“Azərbaycan kaskadyorları Hollivudun
kaskadyorlarından heç nə ilə geri qalmırlar”
Murad Abdullayev: “Hər kanalda
üç-dörd serial çəkildiyindən kaskadyor
işinə tələbat çoxalır”
Layihə çərçivəsində
müsahibimiz aktyor-kaskadyor Murad Abdullayevdir:
-Mən
1980-ci il iyun ayının 10-da Bakıda
anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Rejissorluq fakültəsini
bitirmişəm. 2006-cı ildən kino sahəsində
aktyor-kaskadyor kimi çalışmışam.
Filmoqrafiyamda “Sirat körpüsü”, “Silah”, “Qarabağdır
Azərbaycan”, “Cavad xan”, “Ruhların qovuşan yeri” , “Kabusun
gözü ilə”, “Əlavə təsir”, “Bəxt”, “Onun
ürəyi”, “Mən evə qayıdıram”, “Mahmud və Məryəm”,
“Bakı, mən səni sevirəm” filmləri yer alır.
İlk dəfə 1903-cü ildə səssiz filmlərdə
kinoya təhlükəli elementlər gətirməyə cəhd
edilsə də, bu istək yalnız 1908-ci ildə baş
tutub.
Tamaşaçıda maraq və həyəcan yaratmaq
üçün həmin il təhlükəli
tryuk edən insanlar ekranda peyda oldu. “The Count of Monte Christo”
filmində ilk tryuka əl atan cəsarətli adam
isə sirk artisti idi. Amma bu tryuk onun bütün
həyatı bahasına başa gəldi. Beləliklə,
kino tarixində ilk tryuk uğursuz sonluqla nəticələndi.
İllər ötdü, kino inkişaf etdi və
saysız-hesabsız cəhdlər incəsənətin bu
növünə tamaşaçını valeh edəcək
dinamizm gətirdi. Hazırda təhlükəli və
riskli iş ayrıca sənətdir. Kinoda çətin-vuruşma,
hündürlükdən tullanma, maşın
çarpışdırma, təhlükəli nə varsa, deməli,
orada tamaşaçının üzdən belə
tanımadığı və bəlkə heç təsəvvürünə
gətirə bilmədiyi, rejissorların
tamaşaçıdan gizlətdikləri insanlar - kaskadyorlar
var. Artıq dünyada uğurla tətbiq olunan bu sənətin
öz biliciləri, ustaları və öz məktəbləri
yetişib. Kaskadyorluqla bağlı ölkəmizə
gəldikdə isə nə deyə bilərəm? Mən həmişə aktyor olmaq istəmişəm.
Təfsilatına getsəm, pərəstişkarı
olduğum Van Damın filmlərinə baxa-baxa aktyor olmaq istəyi
yarandı içimdə. O vaxt mənim 15 yaşım
olardı. Məktəbdə
hazırladığımız tamaşalarda da aktyor kimi
obrazlar yaradardım. Yadımdadır, bir dəfə
Qacar rolunu oynamışdım. Amma qismət
elə gətirdi ki, Mədəniyyət və İncəsənət
Universitetinin Rejissorluq fakültəsinə daxil oldum. Təhsilimi bitirəndən sonra Xüsusi Təyinatlı
Kəşfiyyat Batalyonunda qulluq etdim. Əsgərlikdən
sonra Gənc Tamaşaçılar Teatrında işləməyə
başladım.
Teatrda cəmi
1 həftə tab gətirdim. Başa düşəndə
ki, mən ancaq kinoda çalışmaq istəyirəm,
teatrdan həmişəlik ayrıldım. Sonra Əli Məmmədovla
tanış oldum. Onun qrupunda
kaskadyorluğu öyrəndim. Bir çox
filmlərdə birgə çalışdıq. Ardınca “Murad Kaskadyor Qrupu”nu yaratdım. Hazırda “İMAGE” Azərbaycan Kaskadyor qrupu adı
altında fəaliyyət göstərir. Qrup
kimi ilk filmimiz “Onun ürəyi” filmi oldu. Ardınca
isə “Mən evə qayıdıram”, “Bakı, mən səni
sevirəm”, “Mahmud və Məryəm” filmində
çalışdıq. Qismət olsa,
yaxınlarda yeni bir filmdə də
çalışacağıq. Onu da deyim
ki, adını çəkdiyim filmlərdə kaskadyorluqla
yanaşı, aktyor kimi rollar ifa etmişəm.
