müxtəlif səs
tembrləri çıxır.
Ancaq bizim nağarada bir alətdən bir çox səs tembrləri alınır. Bunun özü
də böyük bir ustalıq deməkdir. Əlbəttə ki, xarici ölkələrdə tamaşaçılar
həm maraqla dinləyir, həm də alətimizə diqqət göstərirlər.
- Qədim zamanlardan bu günə qədər xalqımızın “Qaval daşı” kimi tanıdığımız dəyərli
bir abidəsi var. Sizcə, “Qaval daşı”nın ritmdə sirri nədədir?
- Mənim yadımdadır ki, keçən əsrdə ilk dəfə
Çingiz Mehdiyev “Qaval daşı”nda ifa etmişdi. İndiki dövrə nəzər salsaq, “Natiq ritm qrupu” da
qiymətli abidəmizdə
ifa edib. Mən bunu da çox
yüksək qiymətləndirirəm.
Çünki bu abidə də bizim xalqın
əzəli tarixidir.
Tariximiz kökümüzün
kim olduğunu
isbat edən amildir. Ən əsası da
“Qaval daşı” abidəsi mədəni dəyərlərimizin əyani
sübutudur.
- Gələcəkdə
Azərbaycan ritm sənətində yüksəlişlər
görürsünüzmü?
- Mənim ümidim “Natiq ritm qrupu”nadır.
Sənətlərini təkmilləşdirsələr,
daha da yaxşı
olar. Yəni ki, qaval aləti, qoşanağaradan
da istifadə etsələr, daha da yaxşı olar. Sırf nağara ilə
ifa etməsinlər.
Mən ancaq bunu məsləhət
görərdim.
- Muğamda ritmi necə almaq olur?
- Muğamın özü də ritm üstündə
qurulur. Ritmik muğamlar var: “Heratı”, “Kürd ovşarı”, “Simayi-şəms”,
“Arazvarı” kimi muğamların hamısı
ritmik muğamlardır.
Arada ritmlər çalınır,
daha sonra muğam ifa olunur. Muğamı bilməlisən ki,
ritmi tuta biləsən. Muğamda da
ritm çox vacib bir şeydir.
- Gənclərimizin
ritmə qarşı marağını necə
görürsünüz?
- Açıq şəkildə
deyə bilərəm
ki, gənclərimizin
ritmə çox böyük marağı
var. Elə məhz toy
şənliklərində musiqidən
çox, ritmə üstünlük verirlər.
Bu da əlbəttə
ki, çox sevindirici haldır.
- Sənət fəaliyyətinizdə
bundan sonra nələri etmək istərdiniz?
- Sənət fəaliyyətim
hələ davam edir. 3 ildən
sonra artıq təqaüdə çıxacağam.
Nağara, ümumiyyətlə, gəncliyi sevir. Bu, idmana bənzər
bir alətdir. Bura qol gücü, enerji lazımdır.
Ancaq onu deyə bilərəm
ki, nağara mənə 38 ildə yoldaş oldu.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-16 avqust.-S.13.