“Yalnız mədəniyyətlə
fransızların qəlbinə yol tapmaq olar”
“Bütün
fəaliyyətimiz Azərbaycanı Fransada
layiqincə təmsil etməyə yönəlməlidir”
Azərbaycan-Fransa
Gənclik Assosiasiyası (AFGA) Parisdə yaradılmış
ilk tələbə təşkilatıdır. AFGA bu gün nəinki Parisdə,
eləcə də Fransada ən aktiv təşkilatlardan biridir.
Fəaliyyət dairəsinin daha
geniş olması məqsədilə təkcə
tələbələri deyil, eyni zamanda, gəncləri
də əhatə edən AFGA-nın üzvləri
sırasına həm azərbaycanlılar, həm də Fransada yaşayan
fransız və xaricilər daxildir.
Təşkilat sədrinin səlahiyyətlərini icra edən Kəmalə Gülməmmədova
qəzetimizə müsahibəsində əsas fəaliyyət
istiqamətləri haqqında daha ətraflı
məlumat verdi. Qeyd edək ki, K.Gülməmədova
Paris 10 Nanter Universitetinin
doktorantura tələbəsidir.
-Azərbaycan-Fransız Gənclik
Assosiasiyası (AFGA) 2003-cü ildə Parisdə təhsil alan
bir qrup azərbaycanlı tələbə
tərəfindən təsis
edilib. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində
fərqli mövzularda
tədbirlər, layihələr
həyata keçirir.
AFGA-nın əsas
məqsədi mədəniyyətimizi,
tariximizi, uğurlarımızı,
hətta problemlərimizi
çatdırmaqla yanaşı,
Azərbaycan-Fransa arasında
dostluq əlaqələrini
möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına
dəstək verməkdir.
Təbii
ki, Dağlıq Qarabağ məsələsi
də daim diqqətdədir. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, Ermənistanın Azərbaycana
təcavüzü ilə
bağlı beynəlxalq
aləmin məlumatlandırılması
və bu faktın dünya dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin
müzakirəsinə çıxarılması
Azərbaycan diaspor təşkilatlarının əsas
fəaliyyət istiqamətlərindəndir.
İndiyə qədər bir
çox mədəni,
ictimai tədbirlərə
imza atmışıq:
bunlara Fransanın bir çox şəhərlərində fəaliyyət
göstərən universitetlərdə
təşkil olunmuş
stendləri, sərgiləri,
konsertləri misal göstərmək olar.
- Azərbaycanın
əlamətdar günləri
ilə bağlı tədbirlər keçirirsinizmi?
- Bəli, Azərbaycanın
əlamətdar günləri
Parisdə qeyd olunur, 20 Yanvar, 26 Fevral kimi kədərli
günlərlə bərabər,
Norvuz bayramı, Azərbaycanın müstəqillik
günü də hər il qeyd
olunan hadisələrdəndir.
- Fransada yaşayan azərbaycanlıları
birləşdirmək baxımından
hansı addımlar atırsınız?
- Fransada yaşayan bütün azərbaycanlıları
birləşdirmək bizim
imkanlarımız xaricindədir.
Diaspor fəaliyyəti ilə
Paris Azərbaycan Evi məşğul olur və onlar bacardıqları
qədər diasporu bir araya gətirməklə
məşğuldurlar. Bizim təşkilat əsasən
tələbələri özündə
birləşdirir və
bu işdə bacardığımız qədər
birlikdə hərəkət
etməyə çalışırıq.
- Fransadakı gənclərin
diaspor fəaliyyətində
aktivliyi necədir?
- Kifayət qədər aktivdirlər. Biz əsasən
tələbələrlə əməkdaşlıq edirik
və onlar ilk növbədə tələbədirlər.
Onların ilkin öhdəlikləri
təhsildir, amma bacardıqları qədər
öz dəstəklərini
əsirgəmirlər.
-Fransadakı milli dərnəklərimiz
arasında vahid koordinasiya əlaqələri
varmı, yoxsa hər biri ayrı-ayrılıqda
fəaliyyət göstərməyə
üstünlük verirlər?
