“Türkiyədə Azərbaycan musiqisi çox, sənətçiləri
az tanınır”
İlham Əsgəroğlu: “Onlar
bəstəkar adı yazsalar, bunun üçün ayrıca
pul ödəməlidirlər, ona görə də “anonim”
yazıb bəri başdan özlərini
sığortalayırlar”
Layihə çərçivəsində
müsahibimiz uzun müddət Türkiyədə fəaliyyət
göstərmiş musiqiçi-vokalist İlham Əsgəroğludur:
-Mən Tovuz rayonunun Sofular kəndində anadan olmuşam. 1985-ci ildə Mədəniyyət və
İncəsənət Universitetinin
Musiqili teatr aktyorluğu fakültəsinə
qəbul olunduqdan sonra bu sənət
ocağında çox
böyük sənətkarlardan
- vokal üzrə Lütfiyar İmanov, Mobil Əhmədov, aktyor sənəti üzrə Məlik Dadaşov, Şəfiqə Məmmədova,
Mikayıl Mirzədən
dərs almışam.
1992-ci ildə Musiqili Komediya Teatrına (indiki adı Musiqili Teatra) işə düzəldim. Teatr səhnəsində
ilk rolum “Subaylarınızdan
görəsiniz” tamaşasında
baş qəhrəman
Əfqan olub. Sonra “Arşın mal alan” tamaşasında Əsgər,
“Məşədi İbad”da
Sərvər, “Özümüz
bilərik”də Zəfər
obrazlarını canlandırmışam.
Ən böyük arzum Opera və Balet Teatrında
partiya ifa etməkdir. Beləliklə, sənət fəaliyyətimi
Azərbaycanda başlayıb,
Türkiyədə davam
etdirmişəm, indi ölkəmizə qayıdaraq
musiqiçi-vokalist kimi
çalışıram. Əslində soyadım “Quliyev”
olsa da, amma qonşu ölkədə məni daha çox İlham Əsgəroğlu
kimi tanıyıb qəbul edirlər. Beş ilə yaxın Musiqili Komediya Teatrında işlədim.
Sovet İttifaqı dağılmışdı, teatrda
maaş az, mən də
kirayədə qalırdım.
İkinci vokal təhsilini
İtaliyada almaq istəyirdim. İtaliyada iki
illik təhsilim üçün 30 min dollar tələb
olunurdu. Buna imkanım çatmadı.
Amma Tovuzun “Turan” klubunun o vaxtkı prezidenti Vidadi Əhmədovun yardımı
ilə Tiflis Konservatoriyasının
vokal bölümünü
bitirdim. Orada təhsilimi
başa vurandan sonra yenidən Azərbaycana qayıtdım.
Ən böyük arzum Opera və Balet Teatrında
işləmək idi.
Amma iş elə gətirdi ki, günlərin bir günü Azərbaycan Dövlət Filarmoniyası ilə Türkiyəyə qastrol səfərinə getdim. Mənə o
vaxt Mədəniyyət
Nazirliyinin nəzdində
yeni yaranan Türk Dünyası Musiqi Topluluğunda solist kimi çalışmaqla
bağlı təklif
gəldi. Təklifi qəbul
etdim və beləcə yeddi ilə qədər Türkiyədə çalışdım.
Hər halda zəif olsaydım, məni ora solist qəbul
etməzdilər. Onu da qeyd edim ki,
mən Qazaxıstan, Qırğızıstanda keçirilən
qastrol səfərlərində,
festivallarda, konsertlərdə
də yaxından iştirak etdim. Harada olmağımdan asılı olmayaraq, Azərbaycanı hər yerdə yüksək səviyyədə təmsil
etməyə çalışdım.
2008-ci ildə Atatürk Mərkəzi və “Kaşğarlı”
Fondu mənə “Türk dünyasının
dərvişi” adını
da verdilər.
- Ümumiyyətlə,
hazırda Türkiyədə
çalışan bir
sıra sənət adamlarımız həmin ölkənin universitetlərində
dərs deyirlər. Siz burada çalışmaqla
hansı uğurlar əldə etdiniz?
