“Gəncliyin əsas problemlərindən biri mütaliə etməməkdir”

 

Turqay Həsənəliyev: “Bu gün ölkəmizdə gənclərə bütün şərait yaradılıb, gənclər dövləti sevir, sabaha inamla baxırlar”

Müsahibimiz Sağlam Gəncliyə Doğru İctimai Birliyinin sədri Turqay Həsənəliyevdir.

- Turqay müəllim, sizin ictimai birliyiniz yarandığı ilk gündən hansı işlərə imza atıb?

- Sağlam Gəncliyə Doğru İctimai Birliyi adından bəlli olduğu kimi, gənclər sektorunda özünə yer tapıb. Əsasən, fəaliyyəti bu istiqamətdədir. Təşkilatın məqsədi gənclər arasında sağlam həyat tərzini yaratmaq, gənclər arasında intellektual inkişafa yardım etmək, onların sosial-iqtisadi aktivliyinin artırılmasına kömək etməkdir. Fəaliyyətdə olduğumuz ilk gündən beynəlxalq tədbirlərdə iştirak edirik. 2006-cı ildən təşəbbüs qrupu kimi fəaliyyət göstərirdik. 2011-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınmışıq. Birlik yarananda cəmi 5-6 nəfər fəaliyyət göstərirdi. Hazırda təşkilatımızın 500-ə yaxın aktiv üzvü var.

Onu da qeyd edim ki, təşkilatımız heç bir siyasi partiyanın üzvü deyil, heç bir siyasi maraq daşımır. Yalnız gənclərin sosial aktivliyi, gənclərin boş vaxtlarından səmərəli istifadə etməyə kömək məqsədi daşıyır.

-Sosial mövzularda hansı layihələriniz olub?

- Məsələn, biz Prezident yanında Gənclər Fondu ilə birgə “Gənclərin gözülə mədəniyyətlərarası dialoq” adlı ilk beynəlxalq layihəmizi keçirmişik. Sosial sahədə narkomaniya ilə bağlı Masallı şəhərində “Sağlam gəncliyə doğru addımla” düşərgəsi olub. Bu da Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib. Bu layihədə 30-a yaxın gənc narkomaniya, erkən evlilik, ətraf mühitin mühafizəsilə bağlı təlimlərdə iştirak ediblər.

- Bu mövzuda daha çox hansı bölgələrdə layihələr keçirilir?

- Bu problemlər əsasən hansı bölgələrdə daha qabarıq şəkildə varsa, biz çalışırıq ki, tədbirimizi də həmin bölgələrdə keçirək.

- Bu birliyin yaranmasına kim təşəbbüs göstərib?

- Üç tələbə gəncin təşəbbüsü ilə birliyimiz yarandı. Bu gənclərdən biri də mən idim. Tələbə olduğumuz zaman boş vaxtdan səmərəli istifadə etməyin yollarını bu birliyi yaratmaqla tapdıq. Düşünürəm ki, gənclərin ictimaisosial həyatda inkişafı gələcəkdə düzgün həyat qurmağına təkan verəcək.

- Gələcəkdə gənclərin inkişafında mühüm rol oynayan hansı layihələri həyata keçirəcəksiniz?

- Bu gün atdığımız addımlar, gördüyümüz işlər bugünkü və sabahkı gənclik üçün nəzərdə tutulub. Bayaq qeyd etdiyim kimi, narkomaniya, erkən evliliklə bağlı layihələrimiz məhz gələcəkdə gənclərin sağlam həyata addım atmaları üçün nəzərdə tutulub. Gənclər bu gün bu mövzulara fikir verməyə bilərlər. Lakin gələcəkdə ele bir mühitə düşə bilərlər ki, pis vərdişlərə daha çox meyilli ola bilər. Buna görə, biz bu cür halların qarşısını almaq məqsədilə maarifləndirici tədbirlər keçiririk. Məsələn, erkən evlilik. O da birbaşa gəncliyin gələcəyinə təsir edir. Biz gənclərin oxuyub, təhsil almasının tərəfdarıyıq. Əlbəttə ki, ailə insan həyatında vacib amillərdən biridir. Lakin bununla yanaşı, təhsil də insan həyatında mühüm yer tutur. Təhsil cəmiyyətin inkişafında təməl daşı hesab olunur. Gənclərin erkən evliliyi gələcəkdə böyük fəsadlar yaradır. Hətta xəbərlərdə izlədiyimiz kimi, gənclərin intihar etməyinə də səbəb olur. Bu sahə üzrə kütləvi surətdə maarifləndirici tədbirlər görürük.