- Fransanın böyük şəhərlərində tələbə
və diaspor təşkilatları var. Hər
biri fəaliyyət göstərdikləri şəhərdə
Azərbaycanı layiqincə
təmsil etməyə
cəhd göstərirlər.
Strasburqdakı ASEAF, Besançondakı
Buta və Paris Azərbaycan Evi ilə bərabər çalışdığımız layihələr olub.
-Bəzən xaricdəki bir qrup soydaşımızın
antidövlət təbliğatı
aparmasının şahidi
oluruq. Belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Biz illərdir Fransada azad, demokratik mühitdə yaşayırıq
və mənim fikrimcə, hər bir şəxsin azad, müxtəlif düşüncə tərzi
ola bilər
hamı mənim və ya sizin
kimi düşünmək
məcburiyyətində deyil.
Bu, mənim düşüncəmdir,
o ki qaldı antidövlət təbliğatına,
düşünürəm ki, bütün fəaliyyətimiz Azərbaycanı
Fransada layiqincə təmsil etməyə yönəlməlidir.
-Azərbaycan diasporunun yaşadıqları
ölkələrin siyasi-ictimai
mərkəzlərinə təsir
imkanları olsun deyə, hansı tədbirlər görülməlidir?
- İlk növbədə, ali təhsilli
diaspor nümayəndələrinə
ehtiyacımız var. Fransada
erməni diasporu məhz ali təhsilli
soydaşlarının sayəsində
indiki səviyyəyə
gəlib çıxıb.
Hara getsən-məktəbindən, universitetindən, xəstəxanasından
tutmuş Senata qədər hər bir məqamda ən az
iki-üç erməniyə
və ya erməni əsilli fransıza rast gəlmək mümkündür.
Fransızlar qondarma erməni
soyqırımı barədə
tarix dərslərində
keçirlər. Bizim hər
hansı bir nailiyyət əldə etməmiz üçün
kiçik addımlardan
başlayaraq yuxarı
pillələrə çıxmağımız
lazımdır. Və onu
da unutmaq olmaz ki, Fransa
respublikadır, monarxiya
deyil və Fransada xalq səs
hüququna malikdir.
Bizim, ilk
növbədə, hədəfimiz
o kiçik, sadə, fransız xalqı olmalıdır, burjuaziya deyil. Əgər Azərbaycanı təmsil etmək, onu tanıtmaq istəyiriksə, ən ümdə vəzifəmiz,
onun mədəni irsini tanıtmaqdır.
Yalnız mədəniyyətlə fransızların qəlbinə
yol tapmaq olar. Bizə Əlcəzair müharibəsi,
Ruanda faciəsi nə
qədər yaddırsa,
onlara da Qarabağ dərdimiz o qədər yaddır.
Odur ki, onların ürəklərinə, öncə
incəsənət incilərimizlə
yol tapmalıyıq ki, dərdimizi anladanda bizi dinləyib, dərdimizə
şərik olmağı
bacarsınlar. Bu cəhətdən Azərbaycanın
səlahiyyətli səfiri
də çox aktiv iştirak edir. Demək olar ki, hər ay Fransanın müxtəlif şəhərlərində
mədəni tədbirlər
təşkil olunur.
10 ildir ki
Fransadayam və deyə bilərəm ki, Azərbaycan indiyə qədər Fransada hələ bu qədər təmsil olunmamışdı.
Səfirimiz öz səlahiyyətlərini
layiqincə yerinə yetirir.
- Erməni lobbisinə qarşı mübarizədə çətinliklərlə
qarşılaşırsınızmı?
- Əlbəttə, çətinliklərimiz
də yox deyil, dediyim kimi, bizim təşkilat
əsasən tələbələrlə
çalışır və
diaspor işlərində
bir o qədər də aktiv deyilik,
amma ermənilərlə
son zamanlar çətin
məqamlarımız olub.
-Digər diaspor təşkilatlarımızla
əməkdaşlıq edirsinizmi?
- Bacardığımız qədər
əməkdaşlıq etməyə
çalışırıq və əməkdaşlıq
təkliflərinə də
həmişə açığıq.
Fuad Hüseynzadə
Palitra.-2013.-31 avqust.-S.7.