Müasir muzey işinin təşkili Braziliyada müzakirə edilib

 

Azərbaycan mədəni irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması daim diqqət mərkəzindədir. Xüsusilə son illərdə bu sahədə geniş işlər görülüb. Azərbaycan muğamının, aşıq sənətinin, xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na salınması, onun qeyri-maddi mədəni irs baxımından malik olduğu keyfiyyəti ön plana çəkir və onun müdafiə olunmasına kömək edir.

Azərbaycan Beynəlxalq Muzeylər Şurasının Asiya-Sakit okean regionu üzrə birliyinin idarə heyətinə üzv seçilib

Bu baxımdan Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi mədəni irsin qorunması ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirir, respublika muzey işçilərinin iş təcrübəsinin yüksəldilməsinə yönəldilmiş müxtəlif layihələrdə, beynəlxalq proqram və konfranslarda fəal iştirakını təmin edir. Qeyd edək ki, 1946-cı ildən fəaliyyət göstərən İCOM UNESCO tərəfindən dəstəklənir və BMT-nin İqtisadiSosial Şurası nəzdində məsləhətçi statusa malikdir. 1993-cü ildə təsis edilən İCOM Azərbaycan Milli Komitəsi İCOM-un işində iştirak edir, müasir mərhələdə maddiqeyri-maddi nümunələrimizi dünyaya daha yaxından tanıdır, Azərbaycanda muzey işinin təkmilləşdirilməsi üçün beynəlxalq muzeylərlə əlaqə yaradır, mədəni irsin qorunması istiqamətlərində dünya muzeyləri ilə bir sırada öz işini davam etdirir. Milli Komitə yarandığı gündən Azərbaycan muzeyləri ilə beynəlxalq muzeylər arasında Azərbaycanın mədəni irsinin tanıdılması məqsədilə sıx əməkdaşlıq əlaqələri yaradıb.

Mədəniyyətimizin Braziliyada təbliği məqsədilə Rio-de-Janeyroda “Azərbaycan filmlərinin nümayişi günləri” keçirilib