-Cəmiyyətdə gəncliyin əsas problemini nədə görürsünüz?

- Bugünkü gəncliyin əsas vacib problemlərindən biri mütaliə etməməkdir. Kitab oxumağı sevmirlər. Gənclər Fondunun İçərişəhərdə çox gözəl aksiyası olmuşdu. Şəhərin müxtəlif yerlərində kitab rəfləri qoyub, gənclərin kitab oxumaq və mütaliə etmələrinə gözəl imkan yaradılır. İndiki dövr informatikatexnologiya dövrü olduğu üçün gənclər daha çox bu sahəyə üstünlük verir. Buna səbəb də odur ki, kitaba maraq azalıb. Gənclər Fondunun bu sahədə gördüyü işlər isə çox təqdirəlayiq hesab edilir.

- Gənclər hansı sahələrə üz tutmalarına daha çox təlabatı var?

- Bu gün gənclər hüquqa, tibb sahəsinə daha çox üstünlük veriblər. Lakin şəhərdə çoxlu tikinti işləri həyata keçdiyi üçün mühəndislərə, inşaatçılara ehtiyac var. Düyada su probleminin həlli yollarını axtarmağa mütəxəssislər lazımdır. Bizdə də bu sahələrə gənclər üz tutsa, daha yaxşı olar.

-Gənclərin siyasi baxışlarını necə görürsünüz?

- Mən deyərdim ki, gənclərimiz öz dövlətinin yanında sıx birləşib. Dəyirmi masalarda bütün gənclərin fikirlərini öyrənirik. Görürük ki, indiki gənclər dövləti sevir, sabaha inamla baxırlar. Bu gün ölkəmizdə gənclərə bütün şərait yaradılıb. Bütün regionlarda gənclər mərkəzləri fəaliyyətə başlayır. Gənclərə ən böyük dəstək Gənclər Fondunun təsis edilməsidir. Onu da qeyd edərdim ki, Gənclər Fondu gənclər təşkilatlarına yeni bir nəfəs verdi. Hər bir gənc, gənclər təşkilatları, xaricdə yaşayan vətandaşlar fonddan dəstək alıb, bütün ideyalarını həyata keçirirlər.

-Xaricdə təhsil alan gənclər sizinlə əlaqə yaradıb əməkdaşlıq edirlərmi?

- Biz xaricdə yaşayan gənclərlə mütəmadi olaraq əlaqə qururuq. Beynəlxalq layihələrimiz olanda xaricdə yaşayan azərbaycanlı gənclərlə əlaqədə oluruq. Təbliğat işlərinin aparılmasında böyük köməkləri olur.

- Sizin birlik Qarabağ problemi haqqında hansı işlər görür?

- Bizim bir vətəndaş kimi hamımızın borcu, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə olduğu kimi göstərməkdir. Bunun da başlıca yolu təbliğatdan və lobbiçilikdən keçir.

-Azərbaycan gənci kimi Azərbaycanın gələcəyini necə görürsünüz?

- Hazırkı inkişafı nəzərə alsaq, Azərbaycan gənci Avropa gəncindən üstün olacaq. Bugünkü gənclik dövlətin yaratdığı imkanlardan səmərəli istifadə edir. Daim inkişafa doğru irəliləyir. Çox arzu edirəm ki, Azərbaycan gəncliyi intellektual, səbirli, Vətəni, milləti sevən şəxslər olsunlar. Bu yolla davam etsinlər.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-31 avqust.-S.11.