“Səs rejissorlarının peşəkarlığı
onların iş prosesindən
asılıdır”
Səs rejissoru Faiq Babayev:
“Orkestrin bütün ifalarını ayrı-ayrılıqda eşitmək-bu,
hər musiqiçiyə nəsib olmur. Bunun özü də bir istedaddır”
Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun səsyazma evinin səs rejissoru Faiq Babayevdir:
-Faiq müəllim, bu gün Azərbaycanda
səsyazma studiyaları hansı şəraitdə fəaliyyət
göstərirlər? Səs rejissorlarının fəaliyyəti
hansı səviyyədədir?
- Ümumiyyətlə, müxtəlif bölgələrdə kiçik səsyazma studiyaları var. Lakin bütün imkanları götürsək, yalnız Bakıda yüksək səviyyəli səsyazma studiyaları fəaliyyət göstərir. Yüksək səviyyəli studiyalar deyəndə avadanlıqları müasir texnika ilə təchiz olunmasa da, bacarıqlı səs rejissorları olan studiyalar nəzərdə tutulur. Bir fərq var ki, bizim səsyazma studiyamıza diqqət yetirsək, hazırda ən böyük sahəyə malik olan studiya olduğunu görərik. Məsələn, bir sıra böyük musiqi kollektivlərinin yeni ifalarını yazarkən dövlət səsyazma evinin sahəsi, akustikası və hər cür şəraiti imkan verir ki, keyfiyyətli iş hazırlansın.
Ötən illərə qədər səsyazma evində avadanlıqlar 70-80-ci illərdən qalan aparatlar idi. Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun təşəbbüsü ilə artıq avadanlıqlar yenilənib, rəqəmsal yazılışla çalışırıq.
Soruşa bilərsiniz ki, köhnə avadanlıqlarla müasir avadanlıqların fərqi nədədir? Mən əsas onu izah edə bilərəm ki, məsələn, əvvəllər simfonik orkestrin ifasını bütövlükdə lentə yazırdıq və pultda səsi tənzim edirdik. Sonradan səsə düzəliş etmək olmurdu. Orkestrdən bir daha xahiş edirdik ki, əsərin hissəsini bir daha ifa etsinlər və montaj etməklə düzəliş edirdik. İndi isə müasir avadanlıqla gördüyümüz işlər çox rahatdır. Orkestrin ifalarını ayrı-ayrı qrup halında lentə yazıb, daha sonra səsyazmanı tənzimləyirik. Əsas odur ki, yeni cihazlarla keyfiyyətli iş üzə çıxarırıq. Artıq 1 ildən çoxdur ki, müasir avadanlıqlarla həm Simfonik Orkestrlə, həm də Xalq Çalğı Alətləri ansamblı ilə yeni mahnılar lentə yazdırmışıq. Bir çox professional musiqiçilərin yeni lent yazılarına münasibəti müsbət fikirdədir.
Bugünkü səs rejissorlarının professionallığı onların iş prosesindən asılıdır. Bir çoxları kiçik studiyalarda çalışır və bəzilərinin böyük musiqi kollektivlərinin səsləndirilməsindən məlumatları olmur. Səs rejissorlarının əksəriyyəti pop musiqisini sintizatorla, xalq mahnıları və təsniflər olanda trionun müşayiətilə işləyirlər. Beləliklə, böyük kollektivlərin ifalarını lentə yazmağa təcrübələri olmur. Bir çoxları musiqiçi olsalar da, Simfonik Orkestr, Xalq Çalğı Alətləri ansamblı ilə işləmək başqa bir təcrübə tələb edir.
Biz çalışırıq ki, cavan kadrlar cəlb edək. Onların ilk növbədə musiqi duyumuna nəzarət edirik. Ola bilsin, yaxşı musiqiçidir, piano ifaçısıdır, musiqi nəzəriyyəsini yaxşı bilir. Lakin orkestrin bütün ifalarını ayrı-ayrılıqda eşitmək-bu, hər musiqiçiyə nəsib olmur. Bunun özü də bir istedaddır. Ola bilsin, eşitmə qabiliyyəti var. Ancaq orkestrin balansını bilmir. Bu işlə də ciddi məşğul oluruq.
- Müasir
avadanlıqların Bakıya gəlməsinə şərait
yaradılırmı?
- Gətirilir. Lakin dövlət səsyazma evi köhnə bina olduğu üçün yeni avadanlıqların həmin binada yerləşdirilməsi bir az çətinlik yaradır. Avadanlığa gəlincə məbləğ də böyükdür. Onların zədələnməsi ehtimalı olduğu üçün ancaq bəzi yeni avadanlıqlarla işləyirik. Köhnə pultları da vasitəçi kimi istifadə edir və səsi rəqəmsal sistemə ötürürük. Hələ ki belə çalışırıq. İnşallah, gələcəkdə belə bir fikir var ki, 1000 kv metr həcmində səsyazma evi tikilsin.