- Orada çalşmaqla bağlı mənə də təkliflər olub. Amma mən hələ
ki, yaradıcılıqla
məşğul olmaq
istəyirəm. Türkiyədə çox yaxşı dostlar tapdım. Böyük musiqi şirkəti rəhbərlərindən olan
Şahin Özərlə,
sənətçi Burhan
Çaçan, Səlami
Şahinlə yaxından
tanışlığım var. Ruhi Sunun ifalarından
bəhrələndim. Rəhmətlik Murad Çobanoğlu
ilə birgə çoxlu çıxışlarım
oldu. Ozanlardan dövlət sənətçisi
Şərəf Taşloba,
Maqsud Fəryadi, Mürsəl Sinanla, ustad sənətçi Murad Qaraxanlının oğlu Günay Yaldızla dostluq əlaqələri saxlayıram.
Bir çox televiziya kanalları ilə əməkdaşlıq etdim.
Bu baxımdan TRT dövlət kanalını
xüsusi vurğulamalıyam.
Bir sözlə, yaradıcı
mühitim formalaşdı.
Hazırda dostlar məni
öz konsertlərinə
dəvət edirlər.
- Hazırda
Azərbaycandasınız və
ölkəyə qayıdışınızın
səbəbi nə ilə bağlıdır?
- Artıq son bir ildir ki, Azərbaycandayam.
Bura gəlişimin səbəblərindən
biri valideynlərimi görmək istəyim idi. Burada çoxlu sənət
dostlarım var. Çox
istərdim, Azərbaycandakı
bu dəyərli dostlarımızla birgə
türk dünyası
ilə bağlı birgə layihələrdə
iştirak edək.
Həmçinin özümün də burada böyük layihələrimi
həyata keçirmək
istəyirəm. Türkiyəyə getməyimə peşman deyiləm. Hərçənd dostlarım mənə
deyirlər ki, getməsəydin, indiyə
kimi ad da almışdın. Onsuz da
biz xalqa xidmət edirik, xalqın sənətçisiyik. Sənətçilərə milli sərvət
adı verilsə, bu, daha gözəldir.
Mən xarici ölkələrdə
çox olduğuma görə bu, mənim üçün önəmli deyil. Önəmli
olan sənətdir.
Həmin
sənəti xalq, millət, dünya tanıyırsa, sən artıq xalqın sənətkarısan. Doğrudur,
mən Azərbaycanda tutarlı bir iş görməmişəm,
buna baxmayaraq çox böyük müəllimlərlə ünsiyyət
qurmuşam. Mənim günahımdırmı ki, burada kimsə
kimisə reklam etmir? Əgər reklam olunursansa,
xalq tanıyacaq.
- Siz Türkiyədə çalışan
bir sənətçi
kimi orada populyar olmaq baxımından vəziyyət
necədir?
- Türkiyədə çox
güclü musiqi şirkətləşməsi sistemi
qurulub. Bu sistemdə
şirkətlər sənətçinin
inkişafında maraqlıdırlar.
Onlar bunun üçün maliyyə ayırır, əməlli-başlı reklam
kampaniyası aparırlar
ki, gələcəkdə
bu işdən maliyyə götürə
bilsinlər. Şou-biznes budur.
Amma Azərbaycanda adı şou-biznesdir, özü
isə toy biznesidir.
Sənətçi toyda qazandığını
sonra öz reklamı üçün
xərcləməsə, populyar
olmaz, gündəmdə
qalmaz. Ona görə ki,
bizdə konkret şou ilə məşğul olan şirkət yoxdur.
Bizdə sponsorlar da şəxsi
xarakter daşıyır. Əgər bizdə
də xaricdəki kimi musiqi şirkətləşməsi
yaransa, konsert biznesi də olar.
- Bu gün bizim sənətçilər
toylara daha çox üstünlük
verirlər. Sizin buna münasibətiniz necədir?
