Caz musiqisi sərbəstlik deməkdir”

 

Əməkdar artist Şahin Növrəsli: “Dünya artıq Azərbaycan cazının hansı səviyyədə olduğunu son 10-15 ildə daha yaxşı müşahidə edə bilir”

Müsahibimiz pianoçu-cazmen, Prezident mükafatçısı, Əməkdar artist Şahin Növrəslidir:

-Azərbaycan caz sənətində sizin də öz imzanız var. Bu günün cazmenləri arasında sizin adınız ön sıralarda çəkilir. Sizin caz musiqisinə gəlişiniz necə oldu?

- Uşaq yaşlarımdan musiqiyə, ritmə böyük həvəsim olub. Ona görə də valideynlərim məni musiqiyə yönəltdilər və mən özümü tanıyandan bu sahədəyəm. Buna görə əlbəttə ki, valideynlərimə minnətdaram. Hətta ailəmizdə musiqiyə böyük maraq əvvəldən var idi. Atamın tar alətində ifa etməyi, anamın oxumaq istedadı biz Növrəsli qardaşlarında da öz əksini tapıb.

Musiqilə yaxınlığım öncə Şaroyev adına musiqi məktəbində, sonralar isə Bülbül adına orta ixtisas musiqi məktəbində başlayıb. Bülbül adına musiqi məktəbində piano müəlliməm Gülya Namazova idi. Burada mən tam ciddi şəkildə klassik musiqi ilə məşğul oldum.

Caz musiqisinə gəlişim isə əlbəttə ki, ustad cazmenimiz Vaqif Mustafazadənin lent yazılarına qulaq asmaqla başladı. Yoldaşlarım da caz musiqisinə böyük həvəs göstərirdilər. Mən də çalışırdım ki, onun əsərlərini lent yazılarından öyrənim. Daha sonra Amerika pianoçularını, cazmenlərini dinləyərək caz musiqisinə həvəsim daha çoxaldı. Çünki caz musiqisində həm sərbəstlik, həm bəstəkarlıq, həm də novatorluq cəmlənib. Caz musiqisi elə bir dünyadır ki, burada musiqi əsərini özün yazırsan, milli musiqimiz olan muğamla sintez edirsən, həm də yeniliklər edib, əsəri özün ifa edirsən. Caz musiqisinin əsas anlamı odur ki, sənə imkan yaradır ki, sən özünün bacarıq və istedadını göstərəsən. Ona görə də caz musiqisi yaradıcılığımda birinci növbədə durur.

- Bir musiqiçi kimi Azərbaycan caz sənətinə münasibətiniz....

- Dünya musiqi mədəniyyətində caz yaranandan 10 il sonra artıq Azərbaycanda da var idi. Bizim caz orkestrimiz, caz musiqiçilərimiz çox yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycan hələ sovet dövründə həm fortepiano ifaçılıq məktəbi, həm də caz sənəti sahəsində dünyadasovet dövlətləri arasında hər zaman birinci yerdə dayanıb. Müstəqilliyimizi qazandığımız dövrdən isə dünya artıq bizim Azərbaycan cazının hansı səviyyədə olduğunu son 10-15 ildə daha yaxşı müşahidə edə bilir.

- Gənc musiqiçilərin caz sənətinə marağı nə dərəcədədir?

- İstərdim ki, caz musiqisinə maraq daha da artsın. Çünki caz musiqisinə həvəs göstərmək adi insanı dinləyici kimi göstərə bilər. Ancaq ifaçı kimi gərək musiqiçi olasan. Bir insan musiqi ilə ciddi məşğul olursa, klassik və digər janrda musiqi əsərlərini dinləyirsə, caz musiqisiniyavaş-yavaş hiss edəcək. Caz musiqisi haqqında anlayışı olacaq. Ancaq musiqi anlayışını dərindən bilməsən, artıq caz musiqisinihiss etməyəcəksən. Sözümün əsas məqsədi odur ki, musiqilə ciddi məşğul olan tələbələr caz musiqisinin sirrinə də mütləq yiyələnəcəklər.