- Səsyazma
zamanı ifaçının səs tembrini
nəzərə alaraq uyğun
proseslər aparılırmı?
- Deyərdim ki, xeyr. Çünki musiqi sahəsində bir çox yeniliklər olduğu üçün uyğunluqlar hələ də aparıla bilinmir. Bu təkcə bizdə deyil. Ümumiyyətlə, bütün dünyada musiqinin həm səslənməsi, həm də musiqi janrları dəyişib. Məsələn, ötən əsrdə keçirilən musiqi müsabiqələrini izlədiyim zaman tamam başqa, yaddaqalan melodiyalar dinləyirəm. O zaman texniki imkanlar olmasa da, mahnılar güclü mahnılar idi. Bu problem bütün dünyada belədir. Təkcə bizdə yoxdur.
Musiqinin beşiyi İtaliya sayılsa da, hazırda orda da musiqi janrı dəyişib. Yəqin ki, bu da bir dövrdür. Zamanla əsl musiqi öz yerini yenidən tapacaq. Simfonik musiqiyə nəzər yetirsək, o əsərlər əsrlər boyu ifa olunub, ifa da olunacaq. Məsələn, Simfonik Orkestrin səslənməsinin köhnə yazılışlarına qulaq asanda görürsən ki, 50-60-cı illərdə necə səslənmə olubsa, indinin özündə də həmin səslənmədir. Heç bir dəyişiklik ola bilməz. Sadəcə musiqinin təmiz səslənməsinə diqqət edirik. Bu da müasir səs aparatlarının imkanları sayəsində mümkündür. Əgər köhnə avadanlıqlarla 1 əsəri 2 saata lentə yazırdıqsa, bu gün isə müasir texnologiyalarla 5-10 əsəri lentə yaza bilərik. Amma sonradan 2 saat əvəzinə 10 saata yaxın lent yazısının üzərində çalışırıq ki, düzgün və keyfiyyətli texniki səviyyəyə gətirib çıxaraq.
Texnikanın inkişafına görə estradada canlı səslərdən götürülmüş rəqəmsal səslər hazırlanıb. Səsyazma zamanı ifaçı mahnını oxuyanda daha heç bir canlı musiqiyə, yəni alətə ehtiyac duyulmur ki, ifa edilsin. Burada məhz aparatlarda mövcud olan müxtəlif alətlərə məxsus səslərdən istifadə edilir.
- Bizim
incəsənətimizə uzaq olan RMB musiqi janrını
bugünkü aparatlarla
hazır etmək çətinlik yaratmır ki?
- Çətin hər zaman çətin olur. Sadəcə bizdə yeni
texnologiyalar təzə-təzə
inkişaf edir. Sovet dövründə heç
kimə icazə verilmirdi ki, şəxsi studiya açsın. Nə də
ki həmin avadanlıq satılmırdı.
Bu gün isə
belə texnologiyalardan
istifadə etməyimiz
çətinliklərlə də olsa, zamanla
öz yoluna düşəcək.
- Köhnə lentlərin bərpasını
televiziya arxivində icra etmək mümkün olurmu?
- Hazırda televiziyada belə bir qurum
fəaliyyət göstərmir.
Lakin dövlət səsyazma arxivi müəyyən avadanlıqlar əldə edib, arxivdə olan keçən əsrin əvvəllərində
yazılan bütün
plastinkaları rəqəmsal
sistemlə disklərə
köçürürlər və müəyyən dərəcədə təmizləyirlər.
Ancaq dövlət televiziyamızda
belə bir qurum yoxdur. Sadəcə
yeni səsyazmalar fonotekaya disk formasında göndərilir. Artıq lentlə
işləmirik. Tədricən fonoteka yenilənir. Fonotekadakı lent yazılarını
bütövlüklə yeniləsək,
azı 5 ilə yaxın vaxt lazımdır.
- Səs rejissoru sənəti üzrə bacarıqlı
kadrlar varmı? Bir mütəxəssis kimi bu sahənin inkişafını necə
görürsünüz?
- Ümumiyyətlə, səs rejissorluğu
sənəti bu cəhətdən bizdə
yaxşı inkişaf edib.
Vaxtilə bu sahənin mütəxəssisləri
olub. Bu gün isə kiçik həcmli
studiyalar var. Hərəsi
öz fəaliyyətinə görə fərqlənir.
Düzdür, bəzi səs
rejissorları iş prosesində məsləhət
alırlar, amma bir
çoxları qeyri-professional şəkildə
çalışırlar. Sovet
dövründə bu sahənin
işçilərini Moskva şəhərinə
6 aylıq kursa göndərirdilər. Sonralar dövlət səsyazma studiyasında təcrübədən
keçirdilər. Ümidvaram ki, vaxt gələcək bu sahənin birliyi olacaq. Dövlət tərəfindən bu sahə üzrə xarici
ölkələrə təcrübə üçün
kadrlar göndərəcəklər. Çünki artıq müstəqil dövlət
olduğumuz üçün
imkanlar da genişdir.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-27 avqust.-S.13.