Qazandığı beynəlxalq təcrübədən çıxış edərək Azərbaycanda muzey işinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, yeni muzey siyasətinin həyata keçirilməsi və işğal edilmiş ərazilərdə qalan mədəni irsimizin müdafiə edilməsi məqsədilə Milli Komitənin həyata keçirdiyi işlərə daim UNECKO tərəfindən metodiki yardım göstərilir. Milli Komitə Dağlıq Qarabağda böyük itkilərə məruz qalmış milli mədəni irsimizin qorunması və qaytarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirib. Bu tədbirlərin başlıca məqsədi işğal olunmuş torpaqlarımızda mədəni sərvətlərin talan edildiyini Beynəlxalq Muzeylər Şurasının forumlarında səsləndirməklə beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaqdır. Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi bu günlərdə daha bir beynəlxalq tədbirdə iştirak edib. Layihə çərçivəsində təqdim etdiyimiz budəfəki yazımız Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən İCOM-un XXIII Baş Konfransı və XXVIII Baş Assambleyası ilə bağlıdır. İCOM Azərbaycan Milli Komitəsindən qəzetimizə verilən məlumata görə, “Muzeylər (Yaddaş + Yaradıcılıq) = Sosial dəyişiklik” mövzusunda keçirilən Baş Konfransda müasir zamanda muzey işi sahəsində mövcud olan problemlərin həlli yolları müzakirə olunub. Dünyanın 100-dən çox ölkəsindən 2000-ə yaxın nümayəndə heyətinin iştirak etdiyi konfransda muzey işinə yaradıcı yönümdə yanaşma, sosial dəyişikliklər mövzusu bir çox problemin həllinə yardımçı olub. Konfransda respublikamızı İCOM Azərbaycan Milli Komitəsinin sədri, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiya şöbəsinin müdiri Əminə Məlikova, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü Humay Məmmədzadə, İçərişəhər Tarix Muzeyinin şöbə müdiri İradə Qasımova, İçərişəhər Tarix Muzeyinin bələdçisi Həcər Alxasova, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Qambay Əliyev, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Xarici əlaqələr şöbəsinin müavini Ramiz Ağayev və Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarix Muzeyi filialının direktoru Sevil Axundova təmsil ediblər. Baş konfransda İCOM-un qarşıdakı üç il ərzində görüləcək işləri ilə əlaqədar müxtəlif məsələlərə baxılıb və İCOM-un prezidenti seçilib. Eyni zamanda tədbirdə iştirak edən yeddi ölkə sırasından Azərbaycan İCOM-un Asiya-Sakit okean regionu üzrə birliyinin (ASPAK) idarə heyətinə üzv seçilib. ASPAK-da Azərbaycanı İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva təmsil edib. İCOM Azərbaycan Milli Komitəsi 10 ilə yaxındır ki, İCOM ASPAK birliyi ilə əməkdaşlıq edir. ASPAK İCOM-un orqanıdır və 24 Regional Milli Komitədən ibarətdir və İCOM-un ən aktiv birliyidir. İCOM ASPAK 1967-ci ildən fəaliyyət göstərir. ASPAK-ın fəaliyyəti mədəni dəyərlərlə qeyri-qanuni alver və bəşəriyyətin mədəni irsinin mühafizəsi, Asiyanın geridə qalmış muzeylərinin inkişafı ilə bağlı problemlərin həlli istiqamətinə yönəldilib. Qurum birliyə daxil olan milli komitələrin iştirakı ilə muzey işi üzrə treninqlər təşkil edir. Konfrans çərçivəsində İCOM-un Muzeylər və geyim kolleksiyaları beynəlxalq komitəsinin iclasında sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Önlük, meyzər-unudulmuş yaddaş”, Ədəbiyyatçıların və bəstəkarların muzeyləri beynəlxalq komitəsi (İCLM) və Şəhər muzeyləri komitəsinin (CAMOC) iclasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Bakı-musiqiçilərin, ədiblərin əsərlərində və xatirələrində” adlı məruzələrlə çıxış ediblər. Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov İCOM Azərbaycan Milli Komitəsinin üzvləri ilə görüşüb, iki ölkə arasında mədəni əməkdaşlıq və Azərbaycan mədəniyyətinin Braziliyada təbliği yolları haqqında söhbətlər aparıb. Rio-de-Janeyro şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyi tərəfindən “Azərbaycan filmlərinin nümayişi günləri” keçirilib. Tədbir çərçivəsində konfrans iştirakçıları Eldar QuliyevinGirov” filminə tamaşa ediblər. Braziliyadakı səfirliyimiz tərəfindən Azərbaycanın nümayəndə heyəti ilə ictimaiyyət arasında görüş təşkil olunub. Görüşdə müxtəlif nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr və fikir mübadilələri aparılıb, ölkəmizin mədəniyyəti, tarixi ilə bağlı suallar Azərbaycan nümayəndə heyəti tərəfindən geniş şərh edilib. Səfirlik tərəfindən iştirakçılara təqdim olunan “İRS-HERANÇA” jurnalının portuqal dilində 2013-cü il nəşrində Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən məqalələr, o cümlədən tədqiqatçı Röya Tağıyevanın dahi xalça ustası L.Kərimova həsr etdiyi məqaləsi dərc olunub. Konfrans çərçivəsində həmçinin muzey yarmarkaları da təşkil olunub. Burada müasir muzey avadanlıqları, yeni muzey layihələri nümayiş olunub. Azərbaycan nümayəndələri tərəfindən də yarmarkada müxtəlif buklet, kataloq, muzey bələdçisi təqdim edilib. Azərbaycan nümayəndə heyəti Braziliyanın müxtəlif muzeyləri ilə tanış olub, birgə layihələrin həyata keçirilməsi yönündə fikirlər irəli sürüblər. Həmçinin İCOM Azərbaycan Milli Komitəsi konfransda iştirak edən digər ölkə nümayəndələri ilə də gələcəkdə birgə tədbirlərin keçirilməsi haqqında sazişlər bağlayıb. İCOM Azərbaycan Milli Komitəsi Bakıda cari ilin sentyabr ayında konfransın nəticələri haqqında yekun müzakirə aparılması haqqında dəyirmi masa keçirilməsini planlaşdırır.

Anar Miriyev

Palitra.-2013.-28 avqust.-S.11.