- Azərbaycan cazının dünyada təbliği, sizcə, lazımi səviyyədədirmi?

- Əlbəttə ki, bizim müsabiqələrdə, festivallarda çıxışlarımız, mənim dünyanın bir çox ölkələrində digər görkəmli musiqiçilərimizlə konsertlərim olur. Bundan əlavə, Azərbaycanda hər il yüksək səviyyədə Caz Festivalı keçirilir ki, dünyanın bir çox görkəmli cazmenləri Bakıya gəlib, Azərbaycan caz sənətilə yaxından tanış olurlar. Bununla da, dünya cazmenləri bir daha şahid olurlar ki, Azərbaycan necə güclü və istedadlı ölkədir ki, həm gözəl caz musiqi sənəti var, həm də yüksək səviyyədə Caz Festivalı keçirilir. Festivalın əsas prioritetliyiondan ibarətdir ki, caz musiqisini dinləməyə adi tamaşaçılar da gəlirlər. İstər xarici turistlər, istərsə də yerli tamaşaçılar. Bu da dünyada, əlbəttə ki, böyük təbliğatdır.

- Azərbaycan musiqi sənətində cazın inkişafını necə qiymətləndirirsiniz? Musiqi ocaqlarında caz sənətinin təməl dərsləri keçirilirmi?

- Azərbaycan incəsənətində hər zaman caz musiqisinin səviyyəsi yüksək olub. Düzdür, bizdə Amerikadakı kimi, Nyu-Yorkdakı kimi caz məktəbi ola bilməz. Bizim musiqi məktəbimiz muğam məktəbidir. Buna baxmayaraq, insan istəsə, dinləməklə, mütaliə etməklə, lent yazılarına qulaq asmaqla caz musiqisinə yiyələnə bilər və biz bunu bacardıq. Düşünürəm ki, o səviyyəni biz qazana bilmişik. Artıq Azərbaycan musiqi dünyasında caz musiqisi yüksək nüfuza malikdir. Ancaq musiqiçilərin caz musiqisinə yiyələnmələri öz istəklərindən asılıdır. Burada da cazın inkişafında, şübhəsiz, musiqiçidə maraqmusiqi potensialının olması zəruridir.

Mənim təhsil aldığım və sonralar pedaqoji fəaliyyət göstərdiyim 35 nömrəli məktəbdə dərs keçdiyim tələbələrdən bir neçəsi caz musiqisinə maraq göstərir və bu sənətə addım atırlar. Lakin başqa musiqi məktəblərində bu sənətin təməl dərslərinin keçirilməsi haqqında məlumatım yoxdur. Ümumiyyətlə, Sovet İttifaqı zamanı caz musiqisinə icazə verilmirdi. Lakin bu gün imkanlar daha geniş vüsət alıb.

- Həm sovet dövründə, həm də müstəqilliyimizi qazandıqdan sonra cəmiyyətdə caz musiqisinə marağı necə görürsünüz?

- Əlbəttə ki, həm maraq, həm də dinləyici kifayət qədərdir. Çox təəssüf ki, dinləyicinin lazımsız musiqiyə də marağı böyükdür. Bu gün cəmiyyətimizdə problemlərdən biri də bayağı musiqinin dinlənməsidir. Təəssüflər olsun ki, insan pisvarsa, daha tez maraq göstərir, meyil edir. Düşünür ki, yaxşıdır. Lakin o marağın ömrü çox çəkmir. Ona görə musiqinin də yaxşısına maraq göstərmək lazımdır. Gərək çalışasan ki, hər bir musiqi janrının yüksək səviyyədə yazılmış versiyasına qulaq asasan. Yaxşı musiqi diqqətli dinləyici tələb edir. Pop musiqisi dünyanın hər yerində birinci səviyyədədir. Mahnı var ki, maddiyyat baxımından yazılır, mahnı var ki, insanların zövqünü oxşamaq üçün. Bu iki amili hər zaman ayırmaq lazımdır.

