“Niyazinin simfonik muğamı misilsizdir”
Professor Azad
Əliyev: “Dirijorluq sənəti
insanın qəlbindən, daxilindən gələn bir sənətdir. Əgər xasiyyətində
zəhm olmasa, sən 80-100 nəfər
qarşısında sözünü
çatdıra bilməzsən”
Müsahibimiz
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət
xadimi, Azərbaycan Dövlət Televiziyası və Radiosunun
“Niyazi” adına simfonik orkestrinin bədii rəhbəri və
baş dirijoru Azad Əliyevdir:
-Azad müəllim, “Niyazi” adına
simfonik orkestrin Azərbaycan incəsənətində 80 illik fəaliyyətini
necə dəyərləndirirsiniz?
- Bu il “Niyazi” adına simfonik orkestrin fəaliyyətinin 80 illik yubileyini qeyd etdik. Azərbaycan incəsənət sahəsində bu orkestrin tarixi çox böyükdür. Bu orkestrdə elə musiqiçilər fəaliyyət göstəriblər ki, onların adları tarixdə qalıb. Bir vaxtlar, indi adını daşıyan maestro Niyazi də bu orkestrdə çalışıb. 50-ci illərdə maliyyə cəhətdən bu orkestrin fəaliyyəti dayanmışdı. 70-ci ildən etibarən mənim müəllimim, hazırda Türkiyədə çalışan, Xalq artisti Ramiz Məlikaslanov yenidən bu orkestri bərpa edib və 1990-cı ilə qədər rəhbərlik edib. O, 20 il orkestrdə fəaliyyət göstərdikdən sonra İsmayıl Hacıyev, daha sonra Yaşar İmanov bədii rəhbər vəzifəsində çalışıblar.
2006-cı ildən etibarən məni bu orkestrə həm bədii rəhbər, həm də baş dirijor təyin etdilər. O vaxtdan bu günə qədər orkestr yüksək fəaliyyətlə çalışır. Yeni-yeni əsərlər hazırlayıb, lentə yazırıq və efirlərdə çıxış edirik. Çox gözəl kollektivimiz var. Ümidvaram ki, bizim orkestr bundan sonra da çox illər bir yerdə yüksək fəaliyyətlə çalışacağıq.
-Bu
gün simfonik orkestr üçün gənc
bəstəkarlar yeni əsərlər bəstələyirlərmi?
- Əlbəttə ki, gənc bəstəkarlar yaradıcılığında simfonik orkestr üçün əsərlər yazırlar. İldə bir dəfə Azərbaycan Bəstəkarlar İttifaqında pleniumlar, yəni qurultay keçirilir və bizim orkestrdə həmin pleniumlarda çox fəal iştirak edir. Bu yaxınlarda keçirilən pleniumda ifa etdiyimiz əsərlərdən bir çoxu Məmmədağa Umudov, Yusif Mirişli kimi gənc bəstəkarların əsərlərini ifa etdik. Şübhəsiz ki, qurultayda ifa etdiyimiz gənc bəstəkarların əsərləri böyük alqışlarla qarşılandı. Gənc bəstəkarların əsərlərilə bərabər, klassik bəstəkarlarımızın da əsərlərini ifa etdik. Məsələn, Qara Qarayevin “İldırımlı yollarla” adajiosunu ifa etdik.
Düzünü desək, bu günün gənc bəstəkarları sənət yolunda çalışırlar. Yeni əsərlər bəstələyirlər. Lakin hamılıqla deyil. Çünki zövqlər müxtəlifdir. Musiqi dünyası yalnızca istedadlar məskənidir. İncəsənət dünyası da ancaq istedadı sevir. İstedadın varsa, sən həyatda bir çox şeyə nail olacaqsan. Gənc bəstəkarların elə musiqiləri var ki, çox böyük məharətlə onun üzərində işləyib, orkestrdə ifa edirik.
-“Niyazi” adına simfonik
orkestrin heyətinin musiqi potensialı sizi qane edirmi?
- Qane edir. Lakin biz o potensialın
üzərində çalışırıq
ki, daha da yüksək olsun. Çünki orkestri yaratmaq
çox çətin
bir prosesdir. Orkestr nə deməkdir? Orkestr böyük ansambl deməkdir. Ansambl iki nəfərdən
başlayır. Ondan sonra
kvartet, kivintet, sektet və yaranır böyük ansambl. Əgər ansambl varsa,
deməli, bu, orkestrdir. Orkestrdə 80 nəfər fəaliyyət
göstərirsə və
onlardan 20-30 nəfər
zəifdirsə, onlar da bu səviyyəni
qaldırırlar. Bizim orkestrdə
əksəriyyəti gənclər
təşkil edir.
Onlar da öz üzərlərində
çalışırlar ki,
professional musiqiçi kimi
fəaliyyət göstərsinlər.
Orkestrin axırıncı işlərindən
Fikrət Əmirovun “Şur” simfonik muğamı və maestro Niyazinin “Rast” simfonik muğamını lentə yazdırmışıq.
İşimiz çox yüksək
səviyyədə alınıb.
Bu yaxınlarda isə Qara Qarayevin
“Leyli və Məcnun” simfonik poemasını və Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını hazırlayacağıq.