- Mən Azərbaycan
toylarının səviyyəsindən
narazıyam. Ona görə yox
ki, mən kimdənsə zəif oxuyuram, xeyr. Sadəcə,
mən başa düşmürəm ki, niyə mən orada “Can-cana”, “Maral-maral” kimi mahnılar oxumağa məcbur edilirəm?
Mən öz mahnımı oxuyuram, yaxınlaşıb
deyirlər ki, qardaş yekunlaşdır,
səhnədən düş,
filan ulduz oxuyacaq indi. Bu, xalturadır. Olmaz ki, konsert prinsipi
ilə müğənnilər
öz mahnılarını
oxuyub pullarını alsınlar? Türkiyədə konsertlərdə oxumaq üçün sənətçilərin bəlli
bir siyahısı olur. Bayaq müqayisə ilə
bağlı sual verdiniz, mən tamaşaçılar baxımından
da bu fərqi
demək istəyirəm.
Türkiyə tamaşaçıları sənətçinin ifasına
reaksiya verməyi bacarırlar. Onlar sənətçi
ilə bərabər oxuyurlar.
Əsasən 1500 dollardan başlayır. Amma elə
konsertlər olub ki, 5000, 10 000 min də vəsait əldə etmişəm. Burada o pulu
əldə etmək mümkün deyil. Çünki mütləq dırnaqarası
ulduz olmaq lazımdır. Yerdə ulduz
olub gündəmdə
qalmaq üçün
sənətçi sənətlə
insanların ürəyində
qalmalıdır. Öz-özünə ulduz adı verib, intriqalarla üzə çıxırsansa,
bu, ulduzluq deyil, sənəti ucuzlaşdırmaqdır.
- Türkiyədə
Azərbaycan musiqisi necə tanınır?
- Ümumiyyətlə, Türkiyədə Azərbaycan musiqisi çox yaxşı tanınır, amma sənətçilərini az tanıyırlar. Tanınanlar Zeynəb Xanlarova, Rəşid Behbudov, son dövrlər isə Brilyant Dadaşova, Azərindir. Bizim musiqilərin anonim adlandırılmasına gəldikdə isə Türkiyədə yaşayan, eləcə də onun rəsmi qurumunda çalışan bir şəxs kimi hər zaman bu kimi hallara qarşı çıxmışam. Bilirsiniz, onlar bəstəkar adı yazsalar, bunun üçün ayrıca pul ödəməlidirlər. Bu qaydaları da onlar çox yaxşı bilirlər, ona görə bəri başdan özlərini sığortalayırlar. Türkiyə telekanallarında olan çıxışlarım zamanı dəfələrlə buna qarşı mənfi münasibət bəslədiyimi bildirmişəm və mahnıların bizim olduğunu sübut etmişəm. Bunu konsertlərim zamanı da edirəm.
- Gələcəkdə hansı yeni layihələri həyata keçirmək niyyətindəsiniz?
- Azərbaycanda yaradıcılıq konsertimi təşkil etmək istəyirəm. Nizami adına Ədəbiyyat İnstitutunda olanda Rafael Hüseynov bunu təklif etdi. Saz və klassik musiqinin sintezi ilə bir konsert keçirəcəyəm. Bununla bağlı millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərovla söhbətlərimiz olub.
- Bəs yenidən
Türkiyəyə qayıtmaq niyyətiniz varmı? Hansı
şərtlər daxilində burada
qalarsınız?
- İstərdim Azərbaycanı başqa ölkələrdə təmsil edəcək
türk dünyası ilə bağlı bir proqram olsun
və mən də orada iştirak
edim. Ya da Opera və Balet teatrında bir-iki rol oynayım və bununla özümü sübut edim. Bilsinlər ki, mən
kiməm. Bununla bağlı teatra təklif vermişəm. Cavabında dedilər
ki, teatr təmir olunacaq. Ümidim var ki, orada
da bir -iki
rol oynayacağam.
Alınmasa, istəyimi Türkiyədə həyata keçirməyə
çalışacağam.
Nigar Abdullayeva
Palitra.-2013.-29 avqust.-S.11.