- Son filmlərdən biri kimi
oynadığınız “Mahmud və Məryəm” filmində
istədiyiniz rolu canlandıra bildinizmi?
- Bəli.
Filmdə Mahmudun atası Ziyad xanın
cavanlığını canlandırıram. Yaşlı Ziyad xanı isə mənim uşaqlıq
kumirim Fəxrəddin Manafov oynayıb. Əgər
indiyə qədər Fəxrəddin müəllimi bir aktyor
kimi çox istəyirdimsə, bu filmdən sonra onun
özünə də vurğunluğum artdı. Onun bir filmdə tərəf-müqabili olmaq, həqiqətən,
böyük xoşbəxtlikdir. Sevinirəm
ki, bu arzuma çatdım.
- Bəs niyə kaskadyor olmaq istədiniz?
- Filmlərdə
öz tryuklarımı özüm etmək istədiyimdən
kaskadyor oldum. Həm də bu sənətə
marağım vardı. Hər zaman
idmançı-aktyor kimi tanınmaq istəmişəm. Bir də ki, aktyor kimi ildə bir dəfə rol ala
bilirsənsə, kaskadyor kimi mənə hər zaman tələbat
var. Sovet hakimiyyəti dövründə çəkilən
filmlərdə Azərbaycana kaskadyorlar Rusiyadan dəvət
olunublar. Bütün tryukları onlar
qurublar. Məsələn, “Qorxma, mən səninləyəm”
filmində tryukları Muxtarbəy Kantemirov qurub və icra edib.
80-90-cı illərdə Azərbaycanda Nizami
adlı bir kaskadyor olub. O, “Bəyin oğurlanması”,
“Gecə qatarında qətl” kimi filmlərdə işləyib.
Ancaq bizdə heç vaxt kaskadyor məktəbi
olmayıb. Həm də ölkəmizdə filmlər az çəkildiyindən heç bu sahəyə
fikir verən də olmayıb. Nizamidən sonra bu işə
can yandıran Əli Məmmədov idi. 90-cı illərdən
bu yana çəkilən filmlərə o
quruluş verib və tryukları da icra edib. Mən
də onun qrupunda işə başlamışam. Elə
o dövrlərdə də filmlər az
çəkildiyindən əlavə kaskadyora ehtiyac olmayıb.
Ancaq bir neçə ildir filmlər
çoxalıb, əlavə kaskadyorlara və
quruluşçulara ehtiyac olduğundan, mən “Murad Kaskadyor
Qrupu”nu yaratdım. Və Əli Məmmədovun
qrupundan ayrıldım.
Bilirsiniz, bir qrup uzağı ancaq iki filmdə işləyə
bilər. Eyni vaxtda 2-3 film çəkilirsə, artıq bir
qrup onların öhdəsindən gələ bilməyəcək.
Yəqin, gələcəkdə mənim
qrupumdan da kimsə özünü tam hazır bilib,
ayrılacaq. Bu, normaldır. Kim daha yaxşı işlər görəcək,
inkişaf da olacaq. İndi mən həm
quruluş verirəm, həm də tryukları icra edirəm.
Bir sözlə, Azərbaycanda kaskadyor məktəbi
elə çəkiliş meydançası olub. Amma bu məktəbi yaratmaq lazımdır və mən
bunun üzərində çalışıram.
-Son
vaxtlar milli seriallarımız çəkilməyə
başlanıb ki, burada təhlükəli səhnələrə
geniş yer verilir…
- Bəli,
milli serialımız çəkildiyindən, ən adi melodram
serialı olsa da, orada kaskadyora ehtiyac yaranır. Kimsə
kiməsə şillə vurub yıxırsa, bu, artıq
kaskadyor işidir. Kaskadyorluq ilk növbədə
düzgün yıxılmaqdan başlayır. Yəni, sən elə yıxılmalısan ki,
gülməli olmasın. Hər kanalda
üç-dörd serial çəkildiyindən kaskadyor
işinə tələbat çoxalır. Kaskadyor əsl əsgər olmalıdır. Əmrlərə və quruluşçunun dediklərinə
məsuliyyətlə və ciddi yanaşmalıdır,
çünki söhbət onun həyatından gedir. Bir səhv ömürboyu əzab deməkdir. Kaskadyorun nə və necə etməli olduğunu
quruluşçu düşünür. Kaskadyorun
tryuku dəqiq və zədəsiz yerinə yetirməsindən
ötrü isə düzgün fiziki hazırlıq və
elastiklik tələb olunur. Quruluşçu
kaskadyor isə yaradıcı işdir. O,
düşünməli, rəsmini çəkməli və
tryukun dramaturji həllini tapmalıdır. Məsələn,
o, elə düşünməlidir ki, tryuk gülünc
alınmasın, inandırıcı olsun və kaskadyorun
ağrısını tamaşaçı da hiss etsin. Bu
baxımdan hər kaskadyor quruluşçu kaskadyor ola bilməz. Mən Əli Məmmədovla
7-8 filmdə birgə işlədim. Döyüş
səhnələrinin çoxunu mən qururdum. Amma bu işimi layiqincə qiymətləndirmədilər.