-Gənc musiqiçilərin klassik
milli musiqimizə marağını necə
qiymətləndirirsiniz?
- Klassik milli musiqiyə
maraq, demək olar ki, azalıb.
Lakin bu təkcə bizdə deyil, bütün dünyada belədir. Çünki musiqinin müxtəlif
növ janrlarda təbliği güclü
olduğu üçün
dinləyici klassik musiqidən yavaş-yavaş
uzaqlaşır. Əlbəttə ki, klassik musiqiyə
marağın artması
üçün burada
da təbliğat böyük rol oynayır. Məsələn, Fransada “Metso”
televiziya kanalı xüsusi olaraq klassik musiqini, caz, folklor musiqisini
təbliğ edir.
Klassik musiqi elə bir aləmdir ki, gərək sən uşaqlıqdan bu ab-havada böyüyəsən.
25 yaşından sonra artıq gecdir. Ona görə biz çalışırıq
ki, orkestrə cavan uşaqları cəlb edək.
-Vaxtilə Qara Qarayev, Fikrət
Əmirov, maestro Niyazi
Azərbaycan musiqi dünyasına əvəzolunmaz
simfonik əsərlər
töhfə ediblər.
Bu günün gənc bəstəkarları
gələcək nəsillərə,
musiqi dünyamıza bu cür töhfələr
qoya biləcəklərmi?
- Mən belə düşünürəm ki,
o əsərlərdən sonra
ikincisi ola
bilməz. İstər yüksək istedadlı
biri olsun, istər böyük həcmli əsərlər
yazsın, fərqi yoxdur. Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi simfonik əsərlər
yazan bəstəkar tapılmayacaq. Çünki onlar qədər
orkestri dərindən
anlayan yoxdur. Məsələn, Niyazinin simfonik
muğamı misilsizdir.
Dinləsəniz, bilərsiz ki,
əgər orkestrdə
100 nəfər ifa edirsə, 100 alətin hamısının səsi
aydın eşidiləcək.
Bunu bacarmaq bugünkü musiqiçilər arasında
qeyri-mümkündür. Ona görə də mən bu gün
gənc bəstəkarlarda
belə yaradıcılıq
görmürəm. Kimsə yaza
bilər. Ancaq o səviyyədə
deyil. Çünki onlar dahi idilər. Bəlkə olacaq, onu da zaman göstərər.
Bir daha qeyd edirəm.
Desəm,
bu yalnız Azərbaycanda belədir, yanlış olar. Bu, bütün dünyada
belədir. Verdi kimi, Puçino kimi opera yazan olmayacaq. Çünki o melodiyaları, qarmoniyaları
onlar yazıb, möhür vurublar. Puçino elə əsərlər bəstələyib ki, o musiqi sənin ürəyindən çıxmır.
Hər zaman dilində səslənir.
Bu gün də müasir opera bəstəkarları
var. Lakin onların əsərlərində də
hansısa qüsuru duyursan. Professionallıq və istedad-ikisi
vəhdət daşıyır.
Bunlardan biri əskik oldu, sən həmişə yarım olursan.
-Professional dirijor
kimi bu gün
dirijorluq sahəsində
inkişaf görürsünüzmü?
- Dirijorluq sənəti insanın qəlbindən,
daxilindən gələn
bir sənətdir. Əgər xasiyyətində zəhm olmasa, sən 80-100 nəfər qarşısında
sözünü çatdıra
bilməzsən. Elə insan
da olur ki,
böyük kütlə
görəndə danışa
bilmir. Bu sənətin vacib cəhətlərindən biri
gərək sən
ilk növbədə pedaqogikanı,
pisixologiyanı biləsən,
ən əsası hər hansı bir musiqiçinin sualına aydın və dolğun şəkildə cavab vermək savadın olsun. Əgər sən cavab
verə bilmədinsə,
deməli, sən orkestrdə ifa edən musiqiçilərdən
üstün deyilsən.
Hərtərəfli demirəm. Ancaq bilik
cəhətdən və
ürəkli olmaq ən üstün şərtlərdir. Bütün bu
amillər dirijorluq sənətinin bazasıdır.
Sonrakı proseslər təcrübə
əsasında yaranır.
-Bu gün opera sahəsində dirijorluq sənəti hansı səviyyədə inkişaf
edir?
- Mən deyərdim ki, ən çətin
sənət opera dirijoru
olmaqdır. Simfonik dirijoru olmaq
da çətin sənətdir. Lakin bütün
dahi dirijorlar opera sahəsindən başlayıblar.
5-10 il bu
sahədə çalışdıqdan
sonra müxtəlif sahələrdə dirijorluq
sənətlərinə davam
ediblər. Çünki opera həm orkestrdir,
həm solist, həm xor, həm
də tamaşa.
Sən gərək bunları əzbər biləsən
ki, başqa sahələrdə dirijorluq
etmək bacarığın
asan olsun. Ümumiyyətlə, dirijorun vaxtı
klassik musiqini dinləməklə keçməlidir.
-Orkestrin fəaliyyətində
gələcək planlar...
- Yeni proyektlər nəzərdə tutulur. Sağlıq
olsun.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-22 avqust.-S.13.