- Vaqif Mustafazadə yolunu gedən cazmenlər görünürmü?

- Vaqif Mustafazadə bu bünövrəni qoyub. Muğam caz sənətinin sintezini edib. Bu, bütün sahələrdə belədir ki, hər kəs sənətin ən yaxşı nümayəndəsinə bənzəmək istər. Məsələn, estrada musiqisi oxuyanlar çalışırlar ki, Rəşid Behbudov kimi oxusun, piano ifaçıları Vaqif Mustafazadə kimi ifa etsinlər. Bu, belə olmalıdır. Əgər sən əsl musiqiçisənsə, öz üzərində işləyərək, sənət dahilərini nümunə götürərək öz musiqi sənətini yarada bilərsən. Bəzən zaman keçdikcə yolunu getdiyin, həvəskarı, pərəstişkarı olduğun sənətdən uzaq olursan. Çünki görürsən ki, artıq sənin sənət yolunda öz imzan var. Sadəcə sən gərək har zaman sənətini inkişaf etdirəsən. Mən onu özümdə hiss etmişəm.

Vaqif Mustafazadənin bütün əsərlərini ifa etmişəm. Elə əsərlərini ifa etmişəm ki, ondan başqa heç kim o əsəri ifa etməyib. Hətta o əsərləri mən Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin ifasında eşitməmişəm. Məsələn, mən Parisdə konsert proqramında Vaqif Mustafazadənin yaradıcılıq gecəsində onun 15-ə yaxın əsərini ifa etdim. Vaqif Mustafazadə sənəti sanki bir kitabdır. Çünki bədii kitabı oxuduqda sən o əsəri bütünlükdə əzbər bilə bilməzsən. Ancaq fraqment şəklində yadında qalacaq. Onun əsərlərini ifa etdikdə o da yaddaşında fraqment şəklində qalır lent yazılarına qulaq asanda əsərə, ifaya heyran olursan.

Məsələn, klassik musiqidə Raxmaninov əsərini ifa etdikdə bir məktəb keçirsən. Artıq Raxmaninov əsəri sənin yaddaşında tarix kimi, məktəb kimi, bir gözəllik kimi iz salır.

- Caz musiqisi həyatınızda hansı izlər qoydu?

- Ümumiyyətlə, mənim musiqi yaradıcılığım dönüşlərlə olub hamısını Allah yönəldib. Sənət yolum belə çətinliklərlə dolu olub. Mən hər zaman sənətdə uğurlarımı çox gec əldə etmək istəmişəm. Əsas o deyil ki, uğurun zirvəsini əldə edə biləsən. Əsas odur ki, çatanda əlində saxlaya biləsən. Çünki zirvədə qalmaq çox çətindir. Diqqət etmişəm, dünyada sənətin, şöhrətin zirvəsinə tez çatan insanlar tez sənətdən uzaqlaşırlar. Məsələn, Maykl Cekson anadan olduğu ilk gündən böyük səhnədə idi. Lakin 35 yaşından sonra sənət həyatında heç bir irəliləyişi olmayıb.

Mənim həyatımda isə caz xüsusi izlər qoydu. Daha çox insanlara musiqi sevgimi göstərmək imkanını yaratdı. Mən hər zaman qeyd etmişəm ki, yaxşı musiqiçi pis insan ola bilməz. Əlbəttə ki, yaxşı insan hərtərəfli yaxşı ola bilməz, pis insan da hərtərəfli pis ola bilməz. Hər kəs kiminsə yaxşı tərəfini görür, yaxud pis tərəfini. Caz musiqisi mənə imkan yaratdı ki, mən öz yaxşı tərəflərimi göstərə bilim.

Sonda sənət fəaliyyətimə görə Prezident mükafatı aldığım üçün Prezidentə dərin təşəkkürümü bildirirəm. Sənətkarlara diqqətini əsirgəmir, ən əsası mədəniyyətə, milli musiqimizə diqqət göstərir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-21 avqust.-S.13.