O qrupdan ayrılmağımın bir səbəbi də bu idi.
Biz də hər sahədə olduğu kimi,
xarici təcrübə-dən bəhrələnirik, ancaq bu, o
demək deyil ki, birbaşa köçürürük. Düşünüb, özümüzünkünü
tapırıq. Azərbaycan kinosunda hələ
o qədər inkişaf yoxdur ki, kaskadyorlar da
tamaşaçıları heyrətləndirsin. Amma inanın, Azərbaycan kaskadyorları Hollivudun
kaskadyorlarından heç nə ilə geri qalmır.
-Ümumiyyətlə, bizdə
kaskadyorlarımızın problemi nədir?
- Bu, çox çətin və təhlükəli peşədir, gərək hər gün məşq edib tryukları təmizləyəsən. Bunun üçün qrupun özünün bazası olmalıdır, bu insanlar başqa heç bir işlə məşğul olmamalıdırlar, onlar ancaq kino üçün çalışmalıdırlar. Bundan ötrü də onlar gərək aylıq məvacib alsınlar ki, sənətdən getməsinlər. Belə insanları tapmaq çox çətindir. Tapanda da maddi sıxıntıya görə çıxıb gedirlər. Bu sənətə həvəsi olanlar çoxdur, sadəcə dövlət tərəfindən dəstək olmalıdır ki, bir baza yaradıb, həmin insanları bir yerə yığaq, onlardan daha yaxşı kaskadyor hazırlayaq. Mütləq dövlət dəstəyi olmalıdır. Bu gün kaskadyorlara kinoda nə qədər çox tələb olsa da, qiymətləndirmə anında ən aşağı pillədə qərarlaşır. Kaskadyorun kino üçün gördüyü iş böyükdür. Filmlərdən kaskadyor kimi xaricilərə və bizə verilən məbləğə baxanda fərqi açıq-aydın görmək olar. Kaskadyor aldığı məvacibə görə ailəsini saxlaya bilmir. Axı bu sənət həyatla riskdir, o, sənədə qol çəkir ki, başına nə gəlsə, özü cavabdehdir. Ona görə də istədiyi məbləği almalıdır ki, tryukdan sonra maddi tərəfinin düzələcəyini düşünüb, bu hərəkəti etsin.
-Belə riskli bir
peşəni nə vaxtsa tərk etməyi
düşünürsünüzmü?
- “Onun ürəyi” filminin çəkilişləri idi. Mağaradan
sürətlə qaçdığım səhnəni
çəkirdik. Meşənin içi ilə
qaçdığım an hündür məsafədən
atılmalı idim. Trossuz atıldım. Dabanım sürüşdü, yıxıldım,
durub yenidən qaçanda başı üstə qabağa
getdim, sürüşdüm və qayalığa dəydim.
Qulağımın içindən qan
axırdı. Ayağımdan ciddi zədə
aldım və iki ay gəzə bilmədim. Düşünürdüm ki, bir daha kaskadyorluğa
qayıtmaram. Lakin görünür, riskə
getməyi xoşladığım üçün yenə də
bu sənətdəyəm. Amma etiraf edim
ki, kaskadyorluq insandan çox böyük enerji tələb
edir. O baxımdan aktyorluqla idmanı bir araya gətirmək
çətindir, eyni zamanda maraqlıdır. Bir
də ki yaş ötdükcə bədəni formada saxlamaq da
asan olmur.
Nigar Abdullayeva
Palitra.-2013.-21 avqust.-S.11.